Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İlklərin memarı

 

Yalçın İBADZADƏ,
Şamaxı Rayon Məlikçobanı
kənd tam orta məktəbinin tarix müəllimi


Dünyanın ən ədalətsiz sənədləri sırasında ilk yerləri tutan Gülüstan və Türkmənçay müqavilərinin bağlanması ilə Azərbaycan torpaqları və xalqı iki yerə parçalandı. Bununla da Azərbaycan xalqının beşminillik qədim dövlətçilik ənənələrinə son qoyuldu. Ümumdünya tarixinə onlarla dövlət və bir neçə imperiya bəxş edən Azərbaycan xalqı öz dövləti olmayan xalqa çevrildi. Bu azmış kimi əsrlərin sınağından çıxmış Azərbaycan xalqını öz milli-mənəvi dəyərlərindən uzaqlaşdırmağa çalışdılar. Lakin hər zaman milli-azadlıq hərəkatlarının müəlliflərindən olan Azərbaycan xalqının şanlı keçmişini, azadlıq əzmini, əyilməz ruhunu, dövlətçilik ənənələrini, müstəqillik arzularını məhv edə bilmədilər.
Dünyanın siyasi tarixinə dinamik və məhsuldar dövr kimi daxil olan XX yüzilliyin başlanğıcı Azərbaycanda milli-özünüdərkin oyanması, milli- mənəvi dəyərlərin bərpası kimi qiymətləndirilir. Birinci Dünya müharibəsinin baş verməsi, müharibənin gedişində Rusiyada baş verən fevral burjua -demokratik inqilabının qələbəsi və bu ölkəni “xalqlar həbsxanasına’’ çevirən çarizmin devrilməsi ilə xalqların milli-azadlıq hərəkatı genişlənməyə başladı. İnqilabdan sonra milli qüvvələr Rusiya daxilində yaşayan xalqlara ərazi milli muxtariyyət verilməsi şüarı ilə çıxış etməyə başladılar.1917-ci ildə baş verən Oktyabr çevrilişi isə xalqların milli müstəqilliyə olan inamını daha da artırdı. Çar Rusiyasının bütovlüyünü qoruyub saxlamaq üçün 1917-ci il martın 3-də yaradılan Xüsusi Cənubi Qafqaz Komitəsi bolşevik hökumətini tanımaqdan imtina etdiyi üçün devrildi. 1917-ci il noyabrın 15-də Cənubi Qafqazı idarə etmək üçün üç millətin iştirakı ilə Zaqafqaziya komissarlığı yaradıldı. Həmin ildə Rusiyada hakimiyyətə gələn bolşeviklər 1918-ci ilin yanvarında Müəssisələr Məclisini qovduğu üçün Cənubi Qafqazdan olan deputatların Petroqrada və Moskvaya gedə bilməməsi 1918-ci il fevralın 10-da Zaqafqaziya Seyminin yaradılması ilə nəticələndi. Zaqafqaziya Seymində müsəlman fraksiyası 44 deputatla təmsil olunurdu. Dövlət dumalarında olduğu kimi Seymin də ən fəal üzvləri Azərbaycan nümayəndələri idi. Məhz onların təzyiqi nəticəsində Zaqafqaziya Seymi 1918-ci il aprelin 22-də müstəqil, demokratik və federativ Zaqafqaziya Respublikasının yaradılması haqqında qətnamə qəbul etmişdir. Lakin nə Zaqafqaziya Seymi, nə də hökuməti Cənubi Qafqazda siyasi sabitliyi təmin etmək kimi missiyanın öhdəsindən gələ bilmədi. Daxili ziddiy­yətlərin kəskinləşməsi və 1918-ci il mayın 26-da gürcülərin öz müstəqilliyini elan etməsi nəticəsində Zaqafqaziya Respublikası süqut etdi. 1918-ci il mayın 27-də sabiq Zaqafqaziya Seyminin Azərbaycan fraksiyası M.Ə.Rəsulzadənin sədrliyi ilə Müvəqqəti Milli Şura yaratdı. Milli Şuranın 1918-ci il mayın 28-də qəbul etdiyi “İstiqlal Bəyannaməsi” ilə Azərbaycan öz müstəqilliyini elan etdi və XIX əsrin əvvəllərində itirilmiş qədim dövlətçilik ənənələrimiz bərpa olundu.
Çətin və mürəkkəb ictimai-siyasi şəraitdə yaranan Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu müddət ərzində bir çox ilklərə imza atmış, Azərbaycan tarixinin parlaq səhifəsini yazmışdır.
1918-ci il mayın 28-də AXC dünya tarixinin ən demokratik dövlət qurumlarından biri olmaqla yanaşı, Türk-müsəlman şərqində ilk parlementli respublika idi.
May ayının 28-də qəbul edilmiş “İstiqlal Bəyannaməsi“ndə ilk dəfə olaraq ərazi bütövlüyündən bəhs olunur və qeyd edilirdi ki, AXC-nin ərazisi Cənubi Qafqazın cənub və şərq hissələrindən ibarətdir. “İstiqlal Bəyannaməsi”ndə Azərbaycan xalqı ilk dəfə olaraq Ali Hakimiyyətin yeganə mənbəyi hesab olunur və onun ərazisində yaşayan bütün xalqlara sərbəst inkişaf səraiti yaradılır. Beləliklə, “İstiqlal Bəyannaməsi”nin timsalında Azərbaycan dövlətçiliyi ilk dəfə konstitusiya aktı qəbul edir.
Milli Şuranın 1918-ci il mayın 28-də keçirilən iclasında F.Xoyskinin başçılığı altında ilk Azərbaycan hökuməti yaradıldı və 1813-cü ildən sonra itirilmiş müstəqil dövlətçilik ənənələrimiz bərpa olundu. Azərbaycan Şərq dünyasında ilk dəfə olaraq demokratik Respublika idarə üsulunu bərqərar etdi.
AXC yarandığı ilk gündən fəal xarici siyasət həyata keçirmişdir.1918-ci il mayın 30-da AXC hökuməti xarici dövlətlərə Azərbaycan adlı Cümhuriyyətin mövcud olduğunu bəyan etdi. AXC-nin xarici siyasətində ilk uğurlu addımı Osmanlı dövləti ilə bağlanmış Batum sülh və dost­luq müqaviləsi idi. Bu müqaviləyə əsasən Osmanlı dövləti AXC-nin müstəqilliyini tanıyan ilk dövlət kimi Azərbaycan tarixinə düşmüşdür. Batum sülh müqaviləsi AXC-nin xarici dövlətlərlə bağladığı ilk tarixi sənəddir.
Azərbaycanın müstəqilliyinin bəyan edildiyi tarixi şərait, bu müstəqilliyi müdafiə edəcək ordunun yaradılmasını zəruri edirdi. Buna görə də 1918 -ci ilin iyunun 26-da Milli Ordunun yaradılması haqqında fərman verilir və Müsəlman korpusu “Əlahiddə Azərbaycan korpusu“ adlandırılır. AXC dövlət dili məsələsinə mühüm diqqət yetirirdi. Cümhuriyyət hökumətinin 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan (türk) dili dövlət dili elan olunur. Bu qərar Gülüstan və Türkmənçay müqavilələrindən sonra Azərbaycan dilində yazılan ilk sənəd idi. Bu qərarın verilməsi ilə ilk dəfə olaraq Azərbaycan dilinə dövlət dili statusu verildi.
AXC -nin dövlət quruculuğunda parlamentin yaradılması və fəaliyyəti mühüm yer tuturdu. Milli Şura 1918-ci il noyabrın 20-də “Azərbaycan parlamentinin yaradılması haqqında” qanun qəbul etdi. Qanuna əsasən təkpalatalı parlament 120 nəfərdən ibarət olmalı idi. Respublika ərazisində yaşayan bütün xalqların, kişilərin, qadınların bərabər seçki hüququ bu qanunda öz əksini tapmışdır. Bu qanunla Azərbaycan müsəlman Şərqində qadınlara seçki hüququ verən ilk ölkə olmuşdur. AXC-nin parlamenti ilk iclasını 1918 -ci il dekabrın 7-də keçirmişdir. AXC-nin ilk addımlarından biri 1918-ci il dekabrın 28-də Paris sülh konfransına göndəriləcək nümayəndə heyətinin tərkibini müəyyənləşdirmək idi. Nümayəndə heyəti 1919-cu il yanvar ayının 8-də İstanbul vasitəsilə Parisə yola düşdü. Azərbaycan məsələsi ilk dəfə may ayının 2-də Dördlər Şurasının iclasında müzakirə edildi. Konfransın keçirildiyi müddət ərzində bir sıra mühüm görüşlər keçirən Azərbaycan nümayəndə heyəti nəhayət 1920-ci il yanvarın 11-də böyük dövlətlər tərəfindən AXC-nin müstəqilliyinin de-fakto səviyyəsində tanınmasına nail oldu.
AXC mədəni quruculuq sahəsində bir çox əhəmiyyətli tədbirlər həyata keçirmişdir. 1918-ci ildə Qori müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü. Seminariyanın tədris planına ilk dəfə “Azərbaycan tarixi” fənni daxil edilmiş, bütün fənlər Azərbaycan dilində tədris olunmuşdur. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Bakı şəhərində Universitet açmaq haqqında qanun qəbul etdi. Bakı Dövlət Universitetində ilk dərslər 1919-cu il noyabrın 15-də başlandı. 1919-cu ilin mart ayında Bakıda türk dilində ilk kitabxana açıldı. 1918-1920-ci illərdə dövlətin rəsmi orqanı kimi ilk dəfə olaraq ”Azərbaycan” adlı qəzet nəşr olunmuşdur. 1919-cu ildə ilk rəssamlıq studiyası yaradılmışdır.
Beləliklə, milli qürur mənbəyimiz olan, çətin və mürəkkəb ictimai-siyasi şəraitdə yaradılan və fəaliyyət göstərən AXC dövlət, iqtisadiyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və s. sahələrdə çox mühüm tədbirlər həyata keçirmişdir. Milli-mənəvi dəyərlərimizi özümüzə-Azərbaycan xalqına yenidən bəxş edən AXC Azərbaycan adını dünyanın siyasi xəritəsinə yazdırmış, xalqların imzası sırasına Azərbaycan xalqının da imzasını atmışdır. Çox qısa - 23 ay yaşamasına baxmayaraq AXC milli-azadlıq hərəkatı tarixində dərin iz buraxmışdır. AXC-nin fəaliyyətinə xüsusi qiymət verən ulu öndərimiz Heydər Əliyev öz çıxışlarının birində demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda çox işlər gördü. İlk dəfə olaraq Azərbaycan xalqı müstəqil yaşama şəraitinin nə olduğunu hiss etdi, gördü”. Milli dövlətçiliyimizin və müstəqilliyimizin ilk müəllimi - Azərbaycan Xalq Cümhuriyyəti, 100 yaşın mübarək!!!!
   


Tarix: 31-05-2018, 11:25

Xəbəri paylaş