Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Heydər Əliyev irsində Azərbaycan elminin inkişafı

 

Hümeyir Əhmədov,
Azərbaycan Respublikasının Təhsil İnstitutunun şöbə müdiri,
pedaqogika üzrə elmlər doktoru, professor


Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyev ölkəyə rəhbərliyinin bütün dövrlərində daim milli elmimizin, təhsilimizin güclü himayədarı kimi çıxış etmişdir. Ümummilli liderin bu sahəyə son dərəcə həssas münasibəti heç də səbəbsiz deyildi. Heydər Əliyev elmin-təhsilin inkişafına milli dövlət quruculuğu prosesinin zəruri əsası kimi yanaşır, xalqın intellektual səviyyəsinin artırılmasını ən vacib vəzifələrdən biri kimi nəzərdən keçirirdi.
Heydər Əliyevin mahir siyasəti nəticəsində ideologiyadan, ictimai-siyasi, iqtisadi sistemdən asılı olmayaraq Azərbaycan xalqının bir neçə nəsli təhsil almış, böyümüş, yüksək səviy­yələrə çatmış, böyük elm və mədəniyyətə sahib olmuşdular. Bunlar hamısı xalqımızın milli nailiyyətidir və indi bizim Azərbaycan Respublikasının intellektual potensialını təşkil edir. Heydər Əliyev xalqın tərəqqisinin və mədəniyyətinin elmin inkişafından keçdiyini bilərək bu işə xüsusi diqqət verirdi. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləməyə başladıqdan sonra da Heydər Əliyev Azərbaycan təhsilinin inkişafına diqqətini daha da artırmışdır. 1970-80-ci illərdə SSRİ-nin qabaqcıl məktəblərində təhsil almış azərbaycanlı gənclər Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra cəmiyyətin ən müxtəlif sferalarında çalışaraq dövlət qulluğu işinə öz töhfələrini verməyə başladılar.
Azərbaycanda elmin intibah dövrü
SSRİ-yə rəhbərliyinin ilk günlərindən təhsilimizin ən böyük hamisinə çevrilmiş Heydər Əliyev Azərbaycan elminin inkişafını nəzərdə tutan dəqiq, əsaslandırılmış, məqsədyönlü konsepsiya ilə çıxış etmişdir.
Azərbaycan aliminə və elminə xüsusi qayğı göstərən Heydər Əliyev bu sahədəki fəaliyyətini də ardıcıl və sistemli şəkildə bir neçə istiqamət üzrə həyata keçirirdi: elmi-tədqiqat institutlarının və elmi işçilərin sayını artırır, Azərbaycan elminin ölkədə və dünyada tanıtdırılmasına səy göstərir, görkəmli alimlərin dövlətin müxtəlif orden, medal və mükafatları ilə təltif edilməsinə nail olur, Azərbaycan tarixi, dili və ədəbiyyatı üzrə tədqiqatların genişləndirilməsini təşviq edir, milli ruhlu alimləri təqib və təzyiqlərdən qoruyur, onlara yaradıcılıq şəraiti yaradırdı.
Azərbaycan elmini, mədəniyyətini və ədəbiyyatını dərindən bilən, böyük məhəbbətlə sevən və yüksək qiymətləndirən Heydər Əliyev nitqlərinin birində deyirdi: “Azərbaycan xalqının qədim mədəniyyətinin, elmi təfəkkürünün kökləri onun tarixinin dərinliklərinə gedib çıxır. Bir çox əsrlər boyu Azərbaycan xalqı Şərq ədəbiyyatı və incəsənətinin müxtəlif dövrlərin fəlsəfə və elminin ən yüksək nailiyyətlərini özündə təcəssüm etdirən zəngin, çox­cəhətli və orijinal mədəniyyət yaratmışdır. Ən qədim zamanlardan burada təbabət, astronomiya, riyaziyyat, coğrafiya, tarix, fəlsəfə, ədəbiyyat, musiqi mədəniyyəti və dekorativ sənət, bədii sənətlər inkişaf etmiş, gözəl memarlıq tikililəri yaradılmışdır”.
Heydər Əliyev Azərbaycanı elmi mərkəzlərdən birinə çevirmək məqsədilə elmi-tədqiqat institutlarının, elmi işçilərin sayının artırılmasına çalışır və onlara qayğı göstərirdi. Bu sahədə onun fəaliyyəti kifayət qədər uğurlu idi. Faktlara nəzər salaq: əgər 1969-cu ildə Azərbay­canda fəaliyyət göstərən 89 elmi-tədqiqat, layihə müəssisəsi, sahə institutu və ali məktəb­lərdəki problem laboratoriyalarında 12350 elmi işçi, o cümlədən Elmlər Akademiyasının 55 akademiki və müxbir üzvü, 329 elmlər doktoru və 300 elmlər namizədi var idisə, 1980-ci ildə Elmlər Akademiyası sistemində 34 elmi və elm-istehsalat idarəsində 4000-dən çox şəxs, o cümlədən 245 elmlər doktoru və 1600 elmlər namizədi tədqiqat işi aparırdı. Respublika Elmlər Akademiyasının 56 həqiqi üzvü və 71 müxbir üzvü var idi. Ümumiy­yətlə, həmin ildə Azərbaycan elmini 123 elmi idarə və 17 ali məktəbin kafedraları təmsil edirdi. Bu elmi qurumlarda təqribən 22 min elmi əməkdaş, o cümlədən 900-dən çox elmlər doktoru və 8 mindən çox elmlər namizədi çalışırdı.
Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan hələ o zaman Cənubi Qafqazın qabaqcıl elm mərkəzinə çevrilərək, SSRİ tərkibindəki digər respublikaları xeyli geridə qoymuşdu. Heydər Əliyev SSRİ-nin elmi işçiləri arasında azərbaycanlıların xüsusi çəkisinin artırılmasına ciddi şəkildə çalışır və bu səyləri öz bəhrəsini verirdi.
Müqayisə etsək görərik ki, Azərbaycanda azərbaycanlı elmi işçilərin sayı 1947-ci ildə 48,6 faiz, 1960-cı ildə 64,6 faiz idisə, 1970-ci ildə 70,9 faiz, 1971-ci ildə isə 71,3 faiz olmuşdur. Bundan fərqli olaraq zaman-zaman həm çarizm, həm də sovet dövründə Azərbaycana yerləşdirilmiş gəlmə xalqların nümayəndələrindən olan elmi işçilərin sayı azalmağa doğru gedirdi. Əlbəttə, bu proses onların əleyhinə siyasət yeridilməsi deyildi. Belə vəziyyətin yaranmasının bir sıra səbəbləri vardı: azərbaycanlılar arasında elmə və təhsilə maraq artırdı, elmi-tədqiqat institutlarında yüksək maaş verilirdi, eyni zamanda Azərbaycanda yerli əhali sürətlə çoxalırdı. Belə bir şəraitdə ölkə ictimai həyatının sürətlə beynəlmiləlləşdirilməsi bir daha göstərdi ki, SSRİ-də tüğyan edən antisemitizm Heydər Əliyevin hakimiy­yəti illərində Azərbaycanda qətiyyən mövcud deyildi. Ruslar, yəhudilər və digər xalqların nümayəndələri Azərbaycanı özlərinin doğma vətəni hesab edirdilər.
Heydər Əliyev alimləri və elmi idarələrin rəhbərlərini elmin ən müasir sahələri üzrə elmi-tədqiqat işlərinin aparılmasına yönəldirdi. Bilavasitə onun himayəsi altında Azərbaycanda elmin ən perspektivli sahələri üzrə elmi-tədqiqat işləri aparılırdı. Təkcə 1979-cu ildə təbiət və ictimai elmlər sahəsində respublikada aparılan elmi-tədqiqatların 55-nin nəticəsi sovet elminin ən mühüm nailiyyətləri sırasında qeyd edilmişdi. Bu, Azərbaycanda fundamental elmlərin geniş uğurlarından xəbər verirdi. 1971-80-ci illərdə Azərbaycan Elmlər Akademiyası alimlərinin tədqiqatlarının istehsalata tətbiqi nəticəsində əldə edilən iqtisadi səmərə 570 milyon manatdan çox olmuş, həmin illər ərzində alimlərimiz müxtəlif ixtiralar üçün 1000-dən çox müəlliflik şəhadətnaməsi almışdılar ki, bu da əvvəlki 25 ildəkindən 5 dəfə çox idi.
Neft elmləri üzrə nəinki ölkədə, o cümlədən dünyada məşhur olan Azərbaycanı obrazlı şəkildə Neft Akademiyası adlandırırdılar. Neft kimyası və neftayırma Azərbaycan elminin aparıcı istiqamətinə çevrilmiş, bu sahəyə xeyli qüvvə və maddi vəsait cəmlənmişdi. Azərbaycanın neftçi-alimləri bütün ittifaqda və dünyada məşhur idilər. Bu sahə üzrə elmi məsələlərin müzakirəsi zamanı qərarlar adətən azərbaycanlı alimlərin yekun rəyindən sonra qəbul edilir, Azərbaycan alimlərinin dünyanın müxtəlif elm mərkəzlərində və universitetlərində vaxtaşırı olaraq oxuduqları mühazirələr yüksək dəyərləndirilirdi.
O dövrdə Neft kimya prosesləri, Aşqarlar kimyası, Kimya texnologiyasının nəzəri prob­lemləri, Fizika-riyaziyyat institutları böyük tədqiqat mərkəzlərinə çevrilmişdi. Azərbaycanlı alimlər Volqaboyu, Qərbi Sibir, Türkmənistan, Qazaxıstan, Belarus, Ukrayna və başqa respublikaların neft yataqlarının iş­lənməsində fəal iştirak edir, ADR, Rumıniya, Əfqanıstan, Əlcəzair, Kuba, İraq və Suriyada neft yataqlarının istismarı sahəsində fəal kömək göstərirdilər. Onların ixtiraları ABŞ, AFR, Yaponiya, İngiltərə və İtaliyada - bütövlükdə 15 ölkədə patentlər almışdı.
Respublikamızda təbiətşünaslıq elmi də sürətlə inkişaf edirdi. 1978-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının nəzdində öz laboratoriyaları, konstruktor bürosu və təcrübi istehsalatı olan “Xəzər” Elmi Mərkəzində Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu (TEKTİ) yaradılmışdır. Qısa müddət keçdikdən sonra institut alimlərinin tədqiqatları bütün ölkə miqyasında mötəbər qaynaq kimi qəbul edilməyə başladı.
Respublikada radiotexnika, elektronika və elektron sənayesinin inkişaf perspektivlərini nəzərə alan alimlər texniki fizika, tətbiqi riyaziyyat, kibernetika, radioelektronika sahələrində və elmin digər müasir istiqamətlərində fəaliyyətlərini genişləndirdilər.
Bütün bunlarla bərabər, xalq təsərrüfatının artıq təşəkkül tapmış, iqtisadiyyat üçün ənənəvi olan sahələrinin yenidən qurulması prosesi də gedir, ekologiya sahəsində elmi-tədqiqat işlərinin aparılmasına xüsusi diqqət yetirilir, müxtəlif elm sahələrində çalışan alimlərin səyləri birləşdirilirdi. Təkcə 1981-ci ildə Azərbaycanın elmi-tədqiqat və layihə institutları ölkə üzrə 25 kompleks proq­ramın işlənib hazırlanmasında iştirak etmişdilər.
Heydər Əliyev Elmlər Akademiyasının, onun institutlarının, görkəmli alimlərin yubileylərinin keçirilməsinə, ev-muzeylərinin yaradılmasına xüsusi önəm verirdi. O, bilirdi ki, belə yubileylərin keçirilməsi ölkədə elmə olan marağı daha da artırır, Azərbaycan elmini və alimlərini təkcə respublikada deyil, SSRİ-də və dünyada tanıdırdı.
Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan EA-nın 25 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi barədə qərar qəbul olunmuşdu. Yubiley çərçivəsində elmi konfrans və simpoziumların keçirilməsi nəzərdə tutulmuşdur. Yubiley tədbirlərində ölkənin və xarici dövlətlərin müxtəlif elm ocaq­larının nümayəndələri iştirak edərək elmi nailiyyətlər haqqında fikir mübadiləsi aparır, Azərbaycan xalqının qədim tarixi və zəngin mədəni irsi ilə tanış olurdular.
1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının 30 illik yubileyi təntənə ilə qeyd edildi və Heydər Əliyevin təşəbbüsü ilə Akademiya “Xalqlar dost­luğu” ordeni ilə təltif olundu.
Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun 50 illiyinin qeyd edilməsi də respublika rəhbərinin ədəbiyyat sahəsində tədqiqatların aparılmasına, ədəbi irsə, elmə verdiyi qiymətin və qayğının təzahürü idi.
Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ilin yanvar ayında Ordubadda görkəmli alim Yusif Məmmədəliyevin ev-muzeyi açıldı, təntənəli açılış mərasimində respublikanın tanınmış alimləri və rəhbər işçiləri çıxış etdilər. Bu tədbir Naxçıvanda elmə olan marağın artmasına kömək edir, elmi irsə və alimə olan qayğını göstərirdi.
Heydər Əliyev Azərbay­canda kütləvi nəşrlərə, xüsusən ensiklopediyanın yaradılmasına xüsusi diqqət yetirirdi. Qeyd etmək lazımdır ki, Azərbaycan Sovet Ensiklopediyasının yaradılması barədə hələ 1965-ci ildə Azərbaycan hökumətinin müvafiq qərarı qəbul edilmişdi. Bu qərara əsasən 10 cilddən ibarət ensiklopediyanın hər bir cildi 70 çap vərəqi həcmində olmalı idi. Lakin ötən müddət ərzində bu sahədə çoxlu qüsurlara və səhvlərə yol verilmişdi. Ensiklopediyanın heç bir cildi nəşrə hazırlanmamış, alimlər arasında elmi müzakirələr intriqalara çevrilmiş, xoşagəlməz mühit yaranmışdı. Ensiklopediyanın 1970-ci ilin sonunda hazırlanmış birinci cildi çoxlu səhvlər və qüsurlar ucbatından buraxılmamışdı. Heydər Əliyevin səyləri nəticəsində 1976-cı il 10 fevral tarixində Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası və elmi-redaksiya şurası barədə qərar qəbul edildi və qısa bir zamanda 3836 məqalə-termindən ibarət olan Azərbaycan Sovet Ensiklopediyasının birinci cildi nəşr olundu. Bununla belə qeyd etmək lazımdır ki, alimlər arasında intriqaların hökm sürməsi nəticəsində birinci cild “Azərbaycan” məqaləsi olmadan nəşr edilmişdi.
Heydər Əliyev çıxışlarının birində üzünü alimlərə tutaraq iradla deyirdi ki, aranızda birliyin olmaması nəticəsində ensiklopediyanın birinci cildi Azərbaycan haqqında məqalə olmadan nəşr edildi. O, Azərbaycan alimləri arasında birliyə, əməkdaşlığa, yekdilliyə çalışır və buna da əsasən nail olurdu. Heydər Əliyev ensiklopediyanın sonrakı cildlərinin çapına da qayğı göstərirdi. 1980-ci ildə ASE-nin dördüncü cildi çap edildi. Ensiklopediyanın digər cildlərinin çapı sonrakı illərdə də davam etdirildi. Lakin müxtəlif elm sahələrinin adamları arasında hökm sürən yersiz mübahisələr ensiklopediyanın nəşrinə mənfi təsir göstərirdi.
Heydər Əliyevin hakimiy­yəti illərində Azərbaycan tarixi­nə, Azərbaycan dilinə, mədəniyyətinə dair elmi tədqiqatların aparılması və monoqrafiyaların nəşri xeyli artırıldı. Yeni-yeni əsərlər yazılaraq nəşr edilirdi. Azərbaycan tarixi və dilçilik sahəsində yazılmış bir sıra əsərlərə dövlət mükafatları verilirdi.
1926-cı ildə Bakıda keçirilən Birinci Beynəlxalq Türkoloji Qurultaydan xeyli sonra belə bir jurnalın nəşrə başlaması öləziyən türkçülüyə yeni nəfəsin, təkanın verilməsi məqsədini daşıyırdı. Türkoloji Qurultayın bütün nümayəndələrinin 1937-ci ilin repressiya maşınında məhv edildiyini, volyuntarizm dövründə Bəkir Çobanzadə, Hənəfi Zeynallı, Ruhulla Axundov kimi millətpərəst insanların bəraət aldığını, ancaq yenə də mərkəzin Azərbaycana milli məsələlərdə aman vermədiyini gözəl bilən Heydər Əliyev SSRİ rəhbərliyindəki şəxsi nüfuzundan istifadə edərək, milli oyanışın qığılcımlarını ədəbi nümunələrdə, tariximizin salnamələrində yaşatdı.
O dövrdə Bakı bütün dünyada türkologiya elminin mərkəzinə çevrilmişdi. 1970-ci illərin əvvəllərində Bakıda kifayət qədər elmi sanbala malik “Türkologiya” jurnalının nəşrə başlaması böyük əzmin, fədakarlığın nəticəsi idi. “Türkologiya” jurnalının nəşrinə Kreml bir neçə dəfə etiraz etsə də, imperiya səlahiyyətliləri Heydər Əliyevin fədakarlığı qarşısında geri çəkilərək türk dünyasının birliyinə xidmət edən bu nəşrin qapanmasına nail ola bilmədilər. Bütün bunlar onu göstərir ki, siyasi ab-havanın imkan verdiyi məqamlardan Heydər Əliyev hər zaman milli kimlik və milli şüurun oyanışı üçün diplomatik tərzdə istifadə etməyi bacarmışdır.
Heydər Əliyev alimlərə Azərbaycan tarixinin müxtəlif dövrlərinin dərindən araşdırılmasını tövsiyə edir, tarixçilərə müraciət edərək bildirirdi ki, qədim, orta əsrlər, həmçinin XVIII-XX əsrlər tariximiz istənilən səviyyədə yazılmayıb. Tarixçilərlə dəfələrlə görüşən Heydər Əliyev bu sahədə öz dərin narahatlığını ifadə edir, başqa respublikanın tarixçilərinin öz tarixlərini yaxşı yazdığını açıq şəkildə azərbaycanlı alimlərin nəzərinə çatdırır, onları da buna səsləyirdi. Heç şübhəsiz, bütün bu söhbət və nəsihətlərin ciddi təsiri olur, Azərbaycan tarixinə dair dəyərli əsərlər yazılaraq nəşr edilirdi.
Heydər Əliyev belə hesab edirdi ki, xalq tarixinin kökünü bilməli, xatırlamalı, elm və mədəniyyətindən ayrılmamalıdır, buna görə də Azərbaycanın zən­gin tarix və mədəniyyətinin dərindən araşdırılmasına, təbliğinə diqqət yetirirdi, qədim əlyazmaların qorunmasına, öyrənilməsinə və tədqiqinə önəm verirdi və qeyd edirdi ki, ayrı-ayrı azərbaycanlılar yaxşı tarixi tədqiqat işləri yazsalar da, başqa xalqlardan fərqli olaraq Azərbaycan xalqında əvvəlki əsrlərdə sistemli tarixşünaslar olmayıb. Ulu öndərimizin fik­rincə, sistemli tarixşünaslığın yaradılması üçün mənbələrin, qədim əlyazmaların öyrənilməsi, xalqın tarixinin və mədəniyyətinin dərindən tətbiq edilməsi və qorunması çox vacibdir.
Qeyd etmək lazımdır ki, Azərbaycan xalqının ən dəyərli tarixi əlyazmaları 1930-cu illərdə kütləvi şəkildə məhv edilmiş, zərərli hesab edilərək yandırılmışdı. Heydər Əliyev hakimiyyətə gələnə qədər respublika Əlyazmalar Fondundakı əlyazmalar müvafiq binanın zirzəmisində bərbad halda saxlanılırdı. Azərbaycan xalqının qədim tarixi keçmişini və mədəniyyətini özündə əks etdirən dəyərli əlyazmalar məqsədli şəkildə sıradan çıxarılırdı. Bu qiymətli mədəniyyət nümunələrinin bərpasına və qorunmasına ciddi ehtiyac vardı.
Dünyanın müxtəlif arxiv və kitabxanalarında Azərbaycanın qədim tarixinə və mədəniy­yətinə dair əlyazmalar toplanıb respublikaya gətirilmədiyindən alimlər bu qiymətli məxəzlərdən istifadə edə bilmirdilər. Mövcud vəziyyəti aradan qaldırmaq üçün Heydər Əliyev bir sıra mühüm qərarların qəbuluna nail oldu. Belə ki, 1981-ci ilin avqust ayında respublika rəhbərliyinin “Azərbaycan SSR Əlyazmalar Fondunun fəaliy­yətini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” məsələnin müzakirəsindən sonra qəbul etdiyi qərarda deyilirdi ki, fondda müxtəlif dillərdə 40 mindən çox nadir abidə saxlanır. Azərbaycan elmi, mədəniyyəti və tarixi üçün xüsusi əhəmiyyət daşıyan bu qərarın qəbul edilməsi ilə Əlyazmalar Fondu Əlyazmalar İnstitutuna çevrildi.
Həmin qərarda abidələrin saxlanması üçün əlverişli şəraitin yaradılması, fondun maddi-texniki bazasının yaxşılaşdırılması, əlyazmaların axtarılıb tapılaraq mühafizə edilməsi nəzərdə tutulurdu. Qərara uyğun olaraq hələ XX əsrin əvvəllərində məşhur milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən tikilən, bir müddət Azərbaycan SSR Ali Sovetinin yerləşdiyi və sonradan boşalan binanı müxtəlif nazirlik, idarə və təşkilatlar ələ keçirmək istəsələr də, Heydər Əliyev onların xahişini rədd edərək binanı Əl­yazmalar İnstitutuna verdi. Qərarın qəbul edilməsi Azərbaycan tarixinin və mədəniyyətinin araşdırılması istiqamətində mühüm mərhələnin başlanğıcını qoydu. Qərardan sonra bu binanın zirzəmisində bərbad vəziy­yətdə olan kitablar bərpa edilərək muzey nümunəsi kimi yaxşı vəziyyətdə saxlanmağa başlandı. Ümummilli liderimiz yaxşı bilirdi ki, qədim kitablar Azərbaycan xalqının tarixi keçmişi və milli sərvətidir.
Əlyazmalar İnstitutunun fəaliyyəti Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Onun diqqət və qayğısı sayəsində çoxlu sayda qədim əl­yazmalar tapılıb bərpa edil­mişdir. Sonrakı illərdə qədim Azərbaycan əlyazmalarına dair bir sıra respublika, beynəlxalq elmi konfranslar, seminarlar və simpoziumlar keçirilmişdir.
Heydər Əliyev Azərbay­canın qədim dövrlərdən bəri elm və mədəniyyət mərkəzi olmasını təbliğ etmək, müxtəlif xarici ölkələrin alimlərinin respublika ilə tanış olmaları, əlaqələr yaratmaları məqsədi ilə tədbirlər həyata keçirmişdir. Onun təşəbbüsü ilə 1981-ci ildə görkəmli alim Məhəmməd Nəsirəddin Tusinin 780 illiyi təntənəli şəkildə qeyd olunmuşdu. Yubiley tədbirlərində Heydər Əliyev şəxsən iştirak etmişdi.
Heydər Əliyev Azərbaycanı Şərqi öyrənməkdə sovet elminin qabaqcıl elm mərkəzinə çevirmək istiqamətində də əzmlə çalışırdı. Şərqdə baş verən proseslər, xüsusən İran inqilabı və Əfqanıstana sovet müdaxiləsi bu məsələnin həllini daha da aktuallaşdırırdı. Yaranmış vəziyyətdən Azərbaycanın mənafeləri naminə istifadə edən Heydər Əliyevin təşəbbüsü ilə Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda Cənubi Azərbaycan tarixi şöbəsi, 1982-ci ildə isə Umumittifaq Şərqşünaslar Cəmiyyətinin Azərbaycan şöbəsi təşkil edildi, elə həmin ildə görkəmli şərqşünas alim Mirzə Kazımbəyin anadan olmasının 180 illiyi qeyd edildi.
Respublika rəhbəri Azərbaycan folklorunun dərindən araşdırılmasını və tədqiq edilməsini tövsiyə edirdi, bu barədə danışan Heydər Əliyev yazıçıların VII qurultayındakı nitqində deyirdi: “Yurdun folkloru, müxtəlif el sənətləri, etimologiya, dil tarixi, hamısı küll halında öyrənilməlidir”. O, bu istiqamətdə tədqiqat işlərinin aparılmasını təşviq edir və əlverişli şərait yaradırdı.
Heydər Əliyev Azərbaycan aliminə xüsusi diqqət yetirir, görkəmli alimlərin yubileylərini keçirir, onların məişət şəraitini yaxşılaşdırır, dövlətin yüksək orden və medalları ilə təltif olunmaları üçün təqdimatlar verir və bu təltiflərin həyata keçməsinə yüksək səviyyədə nail olurdu.
Heydər Əliyevin hakimiy­yəti illərində Azərbaycan müxtəlif ümumittifaq və beynəlxalq elmi məclislərin keçirildiyi məkana çevrilmişdi. Respublikada müntəzəm olaraq mötəbər elmi konqreslər, regional məsələlərə həsr olunmuş elmi konfrans və simpoziumlar keçirilirdi. Ölkəmizə səfər edən sovet və xarici ölkələrin alimləri Azərbaycan elminin nailiyyətləri, tarixi və mədəniyyəti ilə yaxından tanış olurdular. Heydər Əliyevin yürütdüyü siyasət sayəsində Azərbaycan 1970-80-ci illərdə inkişaf etməkdə olan ölkələrin xalqları üçün milli, mədəni və elmi inkişafda nümunə rolunu oynayırdı.
Heydər Əliyev Azərbaycan alimlərinin beynəlxalq əlaqələrinin genişləndirilməsinə böyük əzmlə çalışırdı. Bilavasitə onun sayəsində azərbaycanlı alimlər beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edir, Azərbaycan elmini dünyada tanıdır və ölkəmizi ləyaqətlə təmsil edirdilər.
Heydər Əliyev Azərbaycan alimlərini sovet sisteminin təzyiqlərindən xilas edərək öz himayəsinə alır, onlara dəyərli araşdırmalar aparmaq üçün hər cür şərait yaradırdı. Təqib olunanları bəzən özü tənqid edir, yeri gəldikdə danlayır, sanki Moskvaya hər şeyin nəzarət altında olduğunu bildirir, az sonra isə həmin şəxsləri yüksək elmi idarələrdə rəhbər vəzifələrə təyin edir, onlara hər cür şərait yaradır, hücumlardan qoruyurdu. Heydər Əliyevin hakimiyyəti illərində alim cəmiyyətdə ən nüfuzlu və hörmətli şəxslərdən hesab edilirdi. Azərbaycan alimi maddi baxımdan tam təmin olunmuşdu. Onun yaşayış sarıdan hər hansı sıxıntısı demək olar ki, yox idi.
Heydər Əliyev Moskvaya, SSRİ rəhbərliyinə dəvət edildikdən sonra da Azərbaycan elminə və aliminə olan qayğısını əsirgəmirdi. O, görkəmli azərbaycanlı alimləri səmimi şəkil­də qəbul edir, öz tövsiyələrini verir, xalqın mənafelərinin müdafiəsində ayıq olmalarının gərəkliliyini bildirirdi. Məsələn, erməni tarixçilərinin düş­mən hesab etdikləri akademik Ziya Bünyadova diqqət və qayğı göstərir, qəbul edir, öz məsləhətlərini verirdi.
Beləliklə, Azərbaycan xalqının böyük tarixi ərzində məktəb və maarifin ən yüksək inkişafı 1970-80-ci illərdə oldu. Xalqın maariflənməsinə xüsusi diqqət yetirən Heydər Əliyev başlıca səylərini büdcədən təhsilə və elmə ayrılan vəsaitlərin artırılmasına yönəltdi.
Azərbaycan elmi
müstəqillik illərində
Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə respublika rəhbərliyinə yenidən qayıdışından sonra, 1993-cü ilin iyunundan başlayaraq bütün sahələrdə olduğu kimi, elm sahəsində də tənəzzülün, təhlükəli, dağıdıcı meyillərin qarşısı alındı. Milli elmimizin inkişafı üçün əlverişli siyasi, iqtisadi, hüquqi mühit yaradıldı. Heydər Əliyevin milli müstəqillik, milli dövlət quruculuğu strategiyasında belə bir ideya əsaslandırıldı ki, dövlət müstəqilliyinin əbədiliyinin, vətəndaş cəmiyyətinin demokratik inkişafının şəffaf və hamar yolu mütləq və mütləq milli elmdən, milli təhsildən keçməlidir.
Azərbaycan elmi öz şanlı inkişafına görə məhz ulu öndərimiz Heydər Əliyevə minnətdardır. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ictimaiyyət nümayəndələri ilə ilk görüş üçün Akademiyanı seçən, ilk görüşünü məhz Azərbaycan alimləri ilə keçirən Heydər Əliyevin bu addımı, heç şübhəsiz ki, onun elmə, intellektə, intellektual potensialın daşıyıcıları olan insanlara verdiyi böyük dəyərin ifadəsi idi.
Ümummilli liderimiz Azərbaycanın fəlakətlərdən xilası, ağır sosial-iqtisadi, siyasi-mənəvi böhrandan çıxarılması, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması üçün atdığı addımlar, həyata keçirdiyi islahatlar zamanı ən böyük dəstəyi də elə ziyalılarımızdan aldı. Heydər Əliyev cəmiyyətin bütün sahələri kimi Azərbaycan elmini, təhsilini, mədəniyyətini də iflas təhlükəsindən qoruyaraq, bu sahələrdə dinamik inkişafı təmin etdi. Elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin sosial müdafiəsinin təşkili istiqamətində atılan addımlar, dövlət büdcəmizdə baş verən artımlar hesabına bu sahələrə yönələn vəsaitlərin artırılması yeni bir intibah mərhələsinin əsasını qoydu.
Elmlər Akademiyasının fəaliyyətində yeni istiqamətlər müəyyənləşdi və 1997-ci ilin 31 yanvarında ulu öndərimizin akademiyanın bir qrup aparıcı alimi ilə keçirdiyi tarixi görüşdən sonra faktiki olaraq ötən əsrdə Elmlər Akademiyasının inkişafının üçüncü mərhələsi başlandı. Heydər Əliyev həmin görüşdəki çıxışında Azərbaycan tarixinin dərindən öyrənilməsinin və yüksək elmi prinsiplər əsasında şərhinin dövlət üçün mühüm əhəmiyyətini qabardaraq demişdir: “Əlbəttə, müstəqil Azərbaycanda fizika, riyaziyyat, biologiya, kimya və başqa fənlər hamısı inkişaf etməlidir. Ancaq bunların hərəsinin özünəməxsus çərçivəsi vardır. Amma tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq lazımdır. O cümlədən mədəniyyətimizin, ədəbiyyatımızın, elmimizin tarixi lazımdır”.
Bütün bu tövsiyələr Azərbaycan elminin inkişafına hesablanmış fərman və sərəncamlarla müşayiət olunmuş, Heydər Əliyev ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarlar qəbul etmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası” statusu verilmiş, bununla da akademiyanın fundamental elmin inkişafında əldə etdiyi nailiyyətləri, Azərbaycan xalqının mədəni və mənəvi təşəkkülündə oynadığı rolu və akademik elmin ölkənin inkişafının əsas təminatçısı olduğunu bir daha təsdiqləmişdir.
30 mart 2001-ci il və 1 iyul 2002-ci il tarixli sərəncamlarla AMEA Rəyasət Heyəti və akademiyanın bütün işçilərinin əməkhaqları bir neçə dəfə artırılmış, 2002-ci ilin 12 avqus­tunda AMEA-nın Naxçıvan bölməsinin yaradılması haqqında tarixi sərəncam imzalanmış, böyük öndərimizin sədrliyi ilə Naxçıvan Ali Məclisinin iclas zalında bu bölmənin yaradılmasına həsr olunmuş müşavirə keçirilmişdir.
Azərbaycan elmində ümummilli liderin Milli Elmlər Akademi­yasının statusu, Nizamnaməsi və AMEA prezidentinin təsdiqi haqqında 4 yanvar 2003-cü il tarixli fərmanı da xüsusi əhəmiyyətə malikdir. Böyük öndərimizin bu addımı Milli Elmlər Akademiyası sistemində əsaslı islahatların aparılmasına, texniki bazanın modernləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmasına, dünya ölkələrinin elm sahəsində əldə etmiş olduğu ən mütərəqqi təcrübənin mənimsənilməsinə, elmi-tədqiqat ins­titutlarında, mərkəzlərdə işin keyfiyyət əmsalının artırılmasına, elmi ictimaiyyətin diqqətinin cəmiyyət həyatı üçün xüsusi aktuallıq kəsb edən problemlərə yönəlməsinə geniş şərait yaratmışdır.
Azərbaycan dilinin dövlət dili kimi bərqərar olunması və inkişaf etdirilməsinə xüsusi diqqət yetirən ümummilli liderimiz Heydər Əliyev 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Fərmanda Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolu, ədəbi dilimizin inkişaf mərhələləri, müstəqil Azərbaycan Respublikasında ən mühüm ünsiyyət vasitəsi olan dilimizin tətbiqi ilə əlaqədar qarşıda duran vəzifələrin həyata keçirilməsinin konkret müddətləri göstərilmişdir.
Ümummilli liderimizin yenidən hakimiyyətə qayıdışından sonra elm sahəsində çalışan insanların, bütün ömrünü gənc nəslin maariflənməsinə həsr etmiş müəllimlərin sosial statusu yenidən yüksəldi. Tarixən ən şərəfli ictimai status sayılan alim-müəllim adının cəmiyyətdəki nüfuzu yenidən bərpa edildi.
Dahi öndərin təhsil və elm sahəsində gördüyü misilsiz işlər bu gün ölkə başçısı möhtərəm İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ulu öndərin layiqli davamçısı - Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyev hazırda elm və təhsil sahəsinə qayğını ardıcıl davam etdirərək elm sferası üçün mühüm olan bir sıra qərarlar qəbul etmişdir. Məhz bunun nəticəsidir ki, bu gün respublikamızda elm, təhsil sürətlə inkişaf etməkdədir, təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün lazımi şərait yaradılıb.
  Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində elm və təhsil sahəsində işlərin qurulması ilə bağlı milli proqram hazırlanıb, müvafiq islahatlar həyata keçirilir. Buna misal olaraq Azərbaycan  Milli  Elmlər Akademiyasında (AMEA) struktur islahatlarının aparılmasını göstərmək olar. Elmin, təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, bu sahədə çalışan müəllimlərin əməkhaqlarında, tələbə, ma­gistr və aspirantların təqaüdlərində özünü göstərən əsaslı artımlar bu əhəmiyyətli sahəyə dövlət başçısı tərəfindən göstərilən qayğının bariz ifadəsidir. Xatırladaq ki, elmin inkişafına yönəldilən xərclər 2003-cü ildən sonra da Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ildən-ilə artırılmış, təhsil ocaqlarının cari və əsaslı təmiri həyata keçirilmiş, yeni məktəb binaları inşa edilmişdir. Azərbaycan alimlərinin maddi durumunun yaxşılaşdırılması da dövlət başçısının daim diqqət mərkəzindədir. Onun “Alimlik dərəcələrinə görə vəzifə maaşlarına əlavələrin artırılması haqqında” müvafiq sərəncamları bunun əyani təzahürüdür.


Tarix: 31-05-2018, 11:15

Xəbəri paylaş