Müəllim şagirdlərinin mənəvi dünyasının qurucusu olmalıdır...
Leyla Quliyeva,
Füzuli rayon 56 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi
Müəllim (Ərəbcə:) - konkret fənn üzrə tədris prosesini keçirən səlahiyyətli şəxs və ya məktəbdə hər hansı bir fəndən dərs deyən şəxs deməkdir. Bu müəllim sözünün sadəcə ərəb dilindən bizim dilimizə hərfi tərcüməsidir, ancaq məncə "müəllim" sözü bundan daha geniş məna kəsb edir. Parta arxasında oturduğum vaxtlar, bu sözün mənasını da, müəllimlərin bizlərdən ötrü sərf elədiyi əməyi də anlamırdım, ta ki bu gün özüm müəllim olana qədər..Məncə, müəllim olmaq üçün sadəcə institut oxuyub diplom almaq kifayət deyil. İlk öncə bu peşəni sevdiyinə əmin olmalısan. Ürəyin daim öyrənmək və öyrətmək üçün döyünməli, başqalarının övladlarını özününküləşdirəcək qədər, öz övladının yerinə qoya biləcək qədər böyük ürəyə sahib olmalısan. Necə ki müəllim öz övladının tərbiyəsi, yaxşılığı üçün yeri gələndə mülayim, mərhəmətli, sevgi və qayğı dolu, yeri gələndə səhv hərəkətinə görə cəza verən, qadağalar qoyan biri olursa, eyni hissləri öz şagirdləri üçün də keçirməlidir. Müəllimlik kimi ülvi bir sənət dərin sevgi, sonsuz səbr və böyük humanizm tələb edir.
Müəllimlik kütləvi peşə olsa da yadda qalan ən yaxşı müəllimlər olur. Ümummilli liderimiz Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək demişdir: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq".
Nəriman Nərimanov xalq müəllimlərinə verdiyi tövsiyyələrdən birində yazırdı: ...vətənin xoşbəxtliyi onun cavanlarının yaxşı tərbiyəsi ilə bağlıdır... Yaxşı tərbiyə isə insanın əqlini və əxlaqını gözəl pak şeylər əxz etməyi öyrətməkdən, ürəyini və vicdanını pisliklərdən çəkindirməkdən ibarətdir. Müstəqilliyimizin və dövlətimizin mühüm şərtlərindən biri mükəmməl təhsil sisteminə malik olmaqdır. Respublikamızda həyata keçirilən təhsil islahatının məqsədi yaradıcı və tənqidi düşünməyi bacaran, fəal şəxsiyyət yetişdirməkdir. İlk növbədə müəllim bacarıqlı, işgüzar, ixtisasını dərindən bilən, müəllimlik adını müqəddəs tutan, ideyaca saf, mənəviyyatca pak, özünə və şagirdlərinə qarşı tələbkar, sənətinə ürəkdən bağlı keyfiyyətləri özündə cəmləşdirməlidir.Təlimdə yaxşı nəticələr əldə olunması üçün psixoloji xüsusiyyətləri dərindən bilmək vacibdir. Müəllim bütün hallarda, xüsusən "müəllim - şagird" münasibətlərinin qurulmasında pedaqoji taktı - nəzakəti, onun davranışına verilən etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır.
İş prosesində müəllim - şagird münasibətlərinin düzgün qurulması, şagirdlərin təhsilə marağının artmasında, tədris olunan fənlərin sevdirilməsində mühüm əhəmiyyət kəsb edir. Müəllim şagirdi bir şəxsiyyət kimi görməli, onun mənliyinə, şəxsiyyətinə toxunan söz deməməli, hərəkət etməməlidir. Nə qədər sözə baxmayan, nadinc şagird olsa belə, müəllim özünün pedaqoji metodlarından istifadə edib, xoş, isti münasibət yaratmalıdır.Müəllimlik məsuliyyətli peşədir. Çünki müəllim insanın təlim və tərbiyəsi ilə məşğul olur, şüurunu formalaşdırır və bu işdə səhvə yol vermək olmaz.
Müəllimin işi yalnız şagirdlərini bilikləndirməklə bitmir. O, şagirdlərinin mənəvi dünyasının, şəxsiyyətinin memarı olmalı, dilini, vətənini, xalqını, dövlətini, mənəvi dəyərlərini sevməyi elə aşılamalıdır ki, şagirdin qarşılaşdığı maneələr onu yolundan döndərə bilməsin.
Yaxşı müəllim öz sənətinə olan məsuliyyəti, sevgisi ilə seçilir. Bu xüsusiyyətlər qısa müddət ərzində dərs dediyi şagirdlərə də sirayət edir. Müəllimin sinifdəki heç bir davranışı şagirdlərinə təsirsiz qalmır. Kitabını unutmuş şagirdə "özün niyə evdə qalmamısan?" yerinə, öz kitabını vermək, tez-tez şagirdin sözünü kəsmək yerinə, ona diqqətlə və təmkinlə qulaq asmaq, kimi isə gülüş hədəfinə çevirmək yerinə təbəssümlə baxıb, saçının, geyiminin necə gözəl yaraşdığını demək, bəyənməməzlik göstərib üz çevirmək yerinə ona maraq göstərmək və s. uşaq dünyasında böyük əhəmiyyət kəsb edir, onu məktəbə qarşı həvəsləndirir, məktəbi və müəllimi sevinc mənbəyinə çevirir. Müəllimin dili də hərəkətləri və davranışı qədər önəmlidir. Həzrəti Əlinin dediyi kimi, “Kişi dilinin altında gizlidir”. Lakin bəzi müəllimlərin şagirdlərə qarşı etinasız münasibəti, şagirdi ən adi şeylərdə belə təhqir etməsi, şəxsiyyətinə toxunması, qarğış etməsi, hüquq və haqlarını tapdaması şagirdləri məktəbdən və təlimdən soyudur. Və bu cür müəllimlərin gələcəkdə özünə güvənən insan, şəxsiyyət yetişdirməsindən söz belə gedə bilməz. Müəllim şagirdlərə qoyduğu qadağa və qaydaların, xəbərdarlıqların yaxşı başa düşülməsinə və müsbət qarşılanmasına çalışmalıdır.
Tarix: 30-04-2018, 12:18