Biologiya fənninin tədrisində müasir təlim texnologiyalarının tətbiqi
Ziba Məmmədova,
Ağsu rayon R.Hüseynov adına Kəndoba
kənd tam orta məktəbinin biologiya və kimya müəllimi
Fəal-interaktiv təlimdə müəllim bilikləri ötürən deyil, fasilitator vəzifəsini öz üzərinə götürür. İnteraktiv təlimdə şagirdlərin təfəkkürünü hər hansı problemin həlli üçün fəallaşdırmaq və düşünməyə sövq etmək əsas məqsəddir. Birgə fəaliyyət, əməkdaşlıq şəraitində müəllim və şagirdlərin düşüncələri qarşılıqlı şəkildə müzakirə edilir. Bu zaman təlim subyekt-subyekt xarakteri daşıyır. İnteraktiv təlim müəllimin qarşısına yüksək tələblər qoyur. Şagirdləri tədqiqata, diskussiyaya cəlb etmək, müstəqil fikir yürütməyi öyrətmək, onlara müəyyən biliklər toplusunu mənimsətməkdən daha çətindir. Müəllim dərs zamanı bütün qərarları özü qəbul etməli deyil, müəyyən məsələləri şagirdlərin mühakiməsinə buraxmalıdır. Bu yolla qazanılan biliklər şagirdlərin yaddaşında uzun müddət qalır və onlar həmin bilikləri praktikada tətbiq etmək bacarığına malik olurlar. Biz müəllim olaraq şagirdləri zehni əməyə sövq etməliyik. Atalar boş yerə deməyib: “İş insanın cövhəridir”. Şagirdlər öz ağlının, öz bilik və bacarıqlarının sayəsində əldə etdiyi bilikləri daha tez mənimsəyəcək və gələcəkdə də həyatda həmin biliklərdən səmərəli şəkildə istifadə edəcəklər.
Problemli şəraitin yaradılması:- Motivasiya Şagirdlərimin qarşısına problem qoymaq və onu həll etmələri üçün şərait yaratmaq üçün zəruri mərhələdir. Bu problemi həll edərkən şagirdlərdə düşünmə prosesi, idraki fəallıq yaranır. Problemli şəraiti dərsin motivasiya mərhələsində yaratmaq və bu yolla şagirdləri yeni mövzuya hazırlayaraq, mövzu haqqında öncədən düşünməyə sövq etmək deməkdir. Fəal dərsdə şagird - tədqiqatçı, müəllim - fasilitator olduğu üçün tədqiqatın aparılması mərhələsində siniflə ümumi diskussiya, cütlərlə iş, maraqlı səhnəciklər kimi formalardan istifadə etmək səmərəli olar. Qruplarla iş forması isə daha effektli nəticə verəcəkdir, həm də vaxta qənaət etmiş olarıq. Qruplarla iş zamanı şagirdlər bir-biri ilə əməkdaşlıq edərək fərziyyələri yoxlamaq üçün tapşırıqları həlletmə prosesində məlumatların, faktların axtarılmasında və toplanmasında birgə fəaliyyət göstərirlər. Bu zaman şagirdlər subyekt mövqeyini tutur, bu prosesin bərabər iştirakçısına çevrilirlər. Şagirdlər bilikləri özləri tədqiqat zamanı əldə edirlər. Müəllim isə onlara bu şəraiti yaradan bələdçi rolunu oynayır. Dərsdə dialoqun və əməkdaşlığın qurulması üçün müzakirə, diskussiya kimi iş üsullarından istifadə etməliyik. Bu zaman şagirdlərim öz fikirlərini sərbəst şəkildə çatdırmağı öyrənirlər. Onlarda özünü ifadə keyfiyyəti yaranır. Şagirdlərdə özünə güvənmək hissi, özünü ifadə etmək bacarığının aşılanması müəllimin pedaqoji uğurudur. Psixoloji dəstək-hörmət və etibar fəal dərsin əsas prinsiplərindəndir. Müəllim bu prinsiplərə dərindən yiyələnərək hər birinə ayrı-ayrılıqda əməl edərsə uğurlu nəticə əldə etmiş olar. Həmçinin də cəmiyyətin gələcəyi olan məktəblilərin dünyagörüşünün, özgüvəninin, bilik və bacarıqlarının mükəmməl şəkildə formalaşmasında yardımçı olar.
Müasir təlimin ən doğru yolu şagirdyönümlü interaktiv təlim metodlarından yararlanmaqdır. Tədris etdiyim dərslərdə fəndaxili və fənlərarası inteqrasiyaya xüsusi yer verirəm. Müasir interaktiv təlimin ən vacib mərhələlərindən biri də motivasiyadır. Adi halda motivasiyanı qurmaq sadə görünə bilər. Lakin dərin düşünərkən aydın olur ki, motivasiya mərhələsində ən azı iki - üç fənnə inteqrasiya edilməlidir ki, dərs tam əhatə olunsun.
Biologiya fənnindən VI sinifdə “Kökün quruluşu, növləri, sistemləri” mövzusunu tədris edərkən inteqrasiyalı motivasiyanı aşağıdakı kimi yaradıram:
Əvvəlcə köklü ağac şəklini şagirdlərə təqdim edirəm və sual verirəm:
1. Gördüyünüz şəkildə bitkinin hansı orqanları təsvir olunmuşdur və bu orqanlar hansı funksiyanı yerinə yetirir?
Köklü və yarpaqlı ağacın şəklini verməklə biologiyanın təsviri incəsənətə inteqrasiyasını yaradıram.
Sonra şagirdlərə başqa bir sual verirəm:
2. Sözün kökü ilə bitkinin kökünü nə əlaqələndirir?
Kök insan şəkilini də şagirdlərə təqdim etməklə motivasiyanı qururam. Bu sualın verilməsi ilə biologiyanın Azərbaycan dilinə inteqrasiyasını yaradıram. Daha sonra şagirdlər lövhədə Venn diaqramı üsulu ilə sözün kökü ilə ağacın kökünü müqayisə edir, əlaqələndirirlər və bildirdikləri fikirləri əsaslandırırlar. Bildirirlər ki, Azərbaycan dilində sözün dəyişməyən hissəsinə kök deyilir. Sözün kökü dəyişmir, şəkilçi qəbul edərək yeni sözlər əmələ gətirdiyi kimi, bitkinin kökü də bitkini torpağa bərkidir. Bitki yerini dəyişmədən bir vegetasiya müddətində həmin ərazidə (yerdə) yaşayır və yeni pöhrələr əmələ gətirir. Deməli, sözün kökü ilə bitkinin kökünün ortaq cəhəti hər ikisinin dəyişməz olmasıdır və hər ikisinin yenisini əmələ gətirməsidir.
Başqa bir sualla şagirdlərə müraciət edərkən kimya və fizika fənlərinə inteqrasiya yaratmış oluram:
Daha sonra tədqiqat mərhələsinə başlayırıq və ilk olaraq tədqiqat sualını verirəm.
1. Klaster üsulu ilə təqdim etdiyim sualda, bitki kökləri ilə necə qidalanır, su və mineral duzlar kök vasitəsi ilə necə udulur kimi məsələlər soruşulur.
Su və suda həll olmuş mineral duzlar kökün əmici telləri vasitəsi ilə udularkən əvvəlcə su kökün dəricik hüceyrələrinə, oradan kökün qabıq hüceyrələrinə, oradan isə kök borucuqlarına keçərək kök təzyiqi hesabına (osmos - diffuziya hadisəsi) yarpaqlara qədər çatdırılmasının izahatı zamanı fizikaya inteqrasiya yaranır.
Yarpaqlar ağızcıqları vasitəsi ilə atmosferdən karbon qazını udur. Günəş işığının təsiri altında yarpağın xlorofil dənəciklərində fotosintez (qeyri-üzvi maddələrdən üzvi maddənin sintez olunması) prosesinin izahatı zamanı kimya fənninə inteqrasiya yaranır.
Kök sistemləri təsvir olunmuş tablonu (Kök insan, çuğundur, yerkökü, mil kök sistemi və saçaqlı kök sisteminə aid şəkilləri) şagirdlərə nümayiş etdirməklə yenə biologiyanın təsviri incəsənətə inteqrasiyasını yaradıram.
Başqa bir sualla şagirdlərə müraciət edirəm:
2. Növbəti sualı isə söz assosiasiyası üsulu ilə verirəm: Hansı kök sistemlərini tanıyırsınız?
Bu formada müxtəlif fənlərə inteqrasiya edərək motivasiya yaratmaq induktiv (yeni biliyə əsaslanan) dərsi tam əhatə edir, təfəkkür prosesini aktuallaşdırır.
Bundan başqa biologiyadan X sinifdə “Həyatın yaranması haqqında müasir təsəvvürlər” mövzusunu tədris edərkən şagirdlərin diqqətini dərsə yönəltmək üçün sinfə daxil olduqdan sonra belə bir beyt söyləyirəm:
Canlılar yaranmış əvvəlcə suda,
Çox geniş yayılmış, sonra
quruda!…
Bu misranı söyləməklə həm biologiyanın ədəbiyyat fənninə inteqrasiyasını yaratmış oluram, həm də ilk canlının su mühitində yaranmış olduğunu şagirdlərin diqqətinə çatdırıram. Sonra isə şagirdlərə sualla müraciət edirəm:
Söz assosiasiyası üsulu ilə birinci qrupa verdiyim sualda, “Nə üçün qədim dövrlərdə həyat quruda yarana bilməzdi?” soruşulur.
Bu sualın açıqlaması zamanı biologiyanın astronomiyaya inteqrasiyası yaranır. Günəşin öldürücü təsirə malik şüaları yer səthini intensiv olaraq işıqlandırırdı. Ona görə də qədim dövrlərdə həyat quruda yarana bilməzdi.
“Üzvü aləmin inkişafı”na aid olan sxemi şagirdlərə nümayiş etdirərək təsviri incəsənətə inteqrasiya yaradıram.
İlkin atmosferdə oksigenin toplanması hansı proseslərlə nəticələndiyi cavabını da şagirdlərdən alıram. Bu sualın açıqlaması zamanı kimya fənninə inteqrasiya olunur.
Belə məlum olur ki, ilkin atmosferi təşkil edən elementlərdən - hidrogenin oksigenlə qarşılıqlı təsirindən su, azotla birləşməsindən ammonyak, karbonla birləşməsindən metan yarandı. Yerdə hidrogen - sianid, karbon qazı, hidrogen molekulu kimi müxtəlif birləşmələr meydana gəldi. Bu birləşmələr canlı orqanizmin tərkibinə daxil olan üzvi maddələrin əsasını təşkil etmişdir. İlkin atmosferdə oksigen yalnız birləşmələrin tərkibində olmuşdur.
İkinci qrupun sualını BİBÖ cədvəli ilə təqdim edirəm:
- Fotosintezin meydana gəlməsi quru mühitində hansı dəyişikliklərin yaranmasına səbəb oldu?
Bu sualın izahı zamanı coğrafiya, astronomiya və kimya fənlərinə inteqrasiya olunur.
Su mühiti ultrabənövşəyi şüaları uda bildiyi üçün əvvəllər həyat yalnız suda mümkün idi. Fotosintez prosesi nəticəsində sərbəst oksigenin ayrılması və onun bir hissəsinin quruya çıxaraq ionlaşdırıcı şüaların təsirindən ozona çevrilməsi ultrabənövşəyi şüaların təsirini zəiflətdi. Nəticədə, quruda həyat üçün əlverişli şərait yarandı.
Tədqiqatın aparılması mərhələsində əvvəlcədən təyin edilmiş vaxt çərçivəsində sualların hər birinin cavabları şagirdlər tərəfindən araşdırılır və məlumatın mübadiləsi mərhələsində təqdim edilir. Məlumat mübadiləsini aparmaq üçün qrup liderləri qrup yoldaşları ilə birlikdə hazırladıqları cavabları təqdim edir, təqdim edilmiş cavablar bütün sinif şagirdlərinin müzakirəsinə verilir. Müzakirələr nəticəsində doğru və yaxud başqa cür verilmiş cavablar müəyyənləşdirilir və qruplarla iş formasının nəticəsi olaraq qruplar meyarlar əsasında qiymətləndirilir.
Ümumiləşdirmə və nəticə mərhələsində bütün sinif üçün əvvəlcədən müəyyən edilmiş təlimin məqsədinə nə dərəcədə nail olduğumuzu müzakirə edirik. Refleksiya edərək dərs boyunca keçdiklərimizi xatırlayırıq. Əldə etdiyimiz nəticələrə hansı şəkildə nail olduğumuzu araşdıraraq qiymətləndirmə işi aparırıq və produktiv tətbiqetmə mərhələsi üçün tapşırıqlar təyin edirik.
Əvvəlcədən təyin etdiyimiz məqsədə nail olduğumuzu gördükcə fəal dərsin mərhələlərini daha da təkmilləşdirmək və öz bilik və bacarıqlarımızı inkişaf etdirmək istəklərimiz daha da artır. Beləliklə, müasir interaktiv təlimin mərhələlərindən biri olan motivasiyanın düzgün qoyulması vacib məsələdir. Dərsin əvvəlcədən düzgün planlaşdırılması sonda müsbət nəticələrə nail olmağa gətirib-çıxarır. Bunun üçün müəllimdən müəyyən hazırlıq və səriştə tələb olunur. Dərsi bu şəkildə qurmaqla, nəticə olaraq təlim şagirdlərin bilgiləndirilməsi deyil, biliklərin müstəqil qazanılmasına, mənimsənilməsi vərdişlərinə, təfəkkürün inkişaf etdirilməsinə nail oldum. Dərsin gedişatı boyunca şagirdlərin sağlam rəqabət şəraitində mübarizə aparması davamlı inkişafa zəmin yaradacaqdır. Həmçinin də dərs boyunca verilən sualların həyatla əlaqəli və düşündürücü olması kimi amillər dərsi maraqlı və səmərəli formalaşdırır. Təbii olaraq hər bir müəllimin arzusudur ki, gördüyü iş səmərəli və uğurlu olsun. Bunun üçün yetər ki, müəllim əzmkar və çevik olsun. Arzulanan nəticəyə aparan yol məqsədin düzgün qoyulmasından başlayır.
Tarix: 30-04-2018, 12:10