Şagirdlərimizin sağlamlığı diqqət mərkəzindədir
Hökümə Cəfərova,
Bakı şəhər 11 nömrəli İnteqrasiya
təlimli internat məktəbinin ibtidai sinif müəllimi
Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi təhsil islahatları kursu cəmiyyətimizdə insan kapitalının formalaşmasını və ölkənin gələcək inkişafını təmin edir. Təhsil sistemimizdə bir neçə ildir ki, Milli Kurikulumun tətbiqi də bu mütərəqqi islahatların tərkib hissəsidir. Milli Kurikulumun məqsədi təhsilin keyfiyyətinin yaxşılaşdırılması, yüksək intellektual səviyyəli, elmi dünyagörüşlü, müstəqil düşüncəyə və yaradıcı fəaliyyət bacarıqlarına malik gənclərin yetişdirilməsidir.
Milli Kurikulumda interaktiv (fəal) təlim metodları mühüm yer tutur. Bu yeni metodlar dərsi ənənəvi qəliblərdən uzaqlaşdırır və təhsilin keyfiyyətinə çox müsbət təsir göstərir. Amma təhsilin keyfiyyəti qədər şagirdlərin sağlamlığı məsələsi də xüsusi əhəmiyyət daşıyır. Ona görə bu məsələ daim diqqətdə saxlanmalıdır. Ekoloji problemlər, qeyri-sağlam qidalanma, oturaq həyat tərzi müasir insanın, o cümlədən məktəb şagirdlərinin fiziki-psixi sağlamlığına təsirsiz ötüşmür. Dərs prosesində şagirdlərin sağlamlığının arxa planda qalması onların gələcək həyatında ciddi fəsadlar verə bilər.
Hesablamalara görə, təhsilalanların sinif otaqlarında keçirdiyi müddət onların oyaqqalma vaxtının 25%-ni təşkil edir. Bu qədər böyük bir müddətdə isə şagirdlərin hərəkət imkanları məhdud olur. Bu da təhsilalanlarda müəyyən xəstəliklərin yaranmasına gətirib cıxarır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2013- cü il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasinda təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda şagirdlərin sağlamlığına mənfi təsir göstərən bu cür amillərin aradan qaldırılması məqsədilə qarşıya konkret vəzifələr qoyulmuşdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu vəzifələrin yerinə yetirilməsindən ötrü dünya təcrübəsindən çıxış edərək “Sağlam təhsil - sağlam millət” layihəsini uğurla həyata keçirməkdədir.
2014-cü ildən Bakı və Sumqayıt şəhərlərindəki bir çox ümumtəhsil məktəblərinin ibtidai siniflərində dərslər bu layihə üzrə tədris olunur. Bakı şəhər 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayevanın rəhbərliyi ilə artıq iki ildir ki, bizim məktəbimiz də bu layihəyə qoşulub. Layihənin yüksək keyfiyyətlə icrası məktəb rəhbərliyinin xüsusi diqqətindədir. Böyük məmnuniyyətlə qeyd edim ki, “Sağlam təhsil - sağlam millət” layihəsində yaxından iştirak, belə bir sinifdə tədris aparmaq mənə də nəsib olub. Bu, bir müəllim üçün böyük mənəvi dəyər deməkdir.
“Sağlam təhsil - sağlam millət” layihəsi konseptində qurulmuş sinif otaqları müəllimlər üçün də, şagirdlər üçün də xoş bir yenilikdir. Bu siniflər öz görünüşünə görə digərlərindən fərqlənir. Sinif genişliyi, künclərdə və tavan kəsişmələrində iti bucağın olmaması, işıqlandırma sisteminin mükəmməlliyi, otaqda əlüzyuyanın və hündür güzgünün olması və s. bu kimi cəhətləri ilə seçilir. Partalar oturaqlı və hündür olmaqla iki cür yerləşdirilmişdir. Şagirdlərin boy ölçüləri divara vurulmuş şkala ilə müəyyənləşdirilir. Masalar hər uşağın boyuna uyğun qurulur. Bu da uşağın sinifdəki yeri ilə bağlı valideynlərdə hər hansı narahatlığın yaranmasına yer qoymur. Dərs vaxt pultu ilə idarə olunur. Birinci 15 dəqiqə ərzində şagirdlər vizual vestibulyar məşq etməklə yerlərini dəyişirlər. Bu da onlarda reaksiya, yan baxış və vestibulyar aparatı inkişaf etdirir. İkinci 15 dəqiqədən sonra isə professor V.F.Bazarnıyın təklif etdiyi “Universal simvollar sxemləri”-nin tavandakı təsvirinin köməyilə göz əzələlərini və dayaq-hərəkət aparatını məşq etdirirlər. Şagirdlərim bütün bu təmrinləri böyük həvəslə yerinə yetirirlər. 15 dəqiqədən bir yerdəyişmə onlarda yorğunluq hissini aradan qaldırır. Diqqətlərinin bir yerə cəmlənməsinə şərait yaradır. Bunun müsbət nəticəsi kimi, onlar dərs müddətində fəallıq nümayiş etdirir, öz fikirlərini sərbəst söyləyir, əşyalarını bir-biri ilə bölüşürlər.
Tənəffüslər zamanı oğlanlar turnikli idman pilləkənlərində dartınır, qızlar isə müxtəlif oyunlar oynayırlar. Şagirdlər sinifdə özlərini çox sərbəst aparır, əməkdaşlıq edirlər. Yoldaşlarına qayğılı münasibət, bir-biri ilə mehriban rəftar sinifdə xoş komanda ruhu formalaşdırır.
Dərsdə mövzulara aid didaktik materialları asmaq üçün 3D effektli asqıdan istifadə edirik. Bu material hər dərsdə yenilənir. Bu da şagirdlərdə alışqanlığı aradan qaldırır. Onların maraq dairələri genişlənir. Şagirdlər didaktik materialları həvəslə hazırlayırlar. Xüsusən, “Azərbaycan dili” dərslərində “Bir gün - bir nağil”dan istifadə onların böyük marağına səbəb olur.
Əl işi ilə məşğul olmağa kifayət qədər zaman ayrılması isə onlarda kiçik motorik bacarıqların inkişafına kömək göstərir. Tətbiq edilən yeniliklərin üstün cəhətlərindən biri də sinifdə şagird sayının maksimum 24 nəfər nəzərdə tutulmasıdır. Bu da 45 dəqiqə ərzində bütün şagirdlərə diqqət ayrılmasına, onların tədris prosesinə fəal şəkildə cəlb olunmasına şərait yaradır.
Sinifdəki əlüzyuyandan və güzgüdən istifadə şagirdlərin erkən yaşlardan gigiyenik qaydaları mənimsəməsi, özlərinə kənardan baxaraq şəxsiyyət kimi yetişməsi məqsədini dəstəkləyir.
“Sağlam bədəndə sağlam ruh olar”. Bu dəyərli kəlam xalqımızın mənəvi dünyasında özünəməxsus yer tutur. Gələcəyimiz olan uşaqların sağlam böyüməsi, sağlam düşünməsi və ruhunun sağlamlığı üçün yeniliyin yaratdığı bütün imkanlardan istifadə edək!
Tarix: 30-04-2018, 12:07