Azərbaycanın ilk Parlamenti
1918-ci il 28 May Günü Azərbaycan tarixində heç vaxt silinməyən izlər qoydu. Məhz həmin gün müsəlman şərqində ilk parlamentli respublika, türk və islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlətin əsası qoyuldu. Müasir, müstəqil Azərbaycan dövlətinin banisi və memarı ümummilli lider Heydər Əliyev həmin günün Azərbaycan tarixində oynadığı böyük rola yüksək qiymət verərək demişdir: “AXC gərgin və mürəkkəb ictimai şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi bu gündə də, gələcəkdə də bu mövzunun öz aktuallığını saxlamasının əyani sübutudur.
1918-ci il may ayının 28-də Zaqafqaziya seymində müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Bununla, əslində Azərbaycanın ilk Parlamenti yarandı. Parlamentin yaranması və fəaliyyətini iki mərhələyə bölmək olar. Birinci dövr 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Bu müddət ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndələrindən ibarət olan Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk Parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal Bəyannaməsini qəbul etmişdir.
Milli Şura dövründə Azərbaycan Parlamentinin təsis toplantısı ilə birlikdə cəmi 10 iclası keçirilmişdir. İlk iclas - 1918-ci il mayın 27-də Tiflisdə, son iclas-1918-ci il noyabrın 19-da Bakıda keçirilmişdir. Mayın 27-də Azərbaycan Milli Şurası təsis olunmuş, iyunun 27-də fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq Müəssisələr Məclisi çağırılmaq şərti ilə bütün qanunverici və icraedici hakimiyyəti Müvəqqəti hökumətə vermişdir. 1918-ci il noyabr ayının 16-da öz fəaliyyətini yenidən bərpa etmiş, Tiflisdə, Gəncədə, Bakıda fəaliyyət göstərmişdir.
AXC hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra Parlamentin ikinci dövrü başlanır. Bu dövr 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək davam etmişdir.
1918-ci il dekabrın 7-də gündüz saat birdə Hacı Zeynalabdın Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş qızlar məktəbi binasında Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşmış ilk parlament idi. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, doktor Həsən bəy Ağayev onun birinci müavini seçildi. Parlamentdəki 120 nəfər deputatdan 80 yer müsəlmanlara, 10 yer ruslara, alman, yəhudi, polyak, gürcü nümayəndələrinin hərəsinə 1 yer, Bakı həmkarlar təşkilatı Şurası və sənaye - ticarət palatasına 5 yer verilmişdir. 1918-ci il mart soyqırımından az müddət keçməsinə baxmayaraq, ermənilərə 21 yer verilməsi Azərbaycan xalqının demokratik təbiətinə, insan haqlarına nə qədər dərin hörmətlə yanaşmasına parlaq sübutdur. İstər rus, istərsə də erməni nümayəndələri əvvəlcə parlamentdə təmsil olunmaq istəməsələr də,sonralar Parlament tribunasından öz məqsədləri üçün istifadə etməyə çalışmışdılar. Bu dövrdə Parlamentin cəmi 145 iclası olmuşdur.Yetərsay olmadığı üçün bu iclaslardan 130-u keçirilmişdir. Bütün bu iclaslarda AXC-nin Parlamenti İstiqlal Bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyi qoruyub saxlamaq, insan hüquq və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdir.
Parlamentli Respublika olan AXC-nin hakimiyyəti dövründə Azərbaycanda parlamentçilik ənənələri getdikcə möhkəmlənir və inkişaf edir, ən müasir parlament mədəniyyəti formalaşırdı. Fəaliyyəti dövründə Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdur.Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə olunur, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul edilirdi.
Çox mürəkkəb daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan Parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanması və ordu quruculuğu məsələlərinə yönəltmişdi.
M.Rəsulzadə AXC Parlamentinin fəaliyyətinə belə qiymət vermişdir: “Millət məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən talehinə hakim idi.”
Çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq AXC hökuməti və Parlamenti elmin, təhsilin və xalq maarifinin inkişafına xüsusi qayğı ilə yanaşırdı.Ölkənin hər yerində məktəblərin, gimnaziyaların, cəmiyyətlərin, kitabxanaların açılması ilə yanaşı 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qanunun qəbul edilməsi xüsusi qeyd edilməlidir. Cümhuriyyət Parlamenti və hökuməti milli kadrların hazırlanması üçün 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdir.
AXC-nin Parlamenti və hökumətinin fəaliyyətinin daim diqqət mərkəzində duran əsas məsələlərdən biri də yaxın qonşularla münasibətlər və sərhəd məsələləri ilə bağlı olmuşdur. İran və Gürcüstanla münasibətlərin nizama salınması bu qəbildən hesab edilə bilər. “Vahid və bölünməz Rusiya”, “Böyük Ermənistan” yaratmaq ideyaları həmin dövlətlərlə münasibətlərin yaradılmasına imkan verməmişdir.
AXC-nin Parlament və hökuməti gənc respublikanın beynəlxalq aləmdə tanınmasından ötrü də böyük iş aparmışdır. Parlamentin sədri Ə.Topçubaşovun böyük çətinlikləri dəf edərək AXC-nin Paris sülh konfransında iştirak edən mütəfiq dövlətlərin Ali Şurası tərəfindən de-fakto tanınmasına nail olmuşdur.
1920-ci il aprelin 26-dan 27-ə keçən gecə Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsinin nəticəsində Azərbaycan öz müstəqilliyini itirsə də, bugünkü, müstəqil, demokratik Azərbaycan üçün bünövrə qoymuş oldu.
Gülsüm Yusifova,
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin
tarix müəllimi
Tarix: 30-04-2018, 11:59