Məktəblərdə metodik xidmətin təkmilləşdirilməsi yolları
Ədalət Hüseynov,
Ağcabədi Rayon Təhsil Şöbəsinin metodisti, metodist-müəllim
Son illərdə təhsil müəssisələrinə böyük diqqət və qayğı göstərilir. Bu heç şübhəsiz, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yorulmaz fəaliyyəti ilə bağlıdır. Artıq məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün hər cür şərait yaradılıb. İndi əsas və başlıca vəzifə bu şəraitdən maksimum dərəcədə istifadə edərək təlim prosesində daha böyük nailiyyətlər qazanmaqdır.
Təhsilin inkişafında bir çox əsas və başlıca meyarlar var. Bu meyarların içərisində müəllim xüsusi yer tutur. Çünki məktəbin tərəqqisi və təhsilalanların hərtərəfli inkişafa yiyələnməsi müəllimlərlə bağlıdır. Aparılan müşahidələr və təcrübələr bir daha onu təsdiq edir ki, həqiqətən də məktəblərdə müəllim, şagird üçün hər cür şərait yaradılsa da müasir biliklərə yiyələnən səriştəli, peşəkar təhsilverən olmadıqda təhsili yüksək səviyyədə inkişaf etdirmək mümkün deyil. Məhz elə buna görə də hər bir təhsilverən mütaliə yolu ilə daim öz elmi-nəzəri, pedaqoji, psixoloji və metodiki biliklərini artırmağı həyatın, dövrün tələbi kimi qarşısına zəruri məqsəd kimi qoymalıdır. Görkəmli şəxslər, bədii söz ustaları şəxsi mütaliə yolu ilə öz bilik və bacarıqları sayəsində dahilik zirvəsinə yüksəlmişlər. Elə respublikamızın, eləcə də rayonumuzun qabaqcıl müəllimləri şəxsi təhsil yolu ilə zəngin biliklərə yiyələnmişlər. Bunun nəticəsində onlar təhsilin səviyyəsini yüksəyə qaldırmışlar. Məhz elə bunun bariz nəticəsidir ki, onlar şagird, valideyn və pedaqoji ictimaiyyətin dərin rəğbətini qazanmışlar.
Məktəblərdə təlim prosesinə kompleks yanaşmaq günün aktual problemlərindəndir. Bu kompleks yanaşmanın içərisində müəllimlərə yüksək səviyyədə metodik xidmətin göstərilməsi önəmli yer tutur. Təcrübədən məlumdur ki, bu mühüm məsələ, əsasən 3 istiqamətdə yerinə yetirilir: rayon metodkabineti, məktəbdaxili və məktəblərarası. Qeyd edilən metodiki formalar bu və ya digər dərəcədə bir-biri ilə sıx bağlıdır. Həmin metodik formaların məktəblərdə vaxtlı-vaxtında tələb olunan səviyyədə təşkili, keçirilməsi məktəblərdə metodiki xidmətin get-gedə təkmilləşməsində mühüm rol oynayır. Lakin bu xidmətin daha yüksək səviyyədə təşkili bilavasitə məktəb və metodbirləşmə rəhbərlərinin fəaliyyəti ilə əlaqədardır. Onlar rayon metodkabinetin müdiri və metodistlərlə daim sıx əlaqə saxlamalı, müəllimlərin metodik köməyə, yardıma olan ehtiyaclarını vaxtında aradan qaldırmağa səy göstərməlidirlər. Belə olduqda məktəblərdə metodiki xidmətin, eləcə də təhsilverənlərin peşəkarlıq, səriştəlik səviyyəsi daha da yüksələr. Bu da nəticədə qarşıya qoyulmuş problemin vaxtında həll edilməsində əhəmiyyətli yer tutar.
Bu da bir məlum həqiqətdir ki, hər fənnin, metodikanın öz sipesifik xüsusiyyətləri var. Buna görə onların (fənn və metodikanın) üsul və vasitələri də müxtəlifdir. Çoxillik pedaqoji təcrübəmdən məlumdur ki, ədəbiyyat müəllimləri pedaqoji və metodiki kitablarda göstərildiyi kimi, əsasən aşağıdakı məsələlərin müzakirəsinə daha böyük üstünlük verirlər:
1. Təqvim-tematik (yarımillik) planın tərtibi və müzakirəsi
2. Qabaqcıl təcrübənin öyrənilməsi və yayılması
3. Pedaqoji, metodiki yeniliklərlə təhsilverənlərin tanış edilməsi
4. Elmi-metodik seminarların, konfransların keçirilməsi
5. Açıq dərslərin qrafikinin tərtibi və onun keçirilməsi və sair.
Yuxarıda qeyd etdiklərimiz məktəblərdə metodiki xidmətin təkmilləşdirilməsində müəllim və məktəb rəhbərlərinin fəaliyyətində həlledici rol oynayır. Bunu bir daha görkəmli təhsilşünas alimlərin - Ə.Ağayevin, A.Həsənovun müştərək yazdıqları “Pedaqogika” kitabında göstərdikləri kimi “...problem məsələləri müzakirə etmək, müəllimləri elm, metodika, pedaqogika və psixologiyanın yeni nailiyyətləri ilə tanış etmək vacibdir. Qabaqcıl təcrübə məktəblərində müəllimlərin müxtəlif mövzularda dərsləri dinləyir, müzakirə edir, yeni ədəbiyyatla tanış olur, təcrübə mübadiləsi aparırlar. Belə yaradıcı əməkdaşlıq yalnız müəllimlərin deyil, həm də məktəb rəhbərlərinin təkmilləşməsinə şərait yaradır” (“Pedaqogika”. “Nasir” nəşriyyatı, 2007, səh.472) kəlamları da sübut edir. İndi əsas və başlıca məsələ məktəblərdə metodiki xidmətin bu istiqamətdə təşkil edilməsi olduqca zəruridir.
Məktəblərdə metodiki xidməti daha da yaxşılaşdırmaq üçün vaxtlı-vaxtında monitorinqlər aparılmalıdır. Bu zaman monitorinqin komponetləri-məlumatların toplanması, təhlili, görülən tədbirlər araşdırılmalı, lazımi nəticə çıxarılmalıdır.
Belə olan halda heç bir qabaqcıl müəllim çətinliklərlə qarşılaşmır. Bu baxımdan M.F.Axundov adına Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat, respublikamızın əməkdar müəllimi Zəhra İbrahimovanın fəal/interaktiv təlim üsulu ilə keçdiyi “açıq dərs”indən aşağıda gətirdiyimiz nümunə yuxarıda qeyd etdiklərimizə əyani sübutdur. O, X sinifdə Q.Zakirin həyat və yaradıcılıq yolunu tədris edərkən onu fəal/interaktiv təlimin tələblərinə əsaslanaraq aşağıdakı kimi planlaşdırmışdır:
1. Mövzu: Şairin həyatı, yaradıcılıq yolu.
2. Məqsəd: a) sənətkarın necə bir həyat yolu keçməsini şagirdlərə müşahidə etdirmək və özləri üçün müəyyən bir nəticə çıxarmalarına şərait yaratmaq, b) şairin yaşayıb-yaratdığı dövr və mühitin real təsvirini yaratmaq, c) onun nəyə görə vətən, millət, xalq yolunda acınacaqlı, faciəli günlər yaşadığını şagirdlərə duydurmaq, d) şagirdlərin təfəkkürünün, mənəvi aləminin inkişaf etdirilməsi qayğısına qalmaq.
İnteqrasiya: Azərbaycan tarixi.
İş forması: qruplarla iş.
İş üsulu: beyin həmləsi (əqli hücum), BİBÖ, “açar sözlər”.
Dərsin tipi: induktiv.
Resurslar (təchizat): Q.Zakirin şəkli, dərslik, iş vərəqi.
Dərsin mərhələləri və onlara ayrılan təxmini vaxt:
1.Sinfin təşkili və ev tapşırıqlarının yoxlanılması - 3 dəq.
2. Motivasiya - 4 dəq.
3. Tədqiqatın aparılması -7 dəq.
4. Məlumat mübadiləsi -10 dəq.
5. Məlumatın müzakirəsi və təşkili - 7 dəq.
6. Nəticələrin çıxarılması - 4 dəq.
7. Yaradıcı tətbiqetmə - 7 dəq.
8. Refleksiya və ev tapşırıqlarının verilməsi - 3 dəq.
Müəllim dərsin gedişi zamanı fəal/interaktiv təlimin mərhələlərində ardıcıllığı (motivasiya mərhələsi) gözləməklə yeni öyrəniləcək mövzunun tapılmasına şagirdləri istiqamətləndirmək üçün müxtəlif vasitələrdən istifadə etdi. Belə önəmli vasitələrdən biri onun simvollu materiallardan - şəkil, şeir parçası, açar sözlərdən; şagirdlərin məlum biliklərindən (“Durnalar”) istifadə etməsidir. Hətta müəllim şairin lövhədə asılmış şəklinin altında onun aşağıdakı şeir parçasını A4 formatlı bir vərəqə yazıb onu da lövhədən astıraraq şagirdlərin diqqətini buna cəlb etdi:
Rahi-müsibətdə keçmişəm candan,
Müxənnətdir qorxan bir qaşıq qandan!
Ehtiyatım yoxdur paşadan, xandan,
Analar doğubdur şiri-nər məni!
Müəllim yuxarıda qeyd etdiyimiz vasitələrdən istifadə edərək mövzunun adını şagirdlərə tapşırdı və onun (mövzunun) dəqiq adını lövhəyə yazdı. Sonra o, şagirdlərə şeirə münasibət bildirməyi təklif etdi. Şeirə münasibət bildirən şagirdlər artıq dərk etdilər ki, şair dövründə müəyyən problemlərlə qarşılaşıb. Lakin bu çətinliklər onu qorxutmamış, heç kimdən, heç nədən çəkindirməmişdir. Hətta o, haqq, ədalət yolundan çəkinməyəcəyini, heç kəsdən ehtiyacı olmadığını, qorxmadığını və mərdliyi ilə qürur duyduğunu da şeirində daha qabarıq şəkildə tərənnüm etmişdir.
Sənətkar haqqında şagirdlərin əvvəlki illərdə təsəvvürləri olduğu üçün müəllim həmin təsəvvürləri aşkara çıxaran kiçik müsahibə təşkil etdi. Apardığı müsahibə dərsin səmərəliliyini, effektivliyini daha da artırdı. Eyni zamanda müəllim şagirdlərə rol, xüsusiyyətlər, əhəmiyyət, üstünlüklər, əlaqə, səciyyə, amillər və s. kimi açar sözlərdən istifadə etməklə onları fəallaşdırmağa səy göstərdi. Belə ki, onlar həmin açar sözlərə istinad edərək aşağıdakı sualları qurmağa nail oldular:
1.Zakirin ədəbiyyat tariximizdə rolu nədən ibarətdir?
2.Onun həyat və yaradıcılığına xas olan hansı xüsusiyyətlər var?
3.Zakirin bədii irsinin bizim üçün əhəmiyyəti nədən ibarətdir?
4. Şairin irsinin üstünlükləri barədə nə demək olar?
5. Şairin lirik şeirlərində obrazlığa, emosionallığa təsir edən amillər nədir? və s.
Müəllim dərs prosesində şagirdləri hər an fəallaşdırmağı diqqət mərkəzində saxlamışdır. O, bunun üçün beyin həmləsi (“əqli hücum”) təlim üsulundan məharətlə istifadə etdi. Bu da nəticədə şagirdlərdə formalaşmış (iti düşünmək, hazırcavablıq və.s) bacarıq və vərdişləri daha da möhkəmləndirdi. Onun dərsinin maraqlı, aktual görünən tərəflərindən biri də BİBÖ üsulundan səmərəli və yerində istifadə etməsi oldu. Müəllim qarşısına qoyduğu məqsədə nail olmaq üçün BİBÖ cədvəlindən istifadə edərək şagirdlərin iştirakı ilə əvvəlcə birinci, sonra ikinci, daha sonra üçüncü qrafanı doldurdu. Həmin doldurulmuş cədvəli müəllim aşağıdakı kimi əyaniləşdirmişdir:
Bundan sonra müəllim dərsin növbəti mərhələsinə-tədqiqatın aparılmasına keçdi. Şagirdləri qruplara böldü. Hər qrupa tapşırıq təqdim ediləcəyini bildirdi. Bununla bağlı şagirdlərə qısa təlimat da verdi. Sonra müəllim Q.Zakirin həyatı, yaradıcılığı haqqında X sinif ədəbiyyat dərsliyinə əsaslanaraq şagirdlərə aşağıdakı tədqiqat sualları təqdim etdi:
1-ci qrup: Zakirin həyatı, yaradıcılığı üçün səciyyəvi olan cəhətləri müəyyənləşdirin.
2-ci qrup: Şairin düşmənləri kimlər idi? O, nəyə görə həbsxana və sürgün həyatı yaşamışdır?
3-cü qrup: Zakir kimlərin vasitəsilə sürgündən azad olundu və onun sonrakı həyatı barəsində nə deyə bilərsiniz? Şair lirik əsərlərini hansı janrda yazmışdır? Bu janrda yazdığı əsərləri mövzu ilə ideya baxımdan neçə yerə bölmək olar?
4-cü qrup: Zakirin realizmin ədəbi cərəyan kimi təşəkkülündə və inkişafında xidmətlərini müəyyən edin. Şairin mənzum hekayələrini hansı mövzuda yazdığını və onları mövzusuna görə neçə yerə bölündüyünü tədqiq edin. Fikrinizi gətirdiyiniz nümunələrlə əsaslandırın.
5-ci qrup: Şairin təmsil janrında əsər yazmasının səbəblərini və bu təmsillərin ideya-bədii xüsusiyyətlərini araşdırın. Şairin əsərlərinin bədiiliyinə, emosionallığına müsbət təsir edən amillər hansılardır? Gətirdiyiniz nümunələr əsasında fikirlərinizi sübut edin.
Müəllim tədqiqatın aparılması üçün şagirdlərə ayırdığı vaxt bitdikdən sonra məlumat mübadiləsi mərhələsinə keçdi. O, hər qrup liderinə ayrı-ayrılıqda 2 dəqiqə vaxt ayırdı. Bu vaxt ərzində onlar tədqiqatın nəticələri ilə digər yoldaşlarını tanış etdilər. Hətta müəllim şərait yaratdı ki, şagirdlər lazım gələrsə təqdimatla bağlı qrup liderlərinə suallar da versinlər. Liderlərə suallar verildi. Sonra təqdimatlara ümumi qiymət verməklə yekunlaşdırıldı.
Zəncir halqaları kimi bir-biri ilə sıx bağlı olan fəal/ interaktiv təlimdə keçilən dərsin mərhələlərini müəllim yüksək səviyyədə əlaqələndirirdi. Bu da istər-istəməz dərsin daha maraqlı keçməsinə səbəb oldu. Müəllim növbəti mərhələyə keçid aldı. Bu məlumatın müzakirəsi və təşkili mərhələsidir. Burada müəllim təqdimatlarda əksini tapan məlumatların müzakirəsini həyata keçirməyi ön plana çəkdi. Qruplarla birlikdə ümumiləşmə həyata keçirdi. Artıq şagirdlər belə bir qənaətə gəldilər ki, Zakir acınacaqlı bir yol keçsə də xalqımız, millətimiz və ədəbiyyatımız üçün çox iş görmüşdür. O, yazdığı əsərləri ilə ədəbiyyatımızı bəzəyib zənginləşdirmişdir.
Beləliklə, müəllim dərsin sonrakı mərhələrində yəni nəticələrin çıxarılması, yaradıcı tətbiqetmə, refleksiya və ev tapşırıqlarının verilməsində yüksək peşəkarlıq, səriştəlilik nümayiş etdirərək dərsin nümunəvi keçməsinə nail oldu. O, şagirdlərə evdə araşdırmanı davam etdirmək üçün aşağıdakı tapşırıqları verdi.
1. X sinif ədəbiyyat dərsliyində ev işi kimi nəzərdə tutulan sualların cavablarını yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşsınlar.
2. İnternet vasitəsilə Zakirin dostları, düşmənləri, yaxın qohumları, hansı bəy nəslinə mənsub olması, onun uşaqlıq illəri Qarabağın qanlı-qadalı illərinə düşməsi, Ağa Məhəmməd Şah Qacarın Şuşaya hücum etməsi və Şuşanın bugünkü həyatı, haqsızlıqlarla bağlı onun kimlərə şikayət etməsi, ərizələrinə necə münasibət bildirilməsi, görkəmli şəxslərin şairin əsərlərinə verdikləri qiymət və satiralarında Qarabağ toponimlərinin toplanması haqqında araşdırmaların aparılması.
Beləliklə, əməkdar müəllim Zəhra İbrahimovanın “açıq dərs”i bir daha onu göstərdi ki, o, zəngin elmi-nəzəri, pedaqoji, psixoloji, metodiki biliklərə mükəmməl yiyələnmişdir. Elə müəllimin təlim prosesində qazandığı nailiyyətlər elə bununla bağlıdır. Məhz elə bu baxımdan hər bir müəllim öz metodiki biliklərini daim zənginləşdirməlidir.
Tarix: 30-04-2018, 11:48