GÜN, AY, FƏSİL ADLARI
Namaz MANAFOV,
Mingəçevir Dövlət Universitetinin dosenti,
filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan dili dialekt və şivələrinin lüğət tərkibi zəngin və rəngarəngdir. Dialekt leksikasında tarixi dövrlərin izləri saxlanılıb, xalqın həyatında, məişətində özünü göstərən dəyişikliklər əks olunub.
Şivələrimizdə işlənən ay, gün, fəsil adları çox qədimdir. Bu adların formalaşmasında xalqın müşahidələri əsas olmuş, xalq günlərə, aylara öz əlamətlərinə görə ad vermişdir. Doğrudur, islam dininin təsiri ilə onlardan bəzisi unudulub və Azərbaycan dialektolo-giyasının atası sayılan Məmmədağa Şirəliyevin qeyd etdiyi kimi, islamiyyətin təsiri ilə dilimizdə şaban (ərəb təqvimində səkkizinci ay), ramazan (doqquzuncu ay, orucluq ayı), məhərrəm (ərəb qəməri ilinin birinci ayı, matəm ayı) və başqa adlar işlənmişdir.
Buna baxmayaraq bəzi qədim sözlər əsrlərin süzgəcindən keçib, bu günümüzə gəlib çatmışdır.
Çillə. Şəki dialektində “qış” sözünün sinonimi kimi işlənir. Məsələn: -Dosducan
(yemiş növüdür) çilliyə kimə durur saxliyəndə (Şəki).
Əksər şivələrdə qışın birinci 40 gününə bö:x çillə, qışın ikinci ayının axırıncı 20 gününə kiçik çillə, yaxud bala çillə deyilir. Naxçıvan şivələrində çillə bayramı ifadəsi də var.
İki mənada işlədilir: Çillə bayramı - 1. böyük çillənin girdiyi günün (21 dekabr) qeyd oluması; 2. Kiçik çillənin yarılanmasının (təxminən 10-14 fevral arası) qeyd olunması.
- Çillə bayramında qavırma küpələri açılır, çillə qarpızı kəsilir, gəlinnərə nişannılara tabaxlar gedir (Naxçıvan).
Keçiqıran. Bu, martın sonu, aprelin əvvəlidir. Məsələn:- Keçıqıran vaxdı bərk xəstə-lənmişdim.
Azərbaycan dilinin qərb dialekt və şivələrində isə yazın ilk üç gününə keçiqıran, bəzən də comuşqiran (camışqiran) deyilir. Məs:- Qış qurtarır, so:ra boran olar, muna keçiqıran, ya da qarının borcu de:lər (Qazax); - Comuşqiran ayda qartof səpe:rix.
Naxçıvan və Culfa şivələrində keçiqiran sözü “soyuq” mənasında işlənir: -Yayın şaqqaması, qışın keçiqiranı Culfadadı (Culfa).
Boz ay. Fevral ayının 22-dən mart ayının 21-nə kimi olan vaxta “boz ay” deyilir.
-Boz ayı keçitsəx, dərdimiz olmaz (Babək); - Boz ayda xəsdəlix çox o:r (Naxçıvan).
Leysan ayı yaz fəslində olur.
Qorabişirən ay. Şivələrimizin çoxunda yayın orta ayı (22 iyuldan-21 avqusta qədər) “qorabişirən ay” adlanır (qora- xırdagilə üzüm). Babək, Culfa, Naxçıvan şivələrində “qorapişirən” iyul ayının sonu, üzüm yetişən vaxta deyilir: - Qorapişirən deyərix, həmi çox isdi olur, həm də üzüm yetişir isdidən (Babək).
Qazax dialektində yayın orta ayına vartavar da deyilir. Məsələn: Yayın vartavar ayında çox bərk bürkü olor (İkinci Şıxlı).
Quyruq doğan ay, quyruq donan ay. Şivələrimizin bəzisində avqustun ikinci yarısına belə deyilir. Məs.: -Axırıncı beçələr quyrux doğannan sonra çıxar (Şahbuz). Professor Bəşir Əhmədob qeyd edir ki, Quyruq Ulkər ulduzunun qədim adıdır. Həmin ulduz öz formasına görə quyruq kimi göründüyü üçün “quyruq ulduz” adlanmışdır. Avqust ayının 6-15 arasında “doğur”.
Bəzən “quyruq doğdu” ifadəsini “quyruq dondu” (yəni sindi, soyudu) kimi də yazırlar. İnandirici deyil.
Biz də professor Bəkir Əhmədovun fikirləri ilə razılaşırıq.
Küz/-güz. Payız sözünün sinonimi kimi işlənir. Məs.: - Taxılı səfdin-küzdə sula, guzdə sulamadın buzda sula (Zərbi-məsəl).
Dialekt və şivələrimizdə payıza xəzan ayları da deyirlər.
Gilas ayı - gilas yetişən aydır. Bu söz başqa türk dillərində və onların dialektlərində də işlənir. Məsələn, Axısqa türkləri iyun ayına kirəz (gilas) ayı deyirlər.
Şivələrimizdə avqust ayı biçin ayı, xırman ayı adlanır. Qaqauz dilində avqust ayı xarman (xırman) ayıdır.
M. Şirəliyev Bakı dialektinin Novxanı kənd şivəsində işlənən həftənin günlərinin adını belə göstərir:
I gün- süt günü
II gün - süt gününün dannası
III gün - dannasının dannası
IV gün - qatığlı aş bişən gün
V gün - küçük sütə düşən gün
VI gün - oba burdan köçən gün
VII gün - gənə gəldi süt günü
M. Şirəliyev Qazax dialektində maldarlıqla bağlı zaman anlayışı bildirən maraqlı sözlər geyd edir.
Peşqurd - biçindən sonra dağa getmək
Mal dama girən vaxtı - payızın son ayı
Mal yellənən vaxtı - səhər-səhər mal-qara ota daraşan vaxt
Mal örüşdən gələn vaxtı - axşam saat 6-7 radələri
Şəki dialektində də vaxt, zaman həddi bildirən çoxlu söz işlənir. Məsələn:
Vəzirtulux (Şəkinin Zunud kəndində) - səhərin açılma, işıqlanma vaxtı
İlkindi - günortadan sonra, axşama yaxın vaxt, günbatan vaxtı
Yengidə - (Şəkinin qışlaq kəndində) - gələn il
Gejdən - səhər tezdən
Həyin - indi
Öynə - (Bu söz Qərb dialekt və şivələrində də işlənir) - günorta vaxtı
Faraş - vaxtından əvvəl.
Biz Azərbaycan dili dialekt və şivələrində vaxt, zaman həddi bildirən bəzi sözlərdən, ay, gün, fəsil adlarından nümunələr gətirdik. Bu sözlərdə xalqımızın müşahidələri, dünyagörüşü, zəkası, müdrikliyi əks olunub.
Tarix: 2-04-2018, 10:54