Xarici dil dərslərində şagirdlərin söz ehtiyatlarınıın artırılmasında yeni təlim texnologiyalarının tətbiqinə dair bəzi məsələlər
Yavər Əhədov,
təqaüddə olan müəllim, filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramında təlim və tərbiyənin məzmununda bir sıra problemlərin olduğu qeyd edilir. Dərslik ilə proqramların tərtibində mövcud olan qüsurlar xarici dil fənləri üzrə şagirdlərin qavrama qabiliyyətlərinin nəzərə alınmaması, onların böyuk əksəriyyətinin tədris proqramlarının dövlət standartları tələbləri səviyyəsində mənimsənilməməsinə gətirib çıxarır.
Fikrimizi xarici dil dərslik və proqram nümunələri üzrə əsaslandırmağa çalışacağıq.
Məlumdur ki, dil fəaliyyətinin növləri olan reseptiv (oxuyub anlama, dinləyib anlama), produktiv (öz fikrini şifahi və yazılı şəkildə ifadə etmək), interaktiv (iki və daha çox fərd arasında reseptiv və produktiv fəaliyyətin qarşılıqlı mübadiləsi), mediasiya (tərcümələrlə mənimsəmə) bu dərslərdə mənimsədilməlidir, çünki bunlar proqram tələbidir. Hazırki bu göstərilən dil fəaliyyət növləri yazılı və şifahi nitqə mənsub olduğu üçün onların aşılanması üçün şagirdlərə zəngin tematikaya malik dil materiallarının təqdim olunması vacib şərtlərdəndir.
Məlumdur ki, çoxsaylı dil materialları ilə insanlar arasında ünsiyyət vasitəsi rolunu oynayan dilin lüğət tərkibidir. Söz isə dilin əsas leksik vahididir. Onlar haqqında biliklərin dərslik materiallarında olması və şagirdlər tərəfindən mənimsənilməsi vacibdir.
Təsadüfi deyildir ki, professor A.Şabanov sözün mənasının mənimsədilməsindən danışarkən qeyd edir ki, “söz nitqin əsas elementlərindən biridir. Dilin leksikasını mənimsətmək uyğun anlayışlar sistemini mənimsətmək deməkdir. Şagird sözü mənimsəməklə nitqin texniki materiallarını öyrənmiş olur. Şagirdin söz ehtiyatı nə qədər zəngindirsə, o qədər də nitqi aydın və ifadəli olar”.
Deməli, xarici dil tədris olunarkən ilk növbədə, lüğət minimumuna daxil olan ayrı-ayrı sözlərin lüğəti mənasının mənimsədilməsi tələb olunur və bu da son dərəcə zəruri bir mərhələdir. Bu baxımdan ümumtəhsil məktəblərinin Azərbaycan bölməsi üçün rus dili fənninə dair minimum sözlüklər lüğəti işlənmiş və sözlüyə daxil olan sözlərin təlimin müəyyən pillələri üzrə şagirdlər tərəfindən mənimsənilməsi nəzərdə tutulmuşdur. Lakin çox vaxt dərsliklərin tərtibində müvafiq təlim dövrlərində mənimsənilməsi nəzərdə tutulmuş sözlər dərsliklərdə öz əksini tapmır, dərslik müəllifləri tərəfindən dərslik üçün mətinlər tərtib edərkən sözlərin mənimsədilmə ardıcıllıqları nəzərə alınmır və dərsliklərə daxil edilmir. Çox vaxt eyni söz müxtəlif forma və kontekstlərdə 7 il ərzində (5-11-ci siniflərdə) dərsliklərin mətnləri üzrə lüğətlərində bir neçə dəfə təkrar olunduğu halda, işlənmə tezliyi yüksək və şagirdlərin aktiv lüğət ehtiyatına daxil olmalı olan kifayət qədər sözlər mənimsənilmək üçün dərsliklərə daxil edilməmişdir. Təbii ki, təkcə işlənmə tezliyi yüksək olan sözlərlə rabitəli mətn tərtib etmək çətindir. Hazırkı dərsliklərə daxil olan mətnlər hazır mənbələrdən götürülür və bu vaxt mətn üzrə lüğət işi aparılarkən işlənmə tezliyi yüksək olan sözlər arxa plana keçir. Bu çətinlikləri nəzərə alaraq təklif olunur ki, rabitəsiz mətnlər tərtib edilsin və bu kateqoriyadan olan sözlər cümlələrə daxil edilib mənimsədilsin. Nəticədə dil fəaliyyət növləri olan reseptiv və interaktiv məqsədlərə nail olunmuş olar.
Qeyd edilməlidir ki, proqram və dərsliklərin keyfiyyəti leksik materialların düzgün seçilməsindən çox asılıdır. Təsadüfi deyildir ki, məşhur rus dilçi metodisti J.V.Barannikov təlimin məzmununun təkmilləşdirilməsindən danışarkən xüsusi olaraq bu məsələyə toxunmuşdur: “...rus dilinə aid dərsliklərin və eləcə də, kompleks dərsliklərin keyfiyyəti onlarda leksik və qrammatik materialların düzgün seçilməsindən, dərslik mətnləri və nitq tapşırıqlarından asılıdır”.
Deməli, lüğət materiallarının düzgün seçilməsi əsas məsələlərdəndir. Çünki lüğət minimumu ikinci dilin məzmunu üçün elə bir zəruri komponentdir ki, o, əvvəla, dərsliyin özündəki materialları bir-biri ilə bağlayır, ikincisi isə təlimin məzmununu ifadə edən ayrı-ayrı komponentlərin vahid məqsəd ətrafında düzgün işlədilməsində əhəmiyyətli rol oynayır.
Fikrimizi konkretləşdirərək qeyd edirik ki, lüğət üzrə aparılan işin məzmununu sözün lüğəti mənası, tələffüzü və yazılışı söz birləşməsi, cümlə və mətn daxilində işlənilməsi ilə aparılan işləri əhatə edir. Xarici dilin təlimində lüğət üzrə işin elmi cəhətdən əsaslandırılmış müəyyən sistem üzrə aparılmasına nail olmaq üçün, ilk növbədə, hər mövzu üzrə mətnə aid lüğət minimumunu müəyyənləşdirmək vacib şərtdir. Lüğət minimumunun müəyyənləşdirilməsi işində olan qüsurlardan yuxarıda qeydlər edilmişdir.
Hazırkı dərsliklərdə lüğət minimunun verilməsi texnikası, təcrübəsi və metodikasından bir neçə qeydlər edək.
Məlumdur ki, rus dili dərslikləri üzrə şagirdlərin mənimsəmələri üçün nəzərdə tutulmuş yeni sözlər mətnlər üzrə lüğətdə verilir. Bu vaxt, sözlərin məzmunu əsasən, tərcümə vasitəsi ilə, bəzən söz birləşmələri, hətta bütöv bir ifadənin tərcüməsi vasitəsi ilə verilir. Belə bir leksikoqrafik metodun tətbiqi hazırkı mətnin şagirdlər tərəfindən yaxşı mənimsənilməsi ilə yanaşı, bizcə müəyyən çatışmazlıqlarla qarşılaşır. Belə ki, lüğət işi apararkən sözün qrammatik məna kəsb etməsi və onun qrammatik formasının dəyişməsi ilə sözün leksik-semantik mənasının dəyişmə mütənasibliyi nəzərə alınmamış qalır. Digər tərəfdən, sözün başlanğıc forması şagirdlərə orfoqrafik və orfoepik baxımdan aşılanmadan birbaşa onlar söz birləşməsi və bütöv bir ifadə şəklində tərcümə edilir. Nəticədə şagirdlər sözün başlanğıc forması və uyğun olaraq leksik-semantik mənasının dəyişməsindən məlumatsız olurlar.
Fikrimizi aşağıdakı kimi ümumiləşdirmək olar:
- Dərsliklərdəki mətnlər üzrə lüğət işi apararkən söz birləşmələri və yaxud bütöv bir ifadələrin tərcüməsi və qarşılıqları verilərkən onların hər bir komponentinin leksik, orfoqrafik və orfoepik parametrləri izah olunmalı, sonra isə qarşılıqları verilməlidir;
- Rus dili dərsliklərində qrammatik qaydalara sistemli yer verilmədiyi üçün sözlərin qrammatik məna daşıması nəzərə alınmalı, onun dəyişməsinə uyğun qarşılıqlar gətirilməlidir;
- Çoxmənalı sözlərin izahı təkcə kontekst çərçivəsində deyil, bütöv məna və məna çalarları ilə izah edilməli, söz haqqında müfəssəl məlumat verilməlidir;
- Mənimsədilməsi aktiv nəzərdə tutulmuş sözlərin ana dilinə tərcümə edilməsi ilə yanaşı, kontekstlərdə işlədilməli, antonim və sinonim sıraları ilə ifadə olunmalıdır;
- Sözlərin tərcüməsindən öncə onlar şəkillər, əşya və müvafiq hərəkətlər vasitəsilə göstərilməlidir.
Beləliklə, qeyd edilməlidir ki, dərsliklərdə şagirdlərin aktiv lüğət fonduna daxil olan sözlərin mənimsədilməsində qeyd edilmiş fikirləri nəzərə almaqla təlim prosesinin səmərəliliyini artırmaq olar. Nəticədə proqram tələbi olan dilin produktiv, interaktiv və mediasiya fəaliyyət növlərinin tətbiqinə nail olmaq olar. Əks halda, təlimin yeni texnologiyalarının tədris prosesinə tətbiqindən söz gedə bilməz.
Tarix: 2-04-2018, 10:49