Təhsilalanın nailiyyət qiymətləndirilməsinə hazırlanmasında vasitələrdən istifadə barədə
Nəbi Mahmudov,
Bakı şəhəri 83 nömrəli məktəb-liseyin direktoru,
riyaziyat üzrə fəlsəfə doktoru
2008-2009-cu tədris ilindən ümumtəhsil məktəblərinin yeni təhsil proqramları əsasında yazılmış yeni dərsliklərin tətbiq olunduğu siniflərdə təhsilalanın qiymətləndirilməsi üçün diaqnostik, formativ və summativ qiymətləndirmələrdən istifadə edilir. Aydındır ki, diaqnostik qiymətləndirmə təhsilalanın müvafiq təlim məqsədi ilə bağlı dərsin əvvəlində ilkin bilik, bacarıq və səriştəlilik, formativ qiymətləndirmə qeyri-formal qiymətləndirmə olub dərsin gedişində biliyin bacarığa çevrilməsi, kiçik (böyük) summativ qiymətləndirmə isə tədris vahidi üzrə reallaşdırılmış alt məzmun standartlarının mənimsənilmiş bilik, formalaşdırılmış bacarıq və səriştələrin (nailiyyət) səviyyəsini qiymətləndirir. Diaqnostik və formativ qiymətləndirmələr zamanı müəllim əldə etdiyi informasiya əsasında təlim məqsədini və strategiyasını seçir, dərsi təşkil edir, təhsilalanın gözlənilən təlim nəticələrinə nail olması üçün məqsədyönlü iş aparır, əks-əlaqə yaradır və fərdi yanaşmanı həyata keçirir, “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndə və “Məktəbli kitabçası”nda müvafiq qeydlər edir. Lakin bu qeydlər - qiymətləndirmələrin nəticələri, təhsilalanın nailiyyət səviyyəsinin müəyyən olunmasında (kiçik və ya böyük summativ qiymətləndirmənin, yarımillik və ya illik qiymətlərinin hesablanmasında) nəzərə alınmır.
Bəzi müəllim, valideyn və təhsili idarə edənləri belə sual düşündürür: təhsilalanın fəaliyyətinin sözlə qiymətləndirilməsinin əhəmiyyəti varmı və o nədən ibarətdir?
Müxtəlif vaxtlarda müəllim, valideyn və məktəbi idarəedənlər arasında aparılan monitorinqlərin təhlili ilə müəyyən edilmişdir ki, bir çox hallarda: (1) valideyn övladının gündəlik dərs fəaliyyətinin sözlə deyil, rəqəmlə qiymətləndirilməsini tələb edir, (2) öz üzərində işləməyən ətalətli müəllimlərin bir qismi valideynlərlə həmfikir olduqlarını bildirir və sözlə qiymətləndirmədən istifadə edilməsinin təhsilalanın dərslərə müntəzəm hazırlaşmamasına gətirib çıxardığını, həmçinin müəllimin dərsdə vaxt itkisinə səbəb olduğunu söyləyir, (3) təhsili idarəedənlər yarımillik və illik hesabatların hazırlanmasında çətinliklərlə qarşılaşdıqlarını qeyd edir, lakin (4) dünyanın inkişaf etmiş ölkələrinin təhsil sistemi ilə yaxından tanış olan, yenilikləri və uşaqların rəqabətə davamlı gələcək həyata hazırlanmasını anlayan müasir təfəkkürlü müəllim, valideyn və məktəb rəhbərləri isə bu tip qiymətləndirmənin aparılmasının əhəmiyyətini yüksək qiymətləndirir, onun təhsilalanda təhsilə pozitiv münasibətin formalaşdırdığını praktik olaraq təsdiq edirlər.
Həqiqətən də, ənənəvi gündəlik rəqəmlə qiymətləndirmədə müəyyən səbəbdən bir dəfə dərsə hazır gəlmədiyi və ya müəllimin əhvalından asılı olaraq “2” qiymət alıb, digər qiymətləri 5, 5, 5, 5 olan təhsilalanın yarımillik qiyməti (qiymətlərin ədədi ortası) “4” hesablanırdı. Bu isə onun real (faktik) nəticəsini düzgün əks etdirmədiyi üçün təhsilalanın (həmçinin valideyninin) haqlı narazılığına səbəb olurdu. Lakin yeni qiymətləndirmənin tətbiq olunması ilə əlaqədar olaraq təhsilalanın müəyyən səbəblərdən bir neçə dəfə dərslərdə fəallıq səviyyəsinin aşağı olmasına baxmayaraq, o, yarımil ərzində öz üzərində işlədiyi və yol verdiyi çatışmazlıqları aradan qaldırdığı halda, bu ədalətsizlik aradan qalxır və təhsilalan layiq olduğu (faktiki səviyyəsinə uyğun) qiyməti ala bilir. Başqa sözlə, təhsilalanın fəaliyyətinin (gündəlik) qiymətləndirilməsi onun nailiyyət qiymətləndirilməsinə hazırlığını həyata keçirir və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bu isə innovativ təlim metodlarından istifadə olunmasını tələb edir.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında deyilir: “... innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir”.
Bu gün məktəbin vəzifəsinin düzgün anlaşılması yeni-müasir qiymətləndirmə sisteminin tətbiq edilməsini, bu isə müasir qiymətləndirmə üsullarından istifadə olunmasını zəruri edir. Biz aşağıda ümumtəhsil məktəbində təhsilalanın nailiyyət qiymətləndirilməsinə hazırlanması baxımından onun gündəlik fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi üçün müəllimə kömək məqsədi ilə ən çox istifadə edilməsi nəzərdə tutulan bir neçə müasir qiymətləndirmə üsuluna və müvafiq vasitəsinə aid nümunə veririk:
Mini-esse - dərsdə təhsilalanın təlim nəticələri ilə bağlı əldə etdiyi bilik və bacarıqların səviyyəsi haqqında informasiya əldə etmək üçün istifadə edilir. Müəllim ilkin vaxtlarda mini-essenin yazılışı zamanı öyrənilən mövzu ilə bağlı təhsilalanları istiqamətləndirə (yönəldə) bilər. Təlim nəticələrinə uyğun qiymətləndirmə aspektlərinin təyin edilməsindən, qiymətləndirmənin aparılmasından və təlim strategiyalarının seçilməsindən asılı olaraq, mini-essedən dərsin gedişində (ən azı 2 dəfə) və dərsin sonunda istifadə olunur:
§ dərsin gedişində mini-essedən istifadə olunması dərsin bir-birini tamamlayan bir neçə mərhələyə, başqa sözlə, təlim məqsədinin müvafiq tərkib hissələrinə (TM = TM.1 + TM.2 + ...) ayrılmasını tələb edir. TM-in hər bir tərkib hissəsinə aid mərhələdə aparılan mini-esse ilə təhsilalanın həmin mərhələyə uyğun fəaliyyəti qiymətləndirilir, bacarıq səviyyəsi müəyyən olunur. Eyni zamanda şagirdin aspektlər üzrə bacarıq səviyyəsi barədə məlumatlar əldə etmək olar.
Müəllim dərsin gedişində - mərhələlərində aparılan mini-esse zamanı öyrənilən mövzu ilə bağlı şagirdlərə aşağıdakı yönəldici suallarla müraciət edə bilər:
§ sən bu gün dərsdə (ən mühüm olan) nə öyrəndin?
§ hansı məsələ yaddaşında qaldı?
§ hansı suallar (məsələlər) səninçün daha çətin oldu?
§ hansı məsələ başa düşülməyən şəkildə qaldı?
§ daha nəyə (nələrə) diqqət yetirilməsini çox vacib hesab edirsən?
§ dərsin sonunda - aparılan mini-essenin nəticələrindən təhsilalanın sonrakı dərs(lər)də nə edəcəyi barədə məlumatlandırılması üçün istifadə olunur.
Dərsin sonunda aparılan mini-essedə isə müəllim şagirdlərə aşağıdakı məzmunlu istiqamətləndirici suallarla müraciət edə bilər:
§ bu dərsdə səninçün ən çətin (anlaşılmayan) nə oldu?
§ hansı tip tapşırıqları həll etməkdə çətinlik çəkirsən?
§ sən özün necə fikirləşirsən və nə üçün?
Müəllim hər iki halda aralıq nəticələri qiymətləndirmək üçün yığcam testlər hazırlayır və tapşırıqları rəqəmlə deyil, sözlə qiymətləndirir (qiymətləndirmə dərəcələrinin şagirdlərlə bildirilməsi və onların bu 3-5 dəqiqə ərzində yerinə yetirilən tapşırıqların qiymətləndirilməsinə cəlb edilməsi məqsədəuyğun hesab olunur), təhsilalanlarla yazılı əks-əlaqə yaradır. Bu zaman müəllim şagirdlərin qiymətləndirməyə marağını cəlb etmək üçün müxtəlif rəngli qələmlərdən istifadə edə bilər. Aparılan monitorinqlər göstərir ki, bu gün müəllimlərin əksər hissəsi görülən işi (yerinə yetirilən tapşırığı) qiymətləndirərkən onun keyfiyyəti barədə düşünür və gözlənilən nəticənin alınması üçün ancaq çatışmazlıqları qeyd edirlər. Biz müəllimləri bu praktikadan uzaqlaşmağa dəvət edir və yeri gəldikcə, şagirdin əldə etdiyi nailiyyətləri də heç bir mübaliğəyə yer vermədən qeyd etməyi lazım bilirik. Tapşırıqların yerinə yetirilməsi ilə bağlı müəllimin təhlillər və müvafiq ümumiləşdirmələr aparması ona təlim strategiyasını düzgün müəyyən etməyə və nəticələri daha da yaxşılaşdırmaq üçün qarşılıqlı münasibətlərdə və dərs (təlim) prosesində düzəlişlər aparmağa kömək edir.
Mini-test - şagirdlərin dərsdə reallaşdırılan alt məzmun standartına uyğun məzmunun müəyyən hissəsinə aid bilik, bacarıq və səriştələrinin faktik səviyyəsini müəyyən etmək - qiymətləndirmək üçün istifadə olunur. Belə (açıq və ya qapalı tipli) tapşırıqların yerinə yetirilməsinə dərsin 5 dəqiqəyə yaxın hissəsi (vaxt) ayrılır və ən çoxu 4 tapşırıqdan istifadə edilir. Şagirdlər tapşırıqları dəftərlərində yerinə yetirir və aldıqları müvafiq cavabları müəllimin onlara verdiyi cavab vərəqlərində qeyd edirlər. Müəllim 3-5 dəqiqədən sonra onların cavab vərəqlərini toplayır, cavabları nəzərdən keçirir, bu zaman az sayda şagird tərəfindən düzgün cavablandırılan (həll edilən) sual və ya tapşırığı onlarla müzakirə edir, həllin tam anlaşılmasına nail olur.
Aşağıda məzmun standartına uyğun təlim məqsədi əsasında mini-testin hazırlanması üçün nümunə təklif edilir:
Göründüyü kimi, müəllim alt məzmun standartının bir hissəsinin mənimsənilmə, biliyin bacarığa çevrilmə, istifadəetmə səviyyəsini yoxlamaq üçün şagirdlərə tapşırıqlar təklif edir. Müəllim şagirdlərin 1.3.2 məzmun standartının 1.3.2.TM.2 “- şagird 100 dairəsində ədədləri yazılı çıxmağı nümayiş etdirir” təlim məqsədi üzrə bacarıq səviyyəsini müəyyən etmək üçün anoloji mini-testlər hazırlayıb onlardan istifadə edə bilər.
Formativ test - dərsin gedişində təhsilalanların bacarıq səviyyəsinin müəyyən edilməsi üçün istifadə edilir. Müəllim formativ test aparmaq üçün sinif şagirdlərini 4-5 nəfərlik kiçik qruplara ayırır. Hər bir qrup üzvünə (1) tapşırıqlar yazılmış vərəq və (2) cavabları qeydetmə vərəqi verilir. Şagirdlər əvvəlcə test tapşırıqlarını daxil olduqları qruplarda müzakirə edir, sonra isə onları öz vərəqlərində yerinə yetirir və cavablar vərəqində müvafiq qeydlər edirlər. Bu zaman onlara qrup üzvlərinin cavabı ilə razılaşmadığı hallarda doğru hesab etdiyi cavabı özünün cavab vərəqində qeyd etmək hüququnun olduğu bildirilir. Müəllim tapşırıqları yazılı şəkildə, sözlə qiymətləndirir və hər bir şagirdin bacarıq səviyyəsini müəyyən edir (test tapşırıqlarının qiymətləndirilməsi hər bir şagird (özünüqiymətləndirmə), qrupun müəllim tərəfindən seçilmiş məsləhətçisi tərəfindən və ya şagirdlərin vərəqlərinin yoldaşları ilə dəyişdirilməsi və (yoldaşı tərəfindən, qarşılıqlı) qiymətləndirilməsi şəklində də həyata keçirilə bilər). Hər hansı tapşırıqla bağlı cavabın müzakirəsi zamanı qrup üzvlərindən cavablarının eyni olması tələb edilmir. Bu zaman tapşırığın müxtəlif cavablarının qiymətləndirməsindən daha çox onun həlli proseduruna diqqət yetirilməsi və nəticələrinin müzakirə olunması zəruri hesab edilir.
Aşağıda təhsilalanın məzmun standartına uyğun təlim məqsədi üzrə bacarıq səviyyəsinin müəyyən edilməsi üçün formativ test nümunəsi verilir:
Qruplara təklif olunan tapşırıqlardan görünür ki, onlar təhsilalanın alt məzmun standartı üzrə əldə etməli olduğu bilik, bacarıq və səriştələrin səviyyəsini qiymətləndirməyə imkan verir. Tapşırıqların müvafiq bacarığı ölçməsinin nəzərə alınmaqla (tələblər gözlənilməklə) hazırlanması müəllimin əsas vəzifələrindən hesab edilir.
Müəllim tapşırıqların yoxlanması prosesində bir neçə üsuldan istifadə edə bilər. Məsələn, müəllim: (1) cavabları ekranda göstərir, şagirdlər nəticələrini müqayisə edir və müəllim müvafiq şərh verir, (2) tapşırıqların klaster üsulu ilə yoxlanmasını təşkil edir və nəticələrin dinlənilməsini həyata keçirir, nəticələrlə bağlı yekun izah verir, (3) əsasən diqqəti səhv cavablara uyğun işlərin nəzərdən keçirilməsinə yönəldir, şagirdlərin çatışmazlıqlarının aradan qaldırılması ilə əlaqədar onların müəyyən fəaliyyətlərini təşkil edir. Bu həyata keçirilənlər isə şagirdlərin daha yüksək nəticələrə nailolma imkanlarının gerçəkləşdirilməsini təmin edir.
Yuxarıda alt məzmun standartının qiymətləndirilməsi üçün təklif olunan mini-test və formativ test nümunələri müəllimə onların fərqini və oxşar tərəflərini anlamağa imkan verir.
Beləliklə, dərsin gedişində müasir qiymətləndirmə vasitələrindən istifadə etməklə şagirdin fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi prosesində onun nəyi hansı səviyyədə bildiyi, tətbiqetmə bacarığı, biliyinin bacarığa çevrilməsi səviyyəsi müəyyən olunur və rastlaşdıqları çətinliklərin aradan qaldırılması ilə bağlı onlara lazımi köməklik göstərilir, nəticə etibarı ilə onlar təlim nəticələri baxımından tədris vahidləri və ya yarımillər üzrə nailiyyət qiymətləndirilmələrinə kiçik və ya böyük summativ qiymətləndirmələrə hazırlanırlar. Bu isə təhsilalanların keyfiyyətli təhsil almaları üçün zəmin yaradır və məktəb təlim məqsədlərinə qarşıya qoyulmuş hədəflərə nail olur.
Tarix: 2-04-2018, 10:44