Türk dünyasının 1865-ci il tarixli üçdilli atalar sözü lüğəti
Bir neçə ildir ki, bu kitabın cazibəsindəyəm. Bu cazibədar kitab 1865-ci ildə Şərqə böyük marağı olan Vyanada (Wien) nəşr edilib. Yəqin ki, babalarımızın masaüstü kitabı olub. Əsərin dili, adından göründüyü kimi, Osmanlı türkcəsindədir. Kitabın ayrıca səhifələnən vərəqlərində türk dilində müqəddimə verilmişdir.
Kitabda diqqətimi cəlb edən buradakı atalar sözləri oldu. 180 səhifəlik kitabın 156 səhifəsi atalar sözləridir. Əslində bu kitabın bu hissəsi üçdilli atalar sözü lüğətidir. Kitabın oxucuya baxan tərəfinin birinci sütununda atalar sözü türk dilində ərəb əlifbası ilə yazılmışdır. Onun sağındakı sütunda türkdilli atalar sözü latın qrafikası ilə verilmişdir. Sağdakı vərəqin birinci sütununda atalar sözünün alman, onun sağında isə fransız dilinə tərcüməsi verilmişdir. Beləliklə, bir qoşa səhifədə yerləşdirilən atalar sözlərinin üçdilli lüğəti oxuculara təqdim olunmuşdur. Kitabın 20 səhifəsində ikidilli tərcümə lüğəti yerləşdirilmişdir.
Kitabdakı atalar sözlərinin çoxunu XIX əsrin 70-ci və 90-cı illərində dünyaya gələn babam Rəsuldan, nənəm Güləndamdan dəfələrlə eşitmişəm.
Yeri gəlmişkən onu da deyim ki, mən həmişə XIX əsrin görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin şagirdi olan babam Rəsul kişi ilə fəxr etdiyimi söyləyirəm. Rəsul babam mənə sözün altını da öyrədirdi, üstünü də. Mənim nüktələrimin, eləcə də bəzi söz oyunlarımın çoxunun müəllifi babam Rəsul kişidir.
Dili öyrətmək üçün insanlara doğru yol göstərmək lazımdır. Səhv danışanın səhvini ona anlatmaq gərəkdir. Lakin bu iş səbrlə, təmkinlə görülməlidir.
Öyrətmə prosesində lağ, məsxərə olmalı deyil.
Ata və babalarımız sözü bizlərə elə deyib ki, nə şiş yanıb, nə də kabab. Ata və babalarımız insanlara doğru söz söyləməyin vacibliyini başa sala bilib. Ata və babalarımızın sözlərinə söz calamaq olmur. Ata və baba sözlərimiz calaqsız sözlərimizdir.
***
Kitabdan bir neçə deyimləri oxuculara təqdim edirəm.
Avropanı dolaşan ata sözləri-Zurubi-emsali-osmaniyeler
WIen-1865
Ədəbli ədəbsizdən ədəb öyrənər.
Adam iqrarından, heyvan yollarından.
Adam yanılmaq ilə mərifətli olur.
Ər olan əkməyin taşdan çıxarar.
Dilini zəbt edən başını qurtarar.
Dəli odur ki, bir düşdüyü çuxura bir daha düşər.
Dəli odur ki,kəndi söylər, kəndi eşidər.
Dəli dəlini sevər, danişmənd (ağıllı-N.N.) danişməndi sevər.
Döymə qapıyı, döyərlər qapını.
Dəyirman dönər, amma suyu nərədən.
Dənizdə balıq nəzər olmaz.
Dikəndən (tikandan-N.N.) gül bitər,
güldən dikan.
Dil adamı bican edər.
Dil qılıncdan çox öldürər.
Dil- kəmigi yoxdur, amma kəmigi qırar.
Dəlinin yürəgi ağzındadır, ağıllının dili
yürəgindədir.
Dost min isə addır, düşmən bir isə çoxdur.
Dosta çox varan aşki surət görər.
Dostluya toqun keç, füqəraya saqın keç.
Dişinin ağrıdığı yerə dil toxunur.
Ruzigara tökülən yüzünə tökülür.
Zəhmətsiz bal yeyilməz.
Rahat istəyən adam saqır, kor, dilsiz olmalı.
Zaman ilə və saman ilə müşmişələr irişürlər.
Zəman səman (var-dövlət-N.N.) satar.
Zəmana uymaq gərək.
Zənginə mal verən dənizə su gətirər.
Sərt sirkə kəndi qabına zərər edər.
Sərçədən qorhan darı əkməz.
Sərşədə ötmək (oxumaq,cəh-cəh vurmaq-N.N.) yox, nərəsi çox.
Tez gedən tez yorulur.
Quru yananda yaş da yanır.
El ayıbın söyləyən sənin ayıbını da söylər.
Nazim Nəsrəddinov,
Əməkdar müəllim, türkoloq
Tarix: 5-03-2018, 13:30