ALİ MƏKTƏB DƏRSLİKLƏRİ NECƏ OLMALIDIR?
Fikrət Əlizadə,
Bakı Dövlət Universitetinin
Azərbaycan dilçiliyi kafedrasının dosenti
“Təhsil nəzəriyyə və praktikasının zirvəsi olan ali məktəb dərslikləri necə olmalıdır?” sualına cavab arayarkən bir sıra düşündürücü sual və cavablar meydana çıxır.
Dövrün tələbi dedikdə, hər sahədə olduğu kimi, təhsil sistemində də dəyişikliklər nəzərə alınır. Əlbəttə, bu ən ibtidai (hətta bağça) səviyyədən tutmuş aliyə qədər özünü göstərərək hiss etdirir.
Yaşadığımız fantastik XXI əsr bütün dövrlərin ən möhtəşəm “ideya = praktika” zəmanəsidir. Belə ki, keçmiş əsrlərdə zərrə-zərrə toplanan bilik - təcrübə hazırda əsasən Lütfi Zadə zəkasından bəhrələnərək durmadan, həm də sürətlə həyata keçirilir. Hətta 0,5 - 1 il əvvəl istifadə olunan istər texnika, istərsə də məişətlə bağlı olanlar köhnədən-köhnəyə çevrilir. Kompüter əsrinə qədər elə ideyalar var idi ki, 50-100 il (bəzən 1000-2000 il) qüvvədən düşmürdü. Bax elə bu, həyati tələbatın nə dərəcədə yüksək olduğunu açıq-aydın göstərir.
Hər bir fənnin nəzəri və təcrübi sınağında “bilik toplusu = elm” vahid prinsipi və onu tədris edən müəllimin zəmanə ilə ayaqlaşan metodu olmalıdır. Əgər “bilik - təcrübə - metod (və ya fantaziya)” üçbucağından istifadə edilsə, istənilən nəticə əldə olunar.
Təəssüf ki, artıq dövrünü çoxdan yaşamış və mənən hədsiz köhnəlmiş dərsliklər yeni dövr üçün örnək olaraq qalır və yeni nəşrlərdə heç bir elmi – metodik dəyişiklik edilmədən müəllim - tələbələrin ixtiyarına buraxılır. Burada hansı yenilikdən, irəliləyişdən danışmaq olar? Köhnə kitablar çox dəyərli, lakin ideya və metodikasına görə zamanla ayaqlaşa bilmədikdə ya müəllif fikirlərinə çıxarış hissədə əlavələr – yeni tədqiqatçıların elmi baxışları, əsərlərinin adları verilməli, ya da həmin mövzuları əhatə edən yazılar kitaba əlavə edilməlidir.
Hər bir Azərbaycan dili dərsliyinin əvvəlində dilçilik tariximiz haqqında qısaca məlumat verilməli, ümumi dilçilik çevrəsində Azərbaycan dilçiliyinin yeni nailiyyətləri, tutduğu yer, mövqe və yenilikləri göstərilməlidir.
Sözsüz ki, dərslik qeyd dəftərçəsi olub, tez-tez dəyişən, oncəkinə tam əks gedən fikir nəzəriyyələrinə qərq olmamalıdır. Belədə elmdə nə inkişaf, nə də fayda ola bilər, dolaşıqlıqdan başqa bir şey əldə edilməz!
Orta məktəbdən ali məktəbə qədəm qoyanlar hazırlaşarkən abituriyentlər üçün yazılmış kitab, testlərə baxıb öyrənir və bəzən uyğunsuzluqlarla üzləşirlər. Buna bütün dilçilik kitablarımızda rast gəlmək olar.
Fonetikaya gəlincə, bu dilçilik sahəsində orta-ali məktəb təhsili ilə bağlı qəribə uyarsızlıqlar üzə çıxır. Ə.Dəmirçizadənin “Müasir Azərbaycan dili (Fonetika)” dərsliyi ilə abituriyentlər üçün yazılmış dərs vəsaitlərindəki fərqlər tələbələri bir qədər çaşdırır. Məsələn, orta məktəbdə, hazırlıq kurslarında öyrədilir ki, “müavin” sözündə “üa”, “səadət”də isə “əa” saitlərinin tələffüzü zamanı “ü” və “ə” səsləri itir, nəticədə “a” saiti uzanır. Ali məktəbdə isə bildirilir ki, həmin tərkiblərdə “ü” və “ə” qısa tələffüz edilir və “a” uzanır. Belədə 2 il başqa yöndə hazırlaşmış tələbədə müəllimin dediklərinə bir qədər şübhə yaranır, fikir haçalanması baş verir.
Abituriyentlər orfoqrafiya-orfoepiya normalarında da dolaşıqlıqlarla rastlaşırlar. Məsələn, hazırlıq kurslarında göstərilir ki, “müəllim” sözündə 7 hərf, 6 səs vardır. Məgər biz [mə:llim] deyirik. Axı burada bir “l” samiti ixtisar olunmaqla cəmi 5 səs qalır və bu sözü [mə:lim] deyə tələffüz edirik.Ali məktəbdə isə 7 hərf və 7 səsin olduğu nəzərə çatdırılır.
Azərbaycanlıların psixologiyası Anadolu türklərininki kimi həm qoşa saitlərin, həm də qoşa samitlərin tələffüzünü qəbul etmir. Hətta türklərdə bu, sırf orfoqrafiya səviyyəsində də özünü göstərir. (Bizdə “şose”, “kaset”, ”masaj” tipli sözlərdə olduğu kimi). Nəzərə alınmalıdır ki, “təəccüb”, “təəssüf” sözlərində 7 hərf olsa da, 5 səs var. Göründüyü kimi, 2 sait 1 uzun və 2 samit 1 samit səs kimi qaldığına görə tə:cüp, tə:süf şəklində tələffüz olunur. “Təəccüb” tipli sözlərə gəlincə, kitablarda onlar həm yarımçıq səslənişlə, yəni “b”ni karlaşdırmamaqla, həm də iki “c”ni qorumaqla verilir. Əgər transkripsiyadan söhbət gedirsə, o, söz səslənişini tam əks etdirməlidir.
Maraqlıdır ki, istər orta, istərsə də ali məktəb dərsliklərində sözdə “tt” varsa, orada qoşa samitlərə xas fonetik hadisə kimi 1-ci səs kar, 2-cisi isə onun cingiltili qarşılığı olmalıdır. Yəni “əlbəttə” [əlbətdə], “hətta [hətda] kimi deyilməlidir. Nədənsə “tt”nin cingiltili qarşılığı olan “dd”yə gəldikdə buna qısqanc mövqedən yanaşılır və burada həmin hadisənin baş vermədiyi bildirilir. Halbuki “yeddi, addım” sözlərini biz [yetdi], [atdım] deyə tələffüz edirik. Nümünə üçün “Addım-addım addım atdım” cümləsinin tələffüzünə – [atdım-atdım atdım atdım] diqqət yetirsək, bütün sözlərin eyni cür səsləndiyinin şahidi oluruq. Yaxud 10 ballı qiymət sistemi ilə desək, “Tələbəyə yeddi yetdi” cümləsində də “yeddi” və “yetdi” eyni cür – [yetdi] tələffüz olunur. Buna oxşar başqa bir nümunə də maraqlı görünür:
“pp”də yuxarıdakı fonetik hadisə (məs.: hoppan [hopban], guppuldamaq [gupbuldamax]) həmişə işləyir. Göründüyü kimi, belə tip sözlərdə “pp” “ pb” kimi oxunur. “Bb”də isə nadir halda “pb” səslənişinə rast gəlirik. Məsələn, Cabbar - [capbar], qübbə - [qüpbə] oxunduğu halda, Abbas, dabbağ, abbat sözlərində bu baş vermir.
Sözsüz ki, nə barədəsə müstəsna halları göstərməklə qəti fikir deyildikdə bu daha düzgün olur. Məsələn, “vv, ff, zz eynicinsli qoşa samitlərdə heç vaxt (!?) səsdüşümü baş vermir” fikri nə dərəcədə həqiqətə uyğundur? Axı bəzən buna “əvvəl-axır – [əvəl-axır], tələffüz – [tələfüs], ləzzət – [ləzət]” sözlərində rast gəlirik.
Heca bəhsində yaxşı olardı ki, “r”, ”l” sonorlarının iştirak etdiyi alınma avropamənşəli sözlərin deyiliş bölgüsü xüsusi şəkildə nəzərə çatdırılsın. Belə ki biz kadr, dekabr, ansambl dedikdə onları əslində təkcə saitə görə deyil, bir sıra Avropa (ingilis, italyan, fransız) dillərindəki kimi orijinala uyğun – sonorların hecayaratma özəlliyinə əsasən hecalayırıq:
[ka-dr = ka-dır], [de-ka-br = de-ka-bır], [an-sam-bl = an-sam-bıl].
Belədə “r”, “l”dən qabaq dayanan samitlərin arasına “ı” səsinin artırılması hesabına sonorların rolunun zəiflədiyi və başqa yolla orijinaldakı kimi tələffüzün yarandığını nəzərə çatdırmaq maraq kəsb edərdi.
Apostrofsuz yazımıza əsasən yaxın keçmişdə apostroflu olan sözlərin hazırda hecalara bölünməsi, sətirdən-sətrə keçməsinin vahid, yenicəsinə izahı edilməlidir.
Leksikada paronimlə yanaşı enantiosemiya, evfemizmlə kakofemizm, söz yaradıcılığında isə sinxrondan başqa qismən diaxron-etimoloji yanaşma da ali məktəb dərsliklərində özünə yer tapmalıdır.
Frazeologiyada omonimik antonimlərə də diqqət verilməlidir. Məs.: Xəstə cana gəlmişdi. Burada “cana gəlmək” üzdən omonim olsa da, daxilən – həyata gəlmək (canlanmaq, özünə gəlmək) – həyatdan bezmək (yorulmaq) rakursunda antonimliyi ilə fərqlənir.
Morfologiya bəhsində bir sıra məsələlərə aydınlıq gətirilməlidir:
1. Xüsusi isimlər haqqında danışılarkən onomastika haqqında bir qədər geniş məlumat verilməlidir.
2. Ədəbi dilə qətiyyən dəxli olmayan dialekt ünsürü olan - ımtraq şəkilçisinin köməyi ilə sifətin azaltma dərəcəsinin yaranması düzgün hesab oluna bilməz. Bu şəkilçinin yeri tarixi morfologiya, dialektologiya dərsliklərində olmalıdır.
3. Sifət-zərf məsələsinə gəldikdə, xüsusən sadə sifətlərdən olan “gözəl” kimi sözü bir sıra alimlər ancaq sifət şəklində tanıyırlar. Biz bilirik ki, mövzu predmeti qarşısında duran sifət əlamət və keyfiyyətdən başqa heç nə bildirmir. Aydındır ki, belə söz fel qarşısında ( “gözəl danışır” tipində) tərz bildirir. Belə halda necə ola bilər ki, biz onu sifət kimi tanıyaq. Yaxud “səhər” zaman anlayışlı isim fel qarşısında zaman zərfi, qoca (adam) sifəti obyektini itirəndə isim olur. Bu qəbildən insanın əlamət və keyfiyyətlərini bildirən sifətlərin bir qismi ( əlaçı, alim, həkim, bəstəkar...) morfologiyada isimdir, çünki doğrudan da, onlardan sonra “adam” sözü işlətməyə ehtiyac yoxdur. Belə isə nə üçün biz həmin sözləri orijinalda olduğu kimi sifət deyə göstərmirik? Sözlərin cümlədə başqa sözə görə funksional dəyişməsini qəbul ediriksə, “gözəl” kimi sözlərin ad qarşısında sifət, fel qarşısında isə zərf olmasını da tanımalıyıq.
4.Azərbaycan dilində az rast gəlinən konversiyaya da yer ayrılmalıdır.
5.“Öz” əvəzliyinə münasibət də qarışıqdır. O gah təyin əvəzliklərinin içində, gah da ayrıca olaraq qayıdış əvəzliyi kimi göstərilir.
6. Sözlərin tərkibini kök və şəkilçiyə ayıranda bəzi sözlərdə -laq ilə -la+q, -laş ilə -la+ş şəkilçilərinə fərq qoyulmur, həm orta, ali məktəb dərsliklərində, həm də hazırlıq kurslarının dərs vəsaitlərində bunlar qarışıq salınır. Məsələn :“ot+laq”, “çay+laq” sözlərindəki derivasiya eyni cür götürülür. Halbuki əslində otlaq = ot + la +q, çaylaq = çaq+laq, yəni fərqli yolla düzəltmə sözlər yaranır. Başqa bir nümunədə də – qarşı+la+ş” və “bir+ləş” sözlərində də həmin hal özünü büruzə verir. Eləcə də “göl-məçə, bil-mə-cə, tap-ma-ca” sözlərindəki şəkilçilər fərqlidir.
Təbii ki, iltisaqi Azərbaycan dilində söz kökünə şəkilçi artıranda məna ona uyğun gəlməlidir. Bəzi sözlərin quruluşuna (məs.:“gecə = gec-ə, odun = od-un, şirni – şirin-i, ayrı = ayır-ı, ağrı = ağır-ı, əyri = əy-ri” tipli) yenidən baxmaq olmazmı?
7. Ali məktəb dərslikləri içində ancaq M.Hüseynzadənin “Müasir Azərbaycan dili (Morfologiya)” kitabında 12-ci nitq hissəsi – yamsılamalar haqqında danışılır. Başqa kitablarda, orta məktəb dərsliklərində 11 nitq hissəsi verilir və nidanı gah köməkçi, gah da xüsusi nitq hissələrinə aid edirlər. Bu nə dərəcədə düzdür?
Ümumiyyətlə yamsılamalara gəldikdə, onlardan isim yaradanda -ıltı4, fel yaradanda isə -ılda4 şəkilçilərindən istifadə olunması ilə yanaşı, digər bir yolla – -la2 ilə də (u-la, mə-lə) yamsılamadan fel düzələ bilər.
8. İcbar növə aid çox içlənən -dır4 , -t şəkilçilərindən savayı, bütün az işlənən şəkilçilər -ıt4, -ız4, -qız4, -dar2 (hürküt, qalxız, durquz, döndər) öz hüququnu tapmalıdır.
9. Felin növ şəkilçiləri konkret olaraq vahid prinsipə əsasən leksik və ya qrammatik şəkilçilər kimi təqdim olunmalıdır. Orta məktəblər üçün hər dəfə “yeniləşdirilən” dərsliklərdə, həmşinin “Araz” və ya “Hədəf” hazırlıq kurslarının kitablarında bu şəkilçilər gah qrammatik, gah da leksik verildiyi halda, (hazırda /hələ ki/ orta məktəbdə bunlar qrammatik şəkilçilərdir) universitetdə tələbələr onları M.Hüseynzadənin “Müasir Azərbaycan dili (Morfologiya)” /2007/ kitabına əsaslansalar, leksik şəkilçilər, Y.Seyidovun “Azərbaycan dilinin qrammatikası (Morfologiya)” /2000/ kitabında isə qrammatik şəkilçilər qismində öyrənirlər.
10. Məntiqi yanaşmada -ış4 şəkilçisi vasitəsilə ad yaradanda o, leksik, amma felin qarşılıq-birgəlik növündə qrammatik olur. Niyə? Həm ad, həm də felin eyni tip şəkilçidən bəhrələnmə halı ola bilər və bu, nəticə etibarı ilə eyni semantik funksiyalı və eyni təyinatlı olmalıdır. Məsələn: vur-uş-maq = vur-uş .
Dosent İ.Əhmədzadəyə görə eyni xüsusiyyətli qrammatik şəkilçilər ardıcıl olaraq bir-birini izləyə bilmədiyi halda, leksik şəkilçilərdə belə hal mümkündür. Buna misal üçqat icbar formasında olan “yaz-dır-t-dır” sözünü nümunə gətirmək olar.
11. Morfologiyada ritmik sözlər,uşaq sözləri vokativlər, predikativlər barədə də bir qədər ətraflı bilgi verilməsi məqsədəuyğundur.
Ümumilikdə aktiv, yeni dilçilik terminlərinin kitab sonunda izahı verilməlidir.
Bəziləri ali məktəb dərslikləri dilinin aydın olmadığından izahlarının ağırlığından şikayətlənirlər. Digər hallarda isə tələbələr ali məktəb materialının onlara son dərəcə tanış olduğunu bildirirlər.
Artıq demək olar ki, orta məktəb üçün yazılanlar testləri ilə qarışıq ali məktəb dərsliklərinin qarşısında akademizminə görə fərqlənir. Bu cəhətdən ali məktəb dərslikləri xeyli seçilməlidir. Amma təəssüflər olsun ki, orta-ali səviyyə arasında kardinal fərq o qədər də hiss olunmur.
Hər şeydə nizam yüksəlişə, inkişafa gətirib-çıxarır və bundan bəhrələnilir. Əks-təqdirdə savadsızlıq, qaydasızlıq üz tutub-gedər. Belədə isə ən mötəbər yerlərdən, məsələn, radio-televiziyadan, mətbuatdan xalqa savadsız ifadələr yağar. Savadsız isə düşməndən də təhlükəlidir!!! Bu olmasın deyə, istər orta, istərsə ali məktəb müəllimlərinin üzərinə nə boyda məsuliyyət düşdüyünü anlamaq olar. Müəlliminsə elmi istiqaməti dərsliklərə bağlıdır. Belə halda dərsliklər müasir və elmi sabitliyinə görə nümunə olmalıdır!
Tarix: 5-03-2018, 12:53