Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Naxçıvan Dövlət Xalça Muzeyinin 20 illiyi qeyd olunub

   
Yanvarın 26-da Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılmasının 20 illiyi qeyd edilib. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin və “Azərxalça” Açıq Səhm­dar Cəmiyyətinin İdarə Heyətinin sədri, professor Vidadi Muradovun birgə müəllifliyi ilə nəşr olunmuş “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosunun verdiyi məlumata görə, tədbiri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq qeyd edib ki, qədim tarixi və zəngin mədəniyyəti olan Naxçıvan həm də bu mədəniy­yətə qiymətli töhfələr vermiş xalçaçılıq ənənələri ilə seçilir. Regionun əlverişli iqlimi və mühüm ticarət yolları üzərində yerləşməsi bu ərazidə bir çox sənət sahələrinin, o cümlədən xalçaçılığın inkişaf etməsində əhəmiyyətli rol oynayıb. Naxçıvan Dövlət Xalça Muzeyinin 20 illik yubileyində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, professor Vidadi Muradovun müəllifliyi ilə nəşr olunmuş “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kita­bının təqdimatının keçirilməsi də mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikada maddi-mədəniyyət nümunələrinin qorunması, tədqiq və təbliğ olunması istiqamətində mühüm tədbirlər görülüb, muzey şəbəkəsi genişləndirilib. Müstəqillik illərində yaradılan muzeylərdən biri də Naxçıvan Dövlət Xalça Muzeyidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində 1998-ci ildə yaradılan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasındakı muzeylərin fəaliyyətinin tənzimlənməsi haqqında” 2015-ci il 4 fevral tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Xalça Muzeyi muxtar respublika əhəmiyyətli muzey hesab olunub, muzey əməkdaşlarının əməkhaqları artırılıb.
Qeyd olunub ki, muzeyin 2013-cü ildə üç dildə internet saytı istifadəyə verilib. Bu da dünyanın hər yerində muzeyi virtual ziyarət etməyə, ziyarətçilərə ekspozisiyadakı eksponatlarla bağlı məlumatlar almağa, həmçinin tarixi keçmişimizi öyrənməyə imkan yaradıb. Muzeyin ekspozisiyasının zənginləşdirilməsi də diqqətdə saxlanılıb. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, hazırda muzeyin ekspozisiyasında sərgilənən xalçaların hamısı Naxçıvan xalçaçılıq məktəbinə aiddir. Muxtar respublikada Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsi istiqamətində bir sıra təşkilati işlər görülüb, peşə məktəblərində “Xalçaçılıq” kursları, Naxçıvan Qızlar Liseyində “Tikiş, toxuculuq və xalçaçılıq” dərnəyi açılıb, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında xalça toxunması təşkil olunub. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda təsviri incəsənət ixtisası üzrə təhsil alan tələbələrə Naxçıvan xalçaçılıq məktəbinin ənənələri öyrədilir. Muxtar respublikanın şəhər və rayonlarında “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” devizi altında evlərdə xalçaların toxunması işi həyata keçirilir.
Bildirilib ki, Naxçıvan xalçaçılıq məktəbinin tədqiq olunması, sənədli filmlərin və yeni nəşrlərin hazırlanması da diqqətdə saxlanılıb. Ötən müddətdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Naxçıvan xalçaçıları” kitabının, “Azərbaycan xalçaları - Naxçıvan qrupu” jurnalının çap olunması, “Naxçıvan xalçaları” sənədli filminin hazırlanması Naxçıvan xalçalarının hazırlanması texnikalarının öyrənilməsində, Naxçıvan xalçaçılıq məktəbinin gələcək nəsillərə çatdırılmasında dəyərli nəşrlər və informasiya mənbələridir. “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabı da bu istiqamətdə görülən işlərin davamıdır.
Rəhman Məmmədov Nax­çıvan xalçaçılıq məktəbinin öyrənilməsi və təbliğinə dəyərli töhfə olan “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabının hazırlanması və nəşrinə görə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, professor Vidadi Muradova minnətdarlığını bildirib, Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılmasının 20 illiyi münasibətilə tədbir iştirakçılarını, muzeyin kollektivini təbrik edib.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxışında deyib ki, Naxçıvan Dövlət Xalça Muzeyi ölkəmizdə müstəqillik illərində yaradılan ilk muzeylərdəndir. 359 eksponatla fəaliyyətə başlayan muzeyin eksponatlarının sayı bu gün 3400-ü ötüb, onlardan 300-dən çoxu ekspozisiyada nümayiş etdirilir. Naxçıvan Dövlət Xalça Muzeyi xalçaçılıq sənətimizin təbliği, yaşadılması və tədqiqi sahəsində mühüm işlər görüb, muzeyin fəaliyyətində yaddaqalan mədəni hadisələr, görüşlər olub. 1999-cu ilin oktyabr ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75 illiyi ilə əlaqədar Nax­çıvana səfəri zamanı bu muzeydə olması da əlamətdar hadisələrdən biridir.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında bildirib ki, Naxçıvan Azərbaycanın ən qədim dövlətçilik tarixinə malik olan ərazilərindən, mühüm elm və mədəniyyət mərkəzlərindən biridir. Bu gün muxtar respublikada tarixilik və müasirlik yaşadılır, milli ənənələr, milli-mənəvi dəyərlər qorunub saxlanılır və inkişaf etdirilir. Bütün bunlara görə Naxçıvanın 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilməsi burada əsrlər boyu qorunub saxlanılaraq yaşadılmış və müasir dövrdə yüksək səviy­yəyə qaldırılmış milli mədəniyyət sahəsindəki böyük nailiy­yətlərə, türk-islam mədəniyyəti ənənələrinin inkişaf etdirilməsinə verilmiş yüksək qiymətin nəticəsidir. Bu gün milli xalçaçılıq nümunələrimizin mühafizə olunduğu Naxçı­van Dövlət Xalça Muzeyinin 20 illik yubileyinin qeyd edilməsi, Azərbaycan xalçaçılıq məktəbində özünəməxsus yer tutan, zəngin ənənələrə malik Naxçıvanın tarixi xalçaçılıq sənətini özündə əks etdirən “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabının təqdimatının keçirilməsi də milli dəyərlərimizə verilən yüksək qiymətin bariz nümunəsidir.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, professor Vidadi Muradov deyib ki, Azərbaycanın qədim diyarı Naxçıvan memarlıq, incəsənət məktəbləri, köklü təhsil ənənələri ilə yanaşı, xalçaçılıq sənəti ilə də tanınıb. Bu gözəl və füsunkar təbiətli yurdumuzda xalça toxuma sənəti uzaq keçmişdən inkişaf edib. Aparılan arxeoloji tədqiqatlar da Naxçıvanın Azərbaycanın ən qədim toxuculuq mərkəzlərindən biri olduğunu sübuta yetirib. Tarixən Azərbaycan xalçaçılıq məktəbinə mühüm töhfələr vermiş Naxçıvan xalçaçılıq sənəti bu gün də öz ənənəviliyini qoruyaraq milli mədəniyyətimizin inkişafında əvəzolunmaz rol oynayır. “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabında da Naxçıvanın xalçaçılıq ənənələrindən geniş söhbət açılıb, bu sənətin keçdiyi inkişaf yolu tədqiq olunub.
Sonra Vidadi Muradov Nax­çıvan Dövlət Xalça Muzeyinin yaradılmasının 20 illiyi münasibətilə 1910-cu ildə Şərur rayonunun Aşağı Aralıq kəndində toxunmuş xalçanı muzeyə hədiyyə edib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin dosenti Gülnarə Qənbərova və Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Zəminə Gülməmmədova çıxış ediblər.
Qeyd olunub ki, “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabı Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsində ən dəyərli nəşrlərdən biridir. Kitabdakı məlumatların Azərbaycan dili ilə yanaşı, ingilis, rus və ərəb dillərində verilməsi Naxçıvan xalçaçılıq məktəbinin daha geniş oxucu kütləsinə çatdırılması məqsədinə xidmət edir. Kitabda Naxçıvanın ilkin sivilizasiyadan müasir intibaha qədər keçdiyi yol, siyasi və sosial-iqtisadi inkişaf tarixi, bu qədim diyarda xalçaçılıq məktəbi, xalçaçılıq və boyaqçılığın inkişafı elmi əsaslarla araşdırılıb, 254 xalçaçının fotosu, onlar haqqında qısa məlumatlar oxuculara təqdim olunub. Bununla yanaşı, müəlliflər tərəfindən kitabda 158 xalça və xalça məmulatlarının fotosurətlərinin, toxunduğu tarix, ünvan və ölçülərinin, Azərbaycan xalçalarında olan simvollar ilə bağlı məlumatların, muxtar respublikanın xalçaçılıq məntəqələrinin sxeminin yer alması onun elmi əhəmiyyətini artırıb. “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabı, nəinki muxtar respub­lika, ümumilikdə, Azərbaycan tarixi və mədəniyyətinə dəyərli töhfədir.
Çıxış edənlər Naxçıvan Muxtar Respublikasında xalçaçılıq sənətinin yaşadılmasına və inkişafına göstərdiyi diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq ediblər.
Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar.


   


Tarix: 6-02-2018, 13:03

Xəbəri paylaş