İnformatika fənn kurikulumuna uyğun dərs nümunəsi
Sevinc Məmmədova,
Bakı şəhəri, Sabunçu
rayonu 74 nömrəli tam orta məktəbin
informatika müəllimi
«O xalqı inkişaf etmiş saymaq olar ki, o xalqın təhsili öndədir»
İlham Əliyev
XXI əsrin tələbinə uyğun şəxsiyyət yetişdirmək üçün, tələb olunan bilik, bacarıq, vərdiş, dəyər və keyfiyyətlərin siyahısı 2006-cı ildə Avropa Şurası tərəfindən «Kompetensiya» adı altında tərtib olunmuşdur. İKT-nin təhsilə tətbiqi, müasir kurikulum islahatı və bir çox təhsil islahatlarının əsas məqsədi şagirdlərdə məktəb dövründən başlayaraq bir çox bilik, bacarıq və vərdişləri formalaşdırmaqdır. Artıq müasir Azərbaycan məktəblərində İKT-dən istifadə bacarığı digər fənlərin mənimsədilməsi yolunda alətə çevrilmişdir. Təhsil sistemində baş verən bu dəyişikliklər, İKT-nin sürətli inkişafı informatika fənninə ənənəvi yanaşmanı dəyişmişdir və informatika fənninin tədrisi metodikası artıq yeni mərhələyə qədəm basmışdır. İnformatika fənninin əsas məqsədlərindən biri fənni müasir informasiya cəmiyyətinin tələblərinə uyğun tədris etməkdir. Müasir kurikulum tətbiq olunan siniflərdə İnformatika fənninin fəal (interaktiv) təlimlə tədrisi təlim prosesini şagirdlərin marağına uyğun qurmağa xidmət edir. İnformatika fənnini tədris edən müəllim qarşısında duran vəzifələri yerinə yetirməsi, fənnin məqsədinə nail olması və nəinki bu günün, hətta sabahın da tələblərinə cavab verən şəxsiyyət formalaşdırması üçün hər günün planlaşdırmasını düzgün qurmalıdır. Fikrimcə, dərslərdə fərqli təqdimatlardan geniş istifadə, tədrisə yeni yanaşma metodu kimi sinfi tam canlandırır, bir şagird belə kənarda diqqətsiz qalmır. V,VI,VII siniflərdə keçilən dərsləri kompüterdə hazırlanmış təqdimatlarsız təsəvvür etmək olmaz. İnformatikada informasiya, kompüter, altproqramlar, proqramlaşdırma, alploqo, alqoritmlər mövzularını keçərkən kompüterlərin dərsdə tətbiqi rolu əvəzsizdir. Eyni zamanda mövzuları Power-Pointdə hazırlanan təqdimatla keçmək çox maraqlı və yaddaqalan olur. Slaydlar bir-birini əvəz etdikcə tapşırıqlar həll olunur, suallara cavab verilir, zəif oxuyan şagirdlər dərsə cəlb olunur, dərs prosesi daha effektiv olur. Şagirdlər növbəti dərslərdə özləri bu cür təqdimatlar hazırlayırlar. Hazırladığım hər hansı bir təqdimatı təlimdə istifadə etdikdən sonra bu qənatə gəlirəm. Dərs prosesində vaxta qənaət, az zamanda çox iş görmək, dərsin şagirdlər tərəfindən asan və tez qavranılması, növbəti dərslərdə şagirdlərin tədqiqatının və yaradıcılıqlarının bəhrəsi olan təqdimatların hazırlanması baş verir. Bu cür təqdimatların nümayişi zamanı suallar cavablandırılır, tapşırıqlar, məsələlər məntiqi test, oyun və alqoritmlərlə icra edilir. Bu cür təqdimat şagirdlərin beyin həmləsini, zəkasını artırmaqla yanaşı müəllimin də işini asanlaşdırır, halbuki bir təqdimatı hazırlamaq üçün kifayət qədər vaxt tələb olunur.
Mövzuya uyğun düzgün seçilmiş təlim üsulları, iş formaları və tənqidi, məntiqi, yaradıcı təfəkkürün inkişafına yönəldilmiş iş vərəqləri şagirdlərin təlim nəticələrinə daha tez çatmalarına imkan yaradacaq. Bu məqsədlə də hazırladığım İnformatika fənninin müasir kurikulumla tədrisinə uyğun dərs nümunəsini təqdim edirəm.
Mövzu: Slaydlarla iş.
Təqdimatların hazırlanması.
Standartlar: 3.2. Tətbiqi proqramlarla işləmək bacarıqları nümayiş etdirir.
Dərsin məqsədləri:
· Təqdimata müxtəlif üsullarla yeni slayd əlavə edir.
· Təqdimatı Wizard vasitəsilə yaradır.
· Əməkdaşlıq edir.
· Sərbəst fikir yürüdür.
İnteqrasiya: Ümumi tarix 5.1.3., Azərbaycan tarixi 5.1.3., Riyaziyyat. 5.1.3., Ədəbiyyat. 3.1.3
İş forması: Cütlərlə iş, kollektivlə iş
Üsullar: Beyin həmləsi, anlayışın çıxarılması, müzakirə.
Resurslar və təchizat: dərslik, kompüterlər, multimediya proyektoru, iş vərəqləri.
www.ilkaddimlar.az.com
www.informatik.az
Dərsin mərhələləri
Motivasiya:
Anlayışın çıxarılması metodundan istifadə edərək məktəbimizin digər şagirdlərinin MS PowerPointdə hazırladıqları təqdimatları təqdim etdikdən sonra şagirdlərə sual verirəm:
- Uşaqlar təqdimatları bəyəndinizmi?
- Belə bir təqdimatlar hazırlamaq istərdinizmi?
Şagirdlərin fikrini dinləyirəm və mövzunun adını elan edirəm.
Tədqiqat sualı
MS PowerPoint-də təqdimat üçün slaydlar necə yaradılır?
Tədqiqatın aparılması: Sinif cütlərə bölünür və hər bir cütlük 1 kompüter qarşısında əyləşir.
Dərsi davam etməzdən əvvəl şagirdlərə artıq tanış olduqları OpenOffice İmpress proqramında Wizard vasitəsi ilə təqdimatın hazırlanması nümayiş etdirilir.
Hər bir cütlüyə 2 tapşırıqdan ibarət iş vərəqləri verilir. Kompüterin iş masasında mövzuya uyğun şəkillərdən ibarət qovluq təqdim edilmişdir.
Məlumat mübadiləsi: Cütlər öz işlərini təqdim edir və bir- birinin işinə münasibət bildirirlər.
Məlumatın müzakirəsi: Müzakirə üçün şagirdlərə müxtəlif suallar verirəm,
Nəticələrin çıxarılması:
Şagirdlər tədqiqat sualını əhatə edən suallara cavab verərək belə bir nəticəyə gəlirlər ki, təqdimatların müxtəlif üsul və dizaynla hazırlanması həyatımızın bir çox sahələrində zəruri amillərdən biridir. Proqramı hazırlayan mütəxəssislər məruzəçilərin öz çıxışlarını daha uğurlu etmələri üçün necə təqdimat hazırlamaq lazım olduğunu yaxşı bilirlər. Bu məqsədlə Wizard (Sehrbaz) istifadəçiyə müəyyən mövzuya aid olan hazır maketlər təqdim edir. Savadlı təqdimatın müəyyən strukturu olmalıdır və ona görə də təqdimatların bu üsulla yaradılması əlverişlidir
Ev tapşırığı:
Konkret bir mövzu üzərində təqdimat hazırlamaq.
Qiymətləndirmə:
Qiymətləndirmə meyarları: slayd yaratma, Wizard vasitəsilə təqdimat yaratma
Tarix: 6-02-2018, 12:57