Daha çox çalışaraq ən böyük nailiyyətləri əldə etmək olar
Dilarə MAHMUDOVA,
Ağdam rayon 28 saylı tam orta məktəbin ibtidai sinif müəllimi
Tədris prosesində geniş yer verilən “açıq dərs”lərin ən üstün cəhəti odur ki, belə dərslərdə müəllim yox, şagird yaradıcı və fəal olur. Müəllim isə istiqamət verəndir. Öz üzərində işləyən müəllimin hər dərsi açıq dərsdir. Yeni təhsil proqramı olan kurikulum bu işdə müəllim-şagird cütlüyünün hər çətin anında köməyinə çatır. Bu isə müəllimlərə yeni uğurlar əldə etmək üçün müsbət şərait yaradır. Şagirdlərinin savadlı və çalışqan olması hər bir müəllimin ən ümdə arzusudur. Ona görə də müəllimlər müxtəlif həvəsləndirici vasitələrlə şagirdlərinin bilikli, Vətəninə və elinə gərəkli bir övlad kimi yetişmələri üçün əllələrindən gələni əsirgəməməlidirlər. Keçdiyim hər bir dərsin maraqla dinlənilməsi və şagirdlərin diqqətini hər zaman dərsə yönəltmək üçün müxtəlif üsullardan istifadə edirəm. Onların öz üzərində işləmələri və mövzunu tam mənimsəməsi üçün şagirdlərə sərbəstlik verməyə çalışıram. Şagirdlərin qrup şəklində, kollektiv işləyərək, mövzuları daha da diqqətlə və həvəslə dinləmələri mənim də marağıma səbəb olur. Belə vaxtlarda onların dərsləri daha tez qavramalarının şahidi oluram. Belə bir “açıq dərs” nümunəsini diqqətinizə çatdırmaq istəyirəm.
Fənn: Ana dili
Sinifdə fəallaşma apararaq keçən dərsi sual-cavabla möhkəmləndirirəm.
Mövzu: “H h hərfi. Adı ilə böyüsün.”
Standart: 2.2.4 Mətndəki əsas fikri müəyyənləşdirir və sadə formada ifadə edir.
3.1.2 Əl yazısı şəklində olan sözləri və kiçikhəcmli mətnləri üzündən köçürür.
Təlim məqsədləri:
1) Tapmacanın cavabına uyğun gələn şəkli, sözü müəyyən edir.Tələffüzü oxşar olan müxtəlif səsləri müvafiq hərflərlə işarə edir.
2) Əl yazısı şəklində olan sözləri və cümlələri üzündən köçürür
İnteqrasiya: İnformatika
3.4.3. Musiqi 3.1.3.
İş forması: Kollektiv iş, qruplarla iş
İş üsulu: Söz assosiasiyası, rollu oyun, BİBÖ
Resurlar: Dərslik, iş vərəqləri, şəkillər, izahlı lüğət, marker və s.
Dərsin gedişi: Dərsə başlamaq üçün belə bir şeir oxuyuram.
Vərəq dolanda
Həşir qoparır
Bizim Həlimə
“Vay, yerim yoxdur
Harada yazım?”
Qışqıran zaman
Həvəslə onu
Sakitləşdirir
Hörüklü Hicran
Motivasiya: Şeirdə hansı qızların adları çəkilir? Qızların adının ilk səsi hansıdır?
Şagirdlər əl qaldırıb cavabı demək üçün sanki yarışa girirlər. Onları dinləyirəm.
Şagirdlərin diqqəti dərsliyə yönəldilir. Lövhədə verilmiş sözlər oxunur. Şəkil adlarının hərf sxemi araşdırılır, sözlərdə “h” hərfinin yeri müəyyənləşdirilir. “Yəhər” və “həmrəylik” sözlərinin mənası izah olunur.
Sonra 1-ci tapşırığa nəzər yetirirəm. Şagirdlər bu hecaların yerini müəyyən edir və birləşdirib üçhecalı sözləri oxuyur. İkinci tapşırıqda tapmaca oxunur. Açar sözlərdən istifadə edib cavabı tapırlar.
Ayağı var səkkiz ədəd,
Əl vurantək əziləcək,
Havadadır, qanadı yox,
Tor toxuyur, cəhrəsi yox.
Şagirdlərə xatırladıram ki, hər hərfin öz yeri var. Hərfi dəyişsək, sözlərin mənası tamamilə dəyişər. Məs. həyat-həyət, şəhid-şahid, həkim- hakim. Şagirdlər bu sözlər arasındakı məna fərqini izah edirlər. Hər bir söz cümlə içərisində işlədilir.
Bunun üçün şagirdləri qruplara bölürəm. Lövhədən yeni sözlər asıram bu sözlərdən yeni sözləri yaratmağı tapşırıram.
Zəfər qrupu - kəpək-(köpək) sözlərinin cümlələrdə işlədilməsi.
Ulduz qrupu - qaşıq-(qatıq) sözlərinin cümlələrdə işlədilməsi.
Uğur qrupu - çörək-(xörək) sözlərinin cümlələrdə işlədilməsi.
Təqdiqatın aparılması: Bu, bir növ rollu oyun kimi də aparılır. Şagirdlərə düşünüb qurduğu cümlələri söyləməyi tapşırıram.
İnformasiya mübadiləsi: Sonra şagirdlər lövhədən asılan şəkillərə yaxınlaşırlar. Tərkibində “h” və ya “x” olan şəkillər asılır. Onlar bir-bir şəkli götürür, sinfə göstərir, adını deyir. Bu sözdə “h”, yoxsa “x” səsinin olduğu müəyyən edilir. Yazı lövhəsində “x” səsi olan sözlər bir, “h” səsi olan sözlər isə bir yazılır.
Yəhər Paxlava Qalxan Heyva Xoruz Hörümçək Şahmat
İnformasiya müzakirəsi: Beləliklə, hərflər arasındakı fərq uşaqlar tərəfindən daha düzgün mənimsənilir.
Dərslik üzərində iş: Dərslikdən mətn oxunur. Ümummilli lider Heydər Əliyev haqqında məlumat verirəm.
Sual: Kim öz adının mənasını bilir?
Köməklik edərək onların adlarının mənasını açıqlayıram. Hər bir adın mənasının insan həyatında rolunu vurğulayıram. Hər bir insan ilə adı arasında bənzərlik vardır. Elə Heydər də vüqarlı, qürurlu deməkdir. Dərslikdən 3-cü tapşırıq yerinə yetirilir. Şagirdlərin Heydər Əliyev haqqında bildikləri onlar tərəfindən söylənilir.
Ümumiləşdirmə və nəticə: Əvvəlcə lövhədə BİBÖ cədvəli qururuq. Bu cədvəli şadirdlərlə birgə doldururuq. Dərs zamanı nələri öyrəndiyimizi yeni tanış olduğumuz hadisələri lövhəyə yazırıq.
Dərslikdə verilmiş əl yazısı nümunələri köçürülür.
Sonda qiymətləndirmə aparılır. Meyar cədvəlinə əsasən qiymətləndirirəm.
Tarix: 6-02-2018, 12:34