Elm və məktəb dünyası
Hikmət Mahmudov,
geologiya-mineralogiya elmləri doktoru, professor
Coğrafiya, biologiya, botanika, zoologiya, ekologiya elmləri kimi çoxşaxəli geologiya elmi nəyə görə orta məktəblərdə lazımi səviyyədə tədris olunmur? Axı Yer planeti olmasaydı yuxarıda qeyd olunan elm sahələrinin heç biri yaranmazdı və yaranması da mümkün deyildi. Burada açıqlanacaq fikirlər yerin yaranmasından, çoxşaxəli geologiya elmindən və bu elm aləminin mahiyyətindən ibarətdir. Bu elmin gənc nəslə aşılanması, onun mahiyyəti və müasir geologiya elminin nailiyyətlərindən qısa söhbət gedəcəkdir. İstərdik ki, çoxşaxəli bu elm aləmi və onun mahiyyəti barədə bugünkü gənc nəsli, məktəbli dostlarımızı sadə dildə məlumatlandıraq.
Yer elmi (geologiya) nədir və onun mahiyyəti nədən ibarətdir? Məlumdur ki, yuxarıda qeyd olunan elm sahələri orta məktəblərdə uzun illərdir tədris olunur. Bu elm sahələri yaşadığımız Yer planeti üzərində yaranmış və bəşər aləmində mütəmadi öyrənilir. Əgər belədirsə, bəs nə üçün Yer planetinin əmələ gəlməsi, onun daxili quruluşu, tərkibi, Yer planetində baş verən geoloji proseslər; o cümlədən vulkanlar, zəlzələlər, sürüşmələr, onların yaranma və başvermə səbəbləri, müxtəlif növ süxurlar, minerallar, kimyəvi elementlər, onların genetik və fiziki-kimyəvi dəyişmə xüsusiyyətləri barədə məktəbli gənclərimiz məlumatlandırılmasın, onlarda bu elmlər barədə təsəvvür olmasın? Yer planetinin əmələ gəlməsi, planetimizdə gedən müxtəlif geoloji proseslər, bu proseslərin yaranma səbəbləri və s. kimi elmi araşdırmaları şagirdin anladığı tərzdə, sadə dildə onlara aşılamaq, aydınlaşdırmaq lazımdır. Hər bir şagird bilməlidir ki, üzərində yaşadığımız Yer planeti necə yaranıbdır? Onun əmələ gəlmə səbəbləri açıqlanmalıdır. Hər bir şagird bilməlidir ki, Yer planeti olmasaydı heç bir təbiət və cəmiyyətdən söhbət gedə bilməzdi. Eyni zamanda hər bir şagird bilməlidir ki, Yer planeti ilə əlaqədar ümumi geologiya, petroqrafiya, mineralogiya, kristalloqrafiya, paleontologiya, stratiqrafiya, tektonika, vulkanologiya, faydalı qazıntılar, hidrogeologiya və s. geologiyaya aid elm sahələri də yaranmazdı. Bu elm sahələrinin hər birinin yaranma səbəbləri var və onların hər biri böyük nəzəri və təcrübi əhəmiyyətə malikdir. Bu elmlərin hər biri üzrə bu gün dünyada yüzlərlə elmi-tədqiqat institutları mövcuddur. Bu institutlarda nəinki minlərlə, hətta milyonlarla elmi əməkdaş fəaliyyət göstərir. Aparılan çoxsaylı elmi-tədqiqat işləri elmimizə hər an, hər gün yüzlərlə və minlərlə yeni elmi töhfələr, kəşflər verir. Ona görə də gənclərimizin, xüsusən də hər bir orta məktəb şagirdinin bunlardan səthi də olsa məlumatı olmalıdır. Yaxşı yadımdadır, 1970-1975-ci illərdə akademik M.Ə.Qaşqay, professor R.N.Abdullayev və digər görkəmli alim geoloqlarla orta məktəblərə gedərdik, şagirdlərə mineral və süxurların mikroskopla təyini üsulunu, geoloji xəritələrdən istifadə qaydalarını öyrədərdik. Bu təşəbbüsdən sonra bir çox tələbələr BDU-nun, Neft Akademiyasının geoloji fakültələrinə gəlirdilər. Sonradan onların əksəriyyəti görkəmli geoloq-alimlər kimi yetişirdi. Onların bir çoxu bu gün də Azərbaycan geologiya elminin şərəfini dünyanın bir sıra ölkələrində uca tuturlar. Yeri gəlmişkən, onu da qeyd etmək istərdim ki, 1975-1980-ci illərdə akademik Şəfayət Mehdiyevin rəhbərliyi ilə bizim Milli Elmlər Akademiyası Geologiya İnstitutunun (hazırkı Geologiya və Geofizika İnstitutu) alimləri Azərbaycanın bütün bölgələrinə səfər edərdik. O yerlərin geoloji quruluşu, faydalı qazıntıları, onların əhəmiyyəti barədə bölgə sakinlərinə məlumat verirdik.
Geologiya elmi, onun vəzifələri və mahiyyəti barədə yerli insanları məlumatlandırırdıq. Sonra həmən bölgələrin sakinləri, xüsusən də gənc nəsil bizim fikrimizlə maraqlanar, axtarışlar aparardılar və öz yaşadıqları bölgələrdə tapdıqları yeni maraqlı mineral və süxurları bizim geoloqlara təqdim edərdilər və beləliklə, bu yolla bəzi faydalı qazıntı yataqlarının qeyd olunan regionlarda aşkar olunmasına nail olardıq. Odur ki, bütün bu deyilənləri nəzərə alaraq orta məktəb proqramlarında “Geologiya elmi”nin ayrıca fənn kimi tədris edilməsini tövsiyə edirik. Əgər şagirdin Yer planetinin əmələ gəlməsi, onun tərkibi, quruluşu haqqında təsəvvürü yoxdursa, yaxud yerin yaranması və formalaşması barədə dünya şöhrətli alimlər O.V.Şmidtin, P.Laplasın, J.Kantın, V.Q.Fesenkov və s. nəzəriyyələri barədə təsəvvürləri yoxdursa, belə şagirdin digər təbiət elmləri barədə də fikir və düşüncələri kamil olmayacaqdır.
Məlumdur ki, hər bir ölkənin müxtəlif miqyaslı geoloji və coğrafi xəritələri tərtib edilməlidir və tərtib də edilir. Geoloji xəritə ilə coğrafi xəritənin fərqi ondadır ki, geoloji xəritədə təbii şəraitdə yer üzərinə çıxan ayrı-ayrı süxur növləri müxtəlif rənglərlə işarə olunur. Coğrafi xəritədə isə ayrı-ayrı dağlar, düzənliklər, çaylar, dənizlər qeyd edilir. Geoloji xəritə üzərində hər dövr özünə məxsus rənglə göstərilir. Məsələn, Arxeozoy dövrünün süxurlarını tünd çəhrayı, Kembrini bənövşəyi, Siluru yaşılımtıl, Devonu qəhvəyi, Karbonu tünd boz, Permi kərpici, Triası tünd bənövşəyi, Yuranı abı, yaxud göy, Təbaşiri yaşıl, Üçüncü dövrü narıncı (Paleogen) və sarı (Neogen), nəhayət Dördüncü dövrü (Antropogen) boz rəngdə göstərirlər.
Hər bir məktəbli bilməlidir ki, Yer dərinliyində (nüvəsində) olan enerji təxminən Günəş enerjisinə yaxındır (5000-7000°C). Bu enerji necə və hansı mənşələrdən yaranır? Müxtəlif geoloji adlar (geologiya, mineralogiya, geokimya, tektonika və s. kimi terminlər) hansı zərurətdən əmələ gəlmişdir? Bir sözlə, həyatımızda, məişətimizdə mühüm rol oynayan geologiya və onun müxtəlif sahələri, habelə bu sahələrin yaranma səbəbləri, onların nəzəri və təcrübi mahiyyətləri barədə hər bir məktəbli şagirdlərimizdə, o cümlədən hər bir vətəndaşımızda müəyyən geoloji- elmi məlumatın olması çox vacibdir. Hər bir elmin və sənətin köklərini, onların yaranma səbəblərini bilmədikdə başqa qeyri-düzgün fikirlər, uydurmalar sənə, sənin fikir, düşüncə aləminə hakim kəsilir. Səni əsl həqiqətdən, düzgün elmi yoldan uzaqlaşdırır. Ona görə də bəzi yanlış fikirlərdən məktəbli övladlarımızı, elə əksər sadə insanlarımızı da çəkindirmək lazımdır. Onlara elmi əsaslara söykənən fikirləri aşılamaq hər bir elm adamının borcudur. Bunun üçün təklif edərdim ki, məktəblərimizin hər birində kiçik də olsa “geoloji”, “mineraloji” və yaxud da “təbiət” muzeyləri yaradılsın. Qeyd olunan muzeylərdə təbiət lövhələri, mineral və süxur nümunələri əks olunsun. Habelə, vaxtaşırı bizim tanınmış görkəmli geoloqlarımız, elm xadimlərimiz o məktəblərə dəvət olunsunlar. Beləliklə, gənc nəslimiz, məktəbli dostlarımız digər təbiət elmləri ilə yanaşı, geologiya elmi və onun müxtəlif sahələri ilə məlumatlandırılsınlar. Əgər bunlara əməl olunarsa gənc məktəbli dostlarımızın elə uşaqlıq çağlarından bu elmə maraqları artacaq və gələcəkdə yaxşı mütəxəssis olacaqlarına heç bir şübhə qalmayacaq. Sadəcə olaraq buna ciddi təşəbbüs göstərmək biz ziyalıların borcudur.
Tarix: 6-02-2018, 12:26