Müstəqillik dövrü Azərbaycan dilçiliyinin səviyyəsini göstərən ən qiymətli əsər
Namaz MANAFOV,
Mingəçevir Dövlət Universitetinin
dosenti, filologiya üzrə fəlsəfə doktoru
Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilcilik İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nın təkmilləşdirilmiş variantının təqdimat mərasimi keçirilib. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkə Prezidenti İlham Əliyevin Azərbaycan dili ilə bağlı verdiyi sərəncamlara uyğun olaraq görülən işləri diqqətə çatdırıb. İ.Həbibbəyli bildirib ki, “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” da bunlardan biridir. Nəsimi adına Dilçilik İnstitutunun dialektologiya şöbəsi əməkdaşlarının hazırladıqları bu atlas müstəqillik dövrü Azərbaycan dilçiliyinin səviyyəsini göstərən ən qiymətli əsərdir.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın 6.3.5. bəndində Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşları Dövlət Proqramının icrası çərçivəsində “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nin təkmilləşdirilmış yeni variantını hazırlayaraq nəfis şəkildə ictimaiyyətə təqdim etmişdir (müəlliflər: Zirəddin Xasıyev, Kifayət İmamquliyeva, Qüdsiyyə Qəmbərova, Kubra Quliyeva, Məhərrəm Məmmədli).
Türkologiyada ilk dialektoloji atlasın yaradılması və nəşri Azərbaycan dilçilərinin adı ilə bağlıdır. Türk xalqları arasında ilk dialektoloji atlas - “Azərbaycan dilinin dialektoloji atlası” akademik Məmmədağa Şirəliyev və professor Musa İslamovun redaktorluğu ilə 1990-cı ildə hazırlanıb, “Elm” nəşriyyatında çap edilmişdir. Bu əsər Azərbaycan dilçiliyinin parlaq səhifəsidir, dialektoloqların 17 illik gərgin əməyinin məhsuludur.
Alman alimi I.Şmidtin adı ilə bağlı olan Dilçilik coğrafiyası (və ya areal dilçilik) dil hadisələrinin yayılma məkanını öyrənən dilçilik sahəsidir. Qeyd etdiyimiz kimi, türkologiyada, o cümlədən Azərbaycan dilçiliyində Dilçilik coğrafiyasının əsasını akademik Məmmədağa Şirəliyev qoymuşdur. O da qürurvericidir ki, bu gün AMEA-nın Dilçilik İnstitutunda akademik M.Şirəliyevin ardıcılları onun işini layiqincə davam etdirirlər. Dünya ictimaiyyətinə 4 dildə - Azərbaycan, türk, ingilis və rus dillərində təqdim olunan, 308 səhifəlik “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nın yeni təkmilləşmiş variantı buna yaxşı nümunədir.
Məlumdur ki, dialekt və şivələr dilin canlı tarixidir. Mətbuatın, televiziyanın, ümumiyyətlə, kütləvi informasiya vasitələrinin inkişaf etdiyi, miqrasiyaların artdığı bir dövrdə dialekt və şivə sözləri “sıxışdırılıb”, gündən-günə unudulur. Lakin dialekt və şivələrimizdə elə dil faktlarına təsadüf olunur ki, bu, Azərbaycan xalqının kimliyini, tarixini, mədəniyyətini sübuta yetirə bilir və Azərbaycan torpaqlarına göz dikənlərə tutarlı cavab olur.
Xəyanətkar qonşularımız bu gün də Naxçıvan Muxtar Respublikasının torpaqlarını zəbt etməyə iddialıdır. Düşmənə tutarlı cavablardan biri də məhz Azərbaycan, türk, ingilis və rus dillərində tərtib olunmuş “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” ola bilər.
Dilçilərimiz “Atlas”ın hazırlığı işinə öncədən tərtib etdikləri “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlasının proqramı” əsasında başlamışlar.
2014-cü ilin iyun-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında ekspedisiyada olan dialektoloqlarımız müasir Azərbaycan ədəbi dilinin əsasını təşkil edən qəbilə və tayfa dillərinin izinə düşmüş, zəngin dil materialları toplamışlar. Naxçıvan qrupu dialekt və şivələrində Azərbaycan xalqının islamdan əvvəlki dövrlərə aid inancları: göy qüvvələrinə bağlılıq, tanrıçılıq, totemizm və sair əlamətlər müşahidə olunmuşdur.
Ekspedisiya zamanı Naxçıvan Muxtar Respublikasının izoqlos (ayrı-ayrı dil faktları) verə biləcək 151 yaşayış məntəqəsindən (Naxçıvan şəhər zonası üzrə - 4, Sədərək rayonu üzrə - 4, Şərur rayonu üzrə - 37, Kəngərli rayonu üzrə - 9, Babək rayonu üzrə -22, Şahbuz rayonu üzrə -20, Culfa rayonu üzrə -23, Ordubad rayonu üzrə- 32) dialektoloji material əldə edilmiş və bu materiallar əsasında dilin bütün səviyyələrini əhatə edən 250 xəritədən ibarət “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” tərtib olunmuşdur. 308 səhifəlik “Atlas”da 64 xəritə fonetikaya, 111 xəritə morfologiyaya, 19 xəritə sintaksisə, 56 xəritə leksikaya aiddir. “Atlas”a Naxçıvan mənzərələrini, qədim abidələri əks etdirən şəkillər, elektron kitab və informatorların (dil materiallarının əsas mənbəyi - dilin daşıyıcıları) səsləri yazılmış kompakt disk də əlavə olunmuşdur. Material toplanmış yaşayış məntəqələrinin sıra nömrəsinə uyğun verilmiş kodlar, “Proqram” və xəritələrdəki şərti işarələrin açıqlanması “Atlas”dan istifadəni daha da asanlaşdırır.
“Atlas”da dilçilik bölmələrinə uyğun olan xəritələr üç rəngdə (göy - Fonetika, qırmızı - qrammatika, yaşıl - leksika) təqdim edilmişdir. Rənglər rəmzi olaraq Azərbaycan Respublikasının dövlət bayrağını özündə əks etdirir. Fonetikaya aid xəritələrdə sait və samit variantlarının işlənməsi, fonetik hadisə və qanunların yayılma arealı və s. öz əksini tapmışdır. “Atlas”da qrammatikaya aid 130 xəritə (№ 65-194) verilmişdir. Xəritələrdə Azərbaycan dilinin Naxçıvan dialekt və şivələrində nitq hissələrinin işlənməsi, quruluşu və dəyişməsi öyrənilir, söz birləşmələrinin, cümlələrin ədəbi dildən fərqli xüsusiyyətləri araşdırılır. Morfologiya bölməsində 22 xəritə (№ 152-173) köməkçi nitq hissələrini əhatə edir. 156-cı xəritədə ədəbi dilimizdə işlənən “ötrü” qoşmasının Naxçıvan qrupu dialekt və şivələrində “yana”, “ötəri”, “ötürü”, “ötrün” variantlarında işləndiyini görürük. Naxçıvan qrupu dialekt və şivələri üçün daha səciyyəvi olan “yana” qoşması ədəbi dilimizdəki “ötrü”, “görə”, “üçün” qoşmalarinin sinonimi kimi işlədilir: Mən pasportdan yana burda qalmışam (Ordubad). Yana qoşması tarixən Azərbaycan dilində məhsuldar olmuş və klassik ədəbiyyatımızda geniş işlənmişdir. Bu qoşma XV -XVI əsr Azərbaycan yazılı abidələrinin dilində özündən əvvəl gələn ismin halından asılı olaraq iki məna bildirir: adlıq halda olan isimlərlə məkan-istiqamət, çıxışlıq halda olan isimlərlə səbəb-məqsəd. Məs.: -Bir çeşmə yana olub rəvanə...Ta kim bu məqamı tərk edəndə. Səndən yana əzm edib gedəndə (Füzuli). Obrazların dilində məhəlli xüsusiyyətləri saxladığından C.Məmmədquluzadənin əsərlərində bu qoşmaya çox rast gəlirik. “Yana” qoşması qədim türk yazılı abidələrində də işlənmişdir. Orxon-Yenisey abidələrinin dilində bu qoşma yan//yən şəklində, məkan mənası ifadə edən qoşma kimi işlənir. Azərbaycan ədəbi dilində sabitləşə bilməyən bu qoşma Naxçıvan qrupu dialekt və şivələrində mühafizə olunur. Deməli, Naxçıvan qrupu dialekt və şivələrində işlənən “yana” qoşması qədim oğuzların dil xüsusiyyəti kimi gəbul edilməlidir.
Naxçıvan qrupu dialekt və şivələrindəki dil faktları zəngin və tükənməz bir xəzinədir. Bu “Atlas”ın gələcəkdə meydana çıxacaq tədqiqat işlərinə açar rolu oynayacağını və dilçilikdən başqa, tarix və coğrafiya, etnoqrafiya, eləcə də digər elm sahələrinin mütəxəssisləri üçün əhəmiyyətli olacağını düşünürük.
Yüksək elmi və poliqrafik səviyyədə təqdim edilən “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” dialektoloji atlasların yaradılması tarixində olduqca mühüm və əhəmiyyətli bir hadisədir. Cəsarətlə demək olar ki, bu “Atlas” Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan diyarının qədim türk-oğuz yurdu olmasının danılmaz elmi möhürüdür.
Tarix: 6-02-2018, 12:22