Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Qlobal təhsil siyasətinin mahiyyəti

 

Bədiyev Sədrəddin,
pedaqoqika üzrə fəlsəfə doktoru
ADPU-nun Şəki filialında kafedra müdiri

Azərbaycan Respublikası dünyanın inkişaf etmiş ölkələrinə sürətlə yaxınlaşmaqdadır. Buna səbəb müstəqillik əldə etdikdən sonra Azərbaycanda ictimai həyatın bütün sahələrində müstəqilliyin əsaslarının yaradılması, onun qabaqcıl dünya ölkələrinin standartları səviy­yə­sin­də qurulması istiqamətində işlərin həyata keçirilməsidir. Ölkə qarşısında duran ən böyük problemlərdən biri də təhsil sistemini köhnə şablonlardan azad etmək, yeni ictimai-iqtisadi şəraitin tələblərinə uyğun formalaşdırmaq, qabaqcıl dünya ölkələrindəki təhsilə inteqrasi­ya etməklə öz məka­nında özünəməxsus xüsusiyyətləri olan təhsil sistemi yaratmaq idi.
Bu problemi yalnız dövlətin, onun müvafiq strukturlarının gücü ilə həll etmək mümkün deyildi. Təhsil hər bir vətəndaşın hər gün izlədiyi sahədir. Ölkə ictimaiyyətinin özündən gələn təşəbbüs, prob­lemin cəmiyyət tərəfindən dərk edilməsi və dəstəklənməsi bu işin uğur qazanmasında vacib şərtdir.
Bunun üçün təhsilin qloballaşdırılması siyasətini, bununla əlaqədar həyata keçirilən islahatların mahiyyətinin açıqlanması, qaranlıq və ziddiyyətli məqamlara aydınlıq gətirilməsi, ona aid qanunauyğun­luq­ların ictimaiyyətin nəzərinə çatdırılması lazımdır.
Qloballaşma anlayışının mahiyyəti, məzmunu bir çoxları üçün o qədər də aydın deyildir. Birinci olaraq bu sözün mahiyyətinə diqqət yetirək. ”Azərbaycan dilinin izahlı lüğəti”ndə (III cild, 2006) gös­tərilir: “Qlobal” sözü latın sözü olub tərcümədə “bütün yer kürəsini bürüyə bilən” mənasını verir.
“Azərbaycan Sovet Ensiklopediyası”nda (III cild, 1979) “qlobal” sözünün iki istiqamətdə tərcüməsi verilir: 1) “qlobal” fransızca “ümumi”, 2) latınca “kürə” və ya “bütün yer kürəsini bürüyən” mənasını verdiyi göstərilir.
“Qlobal” sözünün tərcümələrinə istinad etsək, deyə bilərik ki, qlobal təhsil dedikdə Yer kürəsi üzərində mövcud olan təhsilə ümumi baxış, bu təhsilin üstün, əhəmiyyət kəsb edən ünsürlərinə inteqrasiya kimi başa düşməliyik.
Qloballaşma dünya ölkələrinin, o cümlədən Azərbaycan Respublikası təhsil sisteminin Avropa və Amerika Birləşmiş Ştatlarının qabaqcıl, müasir, inkişafda olan təhsilinə inteqrasiya deməkdir. Dünya təhsilinə inteqrasiya Azərbaycan təhsil sistemində yeniləşmənin və islahatların aparılmasını tələb edirdi. Ulu öndər Heydər Əliyev təhsillə bağlı çıxışlarında qeyd edirdi ki, ölkəmizdə təhsil islahatı ancaq ölkənin nüfuzunu qaldırmağa yox, həm də ümummilli əhəmiyyətə malikdir. Əgər təhsil bugünkü ümumi tələblərə cavab verərsə, deməli, o istər keyfiyyət, istərsə də əhəmiyyət cəhətcə öz dayanıqlığını saxlaya bilir.
Müasir zamanda təhsil sisteminə verilən ümumi tələb onun qloballaşdırılmasıdır. Qloballaşma ayrı-ayrı ölkələrin təhsil sistemlərinin yaxınlaşması və vahid ümumtəhsil məkanlarının formalaşması deməkdir. Təhsilimizdə gedən bu proses ümumdünya miq­yasında gedən qlobal inteqrasi­ya və bütövləşmə prosesinin bir hissəsi olmaqla onun ümumi qanunlarına tabedir və bütövlükdə digər sahələrdə gedən proseslərlə vəhdət təşkil edir.
Bəzi mütəxəssislərə görə təhsil sisteminin qloballaşdırılması, yəni dünya standartları tələblərinə uyğunlaşdırılması üçün iki istiqamətə diqqət yetirmək lazımdır: birincisi, ölkə­nin daxilində təhsil sahəsin­də əldə edilmiş nailiyyətlərin öyrənilib ümumiləşdirilməsi və təhlil edil­məsindən ibarət olub,ilk növbədə, təlim-tərbiyə sahəsində irəliləyişlərin mahiyyət və məzmununu öyrənməklə mövcud durumu, cəmiyyətin tələb və ehtiyaclarına uyğunluğunu müəyyənləşdirmək. Bu cəmiyyətin formalaşması istiqamətində nələrin əldə olunduğunu və gələcək üçün hansı potensial imkanların yaranacağını meydana çıxarmağa imkan verər. İkincisi, inkişaf etmiş xarici ölkələrin iş təcrübəsindəki mütərəqqi cəhətlərin öyrənilib ümumiləşdirilməsi və milli-mənəvi xüsusiyyətlərimizi nəzərə alaraq tətbiqinin həyata keçirilməsi.
Qloballaşma təhsilimizi inkişaf etdirməklə yanaşı pedaqoji əbəbiyyatımıza yeni termin-anlayışlar da gətirmişdir: kurikulum, nəticəyönümlü təlim, summativ və diaqnostik qiymətləndirmələr, taksonomiyalar, fasilitasiya, formativ, portfolio, mentor və s.
Təhsilimizin qloballaşmasını şərti olaraq iki yerə ayırmaq olar:
1. Ümumi orta təhsilin qloballaşması;
2. Ali təhsilin qloballaşması.
1. Ümumtəhsilin qloballaşmasına yanaşmalar müxtəlifdir.
Amerikanın təhsil sisteminə, təhsil sahəsində çalışan tədqiqat­çılara görə təhsilin qloballaş­ması aşağıdakı istiqamətlərdə olmalıdır.
- təhsilin humanistləşdirilməsi;
- təhsildə bərabər imkanların yaradılması;
- təhsildə ədalətliliyin təmin edilməsi;
- təhsildə keyfiyyətin nəzərə alınması.
Onlara görə təhsilalanlara bilik, bacarıq və vərdişlər istənilən tarixi dövrdə, dövlətin təhsil siyasətinə uyğun müxtəlif məzmun və formalarda veril­miş, həmçinin xalqın xüsusiyyətlərini, inkişafını özündə əks etdirmişdir, bunları qloballaşdırmağa ehtiyac yoxdur.
Avropa təhsil məkanında qloballaşmağa başqa mənada, başqa mahiyyətdə yanaşılır: fənn proqramlarının və məzmun standartlarının bir-birinə yaxınlaşdırılması ilə yanaşı, təlim metod və ya üsullarının şagirdlərin bilikləri müstəqil əldə etmələrinə imkan verən formalarından istifadə etməklə onların yaradıcılıq qabiliyyətini inkişaf etdirmək.
Nəticəyönümlü təlimin Qərb dövlətlərində XIX əsrdən tətbiq olunmasına baxmayaraq Azərbaycan təhsil sistemində XXI əsrin əvvəllərində tətbiq olunmağa başlanmışdır.
Ümumiyyətlə, ümumorta təhsil sistemindəki yeniliklərin hamısını Qərb təhsil sisteminə inteqrasiyanın nəticəsi kimi göstərmək olar.
Müstəqil respublikamızda təhsilin inkişaf etmiş Qərb ölkələrindəki təhsilə inteqrasiyasının əsasları Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2003-cü ildə keçirilmiş kollegiyasında irəli sü­rül­müş­dür, desək səhv etmərik. Qeyd edilən kollegiyada fasiləsiz təhsil kontekstində şəxsiyyətin, kamil insanın ha­zırlığı üzrə dünya təcrübəsinə inteqrasiya etmək, Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun xətt ilə ixtisasartırma təhsilində alternativ xidmətlər göstərən treninq mərkəzlərinin fəaliy­yətlərinin dəstəklənməsi, onların təklif etdikləri proqramlara uyğun təlim fəaliyyətinin təşkili tövsiyə olundu.
XXI əsrin başlanğıcından etibarən amerikalı mütəxəssislər dr. F.Şorn, dr. G.Varela, ingiltərəli mütəxəssislər dr. M.Maks , dr.Rey Harris və b. ölkələrindəki təhsil sistemi, innovativ təlim metod və texnologiyaları ilə əlaqəli seminarlar, konfranslar təşkil etmiş, azərbaycanlı mütəxəssislər Amerika Birləşmiş Ştatlarında olmaqla bu ölkədəki ümumorta təhsil sistemi ilə bilavasitə tanış olmuşlar.
Qeyd edilənləri respublikamızda təhsil sisteminin qloballaşmasına, başqa sözlə, inkişaf etmiş Qərb ölkələrindəki təhsilə inteqrasiya etməsinin səbəbi kimi göstərmək olar.
Ümumtəhsil sistemimizin hansı istiqamətlərdə inteqrasiya etməsinə qısaca nəzər yetirək:
- Akademik standartlar. Amerika təhsil sistemində şagirdlərin bütün fənlər üzrə bilməli və etməli olduğu məsələlər standartlarda öz əksini tapmalı idi. ABŞ-da standartlar 90-cı illərdə həyata keçiril­məyə başlamışdı. Azərbaycan Respublikasında isə Nazirlər Kabinetinin 26 aprel 1999-cu il tarixli qərarı ilə həyata keçirilməyə başladı. Azərbaycan təhsil sistemində standart dedikdə, hər hansı fənn üzrə şagirdin əldə edəcəyi bilik, bacarıq, vərdişə və ya fənn üzrə öyrədilməli bilik, bacarığın həcminə qoyulan dövlət tələbi kimi başa düşülür.
- Kurikulum. ABŞ təhsil sistemində bu anlayışdan XIX əsrin ikinci yarısından etibarən istifadə olunduğu göstərilir. Azərbaycanın pedaqoji ədəbiyyatına isə keçən əsrin 90-cı illərində daxil olmuşdur. Amerika təhsilində kurikulum dedikdə, hər hansı fənn üzrə keçirilməli mövzuları özündə birləşdirən sənəd (proqram) nəzərdə tutulur. Bizim təhsil sistemində isə kurikulum daha geniş məzmun və sahələri əhatə edir. Kurikulum təhsilin məzmununu, təşkili, metodları, qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir.
- Əməkdaşlıq (kooperativ) əsaslı öyrənmə. Öyrənənlərə məqsədin və ya nəticənin daha müvəffəqiyyətlə əldə etməyə imkan verən, iştirakçılararası əlaqə. Azərbaycan təhsil sistmində XXI əsrin əvvəlindən tətbiq edilməyə başlanmışdır.
- Blum taksonomiyası. Çikaqo Universitetində B.Blumun rəhbərlik etdiyi təd­qiqatçılar qrupu tərəfindən 1950-ci illərdə hazırlanmış təhsil məqsəd­lərinin təsnifatı. Taksonomiya şagirdləri qavramağa istiqamətləndirən ən aşağı (bilmək, anlamaq) səviyyədən yüksək (sintez, dəyərləndirmək) səviyyəyə aparan idraki məqsədlərin iyerarxiyasıdır.
- İnteraktiv təlim. Müəllimin şagirdlərlə, şagirdlərin şagirdlərlə əlaqəsi prosesində onların müstəqil şəkildə biliklərə, bacarıqlara, vərdişlərə yiyələnmələrinə, yaradıcı şəkildə formalaşmalarına imkan verən təlimdir. İnteraktiv təlim xüsusi metodların köməyi ilə həyata keçirilir.Azərbaycan təhsil məkanında interaktiv təlim XXI əsrin əvvəllərində həyata keçirilməyə başlanmışdır.
- Şagirdlərin təlim fəaliy­yəti­nin dəyərləndirilməsi. ”Azər­bay­can Respublikasında ümum­təhsilin konsepsiyası (Milli Kurikulum)” konseptual sənədinin qəbulundan sonra (30 oktyabr,2006-cı il) şagirdlərin biliyinin qiymətləndirilməsinin diaqnostik, formativ, kiçik və böyük summativ kimi formalarından istifadə edilməyə başlanıldı.
- Fənn kurikulumu. Fənn proqramlarını əvəz edən, fənnin tədrisi ilə bağlı bütün məsələləri (fənnin məzmunu, təlim strategiyaları, qiymətləndirmə) özündə cəmləşdirən dövlət sənədi. Azərbaycan təhsil sistemində 2006-cı ildən sonra tətbiq edilməyə başlanılmışdır.
- Portfolio. Müəyyən vaxt ərzində şagirdlərin öyrənmə müvəffəqiyyətlərini müəyyən etməyə imkan verən sənədlər toplusu. Portfolio şagirdləri düşünməyə sövq edir, testlərə nisbətən daha əyani və dəqiqdir.
- Çoxşaxəli əqli qabiliyyətlər. Təhsil liderlərini (o cümlədən qrup liderini) müəyyən etmək üçün vacib kompanentlər sistemidir. 1980-cı illərdə Harvard Universitetinin professoru H.Qardner tərəfindən yaradılmışdır. H.Qardner 7 qabiliyyət müəyyən etmişdir: linqvistik, məntiqi-riyazi, musiqi, məkan, kinestik, fərdlərarsı, fərddaxili. Təlim zamanı qrup liderini seçmək üçün onda hansı qabiliyyətlərin olduğunu irəlicədən müəyyən etmək lazımdır. Qabiliyyətlər şagirdin fənnə olan marağını nəzərə alaraq müəyyən edilməlidir. Azərbaycan təhsil sistemində, hələlik, o qədər də həllini tapmayan problemdir.
- Fasilitator. Müəllimə aid anlayışdır. Yeni təlim metod və texnologiyaları ilə keçilən dərslərdə müəllimə aid funksiyaları bildirir. Belə dərslərdə müəllim rəhbər, təşkilatçı, istiqamətverən, dizayner kimi funksiyaları yerinə yetirməlidir.
- Standartın strukturu. Məzmun xətti, əsas standart, alt-standartlar kimi struktura malikdir.Azərbaycan təhsil sis­temində 2006-cı ildən sonra tətbiq edilməyə başlanmışdır.
- Nəticəyönümlü təhsil. Əldə olunması nəzərdə tutulan təlim müvəffəqiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsi deməkdir.
- Təlim strategiyaları. Təlimin təşkilinə verilən tələbləri, təlim prosesinin planlaşdırılmasını, təlimin təşkili forma, metod və vasitələrini nəzərdə tutur.
- Menecment. (ingilis sözü) Gəliri artırmaq üçün idarəetmə üsulları və prinsipləri.
- Menecer. Menecment üzrə peşəkar mütəxəssis deməkdir.
2. Ali təhsilin qloballaşması
Ümumavropa ali təhsil məkanının formalaşdırılması ideya­sı ali təhsilin qloballaşdırılmasında əsas amil oldu. İdeyanı Avropanın 4 böyük dövlətinin -Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın təhsil nazirləri irəli sürdülər. 1988-ci ildə İtaliyanın Boloniya şəhərində Avropa­nın ən qədim universitetinin 900 illik yubileyində “Boloniya xartiyası” qəbul edildi. Sonralar bu ad dəyişdirilərək “Boloniya prosesi” adlandırıldı. Hazırda “Boloniya prosesi”nə Avropanın 49 ölkəsi qoşulmuşdur. 2005-ci il may ayının 19-da Norveçin Bergen şəhərində keçirilən konfransda Azərbaycan Boloniya prosesinin həqiqi üzvü kimi təsdiq edildi.
Bəzi mənbələrə görə Boloniya prosesinin başlıca məqsədi institut və universitetlərdə təhsilin səviyyəsini artırmaqla qabiliy­yətli təhsil alanların ABŞ-a axınınn qarşısını almaq, həm də Avropanı yüksək ixtisaslı kadrlarla təmin etmək idi.
Başqa mənbələrə görə, Boloniya prosesinin qarşısında aşağıdakı məqsədlərin durduğu göstərilir:
- Prosesə qoşulan hər bir dövlətin ali məktəbləri tərəfindən asan və müqayisə edilə bilən kredit sisteminin qəbul edilməsi;
- Universitetlərin və digər ali təhsil müəssisələrinin sərbəstliyi və məsuliyyətini təmin edən muxtariyyət hüquq­larının verilməsi;
- Tələbələrin, müəllimlərin vahid ümumavropa təhsil məkanında mobilliyinin təmin edilməsi;
- Bakalavr, magistr və doktorantura pillələrinin daxil olduğu üçpilləli təhsil sisteminin qəbul edilməsi;
- Ali təhsilin ümumavropa məkanının vahid standartlarının qəbul edilməsi;
- Ali təhsilin keyfiyyətini təmin edən vahid mexanizmlərin işlənib qəbul edilməsi;
- Avropa məkanında bütün ali təhsil müəssisələri və iş verənlər tərəfindən tanınan diploma Avropa əlavəsinin qəbul edilməsi;
- Ömürboyu təhsil və onun hər bir ölkə vətəndaşı üçün əlçatan olması konsepsiyasının qəbul edilməsi;
- Tələbələrin təhsilin ob­yektindən subyektinə çevrilməsi istiqamətində işin aparılması;
- Keçilən fənlərin və proq­ramların unifikasiyasının tə­min edilməsi;
- Alınan ixtisasların müqayisə edilməsinin asanlaşdırılması.
Qeyd edilənləri Boloniya prosesinin prinsipləri kimi səciyyələndirsək, demək olar ki, bu prinsiplərin bir qismi Azərbaycanın ali təhsil müəssisələrində həyata keçirilməkdədir.
Ali təhsil müəssisələrimizin Avropa məkanındakı institut və universitetlərə inteqrasiya etməsini aşağıdakılara istinadən demək olar:
- Respublikamızda ali təhsilin bakalavriat pilləsinin qəbulu;
- Kredit (latın mənşəli söz olub ”borc” mənasını verir) sisteminə keçid. Kredit fənlərin öyrənilməsinə ayrılan ölçü (vaxt) vahididir. Bir kredit 15 saata bərabər tutulur;
- Ali təhsildə 100 ballı sistemə keçid. 50 bal imtahana qədər (məşğələlərdə iştirak etməyə, sərbəst iş və ya kurs işi yazmağı və s. görə), 50 bal imtahan nəticələrinə görə;
- Fənn seçiminə görə (məc­buri keçilməli fənlər, seçmə fənlər);
- Tədris planları (fənn proq­ramı, müəllimin və tələbənin fərdi iş planı, illik işçi tədris planı);
- Bakalavriat ali təhsil pilləsini başa çatdırmaq üçün nəzərdə tutulmuş 240 krediti tez (istedadlı tələbələr nəzərdə tutulur) və gec ödəməklə əlaqədar ali təhsilin 3-3,5 ilə tamamlanmasının və ya 5 və daha çox ilə tamamlanmasının mümkünlüyü.
İstər ümumorta, istərsə də ali təhsilimizin Avropa məkanındakı təhsilə inteqrasiyası respublikamızın beynəlxalq aləmdə tanınması, təhsilin keyfiyyətinin yaxşılaşması, dövlətimiz üçün yüksək səviyyəli, ixtisaslı kadrların formalaşması deməkdir.

   


Tarix: 6-02-2018, 12:19

Xəbəri paylaş