Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Çalışıram ki, fənnin tədrisində tətbiq edilən təlim metodları müxtəlif olmaqla yanaşı, həm də mövzuya uyğun gəlsin

    
Nahidə Əhmədova,
Bakı Modern Təhsil Kompleksinin Azərbaycan dili və ədəbiyyat müəllimi


Bu gün şagirdlərimə daha yaxşı təhsil vermək üçün, ilk növbədə, onların psixoloji xüsusiyyətlərini öyrənirəm. Onların maraq dairələrinə bələd oluram, təhsil sahəsindəki fəaliyyətimdə məhz onları inkişaf etdirməyə çalışıram. Belə olduqda təlim prosesi daha maraqlı obyekt kimi üstünlük qazanır və şagirdlərin diqqətini özünə cəlb edir. Bu zaman şagirdlər təlim prosesinə birinci dərəcəli obyekt kimi baxır, orada iştirak etməyə böyük maraq göstərirlər.
Aparılan ümumi pedaqoji araşdırmalarda gəlinən qənaət bundan ibarətdir ki, insanın inkişafını təmin etmək üçün onun interaqtiv mühitdə olması, əlaqəli anlayışlarla təmasda fəaliyyət göstərməsi daha çox əhəmiyyətli hesab olunur.
Tədris etdiyim Azərbaycan dili və ədəbiyyat fənni materiallarının rəngarəngliyi ilə seçilir. Çalışıram ki, fənnin tədrisində tətbiq edilən təlim metodları müxtəlif olmaqla yanaşı, həm də mövzuya uyğun gəlsin. Çünki fəal təlim əsasında qurulan dərslərdə bir metodla kifayətlənmək olmaz.
Azərbaycan dilindən V sinifdə tədris etdiyim bir dərs nümunəsinə nəzər salaq:
Mövzu: OMONİMLƏR
Standart: 4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir.
Məqsəd: Sözün leksik və qrammatik mənasını izah etməklə omonimlərin mənalarını izah edir.
İş forması: Qruplarla iş, kollektivlə iş
Resurs: Kompüter və proyektor, iş vərəqləri
Motivasiya: Əminəm ki, həyatda eyni ada malik olan, lakin müxtəlif məna kəsb edən sözlərlə qarşılaşmısınız.
Bunları necə ayırmaq olar?
1.Axar çay –su mənbəyi 2.Hər gün içdiyimiz çay.
1. Ay – yerin peyki.
2.Ay- ilin on iki ayı.
OMONİMLƏR
Deyilişi və yazılışı eyni olan, lakin müxtəlif mənalar ifadə edən sözlərə OMONİMLƏR deyilir.
Tədqiqat sualı:
Fərqli məfhumların eyni cür adlandırılması insanlarda çaşqınlıq yaradırmı? Bunları necə fərqləndirmək olar?
Omonim sözləri bilməklə sözlər arasında yarana biləcək çaşqınlığı aradan qaldırmaq mümkündür.
Sözün omonim mənaları həm eyni nitq hissəsinə, həm də müxtəlif nitq hissələrinə aid ola bilər.
Eyni nitq hissəsinə aid olan omonimlər.
Leksik omonimlərin qrammatik omonimlərdən fərqi nədir?
Leksik omonimlərin məna tayları əsas nitq hissəsinə aid olur.
Qrammatik omonimlərin mənalarından biri əsas, digəri isə köməkçi nitq hissəsi olur.
Bəzi sözlər omonim kimi götürülə bilməz:
* Vurğusu dəyişməklə mənası dəyişən sözlər:
alın' (isim) – a'lın (feil)
bil'dir (zərf) – bildir' (feil)
dimdik' (isim) – dim'dik (sifət)
* Şəkilçi qoşulduqdan sonra deyilişi və yazılışı eyniləşən sözlər:
qazan (isim) – xörək qazanı
qazan (feili sifət)-quyu qazan
* Ümumi və xüsusi isimlər:
aslan – heyvan
Aslan – xüsusi ad
nərgiz – gül
Nərgiz – xüsusi ad
DİQQƏT

Bəzi cəhətlərinə görə, yəni deyiliş və yazılışca eyni olmalarına, müxtəlif mənalarda işlənmələrinə görə omonimlər çoxmənalı sözlərə bənzəyir.
Fərq
1. Omonim sözlərin mənaları tamamilə fərqləndiyi halda, çoxmənalı sözlərin mənaları arasında müəyyən yaxınlıq olur.
2. Çoxmənalı sözlər həmişə eyni nitq hissəsinə aid olur, omonim sözlər isə həm eyni, həm də müxtəlif nitq hissələrinə aid ola bilər.

Qruplarla iş
OMONİM qrupu

Şeirləri oxuyun və altından xətt çəkilmiş sözlərin leksik mənasını müəyyənləşdirin.

Köynəyi sarı,
Gəl mənə sarı.
Tikanı yox eylə,

Neçə rəngə çalır Göy,
Qırmızı, al, yaşıl, göy.

ANTONİM qrupu

Şeirləri oxuyun və altından xətt çəkilmiş sözlərin leksik mənasını müəyyənləşdirin.

Mətbəxdə yanırdı qaz,
Otağa soxuldu qaz,
Baba, götür yeri qaz.

Toplan yaxşı bir itdi,
Heyif, meşədə itdi.

SİNONİM qrupu

Şeirləri oxuyun və altından xətt çəkilmiş sözlərin leksik mənasını müəyyənlənləşdirin.

Səmadan baxırdı Ay,
Tətilə var neçə ay?

Bir səs gəlir ürəyimdən –
Rza, yaz!
Qarşı gündən gülümsəyən
yaza yaz!

Qrup nümayəndələri görülən işləri təqdim edirlər. Qruplar bir-birinin işinə münasibət bildirirlər.
1. Mətndə insanın bədən üzvlərini bildirən neçə sözə rast gəldiniz?
2. Bu mətndə onlar hansı mənada işlənilir və həmin sözlərin həqiqi mənalarını yazın.
Səlimin başı ağrıyırdı. Tənbəllik eləməyib kəndin başına, Vahid həkimin evinə yollandı. Evə çatanda qapının ağzında Vahidin oğluna rast gəldi. Oğlan,deyəsən, atasının köynəyini geyinmişdi –köynəyin qolları az qala uşağın dizinə çatırdı.
-A bala, dədən haradadır? - Səlim soruşdu. - Baş həkim dedi ki, dağın başına getsin, çobanlardan kimsə xəstədir, - deyə oğlan cavab verdi. Səlim kor-peşman kəndin ayağına, öz evinə qayıtdı.

Nəticə

Omonimlər müxtəlif məfhumları əks etdirir. Hər bir omonim ən azı iki leksik mənanı ifadə etməlidir. Omonimlər həm eyni nitq hissəsinə, həm də müxtəlif nitq hissəsinə aid ola bilər. Omonim sözlərin hər mənası bir leksik vahid hesab olunur. Çoxmənalı sözlərdə isə omonimlərdən fərqli olaraq bütün məna çalarları ilə birlikdə eyni söz sayılır.

Qiymətləndirmə:

Tapşırıq:

  Ədəbiyyat kitabından bir mətn götürüb dəftərinizə yazın. Mətndəki leksik və  qrammatik omonimləri seçib dəftərinizdə qeyd edin.


Tarix: 15-01-2018, 14:57

Xəbəri paylaş