Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Məktəbəqədər kurikulum: uşaqların inkişaf istiqamətlərinin məzmunu

 


 

Nazim Əliyev, 
  Masallı Dövlət Regional Kollecin əyani şöbə müdiri
E-mail: [email protected]  
 
Məktəbəqədər təhsil pilləsinin sonunda uşağın ümumi inkişaf və təlim nəticələri ilə bağlı dünyanın pedaqoq-psixoloq alimləri bütün dövrlərdə elmi tədqiqat işləri aparmışlar. Bu dinamik proses kurikulumda yeni yanaşma ilə öz əksini tapmışdır. Tərbiyəçi - müəllim səriştəli qabiliyyəti və peşəkar fəaliyyəti ilə qarşıya qoyulan məqsəd və vəzifələrin uğurlu həllinə nail ola bilər. Məktəbəqədər təhsil pilləsinin sonunda uşağın ümumi inkişaf və təlim nəticələrinə daxil olan aşağıdakı tələblər kurikulumda təsbit olunmuşdur: sağlamlığı möhkəmləndirən hərəkətləri yerinə yetirir; qidalanma və sanitar-gigiyena qaydalarına əməl edir; böyük, kiçik və hissi (sensor)-motor hərəkətlərini koordinasiya edir; təhlükəsizlik qaydalarına əməl edir; nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən istifadə edir; sadə riyazi-məntiqi əməliyyatları yerinə yetirir; əşya və hadisələr
haqqında ilkin təsəvvürlərə malikdir və anlayışları izah edir; səbəb-nəticə əlaqələrini müəyyən edir və fərziyyələr irəli sürür;sadə təqdimatlar edir;sosial və mənəvi dəyərlərə öz münasibətini bildirir; insanlara qarşı hörmət  və dözümlülük (tolerantlıq) nümayiş etdirir;özündən kiçiklərlə, həmyaşıdları və böyüklərlə qarşılıqlı ünsiyyət qurur; sosial normaları  dərk edir və davranışında ona riayət edir; sadə əmək bacarıqları nümayiş etdirir; sadə bədii yaradıcılıq bacarıqları nümayiş etdirir; özünüdərk bacarıqları nümayiş etdirir; mədəni-estetik təsəvvürlərə malikdir və yaradıcılıq bacarıqları nümayiş etdirir.
 
   Məktəbəqədər yaşlı uşaqların elmi əsaslarla dörd inkişaf sahələri: fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik; idrakın inkişafı; estetik və yaradıcı inkişaf; sosial-emosional inkişaf kimi müəyyən edilmişdir. Qeyd olunan inkişaf sahələri və ona aid təlim nəticələri ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrində prosesin sonunda kurikulumun tələblərinə görə qazanılan nəticələr aydın olmalıdır.

   I-inkişaf sahəsi: “Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik”adlanır. Konseptual sənəddə məktəbəqədər təhsil müəssisələrində uşaqların fiziki inkişafi, sağlamlığının qorunması və təhlükəsizliyin təmin olunması əsaslandırılır. Sаğlamlığın möhkəmləndirilməsi, orqanizmin müqavimət qabiliy­yətinin yüksəldilməsinin əhəmiyyəti haqqında anlayışlar yaradılır. Fiziki inkişafa böyük, kiçik və hissi (sensor) motor hərəkətlərinin inkişafı daxildir. Uşağın hərtərəfli inkişafı üçün daha səmərəli vasitələrin müəyyən edilməsi, gigiyenik tələblərə cavab verən şəraitin yaradılması (rasional qidalanma, düzgün təşkil edilmiş rejim, fiziki mədəniyyət məşğələləri və s.), bunların qarşılıqlı əlaqədə olması, düzgün qamət, hərəkət texnikası, hərəkətli oyunların qaydaları, eləcə də, hərəkət vərdişləri ilə yanaşı, uşaqlarda fiziki keyfiyyətlərin inkişaf etdirilməsi təmin olunur.
Təhlükə və çətinliklərə hazırlıq, yol-hərəkəti qaydaları, ekstremal vəziyyətlərdə və təhlükəli situasiyalarda necə hərəkət etmək haqqında ilkin təsəvvürlərin formalaşdırılmasına, məişətdə ehtiyatlı, küçədə mədəni davranmaq, təbii hadisələr və yanğın zamanı müraciət qaydalarının mənimsənilməsinə, ekoloji mədəniyyətin formalaşdırılmasına imkan yaranır.
  
  Uşağın I-ümumi inkişaf və təlim nəticələri: sağlamlığı möhkəmləndirən hərəkətləri yerinə yetirir; qidalanma və sanitar-gigiyena qaydalarına əməl edir; böyük, kiçik və hissi (sensor)-motor hərəkətlərini koordinasiya edir;təhlükəsizlik qaydalarına əməl edir.
 
II-inkişaf sahəsi: “İdrakın inkişafı”kimi ifadə olunur. Məktəbəqədər yaşlı uşaqlarda idrakın inkişafı onlarda öyrənməyə həvəs və maraq formalaşdırır. Məktəbəqədər yaşlı uşağın idrak fəaliyyətində sistemlilik, ardıcıllıq, əlaqəlilik, həyat şəraitinə uyğunluq və həyatda tətbiq etmə mühüm şərt hesab olunur. Məktəbəqədər yaş dövründə uşaq idrakın inkişafı baxımından, ilk növbədə, sadə danışıq dilinə və rabitəli nitqə yiyələnir, ətrafdakılarla ünsiyyət qurur, öz fikirlərini təqdim etməyi öyrənir. Uşaqlar təmasda olduqları əşyaların adlarını, əlamətlərini, necə hərəkət etməsini düzgün ifadə edir, bu istiqamətdə məntiqi mühakimə yürütmək, düzgün, sadə ümumiləşdirmələr aparmaq, əqli nəticəyə gəlmək qabiliyyəti nümayiş etdirir. İdrak üzrə uşağın yerinə yetirdiyi tapşırıqlar onların məntiqi mühakimə yürüdə bilmək bacarıqlarını, intuisiyasını, məkan və zaman haqqında təsəvvürlərini genişləndirir. Riyazi tapşırıqların həlli zamanı uşaqlarda induksiya və deduksiya, ümumiləşdirmə və konkretləşdirmə, təhlil və tərkib, təsnifetmə və sistemləşdirmə, mücərrədləşdirmə və analogiya kimi mühakimə qabiliyyətləri inkişaf edir.
   
Uşağın  II- ümumi inkişaf və təlim nəticələri: nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən istifadə edir; sadə riyazi-məntiqi əməliyyatları yerinə yetirir; əşya və hadisələr haqqında ilkin təsəvvürlərə malik  olur və anlayışları izah edir; səbəb-nəticə əlaqələrini müəyyən edir və fərziyyələr irəli sürür; sadə təqdimatlar edir.
 
III-inkişaf sahəsi: “Estetik və yaradıcı inkişaf”dır. Məktəbəqədər təhsil ətraf aləmin gözəlliklərini duymaq, estetik cəhətdən qavramaq və müvafiq bədii nümunələr yaratmaq üçün ilkin pillədir. Bu sahədə aparılan işlər estetik tərbiyənin vəzifələrinə daxildir. Məktəbəqədər yaşlı uşaqların estetik inkişafı onların yaradıcılıq qabiliyyətlərini stimullaşdırır. Estetik tərbiyə məktəbəqədər yaşlı uşaqlarda bədii hisslərin və zövqün, bədii yaradıcılıq qabiliyyətlərinin, ətraf aləmdəki obyektləri müşahidə və müzakirə etmək bacarığının inkişafını təmin edir. Təsviri fəaliyyətdə rənglər və formaların yeni birləşməsi, quraşdırma prosesində müxtəlif modellərin qurulması, yeni hekayə və nağılın, musiqi fəaliyyətində sadə melodiyanın dinlənilməsi, mahnı və uşaq musiqi alətlərində ifa, rəqs məktəbəqədər yaşlı uşaqların estetik inkişafına kömək edir. Uşaqlarda ətraf aləmin gözəlliklərini düzgün qiymətləndirmək bacarığı və ətraf aləmə müsbət emisional münasibət formalaşmağa başlayır.
 
Uşağın III-ümumi inkişaf və təlim nəticələri:sadə bədii yaradıcılıq bacarıqları nümayiş etdirir; mədəni-estetik təsəvvürlərə malik olur və yaradıcılıq bacarıqları nümayiş etdirir;sadə əmək bacarıqları nümayiş etdirir.
 
IV-inkişaf sahəsi: “Sosial-emosional inkişaf” adlanır. Məktəbəqədər yaşlı uşaqlarda sosial və emosional keyfiyyətlər vəhdətdə inkişaf edir. Uşaq özünün emosional əhvalını məhz yaşadığı sosial mühitin normaları əsasında, buna uyğun olaraq tənzimləyir. Sosial-emosional inkişaf vasitəsilə uşaqlarda insanlara qarşı müsbət münasibət, xeyirxahlıq, qayğıkeşlik, qarşılıqlı yardım, başqasının dərdinə şərik olmaq, konfliktlərin həlli və s. kimi mənəvi keyfiyyətlər yaranır. Uşaqlar oyun, əmək və əməli fəaliyyətə, kollektivdə davranma qaydalarına dair ilkin bacarıqlara yiyələnirlər. Kommunikasiyanın köməyilə birgə fəaliyyətin müxtəlif növlərində şəxsiyyətlərarası əlaqələr, böyüklərə hörmət, qarşılıqlı təsir və qarşılıqlı anlaşma təmin olunur. Kommunikasiya uşağın sosial şəxsiyyət kimi formalaşmasında əsas vasitəyə çevrilir. 
 
Uşağın IV- ümumi inkişaf və təlim nəticələri :sosial və mənəvi dəyərlərə öz münasibətini bildirir; insanlara qarşı hörmət və dözümlülük (tolerantlıq) nümayiş etdirir;özündən kiçiklər, həmyaşıdları və böyüklərlə qarşılıqlı ünsiyyət qurur;sosial normaları dərk edir və davranışında ona riayət edir;özünüdərk bacarıqları nümayiş etdirir.
Məktəbəqədər təhsil müəssisələrində uşaq inkişafının yaş mərhələsinə uyğun təşkil edilən fəaliyyət növləri diqqətdə saxlanılmaqla təlim-tərbiyə prosesində  reallaşdırılmalıdır. 
 
Körpələr qrupu (1-3 yaş) üzrə inkişaf sahələrinə aid təlimin nəticələri: 
Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik-sadə fiziki hərəkətləri yerinə yetirir; sadə gigiyena qaydalarına əməl edir;masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimləyir; həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyaları sadalayır.
 
İdrakın inkişafı-özünü, ailə üzvlərini və vətənini adlandırır;sadə suallar əsasında danışır;müşahidə etdiyi əşyaları adlandırır;sadə riyazi təsəvvürlərə malik olduğunu nümayiş etdirir (az, çox, böyük, kiçik, uzun, qısa);ölçü anlayışını başa düşdüyünü nümayiş etdirir; dairəvi əşyaları adlandırır.
 
Estetik və yaradıcı inkişaf- təsvir vasitələrindən təyinatına görə istifadə edir; rəngləri (qırmızı, sarı, yaşıl) adlandırır; hərəkətlərini musiqinin melodiyasına uyğunlaşdırır. 
Sosial-emosional inkişaf- ilkin ünsiyyət bacarıqları nümayiş etdirir;  hissləri başa düşür və adekvat cavab verir.
 
3-4 yaş dövrü, orta qrup (3-4 yaş) üzrə inkişaf sahələrinə aid təlimin nəticələri: 
Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik-fiziki hərəkətləri müvazinətini saxlayaraq yerinə yetirir; ilkin gigiyena qaydalarını mənimsədiyini nümayiş etdirir; masa arxasında yemək dəstindən istifadə bacarığı nümayiş etdirir;  həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyaları əlamətlərinə görə fərqləndirir. 
İdrakın inkişafı- özü, ailəsi və vətəni haqqında suallara cavab verir; əşyalar və sadə süjetli şəkillər üzrə danışır; müşahidə etdiyi əşyaları fərqləndirir;əşyalarla üç dairəsində riyazi əməliyyatlar yerinə yetirir;  əşyaları forma və ölçüsünə görə fərqləndirir;həndəsi fiqurları (dairə, üçbucaq, kvadrat) adlandırır.

 Estetik və yaradıcı inkişaf-sadə təsvirlər çəkir;təsvirlərində uyğun rənglərdən istifadə edir; musiqini anladığını ifa bacarığı ilə nümayiş etdirir.
Sosial-emosional inkişaf- sadə ünsiyyət etiketlərinə əməl edir; arzu, hiss və istəklərini ifadə edir.
 
4-5 yaş dövrü, böyük qrup (4-5 yaş) üzrə inkişaf sahələrinə aid təlimin nəticələri: 
Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik- fiziki hərəkətləri verilən komandaya uyğun yerinə yetirir; müəyyən olunmuş gigiyena qaydalarına əməl edir;  masa arxasında mədəni davranış qaydalarına əməl edir; həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyalarla təhlükəsiz davranma bacarıqları nümayiş etdirir. 
İdrakın inkişafı-özü, ailəsi və vətəni haqqında məlumat verir; müşahidə etdikləri barədə danışır; ətraf aləmdə baş verən hadisələri adlandırır; əşyalarla beş dairəsində riyazi əməliyyatlar yerinə yetirir;əşyaları formasına, ölçüsünə və sayına görə qruplaşdırır; məkan və zamana görə hərəkətlərinin ardıcıllığını təyin edir;həndəsi fiqurları (dairə, üçbucaq, kvadrat) fərqləndirir. 
Estetik və yaradıcı inkişaf-verilmiş süjet əsasında təsvirlər çəkir;rəng çalarlarını fərqləndirir;musiqini xarakterinə görə fərqləndirir. 
Sosial-emosional inkişaf:əməkdaşlıq bacarıqları nümayiş etdirir; digərlərinin arzu və istəklərini dəyərləndirir. 

5-6 yaş dövrü, məktəbəhazırlıq qrupu (5-6 yaş) üzrə inkişaf sahələrinə aid təlimin nəticələri:
 Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik-fiziki inkişafla bağlı müəyyən olunmuş müxtəlif hərəkətləri yerinə yetirir; gigiyena qaydalarını özünənəzarət əsasında nümayiş etdirir;masa arxasında süfrə mədəniyyətinə yiyələndiyini nümayiş etdirir; həyatına və sağlamlığına təhlükə yarada biləcək hadisələrdən qorunma qaydalarını izah edir.
 İdrakın inkişafı - özü, ailəsi və vətəni haqqında kiçik təqdimatlar edir;  verilmiş mövzu ətrafında danışır;ətraf aləmdə baş verən hadisələrə münasibət bildirir;hərfləri tanıyır, hərf və səsləri fərqləndirir; hecalar, hecalardan sözlər, sözlərdən cümlələr, cümlələrdən şifahi mətnlər qurur;  kəsmə əlifba vasitəsilə sözlər düzür;əşyalarla on dairəsində riyazi əməliyyatlar yerinə yetirir; hadisələri məkan və zamana görə müqayisə edir; həndəsi fiqurlardan (dairə, üçbucaq, kvadrat) aidiyyəti üzrə istifadə edir.
 
Estetik və yaradıcı inkişaf - sadə kompozisiyalar qurur;  təsvir prosesində rəng çalarlarından istifadə edir;  ifaçılıq bacarıqları nümayiş etdirir. 
Sosial-emosional inkişaf- ünsiyyətini sosial normalara əsasən tənzimləyir;  birgəfəaliyyət bacarıqları nümayiş etdirir. 
Yaş qrupları və inkişaf sahələri üzrə məktəbəqədər təhsil proqramının (kurikulumun) məzmunu standartlar şəklində ifadə olunmuşdur. Məzmun standartları uşağın bilik və bacarıq səviyyələrinə qoyulmuş dövlət tələbi olmaqla, gözlənilən ümumi təlim nəticələrini reallaşdırır. Standartlar bütün yaş qrupları üçün eyni, alt-standartlar isə hər yaş qrupuna müvafiq olaraq dəyişir. Alt-standarlar əsas standartlarda ifadə olunmuş fikrin müəyyən hissəsidir. Hər yaş qrupuna uyğun olaraq alt-standartlar inkişaf dinamikası üzrə tədricən mürəkkəbləşir

 Hər bir standart bilik və fəaliyyətdən ibarətdir.
Burada məzmun uşağın nə öyrənəcəyini, yəni bilik hissəsini, fəaliyyət isə öyrəndiyini necə nümayiş etdirəcəyini bildirir. Bütün hərəkətlərdə uşağın təfəkkür fəallığının inkişaf etdirilməsi, psixomotor bacarıqların formalaşdırılması zəruri tələb kimi diqqət mərkəzində saxlanılmışdır. Məzmun standartları bilik hissəsinin təcrübədə tədqiq olunaraq bacarığa çevrilməsini təmin edir. Məktəbəqədər təhsil proqramı (kurikulum) inteqrativ xarakter daşıyır. Bu, ilk növbədə, uşağın ibtidai təhsilə hazırlanması, şəxsiyyətinin formalaşması, onda sadə həyati bacarıqların inkişafı ilə bağlıdır. Verilən standartlar biri digərini tamamlamaq, möhkəmləndirmək, davam etdirmək baxımından ardıcıllıqla verilir.
 
Nəticəyönümlülük məktəbəqədər təhsil proqramının (kurikulumun) hazırlanmasında nəzərə alınan mühüm didaktik prinsiplərdən biridir. Təlim prosesində əldə olunacaq nəticələrin əvvəlcədən müəyyən edilməsi və onun məzmuna gətirilməsi bu prinsipin başlıca cəhətlərindən biri kimi dəyərləndirilir. Ümumi nəticələr bütün inkişaf sahələri üzrə hər bir yaş dövrünə uyğun mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret hissəsi olduğundan onlar məzmunu müəyyənləşdirməklə yanaşı,uşağın əldə etdiyi nailiyyətlərin dəyərləndirilməsinə şərait yaradır.
İnkişaf sahələrinin inteqrasiyası məktəbəqədər təhsildə uşaqların təfəkküründə dünyanın bütöv və bölünməz obrazını formalaşdırır. Onları inkişafa və özünüinkişafa istiqamətləndirmək məqsədilə təlimin bütün məzmun komponentləri arasında struktur əlaqələri qurmaq və onları sistemləşdirməkdir. Təlim vəzifələri o zaman daha səmərəli həll olunur ki, tərbiyəçi-müəllim təlim-tərbiyə prosesinin təşkilində inteqrativ yanaşmadan məqsədyönlü şəkildə istifadə etmiş olsun.   
 
  Tərbiyəçi-müəllim inkişaf və təlim prosesini elə təşkil etməlidir ki, bütün fəaliyyət növlərində uşaqlardan daha çox hərəki fəallıq tələb edilsin. Belə yanaşma fiziki inkişafı stimullaşdırmaqla yanaşı, digər vəzifələrin də daha uğurlu həllinə kömək edir. Digər tərəfdən bir inkişaf sahəsi üzrə təşkil edilmiş prosesdə digər inkişaf sahələrinin vəzifələrinin həllinə də diqqət yetirmək zəruridir. Məsələn: Hərəkətli və idman oyunları zamanı təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması; fiziki mədəniyyət məşğələlərində mənəvi keyfiyyətlərin (cəsurluq elementləri, birbirinə kömək etmək, özünün və yoldaşlarının hərəkətini qiymətləndirmək və s.) inkişafı üçün pedaqoji situasiya yaradılması;idman avadanlıqlarının yığışdırılmasına uşaqların cəlb edilməsi; uşaq təfəkkürünün fəallaşdırılması (oyunu, avadanlığı, oyuncağı və s. müstəqil seçmək, məkana bələdləşmə üçün xüsusi tapşırıqlar, böyüklərin əməyini, heyvanların hərəkətini imitasiya etməklə ətraf aləm haqqında təsəvvürlərin möhkəmləndirilməsi və s. vasitəsilə); hərəki fəallıq prosesində hərəkət və tapşırıqların adlandırılması ilə fəal nitqin genişləndirilməsi; şeir, saymaca, nəğmələrin oyun və tapşırıqlarla müşayiət olunması;uşaqların diqqətinin estetik cəhətdən yoldaşlarının, tərbiyəçi-müəllimin xarici görünüşünə, müəssisənin tərtibatına yönəldilməsi və s.
 Analoji olaraq, inteqrativ yanaşma dörd inkişaf sahəsi üzrə vəzifələrin reallaşdırılması zamanı nəzərə alınmalıdır. Şaquli inteqrasiyada yaş qrupları və inkişaf sahələri arasındakı əlaqə, ardıcıllıq və sistemlilik, üfüqi inteqrasiyada isə hər yaş dövrü üzrə müxtəlif inkişaf sahələri üzrə əsas və altstandartlar arasındakı əlaqəlilik və ardıcıllıq təmin olunur. Bütün hallarda uşağın inteqrativ standartlar əsasında bacarıqlara yiyələnməsi diqqət mərkəzində saxlanılmalıdır. Məzmun yaş qrupuna uyğun olaraq sadədən mürəkkəbə prinsipi əsasında məntiqi ardıcıllıq və sistemlə müəyyənləşdirilmişdir. Kurikulumda məktəbəqədər təhsilin sonunda ümumi təlim nəticələri təqdim olunmuşdur. Burada  ibtidai təhsillə məktəbəqədər təhsil pilləsi arasındakı varislik gözlənilmişdir. Məktəbəqədər təhsildə uşağın inkişaf və təlim strategiyalarının mahiyyəti tərbiyəçi-müəllim tərəfindən anlaşıqlı olmalıdır.

Strategiya - əvvəlcədən müəyyən edilmiş nəticəyə (nəticələrə) çatmaq üçün hazırlanan məqsədlər zənciridir. Subyektin məqsədinə çatması üçün düşünülmüş planlı fəaliyyət modelidir. Strategiya minimal əmək, vaxt və resurs sərf etməklə optimal nəticəyə necə çatmağın yollarını göstərir. Strategiyanın məzmununa fəaliyyət istiqamətinə uyğun olaraq məntiqi qərarlar toplusu daxildir. Təlim strategiyaları təlim prosesinin təşkilinə verilən tələbləri, istifadə edilən forma, üsul və vasitələri əhatə edir. Fasiləsiz təhsil sisteminin tərkib hissəsi olan, gözlənilən nəticələri ilə fərqlənən məktəbəqədər təhsil pilləsi sonrakı mərhələlər üçün əsas bünövrə rolunu oynayır. Təhsil həm də bütövlükdə tərbiyəçi-müəllim, uşaq və valideynin birgə fəaliyyətinin yekunu olduğundan, ona nəticə kimi baxılır. Tam və mərhələli prosesin sonu kimi qiymətləndirilir. Məktəbəqədər təhsilin proqramında (kurikulumda) təlim strategiyaları aşağıdakı məsələləri əhatə edir:təlim prosesi və onun təşkili prinsipləri; təlimin təşkilində istifadə olunan forma və üsullar; təlimin planlaşdırılması. Pedaqoji prosesdə təlim strategiyasının vacibliyi ondan ibarətdir ki, o, əlverişli metod və usullarla uşaqların inkişafı üçün səmərəli öyrənmə imkan yaradır. Təlim strategiyalarına inteqrativ yanaşma öyrənmənin keyfiyyətinin və uşaqların uğurlarının artmasına gətirib çıxarır.
    İnkişafetdirici təlim mühitinin təşkili uşağın təfəkkür, sosial, emosional, fiziki və yaradıcı inkişafına böyük təsir göstərir. Tərbiyəçi-müəllim fiziki və psixoloji baxımdan təhlükəsiz və həvəsləndirici mühit yaradır.Uşağın müstəqil və qrup layihələri, oyun, müxtəlif vasitələr, digərləri və böyüklərlə qarşılıqlı əlaqə vasitəsilə inkişafını dəstəkləyir. 
   Uşaqyönümlü mühitin yaradılması işində aşağıdakı tələblər nəzərə alınmalıdır:uşağın ətraf mühitdə olan əşyalar və onları əhatə edən insanlarla qarşılıqlı əlaqə quraraq öyrənməsi və biliklər qazanması;  uşağın inkişafını və öyrənməsini təmin etmək üçün onun maraq, ehtiyac və güclü tərəflərinin nəzərə alınması. 
   Müvafiq tədqiqatların aparılması, yeniliklərin aşkar  edilməsi və fikir mübadiləsinə şərait yaradan mühitin qurulması məsuliyyəti tərbiyəçi-müəllimin üzərinə düşür. Belə mühitdə tərbiyəçi-müəllimin rolu uşağın özünüifadəsini dəstəkləməkdir. Arzu olunan davranış və şəxsi keyfiyyətlərin: “Niyə?”, “Nə üçün?” suallarının verilməsinin, ətrafdakılara qarşı hörmət və qayğının göstərilməsinin, məsuliyyət hissinin təmin olunmasından ibarətdir. Məktəbəqədər təhsil müəssisəsində təşkil edilən inkişafetdirici daxili və xarici mühitin mühüm əhəmiyyəti vardır.Daxili inkişafetdirici mühit uşağın maraq və ehtiyaclarına uyğun təlimi təcrübədə həyata keçirməyə imkan verir.Xarici inkişafetdirici mühitin funksiyası  müəssisənin həyətyanı sahəsi daxili məkanda mümkün olmayan imkanları təmin etməsidir. Müəssisənin həyətində oyun məkanına təbiət elementləri: ağaclar, bitkilər, yeməli meyvə və tərəvəzlər, qum, daş, gil, su və s. daxil olmalıdır. Bu məkan təbiətlə əlaqə, imkan və kəşfləri təmin etməyə malikdir. Belə sahələr ətraf aləmin öyrənilməsinə, təbiətə qayğının vacibliyinin dərk edilməsinə kömək edir. Eyni zamanda fasiləsiz ekoloji təhsili təmin edir. Narahatlıq yaradan cəhət odur ki, daxili və həm də xarici inkişafetdirici mühitin uşağın təliminin bütün aspektlərini təmin etməsi amili lazımınca qiymətləndirməyənlərdə vardır. Bilmək lazımdır ki, inkişafetdirici və dəstəkləyici mühit tərbiyəçi-müəllim, uşaqlar, ailələr və yerli ictimaiyyət arasında ünsiyyətə kömək edir.

 İnkişafetdirici və dəstəkləyici mühitin yaradılması bütün inkişaf sahələri üzrə uşağın təliminə müsbət təsir göstərir. İnkişafetdirici və dəstəkləyici mühitin yaradılması üçün məktəbəqədər təhsil müəssisəsində müxtəlif fəaliyyət mərkəzləri (guşələr) təşkil olunur. Bu mərkəzlər inkişaf sahələri üzrə qurulur və uşağın inkişafını təmin edir. Qrup otaqlarında şəraitin bu cür yaradılması uşağa sərbəst seçim imkanı verir. Hər yaş qrupunda bir neçə fəaliyyət mərkəzi yaradılır ki, bunların da hər birində tədqiqat və oyunlar üçün kifayət qədər materiallar təqdim olunur. Fəaliyyət mərkəzləri yaş qruplarına uyğun uşağın maraq və inkişaf ehtiyacları, məktəbəqədər təhsil müəssisəsində mövcud olan təlim resursları nəzərə alınmaqla tərtib olunur.Uşağın maraq və inkişaf ehtiyacları, məktəbəqədər təhsil müəssisəsində mövcud olan təlim resursları nəzərə alınır. Fəaliyyət mərkəzləri (guşələr) üçün nəzərdə tutulur:riyaziyyat guşəsi;kitab guşəsi; stolüstü oyunlar guşəsi; elm guşəsi;  təsviri fəaliyyət guşəsi;qum və su guşəsi; oyuncaq tikinti materialları guşəsi; süjetli-rollu oyunlar guşəsi; məişət-təsərrüfat guşəsi; milli guşə;gəlincik guşəsi;nəqliyyat guşəsi;təbiət guşəsi;əl əməyi guşəsi (məktəbəhazırlıq qrupunda). Fəaliyyət mərkəzləri bir-birindən ayrı təşkil edilir və xüsusi materiallarla təchiz olunur. Bu materiallar həm tərbiyəçi-müəllim, həm valideyn, həm də uşaqlar tərəfindən hazırlana bilər. Mərkəzlərdə qoyulan materiallar (kitablar, oyuncaqlar, həndəsi fiqurlar, oyuncaq qablar, mətbəxə aid oyuncaqlar, kağız, qələmlər, karton, boyalar, plastilin, pazllar, müxtəlif bitkilər, yarpaqlar) uşağın əli çatan vəziyyətdə qoyulmalı və o həmin materiallarla yaradıcı və müstəqil davranmağa həvəsləndirilməlidir. Fəaliyyət mərkəzləri elə yaradılmalıdır ki, orada uşaqlar kiçik qruplarda bir-birilə oynayıb ünsiyyət qura, istədikləri fəaliyyət mərkəzlərini özləri seçə bilsinlər. Həm də fəaliyyət mərkəzlərində uşaqlar birgə oynamaq və əməkdaşlıq etməyi öyrənirlər. İnkişafetdirici və dəstəkləyici təlim mühiti uşağın müstəqilliyinə imkan yaradır, onun təhsil uğurunun təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Böyüklər uşağın öyrənmə prosesinə təsir göstərən şəraiti və materialları təmin edir. Onların qarşılıqlı münasibətlər daxilində fəaliyyət göstərmələrinin və özlərini ifadə etmələrinin reallaşmasına imkan yaradır, lakin oyun prosesini formalaşdıran rol və vəzifələri uşaqlar özləri müəyyənləşdrirlər. Oyun uşaqlarda tədqiqat, risketmə, sosiallaşma və təlimə motivasiyanı stimullaşdırır. Oyunların bütün növləri məktəbəqədər yaşlı uşaqların inkişafı və təlimi üzrə pedaqoji fəaliyyətin əsası olmalıdır. 

Məktəbəqədər yaş dövründə oyun kateqoriyaları uşaqların inkişafında mühüm vasitədir:
 təklikdə oyunlar - materiallar və ideyalarla təkbaşına oyun; 
paralel oyunlar - bəzən təkrarlayaraq, bəzən isə həmin materiallardan istifadə edərək fərqli fəaliyyət növünü həyata keçirməklə bir-birilə yanaşı oyun;
əməkdaşlıq oyunları - ümumi maraqlarla qarşıya qoyulan problemləri həll etmək üçün ideya və rol mübadiləsi aparmaq yolu ilə uşaqlar qrupunun əməkdaşlıq oyunları; 
sərbəst oyunlar - təkbaşına və ya yaşıdları ilə oyun (bu zaman yalnız oyun iştirakçılarının ehtiyacı olduqda və onlar kömək üçün müraciət etdikdə böyüklər dəstək göstərə bilər); 
sensomotor oyunlar - müxtəlif materiallardan hazırlanmış oyuncaqların köməyi ilə, su və qumu qarışdıraraq və ya papye-maşedən formalar hazırlamaqla lamisə üzvlərinin, həm də fiziki hərəkətlərin istifadəsi ilə əşyaların (obyektlərin) xüsusiyyətlərinin öyrənilməsi; 
konstruktorla oyunlar - taxta kubların və ya leqoların istifadəsi ilə oyuncaq maşınlar üçün qarajların tikintisində müxtəlif konstruksiyaların yaradılması;  
süjetli-rollu oyunlar - xəyali (məsələn, ananı və ya atanı, mağazada satıcını, xəstəxanada həkimi və s. təsvir edərək) obrazların yaradılması, hisslər, hadisələr, insanlar, heyvanların imitasiyası və təsviri, müvafiq dil və jestlərdən istifadə edilməsi;  
simvolik oyunlar - simvolik və ya xəyali olaraq konkret əşya-obyekt, hərəkət və ya hadisələrin təsvir olunması (uşaqlar böyüdükcə onların simvolizə etmək istədikləri əşyanın forma və funksiyaları üzrə əvəzedicilərdən - taxta parçaları və ya qutular kimi obyektlərdən istifadə etməyə başlayırlar).  
    Simvolik oyun konstruktiv və dramatik oyunu təşkil edir. Körpələr qrupunda təlimin oyun-məşğələ formasında keçirilməsi məqsədəuyğundur. Oyun-məşğələlər uşağın düzgün və ahəngdar inkişafına kömək edir.Müstəqil oyun prosesində böyüklərin təsiri ilə uşağın bacarıqlarının formalaşmasına təsir edir. Oyun-məşğələlər uşağın böyüklərin nitqini anlamasına, ətrafa bələdləşməsinə kömək edir.
Təlimin səmərəli təşkili üçün tərbiyəçi-müəllim aşağıdakıları bacarmalıdır: hər bir fəaliyyətdə uşaqlarla birgə iştirak etmək; qrup otağı və materialların estetikliliyini təmin etmək; uşaqların inkişafında və təlimində irəliləyişi sənədləşdirmək; təlim və təcrübələr arasında əlaqələri görməkdə və təqdim edilən iş vasitəsilə öz biliyini ifadə etməkdə uşaqlara kömək etmək; valideynlərlə əməkdaşlıq etmək; layihələr barədə həmkarları və valideynlərlə dialoq aparmaq. 

Təlim prosesi şərti olaraq aşağıdakı kimi bölünə bilər:uşaq fəaliyyətinin müxtəlif növlərinin təşkili prosesində həyata keçirilən təlim fəaliyyəti; rejimə əsasən həyata keçirilən təlim fəaliyyəti;uşaqların müstəqil fəaliyyəti;  proqramın realizəsi zamanı ailələrlə qarşılıqlı əməkdaşlıq. 
Təlim prosesinin təşkilində uşaqların yaşına uyğun iş formaları müəyyənləşdirilməlidir. İş formasının seçilməsi zamanı tərbiyəçi-müəllim uşaqların kontingentini, mədəni və regional xüsusiyyətləri nəzərə alaraq, məktəbəqədər təhsil müəssisəsinin şəraitinə, həmçinin öz təcrübə və yaradıcılığına əsasən yanaşmalardan istifadə etməli olur. Məktəbəqədər yaş dövründə təlim fəaliyyəti inteqrasiya və oyun elementləri daxil edilməklə təşkil edilir. Fəaliyyət uşaq üçün maraqlı və əyləncəli olmalıdır: didaktik, süjetli-rollu, hərəkətli, musiqili, yallı xarakterli, səhnələşdirilmiş, imitasiya xarakterli hərəkətli oyunların keçirilməsi; müxtəlif janrlı bədii uşaq ədəbiyyatının oxunması və müzakirəsi; uşaqlarla situativ söhbətlərin təşkili; gəzinti zamanı fəslə uyğun təbiətdəki dəyişikliklərin müşahidəsi;əməli fəaliyyətin (rəsm, yapma, kəsib-yapışdırma) təşkili; mahnıların və rəqslərin ifa olunması;  hərəkətlərin inkişafı üzrə məşğələlərin təşkili; müxtəlif rejim anlarında fəaliyyətin təşkili. 
Məktəbəqədər yaşlı uşaqların hərtərəfli inkişafının və keyfiyyətli təlimin təmin olunması və müsbət emosional mühitin yaradılması üçün öyrənmə fəaliyyətinin təşkili zamanı bir sıra əsas tələblər nəzərə alınmalıdır: uşaq ləyaqətinə hörmət; təlimin uşaqların yaş və fərdi xüsusiyyətlərinə uyğun forma, metodlar əsasında təşkili; təlim prosesində fəaliyyətin böyüklər və uşaqlar arasında əməkdaşlıq əsasında qurulması; uşaqların təşəbbüskarlıq və müstəqilliyinin dəstəklənməsi; uşaqların fiziki və psixi zorakılığın bütün formalarından qorunması;ailələrin təlim fəaliyyətinə bilavasitə cəlb edilməsi.
 
Məktəbəqədər yaşlı uşaqların təliminin təşkili zamanı aşağıdakı prinsiplərə istinad edilməlidir:
şəxsiyyətyönümlülük - uşaqlara bütöv bir şəxsiyyət kimi yanaşmağı tələb edir. Həyatda lazım olan ən zəruri dəyərlərin formalaşdırılmasını bir vəzifə kimi qarşıya qoyur. Bu iş məktəbəqədər təhsil mərhələsindən başlayır. Ona görə də təlimin məzmununda və həyata keçirilməsində onun nəzərə alınması vacib hesab edilir; 
diferensiallaşdırma və fərdiləşdirmə - uşaqların fərdi xüsusiyyətlərinin, maraq və tələbatlarının, fiziki və əqli inkişaf səviyyələrinin, psixofizioloji xüsusiyyətlərinin nəzərə alınması, onların təliminin bu xüsisiyyətlər əsasında təşkil olunmasını tələb edir;
 idrak fəallığı - məktəbəqədər təhsil materiallarının koqnitiv xarakter daşımasına, onun fəal təlim şəraitində reallaşdırılmasına imkan yaradır, uşaqlarda hər hansı problemin həlli tələbatını, onlarda idrak proseslərinin fəallaşdırılmasını gücləndirir; 
əyanilik - məktəbəqədər təhsil müəssisəsində uşaqların öyrənməyə olan marağını stimullaşdırır, öyrəndiklərinin daha keyfiyyətli mənimsənilməsinə şərait yaradır; 
əməkdaşlıq - “tərbiyəçi-müəllim-uşaq-valideyn” münasibətlərində qarşılıqlı fəaliyyətin təmin olunmasını nəzərdə tutur; 
nəticəyönümlülük - fəaliyyətin əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında qurulmasını tələb edir.
 Təlimin təşkilində istifadə olunan forma və üsullardan tərbiyəçi-müəllim peşəkarlıqla istifadə etməlidir.
 1-3 yaşlı uşaqlarla öyrənmə prosesində fərdi, 3-6 yaşlı uşaqlarla isə fərdi, cütlərlə, qruplarla və kollektiv iş formalarından istifadə edilir. Pedaqoji proses ətraf mühitin və əşya aləminin fəal tədqiqi prosesində uşağın bütün inkişaf sahələri üzrə fəaliyyət növlərinin kompleks inkişafı üzərində qurulmalı, şəxsiyyətyönümlülük prinsipi əsasında təşkil olunmalıdır. Fərdi iş zamanı uşaqların potensial imkanlarının müəyyənləşdirilməsi və onların müstəqil fəaliyyət göstərməsi üçün imkan yaranır. Cütlərlə iş zamanı uşaqların hər hansı problemin həllində bir-birinə kömək göstərmələrinə, əməkdaşlıq etmələrinə, bir-birlərinin qarşısında öz məsuliyyətlərini dərk etmələrinə imkan yaranır. Qruplarla iş (3-4 nəfər) zamanı uşaqlar birləşir, işin gedişində əməkdaşlıq və müxtəlif problemləri bir yerdə həll etməyə cəlb olunurlar. Bu zaman uşaqlar müstəqil fikir söyləmək, digərlərini dinləmək imkanı əldə edirlər. Kollektiv iş zamanı, birgə fəaliyyət göstərmək və kommunikativ bacarıqların inkişafı təmin edilir. 
1-3 yaşlı uşaqlarla iş zamanı aşağıdakı iş üsullarından istifadə edilə bilər: Süjetli-rollu oyunlar - hər hansı bir problemə müxtəlif nöqteyi-nəzərdən yanaşmağı tələb edir. Bu üsul uşaqlara hadisələrin iştirakçısı olmaq və mövcud vəziyyətə baxmaq imkanı verir. Oyun prosesində uşaqlar rola girir, mövcud vəziyyəti görürlər. Tərbiyəçi- müəllim ilə birgə fəaliyyət göstərir, tanış süjetə yeni epizodlar qoşur. Böyüklərın köməyi ilə öz oyunu üçün oyuncaqlar seçir. Tərbiyəçi-müəllim suallar qoymaq yolu ilə oyunu inkişaf etdirməyi bacarmlıdır. (“Gəlincik yedi. Sonra o nə edəcək?”, “Salfet haradadır?”, “Gəlincik yatmaq istəyir?” və s.). Təlim prosesinə belə oyun elementlərinin gətirilməsi onun maraqlılığını, uşaqların yaradıcı fəaliyyət göstərməsi imkanlarını genişləndirir: oyuncaq tikinti materiallarından (böyük və kiçik ölçülü plastmas kərpiclər) istifadə edərək süjetli oyunun inkişafı üçün tikinti quraşdırmağa həvəs göstərir; oyun prosesində müəyyən rola uyğun hərəkətlər (ananın və ya atanın, həkimin, sürücünün rolunu ifa edir, tanıdığı heyvanların səsini və hərəkətlərini təqlid edir və s.) edir. 
Hərəkətli oyunlar sadə məzmunlu olub geniş istifadə edilir. Bu zaman oyunu əvvəlcə kiçik qruplarla, sonra isə birgə təşkil etmək məqsədəuyğundur. 
Didaktik oyunlarda uşaqların diqqətinin, təfəkkürünün, qavrayışıının, təxəyyülünün, kiçik motor hərəkətlərinin inkişafı təmin edilir. Oyuncağı hissələrə ayırmaq və yığmaq üzrə oyunların təşkili məqsədəuyğundur. 
3-6 yaşlı uşaqlarla iş zamanı geniş imkanları olan əqli hücum, tap-tapmaca, nağıletmə, müzakirə, şaxələndirmə (klaster), problemli vəziyyət, oyunlar, suallar, söz assosiasiyası kimi fəal-interaktiv təlim üsullarından istifadə edildikdə səmərəli nəticələr əldə edilir. 
Əqli hücum - birgə səy nəticəsində konkret problemin bir neçə həllinin işlənib hazırlanması, müəyyən vaxt ərzində bütün uşaqların problemlə bağlı ideyalarının toplanması, təlim fəaliyyətinin stimullaşdırılmasıdır. Əqli hücüm uşaqlara öz fikirlərini sərbəst ifadə etmək imkanı verir.Fikrin müxtəlifliyinin zəruriliyini başa düşmək üçün şərait yaranır. Bu üsuldan məşğələlərdə problemli situasiya, fikir müxtəlifliyi yaratmaq və həlli yollarını tapmaq üçün istifadə edilir. Uşaqların fəallığının artırılmasına və onlar tərəfindən ideyaların irəli sürülməsinə imkan yaradır. Bu üsuldan, demək olar ki, bütün məşğələlərdə istifadə etmək mümkündür. 
Tap-tapmaca - oyun-tapmaca formasında keçirilən bu üsul uşaqlarda yüksək fəallıq yaradır. Tərbiyəçi-müəllim lövhədə dairəvi kart asır, onun arxasında yeni mövzu üzrə “açar söz” mahiyyəti daşıyan anlayışın şəkli yapışdırılır. Kartın şəkil olmayan tərəfi uşaqlara tərəf asılır. Uşaqlara şəklin arxasında gizlədilmiş anlayışın xüsusiyyətlərinə aid iki və ya üç yönəldici söz sadalanır. Ola bilər ki, lövhəyə kartın yanında həmin anlayışa aid şəkillər yapışdırılsın. Uşaqlar həmin şəkillərə uyğun olaraq gizlədilmiş anlayışı tapırlar (məsələn, alma, nar və s.). Uşaqlar anlayışı tapmaqda çətinlik çəksələr, əlavə olaraq yeni xüsusiyyətlər sadalanır. Uşaqlar öz fərziyyələrini dedikdən sonra tərbiyəçi-müəllim kartı çevirir. Anlayışın düzgün tapılmasında fəallıq göstərənlər qeyd olunur. Çətinlik çəkənlərə öz fikirlərini əsaslandırmaq üçün imkan yaradılır. Sonda hamı rəğbətləndirilir.
Nağıletmə - məlumatın tərbiyəçi-müəllimdən uşağa ötürülməsi və dinləmə bacarıqlarının inkişafı üsuludur. Bu üsuldan mövzu ilə bağlı məzmunun zənginləşdirilməsi, tamamlanması məqsədilə istifadə etmək məqsədəuyğundur. Belə qısa nağıletmə 10-15 dəqiqə ərzində aparılır. Nağıletmə ilə bağlı aşağıdakı məsələlər diqqət mərkəzində saxlanılır: nağıletmənin məqsəd və vəzifələrini dəqiq müəyyənləşdirmək; nağıletmə zamanı ardıcıllığı gözləmək; nağıletmədə süjetli şəkillərdən istifadə etmək; digər əyani və texniki vasitələrdən istifadə etmək. Tərbiyəçi-müəllim məlumatın ötürülmə prosesini verbal (suallar vermək) və vizual (uşaqların üz ifadələrini və jestlərini müşahidə etməklə) tənzimləyir. 
Müzakirə - mövzu ətrafında ideya, məlumat, təəssürat, təhlil və təkliflərin qarşılıqlı mübadiləsidir. Onun əsas vəzifəsi problemi təhlil edərək həlli yolunu tapmaq, düzgün qərar qəbul etmək üçün imkan yaratmaqdır. Uşaqların ünsiyyət, kommunikativ bacarıqlarının formalaşdırılmasında mühüm rol oynayır. Uşaqlar sual və replikalarla müzakirələrə qoşulur, fakt və hadisələrdən istifadə etməklə inandırıcı nitq nümayiş etdirirlər. Qazandıqları bilik və bacarıqları təcrübədə tətbiq etmək imkanı əldə edirlər. Müzakirəyə başlamazdan əvvəl uşaqlara qaydalar izah edilir. Mövzu aydın ifadə olunur. Müzakirələr bu prosesi inkişaf etdirən suallar vermək və uşaqların cavablarını nəzərdən keçirməklə tənzimlənir. Bu zaman cavabı “bəli” və ya “xeyr” olan qapalı suallar vermək məqsədəuyğun hesab edilmir. Müzakirədə mövzuya aid “Nə baş verdi? Nə üçün baş verdi? Bu, başqa cür ola bilərdimi və necə? Siz bu vəziyyətdə nə edərdiniz? Siz bu şəraitdə nə hiss edərdiniz? Bu, düz idimi? Nə üçün?” kimi suallardan istifadə olunur. Bu təlim üsulundan böyük və məktəbəhazırlıq qruplarında istifadə edilir.
 
 Şaxələndirmə (klaster) - tərbiyəçi-müəllim tərəfindən lövhədə və ya iş vərəqlərində dairə çəkilir və onun mərkəzində yapışdırılmış şəkil ilə bağlı söz və ya ifadələr söyləmək uşaqlara tapşırılır. Mərkəzdə yapışdırılmış şəkildən başlayaraq hər növbəti şəkil onunla əlaqəli xətlərlə birləşdirilir. Məşğələnin sonunda alınan şaxələndirməyə əsasən ümumiləşdirmə aparılır. Bu üsuldan məktəbəhazırlıq qruplarında istifadə oluna bilər.
 
 Problemli vəziyyət - bu üsul tənqidi təfəkkürü, təhliletmə və ümumiləşdirmə vərdişlərini inkişaf etdirir. Əvvəlcə problem vəziyyət və müzakirə üçün suallar hazırlanır. Uşaqlar 4-5 nəfərlik qruplara bölünür. Problemli vəziyyət təsvir olunmuş vərəqlər uşaqlara paylanır. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə edir və həlli yolunu göstərir. Qruplar öz işlərini bitirdikdən sonra ümumi müzakirə aparılır. 
Oyunlar - rollu oyunlar hər hansı bir problemə müxtəlif nöqteyi-nəzərdən yanaşmağı tələb edir. Bu üsul uşaqlara hadisələrin iştirakçısı olmaq və mövcud vəziyyətə başqalarının gözu ilə baxmaq imkanı verir. Oyun prosesində uşaqlar rola girir, mövcud vəziyyəti başqasının gözü ilə görürlər. Təlim prosesinə belə oyun elementlərinin gətirilməsi onun maraqlı olması, uşaqların yaradıcı fəaliyyət göstərməsi imkanlarını genişləndirir. 
Suallar - uşaqların idrak fəallığının artırılmasında böyük rol oynayır. Sualların sayının 4-5 arasında olması məqsədəuyğundur. Sualların qoyuluşu tənqidi təfəkkürün inkişafına doğru yönəldilməli, məntiqi ardıcıllıq gözlənilməli, məzmun və mövzu ilə bilavasitə əlaqəli olmalıdır. 
Söz assosiasiyası - bu üsüldan hər hansı bir mövzunun öyrənilməsinə başlamazdan əvvəl, uşaqların həmin mövzu haqqında nə bildiklərini və mövzu mənimsənildikdən sonra yeni nə öyrəndiklərini aydınlaşdırmaq məqsədilə istifadə edilir. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, tərbiyəçi-müəllim mövzunun məğzini ifadə edən əsas sözü uşaqlara təklif edir və onlar eşitdiklərini həmin sözlə əlaqədar assosiativ şəkildə xatırladıqları ilk sözləri deyirlər. Bu üsul tərbiyəçi-müəllimə məşğələdə əldə edilən nəticələri müqayisəli qiymətləndirməyə, uşaqlara isə təlim prosesində öz inkişaf dinamikasını dərk etməyə imkan verir. 
Məktəbəqədər təhsil müəssisəsində təlimin səmərəli təşkili,uşağın inkişafı  işin düzgün planlaşdırılmasından başlayır. Düzgün planlaşdırma üçün yerinə yetiriləcək təlim işlərinin əvvəlcədən layihələndirilməsi xüsusi didaktik əhəmiyyət kəsb edir. Məktəbəqədər təhsil müəssisəsində planlaşdırmanın, əsasən, aşağıdakı iki növündən istifadə edilməsi zəruri hesab edilir:illik (perspektiv) planlaşdırma;həftəlik (cari) planlaşdırma. İllik planlaşdırma standartların reallaşması məqsədilə inkişaf sahələrinə əsasən hər yaş qrupu üçün işin planlaşdırılması üzrə aparılır. Məktəbəqədər təhsil proqramının (kurikulumun) əsas istiqamətlərinə müvafiq olaraq müəyyənləşdirilmiş həmin sahələrin planlaşdırılmasında inteqrativlık prinsipi ciddi şəkildə gözlənilməlidir. Həftəlik planlaşdırma altstandartların həyata keçirilməsi məqsədilə ayrı-ayrı məşğələlər və məşğələdənkənar fəaliyyət sahələri (oyun, gəzinti, əyləncə, sağlamlaşdırıcı tədbirlər və s.) üzrə aparılır. Uğurlu və nəticəyönümlü təlim prosesinin təşkili əvvəlcədən mükəmməl hazırlanmış planlaşdırmadan asılıdır. Bu növ planlaşdırma özündə tərbiyəçi-müəllimin hər hansı inkişaf sahəsi üzrə nəzərdə tutulmuş yaş qrupu üzrə illik fəaliyyətini əhatə edir. Orada konkret yaş qrupu üzrə məzmun standartları, məşğələ, mövzular, inteqrasiya, resurs və tarix kimi məsələlər əhatə olunur. Perspektiv planlaşdırma  müvafiq yaş qrupunun, həm də ayrı-ayrı uşaqların inkişaf səviyyəsini nəzərə alaraq müəyyən zamanda təlim və tərbiyənin vəzifələrini konkretləşdirməlidir. 
Məşğələlərdə mövzuların ardıcıllığı planlaşdırılarkən aşağıdakılar nəzərə alınmalıdır:inkişaf sahəsi daxilində inteqrasiya;inkişaf sahələri arası inteqrasiya; ardıcıllığın qurulması;məntiqi ardıcıllıq;psixoloji ardıcıllıq (sadədən mürəkkəbə doğru, yaxından uzağa prinsipi); xronoloji ardıcıllıq. Cari planlaşdırma aparılarkən məşğələnin mərhələlərinə diqqət yetirilməlidir. 
Məşğələ aşağıda göstərilən istiqamətlər üzrə planlaşdırılmalıdır: standart;  mövzu; məqsəd; inteqrasiya; iş forması; iş üsulu;resurslar. 
Məktəbəqədər təhsil müəssisəsində fəal-interaktiv  təlim metodlarları ilə aparılan məşğələlərin əsasən üçmərhələli strukturla həyata keçirilməsi məqsədəuyğun hesab edilir: aktuallaşdırma və ya motivasiya (mövcud biliklərin səsləndirilməsi və ya marağın yaradılması); dərketmə (yeni bilik və bacarıqların tədqiq edilərək fəal şəkildə öyrənilməsi);tətbiqetmə (qazanılmış bilik və bacarıqların tətbiq edilməsi). 
Aktuallaşdırma və ya motivasiya - məşğələ aktuallaşdırma, yəni mövcud biliklərin aşkara çıxarılıb səsləndirilməsi ilə başlayır. Əgər motivasiya yaratmaq çətin və ya mümkün deyilsə, o zaman aktuallaşdırma ən yaxşı çıxış yoludur. Əlbəttə motivasiya ilə başlanan məşğələ daha cəlbedici olur. Hər mövzu üçün maraqlı və cəlbedici motivasiya qurmaq mümkün olmayanda, aktuallaşdırmadan istifadə edilir. Motivasiyanı necə qurmaq lazımdır? Diqqəti cəlb etmək və uşağı maraqlandırmaq; Müxtəlif fərziyyələrə səbəb olan vəziyyət yaratmaq; Müstəqil tədqiqata həvəsləndirmək; Məktəbəqədər yaşlı uşağın imkanlarına müvafiqliyi nəzərə almaq; Uşağı öz bacarığını həyata keçirməyə sövq etmək. 
Dərketmə - yeni bilik və bacarıqların tədqiq edilərək fəal şəkildə öyrənilməsi, tapşırıqları həlletmə prosesində məlumatların, faktların axtarılması və toplanmasıdır. Dərketmə bilik və bacarıqların vəhdətdə formalaşması prosesidir. Verilmiş işi yerinə yetirmək üçün uşaqlar iş formasından asılı olaraq fikir mübadiləsi əsasında tədqiqat aparır, ümumi nəticəyə gəlirlər. 
Tətbiqetmə - qazanılmış bilik və bacarıqların tətbiq edilməsidir. Uşaqlar əldə etdikləri bilik və bacarıqları möhkəmləndirir və bunların praktik əhəmiyyəti artır. Tətbiq etmək məqsədilə uşaqlara praktik tapşırıq verilir. Məktəbəqədər yaş dövründə əsas fəaliyyət növü oyun olduğu üçün tətbiqetmə zamanı mövzuya uyğun oyundan istifadə edilməsi məqsədəmüvafiqdir. 
Uşaq inkişafının dəyərləndirilməsi onun inkişafı və təlimi haqqında ailəni məlumatlandırmaq, müəssisədəki inkişafetdirici mühiti davamlı şəkildə qiymətləndirmək və təhsilalanın bilik, bacarıq və vərdişlərini dəyərləndirmək məqsədilə aparılır. İnkişafın dəyərləndirilməsi hər bir uşağa fərdi qaydada tətbiq edilir. Onun nitq, hissi, böyük və kiçik motor bacarıqlarında inkişaf səviyyələrini, yaxud inkişaf ləngimələrini, görmə və eşitmə ilə bağlı problemlərini müəyyənləşdirmək üçün istifadə edilir. Dəyərləndirmənin nəticələri uşağın yüksək, həm də aşağı səviyyədə olan bacarıqlarını müəyyənləşdirir. Bunun nəticəsində faydalı fərdi təlim planlaşdırılır və həyata keçirilir. Dəyərləndirmə tətbiq edildiyi mərhələdən asılı olaraq diaqnostik (ilkin) dəyərləndirmə və inkişafın izlənilməsi kimi hissələrə bölünür. Diaqnostik dəyərləndirmə təlimin ilkin mərhələsində uşağın bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsidir. Diaqnostik dəyərləndirmə inkişaf məqsədləri və strategiyalarda çevik dəyişikliklərin aparılması və təlimin planlaşdırılması üçün şərait yaradır. Diaqnostik dəyərləndirmə uşağın marağı, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almağa imkan verir. Diaqnostik dəyərləndirmə zamanı toplanan məlumatlar uşağın inkişafının izlənilməsi və müqayisələrin aparılması üçün indikatorlar (göstəricilər) yaradır. İnkişafın izlənilməsi müntəzəm şəkildə, müəyyən intervallarla tərbiyəçi-müəllim tərəfindən aparılan qiymətləndirmədir. İnkişafın izlənilməsində məqsəd “uşaq necə öyrənir və inkişaf edir?” sualına cavab vermək, onun sosial, psixoloji və fiziki hazırlığını təmin etməkdir. Uşağın inkişafının izlənilməsi üçün səmərəli yollardan biri onun müşahidə edilməsi və qeydlərin aparılmasıdır. Müşahidə olunmuş fəaliyyət və davranış faktları mütəmadi qeyd olunmalıdır. Bu, sənədləşdirmə prosesidir və uşaq haqqında məlumatların sistemli şəkildə toplanmasına şərait yaradır. Sistematik yanaşma uşağın müəyyən müddət ərzində bir çox fərqli fəaliyyətlərdə iştirakı zamanı onun inkişafının izlənilməsinə imkan yaradır. Tərbiyəçi-müəllimin bu işdə məqsədi aydın, müşahidələri isə sistemli, obyektiv və dəqiq olmalıdır. Uşaq inkişafının izlənilməsi üçün müvafiq cədvəllərdən  istifadə edilməsi arzu olunandır. 
Məktəbəqədər kurikulumda təsbit olunan aşağıdakı anlayışların mahiyyətini tərbiyəçi-müəllim mənimsəməli və geniş şərhini bacarmalıdır.
 Məktəbəqədər təhsil - məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi başa düşülür. 
Məktəbəqədər təhsil müəssisəsi - məktəbəqədər təhsilin dövlət standartlarına uyğun olaraq məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsini, əqli, fiziki, mənəvi inkişafını və ümumi təhsilə hazırlığını həyata keçirən təhsil müəssisəsidir. 
Məktəbəqədər təhsilin dövlət standartı - uşaqların, ailənin, cəmiyyətin və dövlətin tələbatına uyğun olaraq, elmi-pedoqoji prinsiplər əsasında hazırlanan, məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət edən ümumi normalar məcmusudur. 
Məktəbəqədər təhsildə diferensiallaşdırma - təhsil prosesində uşaqların fərdi xüsusiyyətləri, maraq və tələbatları, fiziki və əqli inkişaf səviyyələri, psixofizioloji xüsusiyyətləri nəzərə alınmaqla təlimin təşkil olunmasıdır.
 
Məktəbəqədər təhsildə qiymətləndirmə - uşaqların əqli, fiziki inkişafı və təhsil nailiyyətləri haqqında toplanmış məlumatların dəyərləndirilməsi prosesidir. 
Məktəbəqədər təhsil proqramı (kurikulum) - təlim nəticələri və inkişaf sahələri üzrə məzmun standartlarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədidir. 
Məktəbəqədər təlim - məktəbəqədər yaşlı uşaqlarda bilik, bacarıq, vərdiş və səriştələrin, mənimsənilmiş biliklərin gündəlik həyatda tətbiqetmə bacarığının əldə edilməsi və təhsil almaq üçün motivasiyanın formalaşdırılmasına yönəlmiş prosesidir. 
Məzmun standartı - təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbi.
 Motivasiya - məşğələnin vacib komponenti olmaqla, uşaqların idrak fəallığına təkan verən prosesdir. 
Dəyərlər - şəxsiyyəti şərtləndirən keyfiyyətlərdir. 
Dəyərləndirmə - toplanmış məlumatların təhlili və nəticələrin çıxarılması prosesidir. 
Əməkdaşlıq - “tərbiyəçi-müəllim və uşaq”, “uşaq-uşaq”, “valideyn və tərbiyəçi müəllim”, “uşaq və valideyn” münasibətlərində qarşılıqlı fəaliyyətin təmin olunmasıdır. 
Fasilitasiya - qrupda diskussiyanın təşkili, fəallaşdırılması, səmərəli yönəltmə prosesidir. 
Fasilitator - uşaq tərəfindən biliklərin əldə edilməsi prosesində bələdçi rolunu yerinə yetirən şəxs. 
İnkişaf sahələri - uşaqların inkişaf sahələri üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunan məzmunun zəruri hissəsi. Nəticəyönümlülük - təhsilin məzmununun əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında müəyyən edilməsi. 
Portfolio - uşaq haqqında məlumatların və onun müəyyən müddət ərzində yerinə yetirdiyi işlərin toplandığı xüsusi qovluq. 
Resurslar - məzmun standartlarının reallaşdırılmasında istifadə olunan təlim vasitələri. 
Şəxsiyyətyönümlülük - uşaqlarda zəruri həyati bacarıqların və dəyərlərin formalaşdırılması. 
Şəxsiyyətyönümlü təlim prosesi - əsasında fərdiliyin tanınması, hər bir insanın orijinallığı, dəyəri, onun hər şeydən əvvəl şəxsiyyət kimi inkişafı, özünün təkrarolunmaz subyektiv təcrübəsi dayanan təlim. 
Təhsildə inteqrasiya - təlimin məzmun komponentlərinin əlaqələndirilməsini təmin edən didaktik prinsip. 
Təlimin məzmunu - uşaq şəxsiyyətinin formalaşmasına yönəlmiş bacarıqlar şəklində ifadə edilən təlim nəticələrinin məcmusu. 
Təlim nəticəsi - müəyyən bir mərhələdə mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsi. 
Təlim strategiyası - təhsil prosesində istifadə olunan forma, metod, üsul və vasitələrin məcmusu. 
Tərbiyəçi-müəllim - uşaqların tərbiyəsini, hərtərəfli inkişafını, məktəbəhazırlıq təlimini təşkil edən və həyata keçirən, məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxs. 
Uşaqyönümlülük - təlim-tərbiyə prosesinin bilavasitə uşağın meyil və marağının, təhsil tələbatının ödənilməsinə, istedad potensialının reallaşdırılmasına və inkişafına yönəldilməsi.
Nəticə olaraq qeyd etmək istəyirəm ki, “Məktəbəqədər   kurikulum: uşaqların inkişaf     istiqamətlərinin məzmunu”mövzusunda  təsbit olunan elmi-metodiki məsələlər dəyərli mənbələrə istinad olunmuşdur.
 
 
İstifadə olunan ədəbiyyat 
 
1.Azərbaycan  Respublikasında  məktəbəqədər   təh­­silin proqramı (kurikulumu) 3 – 6 yaş, Bakı, 2012 
2.Ş.Ağayev. Məktəbəqədər yaşlı uşaqların qu­raş­dır­ma işlərinin təşkili metodikası, Bakı,  2005 
3.L.Cəfərova və b. Müasir uşaq bağçalarında təli­min təşkili, Bakı, 2011
4.M.Həsənov, Ş.Ağayev. Məktəbəqədər yaşlı uşaq­ların oyun və əmək fəaliyyətinin təşkili, Bakı, 2001
5.Məktəbəqədər yaşlı uşağın əməkdə tərbiyəsi, Bakı,  1983.
6.M.Həsənov, Ş.Ağayev, Ş.Baxışova. Məktəbə­qə­dər yaşlı uşaqların təlim hazırlığına aid didaktik tap­şırıqlar, Bakı, 2010 
7.M.Həsənov, Ş.Ağayev və b. Təlim məşğələlərinə aid  didaktik materiallar, Bakı, 2011
8.M.Həsənov, Ş.Ağayev, S.Rəhimova. Uşaqlar üçün əməli məşğələlər. Bakı, 2012
9.S.Abdullayeva, “Təsviri fəaliyyət”, Bakı, 2009
10.L.Cəfərova və b. Uşaq bağçalarında gəzintilərin təşkili. Bakı, 2011
 
“Təhsil” jurnalı
 17 fevral 2024-cü il


Tarix: 17-02-2024, 17:57

Xəbəri paylaş