Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

FƏAL NİTQ FORMALAŞA BİLƏR

 

Pərvanə Aslanova,
                                                                               Bakı şəhəri, N.Nərimanov adına 
                                                             45 nömrəli tam orta
 məktəbin ingilis dili müəllimi

 
     Müdriklərdən biri demişdir ki, məktəb bir cismə bənzər ki, müəllim onun ruhudur. Düşünürəm ki, bu sözlər məktəbdə müəllimin rolunu çox doğru-düzgün əks etdirir. Təbiidir ki, biz müəllimlər dərslərimizə nə qədər yaradıcı yanaşarıqsa, bir o qədər yüksək nəticələr əldə edərik.


    İngilis dili bacarığının aktuallığı və vacibliyi hamıya məlumdur. Ölkəmizin Avropa təhsil arenasına inteqrasiyası, təhsilimizin dünya standartlarına uyğunlaşmasında, bütün sahələrdə qabaqcıl texnologiyaların mənimsənilməsində ingilis dili həlledici rola malikdir. Müəllimlər, abituriyentlər, məzunlar, valideynlər, demək olar ki, cəmiyyətimizin hər bir təbəqəsi ingilis dilində sərbəst danışa bilmə bacarığının əhəmiyyətini dərk edir və bu bacarığın əldə olunması istiqamətində çalışırlar.

      
   Orta məktəblərdə şagirdlərimiz yenilənən rəngarəng dərsliklərdəki mətnləri oxuyub anlayır, verilən tapşırıqların həlli ilə məşğul olur, lüğəti öyrənir, qrammatik qaydaları mənimsəyirlər. Dərsliklərdəki mövzuların cəzbediciliyi və aktuallığı şagirdin marağını daha çox çəkir.

   Müəllim ingilis dili bacarığının əhəmiyyətini şagirdlərin diqqətinə daim çatdırmalı, onlarda dili mükəmməl mənimsəməyə motivasiya yaratmalıdır. Şagirdlərimiz bilməlidirlər ki, ingilis dili bacarığı təkcə testləri həll edərək beş seçim variantlarından birini seçmək məqsədi daşımır, dil bizə fərqli mədəni mühitə malik insanlarla uğurlu ünsiyyət qurmaq və ölkəmizi dünyaya inteqrasiya etdirmək üçün lazımdır, gənc işçi qüvvəmizin qlobal arenada rəqabət qabiliyyətli olması üçündür.


   Qrammatik qaydaların çoxluğu bizi hədəf dildə mükəmməl natiqə çevirmir. Dil riyaziyyat və ya kimya deyil ki, onun düsturlarını yadda saxlayaraq öyrənəsən. İngilis dili təlimi formadansa, məna üzərində cəmlənməlidir, biz dili müəyyən mənalı mesajları ötürüb ala bilmək üçün öyrənirik, qrammatik qaydalara riayət etmək üçün yox. Dil öyrənən nə qədər strukturlar üzərində düşünüb götür-qoy edir və fikirləşirsə, nitq prosesi bir o qədər ləngiyir, nitq həyəcanı (Language Anxiety) bir o qədər artır, öz bacarıqlarına inam hissi bir o qədər zərər görür. Sözləri öyrənərkən yalnız onların tərcüməsini deyil, onları harada və nə vaxt işlədə biləcəyimizi və ya bu sözləri hansı söz birləşmələrinə qoşa biləcəyimizi mütləq bilməliyik.


   Dil təlimçisi daim öz üzərində işləməlidir, kifayət qədər bazaya və resurslara malik olmalıdır ki, yeri gəldikcə, öyrənənlərin dildən istifadəsini dəstəkləyə bilsin. Sinif idarəsində (Classroom Management) pedaqoqun yüz faiz ingilis dilindən istifadə etməsinə olduqca ciddi yanaşıram. Təlim zamanı rahat mühitin yaradılması, dil öyrənənlərin fikir yürütməyə cəlb edilməsi, səhvlərin məzəmmətlə deyil, dəstəklənmə ilə qarşılanması çox əhəmiyyətlidir. Dil öyrənmə prosesinin xüsusiyyəti ondan ibarətdir ki, biz səhvlərimizdən öyrənirik, səhv etmək qəbahət deyil. Nitq bacarığı səhvlər etmək və onlardan nəticə çıxarmaq vasitəsilə öyrənilir. Bir şeyi yadda saxlamaq lazımdır ki, dilin qrammatikasını zəif bilənlər və ya tələffüz bacarıqları zəif olanlar da xarici dildə kommunikasiya qura bilirlər və əsas məqsəd dil mesajını çatdırmaqdır. Müəllimin nitq səhvlərini şagirdlərin nitqini kəsərək dərhal düzəltməsi də fikrimizcə, düzgün deyildir, bu da dil öyrənənlərdə motivasiyanı azaldan faktor kimi qiymətləndirilə bilər. Səhvləri fəal dinləmə vasitəsilə aradan qaldırmaq daha məqsədəuyğundur. Əgər danışmaq hələ ki, çətindirsə, dinləmə prosesi ardıcıl olaraq hələ davam etdirilməlidir. Dinləyib-anlama prosesi son nəticədə dil öyrənənin dilini aça və onda fəal nitq formalaşdıra bilər.

   Müxtəliflik nəinki şagird üçün, həmçinin müəllim üçün də maraqlı və əyləncəlidir. Hər bir dərs motivasiya ilə başlanmalıdır. Əgər bir müəllim dərsin ilk dəqiqələrindən başlayaraq öz şagirdlərini motivasiya edə bilirsə, demək həmin dərs uğurlu və müvəffəqiyyətli alınır, qarşıya qoyulan məqsəd və nəticə əldə olunur.
 

   Çalışın şagirdlərin əldə etdikləri nailiyyətləri hər zaman qiymətləndirəsiniz. Belə halda siz həmişə bir sinif otağı dolu motivasiyalı və gülərüz şagirdlər görəcəksiniz!










12 dekabr 2023-cü il                                                       


Tarix: 12-12-2023, 12:00

Xəbəri paylaş