Ümummilli lider Heydər Əliyevin idmana olan qayğısı
Açar sözlər: idman, gənclər, dövlət, ölkə, gələcək
Keywords: sport, the young , state, country, future
Ключевые слова: спортивный, mолодые люди, государство, страна, будущее
Ulu öndər Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox işlər görülmüşdü. Bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. 1970-ci illərdə Bakıda 250 idman meydançası və şəhərciyi salınmışdı. 1973-cü ildə Bakıda möhtəşəm idman sarayının təməli qoyularaq inşa edildi. Artıq 1974-cü ildə ölkənin 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi.
Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində özünü bütün sahələrdə qabarıq göstərən ideoloji-siyasi, iqtisadi böhran səbəbindən idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. Hələ sovetlər dövründə qazandığı müvəffəqiyyətlərlə məşhurlaşmış adlı-sanlı, tanınmış idmançılarımızın böyük əksəriyyəti çətin maddi şərait səbəbindən Azərbaycanı tərk etmək məcburiyyətində qalmışdılar. İdmana tarixən marağın güclü olduğu ölkəmizdə vəziyyətin belə acınacaqlı şəkil alması gənclərin qeyri-sağlam həyat tərzinə, zərərli vərdişlərə aludəçiliyinə, bir sözlə, mənəvi aşınmasına səbəb olur, müharibə şəraitində yaşayan məmləkətdə fərarilik hallarının çoxalmasına rəvac verirdi. Digər tərəfdən, ulu öndər Heydər Əliyevin vaxtilə xalqına ərməğan etdiyi idman kompleksləri baxımsızlıq üzündən dağıdılmış, dəryada batan gəmini xatırladan idmanımız taleyin ümidinə buraxılmışdı. Bunun obyektiv səbəbləri olsa da, subyektiv səbəbləri daha da çox idi. O illərdə idman sahəsində yaranmış vəziyyətə münasibət bildirərkən Heydər Əliyev demişdir:
"1990-1993-cü illərdə Azərbaycanda bütün idman qurğuları dağıdılmışdı. Azərbaycanın ən böyük stadionu bərbad vəziyyətə salınmışdı. Ayrı-ayrı adamlar orada müxtəlif bazarlar, dükanlar açmışdılar, oranı kababxanaya döndərmişdilər. Bilin, mən bu məsələ ilə tanış olanda Azərbaycanda çox şeylər dağıdılmışdı. Amma 2 Azərbaycanın gəncliyi və idmanı üçün ən vacib olan bu stadionun dağıdılması məni həddindən artıq incitdi" { 2 }.
Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi. 1993-cü ilin noyabrında Ulu öndər dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarını qəbul etdi. Bu görüşdə Heydər Əliyev qeyd etdi ki, idmançılar dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdırlar. Bu qayğı həm də ölkəmizdə idmanın inkişafına, istedadlı idmançıların potensial imkanlarının açılmasına xidmət etməlidir. İdmanın inkişafı üçün geniş imkanlar yaradılacağını bildirən Heydər Əliyev bu sahənin həm də milli məfkurə, mədəni irs və düşüncə sistemi, ən əsası, oturuşmuş tarixi ənənələr əsasında inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi { 3 }.
Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada, 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Respublikası Prezidenti yanında fond yaradıldı.
Heydər Əliyev Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərinin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması daxil edilmişdi. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi.
Ulu öndər idmanın dövlətimizin dünyada tanınmasında, imicinin möhkəmlənməsində müstəsna rolunu önə çəkərək deyirdi: "İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır" {1}. Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən yeni bir mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. Cənab İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər qısa zaman kəsiyində öz bəhrəsini verməyə başladı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. 2000-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başladı { 1 }.
Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan cənab İlham Əliyev Prezident seçildikdən sonra da idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamış, daim respublikamızın idman imicinin yüksəlməsinə çalışmışdır. İdmana dövlət qayğısı daha da artmış, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə imkanlarına uyğun olaraq onun madditexniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlərə başlanılmışdır. Dövlət başçısı Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir.
Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş çoxlu sayda idmançı gənc geri qayıdaraq respublikamızın idman şərəfini uca tutur, üçrəngli bayrağımızı göylərə qaldırır. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Dövlət başçısı İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır.
Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir.
Təqdirəlayiq haldır ki, ölkəmizdə idmanın inkişafına olan qayğı tək olimpiya idman növlərini deyil, qeyri-olimpiya idman növlərini də əhatə edir. Aidiyyəti dövlət orqanları bu cür idman növləri ilə məşğul olan idmançılarımızın beynəlxalq yarışlarda iştirakını daim maliyyələşdirir, onları gələcək qələbələrə ruhlandırmaq üçün müxtəlif stimullaşdırıcı tədbirlər görürlər. Bunun nəticəsidir ki, Azərbaycan idmançıları ağırlıqqaldırmanın yalnız peşəkarların məşğul olduğu pauerliftinq növü, peşəkar boks, kikboksinq, qaydasız döyüş və digər idman növlərində ən yüksək nailiyyətlərə imza atırlar. Prezident İlham Əliyev bu barədə deyib: "Azərbaycanda idmanın həm olimpiya, həm də qeyri-olimpiya növləri bərabər hüquqa malikdir. Heç bir ayrı-seçkilik yoxdur və bu siyasət Azərbaycanda uzun illərdir aparılır. İstər olimpiya idman növü ilə, istərsə də qeyri-olimpiya idman növü ilə məşğul olan idmançılara biz həmişə eyni gözlə baxırıq. Bu, belə də olmalıdır. Çünki hər bir idmançı beynəlxalq yarışlarda Azərbaycanın idman şöhrətini ucaldır". { 1 }
İdman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyy əsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi təbliğatisiyasi məzmun kəsb edir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət təşkil edərək idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir. İdman ictimaiyyəti əmindir ki, Prezident İlham Əliyevin ölkəmizin inkişafına xidmət edən siyasi xətti idmanımızın daha da inkişafına böyük töhfələr verəcək. İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda qazandıqları qalibiyyətlər, bayrağımızı ucaltmaları dövlətimizə şərəf gətirən amillərdəndir. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər Heydər Əliyevin idmançılarımızdan gözlədiyi məhz qalib olmaq, dövlətimizin adını ucaltmaq idi. Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı cənab İlham Əliyevin diqqəti biz idmançıları yeni qələbələrə səsləyir. Bu il müasir Azərbaycanın banisi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü qeyd olunacaq. Ulu öndər ölkəmizdə bir çox sahələr kimi, idmanın da inkişafı istiqamətində mühüm işlər həyata keçirib. Müxtəlif dövrlərdə respublikamıza rəhbərlik edən dahi şəxsiyyətin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan əsl idman ölkəsinə çevrilib. Olimpiya hərəkatının inkişafına xüsusi önəm verən ümummilli liderin diqqət və qayğısı nəticəsində idmançılarımız beynəlxalq arenalarda yüksək naliyyətlər qazanıblar. Bu missiya indi də uğurla davam etdirilir. Hər hansı bir ölkənin müstəqillik rəmzlərini idman qədər əks etdirən ikinci bir vasitə yoxdu İdman hər bir xalqin mədəniyyətinin hansı səviyyədə olduğunu göstərir. Ulu öndər Heydər Əliyevin dillər əzbəri olan bu müdrik kəlamları onun qlobal inkişaf meyllərini əvvəlcədən görmək öz olkəsinin dünya birliyində rolunu və yerini müəyyənləşdirmək bacarığını göstərir. Məhz Ümumilli liderimizin dühasının işığında Azərbaycan təkcə siyasi iqtisadi sahədə deyil eyni zamanda idman aləmində beynəlxalq miqyasda ön mövqelərə çıxdı bu inkişaf tərəqqi dalğası respublikamızın atletlərini ən möhtəbər yarışlarda indiyə qədər liderlər sırasında saxlayır { 5 }.
1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev "2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. 2 fevral 1998-ci ildə Heydər Əliyev “Azərbaycan Gəncləri” gününün ilk ildönümü münasibətilə keçirilən bədii-idman bayramında çıxış edib və gənclərə müraciətlə demişdir: "Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik".
2 Mart 1999-cu il tarixdə Azərbaycan gənclərinin ikinci forumundakı çıxışında Prezident Heydər Əliyev respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclərin problemlərinin həllinə yönəltməklə bağlı tövsiyələr verib.
1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan "Dövlət Gənclər Siyasəti haqqında" Fərman bu sahəyə Prezident səviyyəsində böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilə bilər. "Dövlət gənclər siyasəti haqqında" Fərman çox geniş spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumlarının icrasına yönəldilib. Fərmana müvafiq olaraq ''Gənclər siyasəti haqqında'' Azərbaycan Respublikasının Qanunu qəbul edilib və 9 aprel 2002-ci il tarixdə Heydər Əliyev tərəfindən imzalanıb. Gənclər siyasətinin həyata keçirilməsi əsas cavabdeh dövlət qurumu kimi Gənclər və İdman Nazirliyi müəyyən edilmişdir. Qeyd etdiyimiz kimi Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı gənclər və idman siyasətini ölkənin prioritet inkişaf istiqamətlərindən birinə çevirdi. Cənab İlham Əliyevin prezident seçilməsindən sonra isə Azərbaycanda idman sahəsi özünün intibah dövrünə qədəm qoydu. Ulu öndərin açdığı cığırdan heç bir zaman sapılmadı və ölkədə idman siyasəti yeni mərhələyə keçid etdi. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin sədri İlham Əliyevin hakimiyyətə gəlişindən qısa müddət sonra “Azərbaycan Respublikasında 2004-2008-ci illər ərzində bədən tərbiyəsi və idmanın inkişafı” Dövlət Proqramı qəbul edildi.
Bu gün müasir Azərbaycan idmanın kütləviliyini təmin edən, peşəkar təşkilatçılıq ənənələrinə sahib ölkədir. Artıq uzun illərdir ki, Azərbaycanda mötəbər idman yarışları keçirilir. Azərbaycanda Olimpiya Hərəkatı və idman uğurla, sürətlə inkişaf edir. Ölkəmiz dünyada idman ölkəsi kimi tanınır. Əminliklə söyləmək olar ki, idman respublikamızda dövlət siyasətidir. Zaman keçdikcə dövlət bu siyasətin bəhrəsini görmüş, ölkəmizdə idmanın hərtərəfli inkişafına nail ola bilmişdir. Ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərən bütün qurumlar idmanın Azərbaycanda inkişaf etməsi, kütləviliyin geniş vüsət alması, eləcə də idmançılarımızın respublikamızı daha yaxşı təmsil etməsi məqsədlərini güdür. Bütün bu birgə fəaliyyətin, həmin qurumlar arasında mövcud olan koordinasiyanın nəticəsində Azərbaycan beynəlxalq aləmdə idman sahəsində çox böyük uğurlara imza atmışdır.
Əlbəttə, ilk növbədə, idmanla məşğul olmaq üçün ölkədə şərait yaradılmalı idi. Son illərdə bu istiqamətdə dövlət investisiyası hesabına bir çox müasir Olimpiya idman qurğuları tikilib. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanın bölgələrində 50- dən çox müasir standartlarla ayaqlaşan Olimpiya İdman Kompleksi istifadəyə 7 verilmişdir. Paytaxtımızda isə ən müasir idman infrastrukturu mövcuddur. Əvvəlki illərdə tikilən komplekslər əsaslı təmir olunub və eyni zamanda son illərdə bir neçə böyük stadion, idman qurğusu inşa edilib. Əlbəttə, təxminən 70 min tamaşaçı tutumuna malik olan Olimpiya Stadionunu xüsusi qeyd etmək lazımdır. Ondan əlavə Milli Gimnastika Arenası, Su İdman Sarayı və Bakı Atıcılıq Mərkəzinin tikintisi üçün dövlət büdcəsindən böyük vəsait ayrılmışdır. Bunlarla yanaşı, Bakıda idman şəhərciyi fəaliyyət göstərir. Ümumilikdə, son illər ərzində həm bölgələrdə, həm də Bakıda idmanın inkişafına xüsusi diqqət yetirilməsi öz bəhrəsini verməkdədir.
Ölkəmiz sadəcə beynəlxalq idman yarışlarında uğurlu iştirakla deyil, həm də kütləvi turnirlərin keçirilməsi sahəsində əldə etdiyi təcrübə və yüksək təşkilatçılıq örnəyi ilə dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrilib. Təsadüfi deyil ki, ölkəmizdə hər il nüfuzlu beynəlxalq idman yarışları keçirilir. Azərbaycan müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarına ev sahibliyi edir. Əlbəttə, bütün bu turnirlər ölkəmizin nüfuzunun artmasına, ölkəyə turist axınına, turizm və onunla əlaqəli sektorların inkişafına xüsusi töhfələr verir. Turizm sektorunda yaşanan canlanma bilavasitə iqtisadiyyatın da inkişafına təkan verir.
Belə nüfuzlu beynəlxalq yarışlardan bəhs edərkən 2015-ci ildə ölkəmizdə keçirilmiş birinci Avropa Oyunlarını xüsusi qeyd etmək istərdik. Həmin vaxt Avropa Olimpiya Komitəsinin bu qərarı qəbul etməsi Azərbaycana imkan yaratdı ki, biz bu oyunları keçirək və öz imkanlarımızı göstərək. Bu mənada cəmi 2 il yarım vaxtımız olmasına baxmayaraq, birinci Avropa Olimpiya Oyunları qısa müddət ərzində görülən hazırlıq işləri ilə Yay Olimpiya Oyunları səviyyəsində keçirildi. Bu bir daha sübut etdi ki, Azərbaycan digər nüfuzlu idman ölkələrindən geri qalmır və ölkəmiz ən böyük idman tədbirlərinə yüksək standartlara uyğun ev sahibliyi etmək iqtidarındadır. Bakıdakı oyunlarda 50 ölkədən 5 mindən çox idmançı iştirak etmiş və Azərbaycan çox uğurlu nəticə əldə edərək, komanda hesabında ikinci olmuşdur.
Həmçinin, 2017-ci ildə paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları da belə idman yarışlarındandır. Burada 54 ölkə 3 mindən çox idmançı ilə təmsil olunmuşdur. Bu yarışlarda isə Azərbaycan komanda hesabına birinci yeri tutmuşdur. Azərbaycanda keçirilən beynəlxalq idman yarışlarına bir çox misal göstərmək olar. Lakin əlbəttə, bu yarışlardan bəziləri xüsusi vurğulanmalıdır.
Formula 1 Azərbaycanda keçirilən ən kütləvi idman tədbirlərindən biridir. Bu yarışın ölkəmiz üçün çox böyük faydası var. İlk olaraq onu qeyd etmək lazımdır ki, Formula 1-in keçirildiyi şəhərlər inkişaf etmiş ölkələrin paytaxtları, yaxud böyük şəhərləridir. Belə şəhərlərin içində Bakımızın da olması bizim üçün qürurverici hadisədir. İkincisi Formula 1 ölkəmizə böyük iqtisadi imkanlar gətirir. Formula 1-in multiplikativ effekti olduqca böyükdür. Bunun iqtisadi cəhətdən ölkəmizə çox böyük səmərəsi var. Ölkəmizdə keçirilən birinci Formula 1 Qran-Prisindən sonra Azərbaycana kütləvi turist axını olmuşdur. Aydın məsələdir ki, bu sadəcə turizm 8 sektorunun deyil, həm də bir çox digər sahənin canlanması deməkdir. Onu da qeyd etmək yerinə düşər ki, F-1 dünyada ən çox izlənən idman yarışlarından biridir. İzləyici kütləsi 1-2 milyard arasında dəyişən bu yarışlar dünyanın bütün ölkələrində çılğın azarkeşlərə sahibdir. 2016-cı ildən etibarən F-1 mövsümünün QranPrisilərindən biri ölkəmizdə keçirilir. Bakı yarışların keçirildiyi ilk ildən etibarən müvafiq illərin ən maraqlı yarışlarına, ən gözlənilməz hadisələrinə ev sahibliyi edir. Yarışların keçirildiyi Bakı Şəhər Halqası (BŞH) Qran-Prisiləri yüksək peşəkarlıqla qəbul edir. Təsadüfi deyil ki, Bakı F-1-in keçirildiyi şəhərlər arasında xüsusi populyarlıq qazanmışdır. Qısa zaman ərzində Formula 1 ab-havasına uyğunlaşan paytaxtımıza “gözlənilməzin gözlənildiyi şəhər” adı verilib. Bu populyarlığa səbəb təkcə yarışlarda qeydə alınan maralı nəticələr və podium müxtəlifliyi deyil, həm də şəhərin F-1 trekini müşayiət edən möhtəşəm aurasıdır. Qədim və müasir mədəniyyətlərin vəhdəti olan Bakı bir çox F-1 azarkeşinin ən sevimli şəhər trekinə çevrilmişdir.
Azərbaycanın müstəqillik qazandığı 31 illik dövr xalqımızın çoxəsrlik həyatında ən şərəfli dövrlərdəndir. Son 31 il ərzində qazanılmış çoxsaylı medallar və Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanınıb, nüfuz qazanması ölkə idmanının əvəzolunmaz sərvətidir. Bütün bunlar Azərbaycan müstəqillik qazandığı ilk illərdə Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu idman siyasətinin uğurlu davamı və nəticəsidir. Cənab Prezident İlham Əliyevin idmana, idmançılara və bu sahədə çalışan mütəxəssislərə göstərdiyi böyük diqqətin təzahürlərindən biri də, 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən 5 martın “Bədən tərbiyəsi və idman günü” kimi qeyd edilməsi oldu. Biz də dövlətimizin idman siyasətini tam gücümüzlə dəstəkləyir və idman sahəsində çalışan mütəxəssis kimi əminik ki, Azərbaycan idmanı bundan sonra da sürətlə inkişaf edəcək və mötəbər arenalarda bayrağımız əbədi dalğalanacaqdır.
Beləliklə, təhlil olunanlara əsasən hesab edirik ki, Ümummilli Liderimiz Heydər Əliyevin idman sahəsində apardığı islahatlar gələcək nəsillərin sağlam həyat tərzinin formalaşmasında ölkəmizin inkişafında və ən başlıca Respublikamızın dünyada daha geniş tanınmasında daim təməl rolunun oynayacaqdır.
İstifadə olunan ədəbiyyat siyahısı:
1. “Heydər Əliyev və Azərbaycan İdmanı” Sənədli publisistika 2004, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
2. “Ulu öndərin əsasını qoyduğu idmana qayğı siyasəti bizi yeni qələbələrə çağırır”, Məqalə, Vüqar Namazov, pauerliftinq üzrə dünya və Avropa çempionu:
3. “Azərbaycanda İdman” Məqalə, Dilqəm Quliyev pedoqogika üzrə elmlər doktoru:
4. Haciyev Rəhman Balabəy oğlu. «Heydər Əliyev və Azərbaycan Respublikasında Gənclər Siyasəti (1993-2003-cü illər)» (2012):
5. “Heydər Əliyev və Azərbaycand Olimpiya Hərəkatı” Çingiz Hüseynzadə, Cəmaləddin Rəhmanov
2 mart 2023-cü il, "Təhsil"
Tarix: 2-03-2023, 10:00