Təhsildə innovativ metodlardan istifadə
Zülfiyyə VƏLİYEVA,
ADPU-nun ETM-nin elmi işçisi, Əməkdar müəlim,
Respublika Təhsil Şurasının üzvü
Müasir dövrdə hər bir xalqın, dövlətin gələcək taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları, bütün bunların da fövqündə dayanan insan kapitalı müəyyənləşdirir. Funksional imkanları elm və təhsilin ictimai həyatın ən müxtəlif sahələrində tətbiqi yolu ilə gerçəkləşdirilən bu əvəzsiz kapital hazırkı mərhələdə fərd və ictimai toplumların, geniş mənada, xalqların gələcək inkişafının, yaşayış səviyyəsinin, habelə qazandığı nailiyyətlərin rəhni kimi çıxış edir. Azərbaycan təhsilində həyata keçirilən innovativ proseslər müəllimlərin qarşısında şagirdin bir şəxsiyyət kimi yetişdirilməsi vəzifəsini qoyur. Özünün milli kimliyini dərk edən və mənsub olduğu xalqın tarixi-mədəni irsini qoruyub saxlayan, gələcəkdə cəmiyyətdə tamhüquqlu bir vətəndaş olmağı bacaran şəxsiyyət yetişdirmək təhsilimizin ümdə vəzifəsinə çevrilib. Hər bir şagirdin şəxsiyyətə çevrilmə prosesi onun əvvəlcə bir vətəndaş kimi yetişdirilməsindən keçir. Hamı qəhrəman ola bilməz, amma hamı vətəndaş olmalıdır. Şagirdə öz hüquqlarını bildiyi kimi, qarşısında duran vəzifələri də vicdanla yerinə yetirməyi öyrətmək müəllimlərin qarşısında duran bir vəzifə borcudur. XXI əsrin tələbləri baxımından təhsildə ənənəviliyin uğurları qorunub saxlanılmaqla yanaşı, innovasiyaların, yeni pedaqoji texnologiyaların tətbiqi təhsilin keyfiyyətini yüksəldən mühüm şərtlərdən hesab edilməlidir. Elə bu səbəbdən yüzlərlə yeni anlayışlar innovasiyalar kimi təhsilimizə daxil olmuşdur. Həyati bacarıqlara əsaslanan təhsil, kurikulum, elektron məktəb, İKT, distant təhsil, fəal və interaktiv metodlar, portfolio, Bolonya prosesi, sinergetik təhsil, konstruktiv təhsil, təhsildə sinektika və s. təhsilimizin yeni anlayışları olmaqla innovativ təhsilin mühüm sahələri və metodlarıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 24 oktyabr 2013-cü il tarixli “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sərəncam təhsilimizin, pedaqoji elmimizin inkişafında yeni bir mərhələni açmışdır. Bu dövlət sənədində təhsildə innovasiyalardan istifadəyə xüsusi diqqət yetirilmişdir: "Təhsilin inkişafında mühüm irəliləyişlərə nail olmuş ölkələrin təcrübəsi göstərir ki, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan, yaradıcı düşüncəni inkişaf etdirən və təhsilalanın fərdi xüsusiyyətlərini nəzərə alan müasir, fəal-interaktiv təlim metodları daha yüksək nəticələr verir. Həmin məqsədlə, davamlı olaraq mütərəqqi tədris metodlarının yaradılması və müəllimlərin səriştəsinin artırılması təhsil siyasətində mühüm yer tutur”. Təhsil müəssisəsi üçün müasir innovasiya proseslərinin idarə edilməsi kifayət qədər mürəkkəbdir, bu səbəbdən innovasiyalar sahəsində səriştəli məsləhət xidmətlərinə ehtiyac var. Bu prosesdə məqsədi təyinetmə, təhlil, planauyğun addımlar, pedaqoji texnologiyalar, yeniliyin təşkili, ekspert nəzarəti, bir sözlə, innovasion idarəetmənin bütün elementləri iştirak edir. Çalışmaq lazımdır ki, daha çox özünənəzarət və özünütənzimləmə elementləri olsun, nəinki kənardan tənzimləmə. İnnovasiya proseslərini idarə edərək son nəticədə kollektivin inkişafını idarə etmək mümkündür.
Təlim prosesində innovasiyalardan istifadə:
- təlim prosesində öyrənənin şəxsiyyətini ön plana çəkir;
- uğurlu öyrədən-öyrənən, məktəb-ailə münasibətləri yaradır;
- öyrənənlərin nailiyyətlərini qiymətləndirməyin üsul və vasitələrindən uğurla istifadə etməyə kömək edir;
- qiymətləndirmə nəticələrinin təhlilinə əsasən müvafiq qərarlar qəbul etməyə xidmət edir;.
- öyrənmə prosesində öyrənənlərin şüurluluğu, fəallığı təmin edilir.
Cəmiyyətdə təhsilin, elmin inkişafı innovasiyaların tətbiqinə geniş imkanlar yaratmışdır. Bu isə, öz növbəsində, yeni ideyaların, elmi biliklərin, texnologiya və yüksək səmərəliliyə malik innovasiyaların tətbiqi ilə şagirdlərin intellektual səviyyəsinin yüksəlməsinə, onların müasir dünyada baş verən proseslərdəki yerini və rolunu müəyyənləşdirməyə imkan yaradır. Müasir müəllim daim təhsildə tətbiq edilən innovasiyalarla yaxından tanış olmalı, bilməli, anlamalı və tətbiq etməlidir.
İnterarktiv prosesin məqsədi bu proses iştirakçılarının davranış modelini daha da təkmilləşdirmək və yaxşılaşdırmaqdır. Belə ki, interarktivlik müəllim və şagirdlərin qarşılıqlı təsir - əməkdaşlıq qabiliyyəti kimi izah edilir, təlim prosesinin fəallaşdırlmasına, yaradıcı və səmərəli olmasına, daha çox öyrədici, inkişafetdirici, tərbiyədici olmasına əlverişli imkan və şərait yaradır.
İnteraktiv təlim metodunun xarakterik xüsusiyyətlərindən biri budur ki, şagirdlərin başı informasiyalarla, məlumat və biliklərlə doldurulmur, materiallar, faktlar əzbərlədilmir, fikirlər, ideyalar mexaniki öyrədilmir. Əksinə şagirdlərə fikirləşməyi, düşünməyi öyrədirlər. Belə təlimdə müstəqil bilik qazanmağı, müstəqil qərarlar çıxarmağı, harada necə hərəkət etməyi öyrədirlər - bir sözlə, şagirdlərə öyrənməyi öyrədirlər. Uşaqlara fikirləri deyil, daha çox fikirləşməyi öyrətmək lazımdır.
Düşünmək insanın öz-özünə suallar verməsi və bu sualların cavabını müqayisələr, təhlillər vasitəsi ilə tapmasıdır. Düşünmək, var olmaq, mühakimə etməkdir.
Düşünmə pedaqoji prosesdə müxtəlif şəkillərdə ortaya çıxa bilir. Ola bilir ki, tipik olmayan bir vəziyyətdə, qeyri-standart fakt və hadisələrdə ənənəvi qaydadan fərqli olaraq problem düşünərək həll olunur. Beynin də fəal, işlək vəziyyətdə olması öyrənmə prosesini təmin edən də amillərdəndir. Suallar vermək və cavabı tapmaq düşüncə tələb edir. Düşünmə bacarığı yaradıcılığın ilkin şərtidir. Düşünmədən şagirdləri yaradıcılığa cəlb etmək olmaz. Yaradıcı düşüncə dialoqlarda, elmi müzakirə və mübahisələrdə özünü daha çox göstərir. Fəal və interaktiv təlim zamanı şagirdlərin yaradıcı fəaliyyətə yönəlməsində suallar təkan verən amil kimi özünü göstərir. Şagirdlərin qarşıya qoyulan problemin həllinə istiqamətləndirilməsində həyata keçirilən təfəkkür əməliyyatları, düşünmə, müqayisə etmə, təhlil, tərkib, məsələyə yaradıcı yanaşma və s. biliyin qavrama səviyyəsini yüksəldir, onun praktik əhəmiyyətini artırır və şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirir.
Müəllimin yüksək əxlaqi keyfiyyətlərə, milli - mənəvi zənginliklərə, bəşəri dəyərlərə sahib olması, ixtisasını dərindən bilməsi, öz yetişdirmələri ilə düzgün ünsiyyət və münasibətdə olması onun peşə kompetensiyasının əsas tərkib hissəsi olmalıdır. Təhsil strategiyasında bu barədə deyilir: “...milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq təhsil işçilərinin qarşısına mühüm bir vəzifə kimi qoyulmuşdur”.
Pedaqoji fikir tarixində təhsilalanların cəmiyyət üçün yararlı vətəndaş hazırlanmasında, hərtərəfli şəxsiyyət kimi formalaşmasında müəllimin müstəsna rolu yüksək dəyərləndirilmiş və bu peşə yer üzündə mövcud olanların ən alisi, şərəflisi sayılmışdır. Bu peşə çətin və mürəkkəb və məsuliyyətli olmaqla yanaşı, müəllimlik, hər şeydən öncə, yaradıcı bir peşə kimi səciyyələndirilir.
Müəllim elə bir yaradıcıdır ki, o, hər bir şəxsi bilik və bacarıqlarla silahlandırmaqla intellektual düşüncə sahibi kimi, ən ülvi duyğuları aşılamaqla cəmiyyət üçün layiqli insan yetişdirir. Müəllim şəxsiyyəti fəal cəmiyyət adamı, sosial bir insandır. O sosioloji düşünməli, insanlara qarşı, xüsusilə öz yetişdirmələrinə qarşı həssas və qayğıkeş olmalıdır. Sosioloji düşüncə dedikdə həyatda fəal mövqe tutan, insanlara daim xeyirxahlıqla yanaşan, yol göstərən, istiqamət verən, yaradıcı, humanist bir insan, səriştəli müəllim surəti ağlımıza gəlir.
Cəmiyyətdə yeni nəslin milli adət-ənənələrimiz ruhunda tərbiyə edilməsi, onlarda hərtərəfli mənəvi keyfiyyətlərin formalaşmasında peşəkar, səriştəli müəllim fəaliyyəti mühüm rol oynayır. Müstəqilliyimizin hazırkı mərhələsində gənc nəslin əxlaq tərbiyəsinin rolu və əhəmiyyəti xeyli artmışdır. Müasir zamanda milli-mənlik şüurunun artması, şəxsiyyətin əxlaqi, mənəvi keyfiyyətləri cəmiyyətin inkişafında vacib və önəmli amil hesab edilir. Məhz buna görə də şəxsiyyətin milli-mənəvi, əxlaqi tərbiyəsi, layiqli insan yetişdirmək problemi dövlətin daim diqqət mərkəzindədir. Müəllimin şagirdlərə verdiyi bilik, bacarıq və vərdişlər yüksək insani keyfiyyətlərin formalaşdırılmasına xidmət etməlidir.
Məktəbdən yaxşı ədəbiyyatçı, tarixçi, riyaziyyatçı deyil, ilk növbədə, yaxşı insan çıxmalı, sonra bilikli mütəxəssis yetişməlidir. Elə bir insan ki, o hər yerdə milli-mənəvi və bəşəri dəyərləri mənimsəmiş bir şəxsiyyət kimi fəaliyyət göstərir, cəmiyyətdəki sosial-siyasi şəraitə, bazar iqtisadiyyatına, zəngin informasiya-kommunikasiya məkanına uyğunlaşmışdır. Sadə dillə desək, məktəb bütün həyat üçün bilik vermir, amma həyat boyu oxuyub - öyrənməyi və bilikləri səmərəli tətbiq etməyi, öz üzərində daim çalışmağı öyrədir ki, bütün bunlar da səriştəli, peşəkar müəllimin fəaliyyəti nəticəsində, təlim və tərbiyə prosesini yüksək səviyyədə qurması ilə mümkün olur.
Tarix: 15-10-2021, 16:40