"ChatGPT" ilə yazılan esselər yüksək qiymət ala bilməz – Harvard Universiteti

ABŞ-nin nüfuzlu universitetlərindən olan Harvard Universiteti süni intellekt dövründə akademik yazı ilə bağlı yeni qaydalar tətbiq edib.
“Azərbaycan müəllimi” xəbər verir ki, universitetin açıqladığı təlimata əsasən, generativ süni intellekt vasitəsilə yazılmış esselər ən yüksək qiymət olan “A” ala bilməyəcək.
“Yaxşı düşünmək üçün yaxşı yazı vacibdir”
Bu, Harvard Universitetinin təhsil fəlsəfəsidir və bu qocaman ali məktəb 1872-ci ildən bəri, artıq 150 ildən çoxdur ki, tələbələrin yazı bacarıqlarına xüsusi diqqət yetirir. Universitetdə bütün tələbələr üçün “Expository Writing Course” adlı izahlı yazı kursu məcburi hesab olunur. Bu dərslərdə tələbələr sual qoymağı, mövzuya uyğun sübutlar təqdim etməyi, əks arqumentləri əvvəlcədən nəzərə almağı və onlara cavab verməyi öyrənirlər.
Dərslər adətən 15 nəfərlik qruplarda keçirilir və həftədə iki dəfə təşkil olunur. Tələbələr kurs ərzində üç esse yazır, müəllimlər isə onların işlərinə fərdi şəkildə rəy verir və qaralamalar əsasında qrup müzakirələri aparırlar. Birinci kurs tələbələri əvvəlcə yazı imtahanı verir, yazı bacarıqları yetərli olmayanlar isə məcburi kursdan əvvəl bir semestrlik əsas yazı proqramını tamamlamalıdırlar.
Harvardın Yazı Mərkəzinin direktoru Jane Rosenveyq 2024-cü ildə mediaya müsahibəsində yazının düşüncə prosesindəki rolunu belə izah edib: “Yazı əməkdaşlıq prosesidir; kağızdakı cümlələrlə zehində hələ formalaşmaqda olan düşüncələr arasında körpüdür. Süni intellekt bunu edə bilməz”.
Universitet 2024-cü ildə “Süni intellekt dövründə yazı kursu təlimatları” adlı sənəd də yayımlayıb. Təlimata əsasən, "ChatGPT" kimi generativ süni intellekt alətlərindən istifadə edilərək hazırlanmış yazılar yüksək qiymət ala bilməz. AI yalnız hazırlıq mərhələsində – məsələn, nümunələrin tapılması və məlumatların təhlili üçün istifadə edilə bilər. Tələbələr ideyaları necə əldə etdiklərini və yararlandıqları mənbələri açıq şəkildə göstərməlidirlər.
Harvarddan başqa, ABŞ-nin digər aparıcı universitetləri də yazı bacarıqlarına böyük önəm verir. Məsələn, Stanford Universiteti 2003-cü ildən bəri üçmərhələli yazı sistemi tətbiq edir. Bu sistemdə tələbələr əvvəlcə “Writing and Rhetoric” (Yazı və Ritorika) kurslarını keçərək akademik yazı bacarıqlarını inkişaf etdirirlər.
Eyni zamanda, Kornell Universiteti birinci kurs tələbələri üçün yazı kurslarını məcburi edib və süni intellekt vasitəsilə hazırlanmış mətnlərin aşkar olunmasını plagiat kimi qiymətləndirir. Belə hallarda müəllimlər tələbələrdən əlavə izahat yazısı tələb edə və ya onlara qeyri-kafi qiymət verə bilərlər.
ABŞ universitetlərinin bu addımı süni intellektin sürətlə yayıldığı dövrdə tələbələrin müstəqil düşünmə və yazı bacarıqlarını qorumaq məqsədi daşıyır.
Tarix: Bu gün, 15:56
