Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ədəbiyyat dərslərində layihələr üzrə işin təşkili

 

Elnur Əliyev,
Salyan rayonu, Yenikənd kənd
tam orta məktəbin müəllimi


Layihələr məktəblilərin seçilmiş mövzuda müəyyən vaxt ərzində müstəqil şəkildə tədqiqat aparmasını nəzərdə tutur. Şagirdlər müəllimin təklif etdiyi mövzular, problemlərdən özləri istədikləri möv­zunu, problemi tədqiqat üçün seçirlər.
Layihə üzərində işin vaxtı dəqiqləşdirilir, şagirdlərə tövasiyələr, məsləhətlər verilir. Məsələn, müharibə mövzusunda əsərlərin tədrisi zamanı şagirdlərə düşmənlə döyüşdə əsir düşmüş insanlarla ailə üzvləri arasında əlaqə yaradılmasına dair, müharibə zamanı döyüşən tərəfləri beynəlxalq humanitar hüquqa əməl etməyə vadar edən təkliflərdən ibarət layihə işləyib hazırlamaq təklif oluna bilər.
 Layihələr şagirdlərin biliklərə müstəqil yiyələnməsində, tədqiqatçılıq bacarıqlarının formalaşmasında mühüm rol oynayır. Layihə üzərində iş şagirdə ədəbiyyat dərslərində keçilən mövzuları həyatla əlaqələndirməyə, hadisələrin mahiyyətini, ilk baxışda gözə görünməyən tərəflərini anlamağa imkan verir, əlavə ədəbiyyatdan istifadə etməyi öyrədir. Şagirdlər öz tədqiqatlarının nəticələrini, təkliflərini təqdim və müdafiə etmək bacarığına yiyələnirlər.
 Layihə şagirdlərin mövzunun, bölmənin öyrənilməsinə yönəlmiş, müəllimin tövsiyəsi ilə hazırlanan və həyata keçirilən yaradıcı müstəqil işdir.
 Bu üsul təlimin fəal zəmində, şagirdlərin məqsədyönlü fəaliy­yəti əsasında təşkilini nəzərdə tutur. Şagirdlər layihə üzrə iş zamanı ədəbiyyat dərslərində əldə etdikləri bilik və bacarıqların həyatda onlar üçün nə dərəcədə gərəkli olduğunu başa düşürlər. Layihə üzrə fəaliyyət üçün şa­girdlərdə maraq oyadan, onları fəaliyyətə, o cümlədən mövzu, problem üzrə sinifdənxaric oxuya sövq edən problem seçilir. Layihə üzrə fəaliyyətin məqsədi həmin problemin həlli yollarını tapmaqdan ibarətdir. Müəllim bu məqsədlə şagirdlərə yeni informasiya mənbələri, müstəqil axtarışların hansı istiqamətdə aparılması ilə bağlı tövsiyələr verir.
 Layihə üzrə işi şagirdlər kiçik qruplarda və müstəqil həyata keçirə bilərlər. Maraqlı problemin həllinə yönəlmiş belə fəaliyyət məktəbliləri təlim məqsədlərinə, eləcə də maraqlarına uyğun sinifdənxaric oxuya cəlb etməklə öz imkanlarını üzə çıxarmağa, bacarıqlarını sınamağa, təqdim etməyə şərait yaradır. Məsələn, V sinifdə təbiət mövzusunda əsərlər öyrənildikdən sonra şagirdlərə “Azərbaycan şairlərinin şeirlərində təbiətin tərənnümü” mövzusunda təqdimat hazırlamaq təklif oluna bilər. Məqsəd şagirdlərdə doğma yurdun təbiətinə məhəbbət hissinin dərinləşdirilməsi, yaradıcılıq qabiliy­yətlərinin, estetik duyumun, idraki fəallığın inkişaf etdirilməsidir. Bu üsul üzrə iş aşağıdakı mərhələlərdə həyata keçirilir:
 1. Hazırlıq (layihənin mövzusu və məqsədi aydınlaşdırılır). Şagirdlərə təbiət mövzusunda əsər yazmış sənətkarlar haqqında albom hazırlamaq təklif olunur. Onlar tapşırığı yerinə yetirərkən sənətkarlar haqqında məlumat toplayır, əsərlərinə illüstrasiyalar çəkir, albomun bədii tərtibatı ilə məşğul olurlar. Layihə üzrə fəaliiyət prosesində toplanmış materialın albomda necə yerləşdirilməsi, başlıqlar, mətnlərin əlaqələndirilməsi və s. məsələlər öz həllini tapır.
 2. Planlaşdırma. Şagirdlər qarşıya qoyulan məqsədə uyğun olaraq qruplara ayrılırlar. Hər qrup ilin bir fəsli üzrə əsərlər toplayır. Layihə ilə bağlı müxtəlif ideyaların, təşəbbüslərin, təkliflərin üzə çıxarılması məqsədilə müzakirə aparılır, ayrı-ayrı qruplara verilən tapşırıqlar dəqiqləşdirilir.
 3. Fəaliyyət. Qruplar fəaliyyətə başlayır, əsərlərlə tanış olur, seçim aparır, bədii tərtibat işləri ilə məşğul olur, təqdimata hazırlaşırlar.
 4. Təqdimat. Qruplar öz fəaliyyətlərinin nəticələrini təqdim edirlər. Bir qrup musiqili ədəbi-bədii komozisiya ilə çıxış edir. Digər qrup hazırlanmış albomu nümayiş etdirir, ayrı-ayrı sənətkarların əsərlərini ifadəli şəkildə söyləyir. Üçüncü qrup albomun tərtibatı, məzmunu ilə əlaqədar məlumat verir, illüstrasiyaları nümayiş etdirir. Dördüncü qrup mövzu ilə bağlı videosüjet təqdim edir. Beşinci qrup ayrı-ayrı əsərlər, sənətkarların yaradıcılığı barədə öz fikirlərini çatdırır. Təqdimatlar müzakirə olunur. Layihənin iştirakçıları suallara cavab verir, fikir mübadiləsi aparır, öz fəaliy­yətlərini dəyərləndirirlər.
 Müəllim qrupların fəaliyyəti, mənbələrdən, sinifdənxaric oxu materiallarından istifadə, bədii tərtibat və s. məsələlərlə bağlı formativ qiymətləndirmə aparır.
 Şifahi nitqlə bağlı verilmiş müvafiq qiymətləndirmə cədvəlindən istifadə etməklə təlim məqsədlərinin nə dərəcədə reallaşdığını müəyyənləşdirmək məqsədəuyğundur.
 Tədqiqatın nəticəsi təqdimat, illüstrasiyalar, fotoşəkillər, videomaterial, albom, toplu, səhnələşdirmə formasında ifadə oluna bilər.
 Müəllim dərsliklərin sonunda verilmiş layihə nümunələrindən başqa, məqsədəuyğun hesab etdiyi, şagirdlərin maraq və qabiliyyətlərinə uyğun digər layihələr üzərində də iş təşkil edə bilər.
 Layihələrin nəticəsi şagird portfoliosuna yığıla bilər.
 Layihələr üzrə iş şagirdlər tərəfindən kiçik qruplar şəklində müəyyən bölmə, mövzu üzrə problemi həll etmək üçün müstəqil tədqiqat aparılmasını nəzərdə tutur. Bu prosesdə müəllim bələdçi kimi fəaliyyət göstərir, məsləhət və istiqamətləndirici tövsiyələr verir, şagirdlərə öz yaradıcılıq imkanlarını reallaşdırmağa, təqdim etməyə imkan yaradır, onların fəaliy­yətini yönləndirir.
 Şagirdlərin müstəqil, yaradıcı işinin nəticəsi olan, məktəb təcrübəsində özünü doğrultmuş layihə üzrə təqdimatların (ədəbi-bədii gecə, ifadəli oxu müsabiqəsi, ədəbi viktorinalar, krossvordlar, videosüjet hazırlanması, müsahibələrə baxış, sərgi və s.) müzakirəsi və təqdimatlarda incəsənətin digər növlərindən, başqa fənlər üzrə mənimsənilmiş biliklərdən istifadə müsbət nəticə verir. Layihənin təqdimatında informasiya-kommunikasiya vasitələrindən, slaydlardan, videoçarxlardan, elektron lövhədən istifadə məqsədəuyğundur.
 Layihələr üzrə iş ciddi hazırlıq tələb edir. Şagirdlərə görüləcək işlərlə bağlı tövsiyələr, məsləhətlər verilir. Kiçik qruplar arasında iş bölgüsü aparılır, işin icra müddəti, təqdimatın forması, istifadə olunacaq vasitələr (ədəbiyyat, mənbə, təsvir vasitələri və s.) müəyyənləşdirilir.
 Hər yarımildə şagirdlər tərəfindən seçilən bir və ya iki layihə üzrə iş aparılması məqsədəuyğundur.
Layihələr üzrə iş şagirdlərə əldə etdikləri bilik və bacarıqları tətbiq etməkdə, onların həyati əhəmiyyətini başa düşməkdə kömək edir. Layihə şagirdlərin təlim fəaliyyətini praktik məsələlərin həllinə yönəldir, onlarda əməkdaşlıq və birgə fəaliyyət bacarığı formalaşdırır.
 Təlim layihələrinin müxtəlif növləri vardır. Aparıcı fəaliyyət növünə görə layihələr məlumatlandırıcı (informasiya səciyyəli) və tədqiqedici olur. İştirakçıların sayına görə layihələr fərdi, qrup, kollektiv və ya qarışıq (işin müxtəlif mərhələlərində həm qrup, həm də fərdi iş planlaşdırılır) ola bilər.
 Layihə üzrə iş öyrədici və yaradıcı səciyyə daşıyan, şagirdlərin bilik və bacarıqlarının tətbiqini, dərinləşdirilməsini nəzərdə tutan, fərdi, kiçik və ya böyük qruplarda yerinə yetirilən müstəqil tədqiqat fəaliyyətidir. Layihənin icrası zamanı müəllim bələdçi kimi öz tövsiyələri ilə şagirdlərin araşdırmalarının düzgün yönləndirilməsinə yardımçı olur.
 Layihə şagirdlərin mənbələr üzrə müstəqil araşdırma aparmalarına, bilik və bacarıqlarını tətbiq etməklə problemi həll etmələrinə imkan yaradır, onlarda əməkdaşlıq, birgə fəaliyyət bacarıqlarını formalaşdırır. Təlimi layihələrinin müxtəlif növləri vardır. Ədəbiyyat dərslərində fəaliyyət növü baxımından sənətkarın həyatı, yaradıcılığı, bədii əsər, ədəbiyyat tarixinin mərhələləri ilə bağlı layihələr üzrə iş məqsədəuyğundur.
 Layihələrə hazırlıqda dərsliklərdəki mətnlərlə işin düzgün təşkili mühüm əhəmiyyət kəsb edir. Şagirdlər, ilk növbədə, dərsliklərdəki sualları və onların ilkin aydınlaşdırmasına imkan verən istiqamətləndirici mətnləri mənimsəməlidirlər. Sinfin əlavə mənbələrlə təmin edilməsi məqsədəuyğundur. Mətnlərlə iş üsullarının öyrənilməsi şagirdlərdə müstəqil araşdırma aparmaq, əməkdaşlıq etmək, ünsiyyət vərdişlərini zənginləşdirmək kimi bacarıqların inkişafına imkan yaradır.
 Şagirdlər layihə üzrə işin nəticəsini aşağıdakı meyarlar üzrə dəyərləndirə bilərlər:
 1. Mən layihə üçün zəruri olan əlavə mənbələrdən istifadə etdim;
 2. Mövzu üzrə məlumatların dərinləşdirilməsi və zənginləşdirilməsi üçün axtarış apardım;
 3. Araşdırma zamanı əsas və ikinci dərəcəli məlumatları müəyyənləşdirdim, zəruri və qənaətləndirici olanları seçdim;
 4. Mənbələr üzrə əldə olunanları əlaqələndirdim, ümumiləşdirdim və nəticə çıxardım;
 5. Nəticələrin təqdimolunma formasını (yazılı və ya şifahi təqdimat, slayd və s.) müəy­yənləşdirdim.
 Öyrənilmiş materialın düzgün təqdim edilməsi kurikulum üzrə ədəbiyyat dərslərində şagirdlərdə formalaşdırılan əsas bacarıqlardandır.
 Şagirdlərdə təqdimetmə bacarığının formalaşdırılması üçün dərs ili boyu müstəqil olaraq müvafiq məlumatları əldə etmək, müxtəlif mənbə və vasitələrdən düzgün yararlanmaq, informasiya texnologiyalarının imkanlarından fay­dalanmaq, əldə olunanları sistemləşdirmək və ümumiləşdirmək bacarıqları aşılanmalıdır.
Bu baxımdan, öyrənilən bədii əsərlərlə bağlı təqdimatlar hazırlamaq üçün demək olar ki, hər bir dərsdə, eləcə də hər yarımilin sonunda müxtəlif mövzuların təklif edilməsi xüsusi əhəmiyyət kəsb edir. Şagirdlərin apardıqları tədqiqatların nəticələrini, qazandıqları bilkləri layihələr üzrə təqdimatlara həsr olunmuş dərslərdə nümayiş etdirməsi isə müstəqil araşdırma aparmaq, yaradıcı fəaliyyətin nəticələrini təqdim etmək bacarıqlarının formalaşdırılması baxımından əhəmiyyətlidir.
 I və II yarımilin sonunda müstəqil iş üzrə təqdimatlara ayrılmış dərs saatları şagirdlərin yarımil ərzində sənətkarın həyatı ilə bağlı müstəqil araşdırmalarının nəticəsinə həsr olunur. Şagirdlərin seçdiyi bu və ya digər sənətkarın həyatı ilə əlaqədar hazırladığı təqdimatlar dinlənilir, müzakirə edilir və dəyərləndirilir.
 Layihələr üzrə iş şagirdlərin müxtəlif mənbələrlə, dərsliklərdəki müvafiq materiallarla işləmələrini, bilik və bacarıqlarını tətbiq etmələrini, yaradıcı fəaliyyət gös­tərmələrini təmin edir. 


Tarix: 26-10-2020, 11:58

Xəbəri paylaş