GÜCÜMÜZ HƏMRƏYLİKDƏDİR
Cəmaləddin Rəhmanov,
Milli Olimpiya Komitəsinin İnformasiya şöbəsinin rəhbəri
İdmanda yüksək nəticələr də hər bir ölkə üçün, hər bir dövlət üçün vacibdir. Çünki idmanda qazanılan nəticələr ölkənin ümumi inkişaf səviyyəsinin potensialını göstərir.
İlham Əliyev
Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarını qəbul etməsinə sayılı günlər qalır. Belə ki mayın 12-dən 22-dək dünyanın 57 ölkəsini təmsil edən 4 mindən çox idmançı “Gücümüz həmrəylikdədir” devizi altında Bakıda bir araya gələcək, idman arenalarında ədalətli mübarizədə güclərini sınayacaqlar. Bu oyunların Azərbaycanda keçirilməsi ölkəmizin həyatında çox əlamətdar hadisədir. Müstəqil dövlətimiz belə mötəbər hadisələrin reallaşmasına doğru həmişə əzmlə, məqsədyönlü fəaliyyətlə, bütün sahələrdə düzgün siyasətlə getmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Qədim tarixə malik olan Azərbaycan cəmi 25 ildir ki, müstəqil dövlət kimi yaşayır. Bu illər inkişaf, quruculuq illəri olmuşdur. Hesab edirəm ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır”.
Azərbaycanın gücü bütün sahələrdə olduğu kimi, idmanda da özünü aşkar göstərir. Çünki Azərbaycan idman sahəsində xüsusilə böyük uğurlar qazanmışdır. Bəli, Azərbaycan bu gün dünyanın güclü idman ölkəsi kimi tanınır və bir çox mötəbər beynəlxalq yarışlar məhz ölkəmizdə keçirilir. Belə ki idmançılarımız uzun illərdir müxtəlif mötəbər beynəlxalq yarışlarda yüksək nəticələr nümayiş etdirir. Ölkənin idman sahəsindəki uğurlara ilk dövrdə olimpiadadan-olimpiadaya müntəzəm, sonra isə sıçrayışla yüksəlmişdir. İdmançılarımızın keçən il qazandıqları uğurları yada salmaq kifayətdir. Belə ki 2016-cı ildə Rio Olimpiya Oyunlarının nəticələri bu qələbənin təsadüfi olmadığını bir daha sübut etdi. İdmançılarımız Riodan Azərbaycana 18 medal gətirdi, medalların sayına görə dünya miqyasında 14-cü oldu. Bu, çox yüksək nəticə hesab olunur.
Azərbaycanın dünyanın aparıcı idman ölkəsi olmasını təsdiq edən yalnız idmançılarımızın nailiyyətləri deyil. Dünyanın, qitənin mötəbər yarışlarının təşkilində də ölkəmiz son dərəcə böyük uğurlara imza atmışdır. Bu cür tədbirlərdən ən yaddaqalanı 2015-ci ildə Bakıda təşkil edilmiş I Avropa Oyunları oldu. İdmansevərlər, mütəxəssislər hələ də həmin möhtəşəm uğurların təsiri altındadır. Bakıda keçirilmiş I Avropa Oyunlarında Azərbaycan idmançıları bütövlükdə 56 medal qazanaraq komanda hesabında qitədə ikinci yeri tutdu. Bu, respublikamızda idmanın nə qədər yüksək səviyyədə olduğunun, idman potensialımızın necə sürətlə inkişaf etməsinin göstəricisi sayılır. Azərbaycanın I Avropa Oyunlarına ev sahibliyi etməsi ən yüksək standartların ölkəmizdə baş tutması, qısa müddət ərzində belə möhtəşəm tədbirə hazır olması yalnız qitəyə deyil, bütün dünyaya möhtəşəm idman bayramının bəxş olunması həm də, başlıcası, dövlətin gücünün nümayişi idi.
Qeyd etmək lazımdır ki, Avropa Oyunlarının Bakıya verilməsindən təqribən 6 ay sonra, daha doğrusu, 2013-cü il iyulun 21-dən 25-dək Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci hesabat-seçki Baş Assambleyası keçirilmişdi. Assambleyada səsvermə zamanı tam yekdilliklə Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi haqqında qərar qəbul edilmişdi.
2013-cü ildə İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəylik Oyunları zamanı Bakı-2017-nin Təşkilat Komitəsi xüsusi təqdimat mərasimi keçirdi. Tədbirdə növbəti oyunlara hazırlıq işləri, ümumiyyətlə, Azərbaycan və Bakı ilə daha yaxından tanışlıq məsələləri ön plana çəkilmişdi.
Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oyunların iştirakçılarına və təşkilatçılara ünvanlanmış videomüraciəti ilə başlandı. Videomüraciətdə deyilirdi: “Mən sizi növbəti İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək Azərbaycanın paytaxtı Bakıdan salamlayıram. Fürsətdən istifadə edərək mən bizim namizədliyimizi dəstəkləyən və Azərbaycana etimad göstərənlərə minnətdarlığımı bildirmək istərdim. Biz idmançıların və turistlərin ölkəmizdə özlərini evlərindəki kimi hiss etmələri üçün bu oyunların tarixində ən yaxşılarından birini təşkil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Azərbaycan İslam Həmrəyliyi Oyunlarına güclü dəstək verən ölkədir. Ümumilikdə, biz müsəlman dünyasında əməkdaşlıq, tərəfdaşlıq və həmrəyliyin gücləndirilməsi kimi müsbət meyilləri tam şəkildə dəstəkləyirik. Biz fəxr edirik ki, Bakı 2009-cu il üçün “İslam mədəniyyətinin paytaxtı” seçilmiş və Azərbaycanın digər qədim şəhəri olan Naxçıvan isə 2018-ci ildə “İslam mədəniyyətinin paytaxtı” olacaqdır”.
Məlumat üçün nəzərə çatdıraq ki, İslam Həmrəyliyi Oyunlarının əsası XXI əsrin əvvəllərində qoyulmuşdur. I İslam Həmrəyliyi Oyunları 2005-ci il aprel ayının 8-dən 20-dək Səudiyyə Ərəbistanı Krallığının Məkkə, Mədinə, Ciddə və Taif şəhərlərində 14 idman növü üzrə təşkil olunmuşdu. Bu Oyunlarda ölkəmiz 12 idman növündə 103 idmançı ilə təmsil olundu. I İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları 4 qızıl, 4 gümüş və 7 bürünc medalla 55 müsəlman ölkəsi arasında 8-ci yeri tutdu.
2013-cü il sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında baş tutan yarışlarda 2500-dən çox idmançı və nümayəndə heyətinin üzvü iştirak etdi. Həmin oyunlardan idmançılarımız vətənə 24 medalla (6 qızıl, 9 gümüş, 9 bürünc) qayıtdılar. Azərbaycan medal qazanan 26 ölkə arasında 8-ci yerdə qərarlaşdı.
İslam Həmrəyliyi İdman Federasiyasının 2015-ci il noyabrın 4-də Bakıda təşkil olunmuş IX Baş Assambleyasında 40-dan çox ölkədən 90-dək nümayəndə iştirak edirdi. Baş Assambleya IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci il mayın 12-dən 22-dək Bakının, əsasən, 14 məkanında – Olimpiya Stadionunda, Tofiq Bəhramov adına stadionunda, “İnter Arena”, “Baksell Arena” stadionlarında, “Bakı Büllur Zalı”nda, Su İdmanı Mərkəzində, Bakı İdman sarayı, Heydər Əliyev adına İdman Arenasında, Milli Gimnastika arenasında, Tennis Akademiyasında, “Sərhədçi” İdman Olimpiya, Atıcılıq, Bilgəh çimərliyi, Binə Atçılıq, Çimərlik voleybolu və Bakı Ekspo mərkəzlərində keçirilməsi haqqında təklifi bəyəndi. Əsas şüarı “Gücümüz həmrəylikdədir” olan oyunlar zamanı idmanın 20 növü üzrə yarış keçirilməsi planlaşdırılmışdır. Oyunlar çərçivəsində paralimpiya növləri üzrə atletlər və cüdoçular mübarizə aparacaqlar. Azərbaycanın qədim milli idmanı olan zorxana yarışları da proqrama daxil edilmişdir.
Aprelin 5-də paytaxtımızdakı Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verildi. Mərasimdə çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, “Azərbaycan qədim tarixə, mədəniyyətə malik olan bir dövlətdir. Bizim mədəniyyətimiz, tariximiz qürur mənbəyimizdir, milli sərvətimizdir. Qədim tariximizi əks etdirən tarixi-dini abidələrimiz sübut edir ki, Azərbaycan xalqı qədim xalqdır və ta qədim dövrlərdən bu diyarda yaşayıb, qurub-yaradıb. Azərbaycan qədim müsəlman diyarıdır. Bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər. Əminəm ki, IV İslam Həmrəyliyi Oyunları həm böyük idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək. Bütün müsəlman ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə bir-biri ilə sıx əlaqələr quracaq, bir-birinin əlini sıxacaqlar. Biz Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik ki, İslam aləmi birdir və bizim birliyimiz bizim gücümüzü artırır.”
IV İslam Həmrəyliyi Oyunları böyük idman bayramı kimi yadda qalacaq. Çünki 4000-dən çox idmançının qatılacağı Oyunlarda hər bir idmançı öz məharətini nümayiş etdirəcək. Bu möhtəşəm tədbir Azərbaycanda idmanın, turizmin inkişafı, mədəniyyətimizin daha çox tanıdılması və digər sahələr üçün önəmli tədbir kimi yadda qalacaq. Oyunlar islam ölkələri arasında həmrəyliyi möhkəmləndirəcək. Çünki Azərbaycanın islam ölkələri ilə münasibətləri hər zaman yüksək səviyyədə olub. İslam Həmrəyliyi Oyunları isə islam ölkələri arasında münasibətləri daha da yaxşılaşdıracaq.
Tarix: 8-05-2017, 12:56
Xəbəri paylaş