Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

M.F.Axundzadənin “Puşkinin ölümünə Şərq poeması”nın tərcümə tarixindən

 
Mətanət Vahid,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan 
ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

Mirzə Fətəli Axundzadə tərcümə mədəniyyətini xalqların ədəbi-bədii həyatına nüfuz etmənin əsas vasitəsi hesab edirdi. Məktublarından birində islam xalqlarının avropalıların akademiya adlandırdığı kimi, bir elm evi təsis edərək Avropa elmləri və sənətlərinə dair bütün kitabları ərəb, türk və fars dillərinə tərcümə etməsini elmləri mənimsəməyin ən doğru üsulu kimi təqdim edirdi. Bu baxımdan, hər imkanda Azərbaycan ədəbiyyatına dair nümunələri rus oxucusuna təqdim etməyin qayğısına qalırdı. Mirzə Fətəli ərəb, fars, Azərbaycan dillərindən rus dilinə, bəzən isə rus dilindən bizim dilimizə yüzlərlə material tərcümə edib; bunların arasında bədii mətnlər də olub, sənədlər də.
Puşkin dueldə öldürüldüyü zaman M.F.Axundov Tiflisdə rəsmi dövlət qulluğunda çalışırdı; rus dilini artıq mükəmməl bilirdi və Puşkinin əsərləri ilə yaxşı tanış olmuşdu. Mirzə Fətəlinin çap olunmuş ilk əsəri A.S.Puşkinin ölümü münasibətilə yazdığı qəsidədir. Bu şeiri mərsiyə də adlandırırlar, elegiya da. Fars dilində yazdığı bu şeiri müəllif “Qəsideyyi-təziyyət...” (“Matəm qəsidəsi”) adlandırmış, lakin əsərin adı çap zamanı dəyişdirilmiş, oxuculara “Puşkinin ölümünə” adı ilə təqdim edilmişdir. Bu poema M.F.Axundzadənin həm də rus dilinə ilk tərcümə etdiyi əsəridir.
“Na smertğ Puşkina”. Soçinenie v stixax sovremennoqo persidskoqo pogta Mirzı Fatx-Ali Axundova.” - “Moskovskiy nablödatelğ” məcmuəsinin 1837-ci il mart nömrəsinin 297-304-cü səhifələrində çap olunmuş əsər belə təqdim olunmuşdu. “Moskovskiy nablyudatel” 1835-1839-cu illər aralığında Moskvada nəşr olunan ədəbi-tarixi jurnal idi. Əsərin sətri tərcüməsi İ.İ.Klementyev tərəfindən  onun kiçik təqdimat yazısı ilə redaksiyaya daxil edilib. “Öz növbəsində redaksiya “Puşkinin məzarına atılmış gözəl çiçəyi təqdim etdiyinə görə” İ.Klementyevə təşəkkür edir və ürəkdən “istedadlı müəllifə uğurlar arzu edir”. Qeyd olunur ki, mətnin tərcüməsi senzura tərəfindən müəyyən qədər təhrif edilmişdir.
M.F.Axundzadənin anadan olmasının 175 illiyi münasibətilə 1988-ci ildə çap olunmuş “Puşkinin ölümünə Şərq poeması” kitabının “Müqəddimə”sində Şıxəli Qurbanov yazır ki, “gənc müəllifə hörmət nişanəsi olaraq jurnal tərcüməni olduğu kimi müəllifin yığcam qeydləri ilə birlikdə çap etmişdi.” Lakin A.N.Lermanın konkret sənədlərə istinadla tərtib etdiyi biblioqrafiyadakı qeydlərindən izlədiyimiz kimi, poema müəllifin deyil, mətni redaksiyaya təqdim edənin - İ.Klementyevin qeydləri və senzuranın “müəyyən təhrifləri ilə” çap olunub.
Qəsidənin tərcümədə formasını saxlamaq çətinlik törətdiyindən müəllif yalnız əsərin məzmununu maksimum dərəcədə orijinala yaxın tərcümə etməyə çalışmışdır. İ.Klementyev mətnlə birgə redaksiyaya təqdim etdiyi kiçik məktubunda qeyd edir ki, mətndəki “vəhşilik və qəddarlıqla ifadə”nin («jestokostğ i dikostğ vırajeniə») Şərqə məxsus özəllik kimi qəbul ediləcəyinə inanıram və müəllifin parlaq koloritini olduğu kimi saxlamağı məqsədəuyğun hesab etdim. “Axundov ilk tərcümə təcrübəsindəcə hərfi dəqiqliyə can atmayıb, dahi Puşkinin ölümünə münasibətinin rus oxucusuna anlaşılan və aydın dillə çatdırılmasının qayğısına qalıb. Lakin bu, qətiyyən tərcüməni Şərq poeziyasının ruhundan məhrum etmir. Poema Şərq poeziyasına məxsus təmtəraqlı müqayisə və metaforalarla zəngindir. Müəllif-tərcüməçi anlayır ki, bütün bunlar oxucu üçün maraqlı olacaq” (R.Novruzov).
Bədii mətnin digər xalqlar tərəfindən necə qarşılanması və qəbullanması tərcümənin keyfiyyət və səviyyəsi ilə birbaşa bağlıdır. Çünki tərcüməçi yalnız dilləri bilməklə keyfiy­yətli tərcümə mətni ortaya çıxara bilməz, işin mükəmməl olması üçün onun hər iki mədəniyyətə bu və ya digər dərəcədə bələdliyi vacibdir. Tərcüməçi mətnə həssaslıqla yanaşmalı, müəllifin fərdi üslubunu qavramalı, dili başa düşməklə yanaşı, həm də mətnin ruhunu duymalıdır.
Tədqiqatlarda qeyd olunur ki, poemanın müəllif tərcüməsindəki çapından bir müddət sonra onu A.A.Bestujev (Marlinski) hərfi tər­cümə (əslində isə redaktə) edir. 37 il sonra - 1874-cü ildə Mirzə Fətəli həmin tərcüməni Adolf Berjeyə təqdim edir və həmin ildən etibarən poema həm bu, həm də digər tərcümələrdə müasir dövrə kimi yüzlərlə dəfə müxtəlif mətbuat orqanlarında çap olunub. Mətn “Vostoçnaə pogma na smertğ Puşkina» adı ilə “Russkaə starina” jurnalının 1874-cü il sentyabr nömrəsində 77-79-cu səhifələrində çap olunur. Çox güman ki, qəsidəyə ilk dəfə “...Şərq poeması” adı verən elə A.A.Bestujev olub.
1988-ci ildə çap olunan “Puşkinin ölümünə Şərq poeması” kitabında poemanın Azərbaycan, rus, bolqar, qırğız, uyğur, inquş, qaraçay, tatar, gürcü və s. dillərdə tərcüməsi yer alır və əvvəllər A.A.Bestujevin tərcüməsi kimi təqdim olunan varianta burada “Tərcümə M.F.Axundovundur, Bestujev-Marlinskinin redaktəsi ilə” qeydi verilib. Yəni burada artıq tərcümənin müəllifin özünə məxsusluğu qəbul edilir və A.A.Bestujevin sadəcə həmin tərcüməni redaktə etdiyi qeyd olunur.  
Poemanın rus dilinə nəzmlə - şeir tər­cüməsi isə ilk dəfə 1880-ci ildə Moskvada Puşkinə qoyulmuş heykəlin açılışı münasibətilə A.A.Sokolov tərəfindən həyata keçirilib və həmin il “Peterburqskiy listok” qəzetinin 25 may tarixli 99-cu nömrəsində çap olunub. “Kafkaz” qəzetində bu variant iki dəfə - 1874, sonra isə 1899-cu ildə çap olunub. Son­ralar sovet hakimiyyəti illərində əsər şairlər Georgiy Stroqanov və Pavel Antokolskiy tərəfindən tərcümə edilərək müxtəlif mətbuat orqanlarında çap olunub. Amma görünür, ikincinin tərcüməsi daha çox ürəyə yatıb ki, M.F.Axundzadənin seçilmiş əsərlərinin rus dilindəki nəşrlərində məhz P.Antokolskinin tərcüməsi yer alıb. Məlumat üçün qeyd edim ki, Pavel Qriqoryeviç Antokolskiy (1896-1978) rus, sovet şairi idi və bir çox fransız, bolqar, gürcü və Azərbaycan şairlərinin əsərlərini rus dilinə tərcümə etmişdi. Sözügedən poemanı isə orijinaldan yox, Azərbaycan dilindən çevirmişdi. 1956-cı ildə Mirzə Fətəli Axundzadənin əsərləri Moskvada çap olunanda ədibin bütün şeirləri P.Antokolskinin, nəsri və dramaturgiyası isə Əziz Şərifin Azərbaycan dilindən tərcüməsində kitabda yer alır.
Dünyada öz milli köklərindən kənarda mədəniyyət mövcud deyil. Odur ki, qloballaşma prosesi xüsusən tərcümənin köməyi ilə xalqların yaxınlaşmasını təmin etsə də, hər bir xalqın yaratdığı ədəbi-bədii sənət nümunələri, eyni zamanda, öz mədəni kodunun daşıyıcısıdır. Bu baxımdan deyək ki, hər ikisi 1837-ci ildə Puşkinin ölümü münasibətilə yazılmış M.F.Axundzadənin “Matəm qəsidəsi” ilə M.Y.Lermontovun “Şairin ölümü” şeirlərinin milli sənət köklərinə bağlılığı ilə yanaşı, ikisi arasındakı mənəvi bağlılığı necə inkar edə bilərik?! Baxmayaraq ki, həmyerlimizin əsəri yazılan kimi çap olunsa da, M.Y.Lermontovun “Şairin ölümü” şeiri ilk dəfə 1856-cı ildə “Polyarnaya zvezda” məcmuəsində “Na smert Puşkina” adı ilə çap olunmuşdu. Eynən Axundzadənin poemasına qəzetin verdiyi adla.
“Puşkinin ölümünə Şərq poeması”nın farsca orijinalını ilk dəfə 1936-cı ildə “Ədəbiyyat qəzeti”nin 36-cı sayında Əziz Şərif təqdim edib. Onu Azərbaycan şairlərindən Mikayıl Müşfiq, Böyükağa Qasımzadə, Cəfər Xəndan və Məmmədağa Sultanov Azərbaycan dilinə tərcümə etmişlər. 1937-ci ildə A.S.Puşkinin vəfatının 100 illiyi ilə əlaqədar olaraq M.F.Axundzadənin  "Şərq poeması"nın tərcüməsi ilə bağlı ədəbi müsabiqə keçirilir. O zaman Neft və Kimya İnstitutunun   tələbəsi olan Böyükağa Qasımzadə ikinci yeri tutur, birinci yer kimsəyə verilmir (V.Yusifli).
Gecə etdim uyqumu gözümdən kənar,
Sordum:
«Ey sirr çeşməsi - ürəyim, nə var?
Nədən ötməz bağçanın şeyda bülbülü,
Nədən qılmaz nitqinin tutisi göftar?
Şeir yolun, söz yolun yoxsa kəsilmiş,
Hanı xəyal qasidin o yüngül çapar?
Yaz gəlmiş; hər tərəfdə çəmən qızları,
Bəzənib, camalını etmiş aşikar.
Çevrilmiş çayır, çəmən bənöşəliklə
Baqda odlu qönçələr açmış budaqlar,
Çöl gəlini bəzənmiş; dağlar onunçun
Ətək-tək çiçəkdən çəvahir saçar.
Başına taç qoyub da şükufələrdən,
Oturmuş ağacların şahı pürvüqar
(Tərc. Mikayıl Müşfiqindir).
Bədii tərcümənin keyfiyyətinin araşdırılması zamanı ilk növbədə prosesin özü, yəni mexaniki tərəfləri aşkara çıxarılır. Buraya əsərin milli koloriti, ahəngi və mətn nəzmlədirsə, qafiyələnməsi və s. kimi elementlərin müəy­yənləşdirilməsi də daxildir. Lakin hazırda bədii tərcümə yalnız bir dildən başqa dilə çevirmənin nəticəsi olaraq meydana gələn yaradıcılıq növü kimi deyil, həmçinin mədəni ünsiyyət vasitəsi, ədəbi-bədii dəyərlərin paylaşılması və bunun sayəsində ədəbiyyatların qarşılıqlı olaraq zənginləşmə vasitəsi kimi əhəmiyyət kəsb edir. Xeyrulla Məmmədov “A.S.Puşkinin ölümünə Şərq poeması”nı “klassik Şərq şeiri formalarında yeni məzmunun ifadə edilməsinin dəyərli nümunəsi” kimi qiymətləndirir. M.Müşfiq “Şərq poeması”nın tərcüməsində orijinaldakı 50 beytin hamısını saxlamış, mümkün qədər formalizmə uymamış, oxucular tərəfindən asanlıqla anlaşıla biləcəyinin qeydinə qalaraq orijinaldakı qafiyələri də saxlamağa müvəffəq olmuşdur. Lakin əruz vəznində olan poemanı  Müşfiq heca vəznində  tərcümə etmişdir.
Uyu, ey şairim, ey dərdə salan dünyanı,
Sənə gül göndərəcək Bağçasaray fontanı.
Ey Səbuhi, qoca Qafqazda bitən gülləri dər
Yaralı şeirinə qat, Puşkinə göndər, göndər
(Tərc. Cəfər Xəndanındır).
Xüsusən şeirin tərcüməsi zamanı bədii-estetik itkilərə yol verməmək, müəllif üslubunun özünəməxsusluğu və fərdiliyini qoruyub saxlamaq vacibdir. Yuxarıdakı nümunədən göründüyü kimi, Cəfər Xəndanın tərcüməsi oynaq və ritmlidir, lakin rus dilindəki mətnlə müqayisədə diqqətli incələmədə bəzən artıq sözlərin yer aldığı nəzərdən yayınmır.
B.Qasımzadənin tərcüməsi isə ahəngdarlığı ilə yanaşı, həm də orijinala yaxınlığı ilə uğurludur:
Gözlərimdən yuxunu qovaraq için-için,
Qaranlıqlı bir gecə qəlbimdən
sordum neçin
Gülşəninin bülbülü  unutdu nəğməsini,
Bəlağət tutin kəsdi incə, dilbər səsini?
Mirzə Fətəli Axundzadənin  tərcüməçilik fəaliyyəti yaradıcılığının çox geniş, əhatəli bir sahəsidir və ədib tərcümə sahəsini maariflənmənin çox mühüm vasitələrindən biri hesab edirdi. Ölkəmizin ədəbiyyatı və ictimai həyatında bir çox ilklərə imza atan Mirzə Fətəli Axundzadənin öz əsərlərini dünya oxucusuna çatdırmaq üçün fəaliyyəti, özünü rus və fars dillərinə tərcümə etməsi isə Azərbaycanı dünya mədəniy­yətinin bir parçasına çevirmək yolunda atılmış uğurlu addımlardır.                                                                                              


Tarix: 12-06-2019, 12:29

Xəbəri paylaş