Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Frazeologizmlərin mahiyyəti

 
 
Lalə Məsimova, 
Azərbaycan Dövlət Neft və Sənaye 
Universitetinin dosenti

Dildə olan bütün sabit söz birləşmələrinin, bölünməz ifadə və ibarələrin məcmusuna frazeologiya deyilir.  Frazeologiya mənşəcə yunan sözü olub, phrases-ifadə, logos-nəzəriyyə, elm sözlərinin birləşməsindən əmələ gəlmişdir. Frazeologiya sabit söz birləşmələrinin qanunauyğun inkişafını, mənşəyini və yaranmasını, xüsusiyyətlərini, forma və məzmun zənginliyini, işlədilmə imkanını, semantik və qrammatik strukturunu, söz və sərbəst birləşmələrlə əlaqəsini və.s. tədqiq edir.
“Frazeologiya” terminini dilçilik aspektində ilk dəfə Şarl Balli işlətmişdir. O, söz birləşmələrinin iki tipini qeyd edərək yazır ki, birləşmələrin birisi sözlərin sabit olmayan birləşməsidir, bunlar daimi olmur, nitq prosesində yaranır və ona görə də nitq vahidlərini təmsil edir. Birləşmələrin bəzisi frazeoloji tərkiblər yaradır. Bunlar dil sisteminə onun vahidləri kimi daxil olur.
Fikrin ifadəsində nitqin bilavasitə tərkib hissəsini təşkil edən iki və ya daha artıq sözlərin birləşməsindən ibarət olub, komponentləri sintaktik və semantik cəhətdən parçalanmayan, quruluş­ca sərbəst söz birləşmələrinə və ya cümləyə oxşayan, dildə hazır şəkildə mövcud olub ənənəyə görə ya bir formada, ya da qrammatik cəhətdən dəyişdirilərək işlədilən konstruksiyalara frazeologizmlər deyilir. Frazeologizmi təşkil edən sözlər onun tərəfləri, yaxud komponentləri hesab olunur. Onlar frazeologizmlərdə üzvi surətdə elə birləşir ki, onları bir-birindən ayırmaq və hər bir sözü müstəqil mənada düşünmək qeyri-mümkündür. Frazeolo­gizmi təşkil edən sözlərin hamısı ümumilikdə bir məna ifadə edirlər.
Frazeologizmlər dilin xalq fizionomiyası, onun orijinal vasitəsi, varlıq və zəka zənginliyidir. Onların həm məzmun, həm də forma etibarı ilə zən­ginliyi və dildə həddindən artıq işlədilməsi alimlərin diqqətini özünə cəlb etmişdir. Ona görə də frazeologiya dilçilik elminin bir şöbəsi olan leksikologiyanın xüsusi bir bölməsinə çevrilmişdir. Frazeologizmlərin daxili məna quruluşunun və xarici strukturunun, onların ayrı-ayrı dillərdə yeri və mövqeyinin açıqlanması, tərcümə olunma imkanlarının öyrənilməsi, milli və beynəlmiləl mahiyyətinin şərhi, onların işlənmə xüsusiyyətlərinin və istifadə olunma sahələrinin təhlili həm nəzəri, həm də praktik cəhətdən aktuallıq kəsb edir.
Frazeologizmlərdən istifadə insanlara öz fikirlərini dəqiq, qısa və idiomatik ifadə etmək imkanı verir. Onlar məfhumu dolayı olsa da, konkret ifadə edir. Frazeologizmlərin əsas xüsusiyyətlərindən biri onların obrazlı, emosional, ifadəli olmasıdır. Belə ki, frazeologizmlər dilin ekspressivliyində onun emosionallığında xüsusi rol oynayır. Onlar bu və ya digər anlayışı ayrı-ayrı sözlərdən dəfələrlə təsirli və obrazlı əks etdirir.                
Hər bir dil mürəkkəb frazeoloji sistemə malikdir. Dildə frazeologizmləri tiplərə ayırmaq üçün əsas meyar həmin birləşmələrdəki sözlərin bir-birinə yanaşma və qovuşma dərəcəsidir. Frazeoloji vahidlərin komponentlərinin bir-birinə qovuşma dərəcəsi olduqca müxtəlifdir.
Dilçilikdə frazeoloji vahidlərin təsnifi müxtəlif istiqamətlərdə aparılır. Bunlardan birincisi “Frazeologiya nəzəriyyəsi”nin banisi İsveçrə dilçisi Şarl Ballinin frazeoloji vahidlərə verdiyi təsnifat frazeologiyanın inkişafına böyük təsir göstərmişdir. Onun, söz birləşmələrinə dair ilk kitabları “Üslubiyyatın xülasəsi” və “Fransız üslubiyyatı” olmuşdur. Ş.Balli özünün “Üslubiyyatın xülasəsi” kitabında söz birləşmələrinin ilk təsnifatını vermişdir. O, fransız dilində frazeologiyanın ənənəyə görə işlədilməsini qeyd edərək yazır ki, dildə bir sıra sözlər başqa sözlərə nisbətən bir-biri ilə daha sıx bağlılığa meyl edir. Ş.Balli söz birləşmələrini dörd qrupa bölür:
1) sərbəst söz birləşmələri, 2) adi birləşmələr, 3) fra­zeoloji qrup, 4) frazeoloji birləşmələr.
1. Sərbəst söz birləşmələri - bu cür birləşmələrin hər bir üzvü ayrılıqda olduğu kimi birləşmə daxilində də öz müstəqilliyini saxlayır və parçalana bilir.
2. Adi birləşmələr - bu söz birləşmələrinin tərkibindəki sözlər qismən müstəqildir. Adi birləşmələrin tərkibində bəzi dəyişikliklər etmək mümkündür.
3. Frazeoloji qrup - bu söz birləşmələri nisbi müstəqilliyini saxlayan sözlərin köməyi ilə düzəlir. Frazeoloji qruplarda komponentlərin yenidən qrup­laşdırılması mümkündür. Onun komponentlərinin qismən başqa sözlə əvəz edilməsinə yol verilir.
4. Frazeoloji birləşmələr - elementləri tamamilə bir-biri ilə sıx əlaqədə olan birləşmələrdir. Bu cür söz birləşmələrinin tərkibindəki sözlər öz mənalarını itirərək, birlikdə ümumi bir məna ifadə edir. Frazeoloji birləşmələrin komponentlərinin dəyişdirilməsi qeyri-mümkündür.
Beləliklə, Ş. Balli söz birləşmələrini onların sabitlik dərəcəsinə görə müqayisə etmişdir. O, söz birləşmələrini sxematik olaraq bu qruplara bölmüş, lakin onların geniş şərhini verməmişdir. Ş.Balli özünün növbəti “Fransız dilinin üslubiyyatı” kitabında adi söz birləşmələrini və frazeoloji qrupu “ara tip” kimi adlandırmışdır. O, belə ifadələrə feli birləşmələri misal göstərmişdir. Sonradan o, söz birləşmələrinin yalnız iki qrupunu qeyd etmişdir:
1) sərbəst söz birləşmələri,
2) frazeoloji birləşmələr.
Qeyd etmək lazımdır ki, Ş.Balli “frazeoloji birləşmə” adı ilə nəzərdə tutuduğu semantik qrupdan olan frazeoloji vahidlərin xarici cəhətinin xüsusiyyətindən bəhs edərkən bunlarda üç əlamətin olduğunu göstərir:
1. Onların tərkibindəki sözlər ayrı yazılır.
2. Bu birləşmələrin tərkibindəki sözlər sabit sırada olur və onların  komponentləri arasına başqa söz daxil etmək qeyri-mümkündür.
3. Bu tip birləşmələrin komponentlərindən heç birini başqa sözlə əvəz etmək mümkün deyil.
Akademik V.V.Vinoqradov rus dilinin materialı əsasında frazeoloji vahidləri “frazeoloji birikmələr”, “frazeoloji bitişmələr” və “frazeoloji birləşmələr” adı ilə üç semantik qrupa bölür. Bunların hər birinin özünəməxsus əlamətini göstərir. O, frazeoloji birikmələrdən bəhs edərkən yazır ki, bunların ümumi mənası ilə komponentlərinin mənası arasında heç bir yaxınlıq, əlaqə, hətta potensial əlaqə belə yoxdur. Bunların tərkib hissələri dildəki bir və ya digər sözlə eyni səs tərkibinə malik olsa da, bu cür qarşılıqlı əlaqə omonimlikdən başqa bir şey deyildir.
Frazeoloji bitişmə sözün potensial ekvivalentidir. Bu cəhətdən bunlar frazeoloji birikməyə yaxınlaşır, lakin öz məna quruluşlarının mürəkkəbliyi, komponentlərinin məna əlaqəsinin potensial şəkildə mövcüd olması ilə frazeoloji birikmələrdən fərqlənir. Frazeoloji bitişmə xarici səs forması ilə sərbəst söz birləşməsinə uyğun gəir. Frazeoloji birləşmədə sərbəst mənada olmayan sözlərin sinonimlərlə əvəz edilməsi mümkündür.
V.V.Vinoqradov bu böl­gü­sündə “frazeoloji birləşmə” adlandırılan qrup ilk baxışdan Ş. Ballinin təsnifatındakı “frazeoloji qrup” və ya “adi birləşmələr”ə oxşayır. Lakin, əslində bunlar bir-birindən kəskin sürətdə fərqlənir. Belə ki, V.V.Vinoqradovun bölgüsündə frazeoloji birləşmə səciyyəsi daşıyanların komponentlərindən biri ancaq məhdud sözlərlə frazeoloji cəhətdən “bağlı məna” daşıyır. Ş.Ballinin təsnifatında isə, özünün qeyd etdi­yi kimi “birləşmə parçalandıqdan sonra sözlər öz mənalarını saxlayır”.
Qeyd etmək lazımdır ki, V.V.Vinoqradovun söz birləşməsi şəklində olan və frazeoloji səciyyə daşıyan terminləri “frazeoloji bitişmələrə” aid edir və bunları həmin qrupdan olan frazeoloji vahidlərdən ayrıca nəzərdə tutmağın lazım gəldiyini yazır.
V.V.Vinoqradovun bu təsnifatı bir müddət həm rus dilinin, həm də bir sıra başqa dillərin frazeologiyasından bəhs edən əsərlərdə tamamilə məqsədəuyğun sayılmış və olduğu kimi saxlanılmışdır.
Lakin son illərdə bir sıra dillərin frazeologiyası ilə daha dərindən məşğul olan tədqiqatçılar müəyyənləşdirmişlər ki, bu təsnifat özünü doğrultmur.
N.N.Amasova V.V.Vinoqradovun təsnifatı ilə razılaşmamışdır. O, V.V.Vinoq­radovun bölgüsünün dərin təhlilini verərək yazır ki, buradakı təsnifat vahid bir prinsipə əsaslanmır, belə ki, iki əvvəlki semantik qrup (frazeoloji birikmə və frazeoloji bitişmə) komponentlərinin mənasından asılı olmayaraq, ümumi mənalarının dərk edilməsi dərəcəsinə görə müəy­yənləşdirildiyi halda, “frazeoloji birləşmələr” adı ilə üçüncü qrupa aid edilənlər tərkibindəki sözün başqa leksik vahidlərlə məhdud şəkildə birləşməsi əlamətinə görə səciyyələndirilir. N.N.Amasova yazır ki, V.V.Vinoqradovun frazeologiya ilə əlaqədar olan məqalələrindən frazeologiyanın bir sıra ümumi məsələləri, o cümlədən frazeoloji vahdin daxilən ayrılıqda formalaşması problemi, frazeoloji vahidlərin tərkib hissələrinin müxtəlif tiplərinin müəyyənləşdirilməsi kimi məsələlər nəzərə alınmamışdır. Sonra N.N.Amasova V.V.Vinoqradovun “frazeoloji vahiddə onun ümumi məzmunun müəyyənləşməsi üçün kiçik bir işarə belə olarsa, frazeoloji birikmə haqqında danışmaq olmaz” cümləsini xatırladaraq yazır ki, burada frazeoloji vahidlərin mənalarının dərk edilməsi haqqındakı fikir digər faktları ilə obyektiv şəkildə əsas­landırılmır. Belə ki, V.V.Vinoqradovun özü daxilində daşıdıqları ümumi mənaya zəif də olsa işarə olan frazeoloji vahidləri frazeoloji birikmə hesab edir. Daha sonra, N.N.Amasova qeyd edir ki, V.V.Vinoqradovun “frazeoloji bitişmənin mənası onun komponentlərinin mənası ilə bağlı deyildir” fikri inandırıcı deyildir. Əgər nitq prosesində biz əvvəlcədən məlum olan idiomatik birləşmənin mənasını başa düşə biliriksə, deməli, burada həlledici onun komponentlərinin mənası ilə əlaqədar olaraq dərk edilməsir.
N.N.Amasova frazeoloji vahidin əsas xüsusiyyəti olan sabitlik məsələsini, idiomatikliyini, mahiyyətini və bunların sadəcə olaraq dildə təkrar edilən ənənəvi birləşmələrdən fərqini tam genişliyi ilə öz monoqrafiyasında dolğun şəkildə işıqlandırmışdır. O, ingilis dili materialı əsasında “frazeologiya və kontekst” məsələsini də geniş şəkildə işıqlandırmışdır ki, bu da dilin frazeoloji təsnifində əsas meyarlardan biri kimi xüsusi əhəmiyyət kəsb edir.
Qeyd etmək lazımdır ki, V.V.Vinoqradovun verdiyi böl­güyə N.N.Amosovanın istər burada qısa şəkildə bəhs etdiyimiz etirazı, istərsə də haqqında danışdığımız daha başqa tənqidləri ilə biz əsasən razılaşırıq.
N.M.Şanski isə təsnifatı daha da genişləndirərək sabit söz birləşmələrinin üç deyil, dörd tipini qeyd etmişdir. O, sabit söz birləşmələrinin frazeoloji birikmələr, frazeoloji bitişmələr, frazeoloji birləşmələr və frazeoloji ifadələr qruplarını qeyd etmişdir. O, sözlərin həqiqi mənası üzərində yaranıb, öz lüğəvi tərkibinə və qrammatik qovuşmasına görə möhkəm, həm də aydın sabit söz birləşmələrini frazeoloji ifadələr adlandırmışdı. N.M.Şanski düşünür ki, frazeoloji ifadələrin ümumi mənası onun tərkibinə daxil olan sözlərin mənası ilə bağlıdır. Məsələn: Live and learn “beşikdən qəbrə qədər öyrən!”.
İngilis dilinin frazeologizmləri aşağıdakı kimi təsnif olunmuşdur:
Frazeoloji birikmə.
Tərkibindəki sözlərin müs­təqil mənalarını tamamilə itirməsi nəticəsində əmələ gələn sabit söz birləşmələrinə frazeoloji birikmələr deyilir. Dilçilikdə bu tip sabit söz birləşmələri idiomlar da adlandırılır. Bu söz birləşmələrin əsas əlaməti onların semantik cəhətdən bütövlüyüdür. Dildə xüsusi səciyyə daşıyan bu birləşmələr onun frazeologiyasının əsasını təşkil edir. Frazeoloji birikmələrə aşağıdakı söz birləşmələrini misal göstərmək olar:
Kick the bucket “ölmək”; send smb. to conventry “bir kəsi baykot etmək”, “bir kəslə əlaqəni kəsmək”; at bay “çıxılmaz vəziyyət”; be at somembody`s beck and call “qulluğunda həmişə hazır olmaq” = “əmrə hazır olmaq”; to be all thumbs “yöndəmsiz”, “yaraşıqsız”; to rain cats and dogs “şıravaran yağış yağmaq”; kilkenny cats “qatı düşmənlər”.
Frazeoloji birikmələr onları təşkil edən komponentlərin məcazi mənaları əsasında əmələ gəlir. Bu cür birləşmələrin bədiilik xüsusiyyətləri yalnız tarixi-nöqteyi nəzərdən açıqlanır. Məsələn: “bay” sözünün mənası “tupik” (ş.dəniz quşu), “beck” sözünün mənası isə “qollarını çırpmaq”-dır. Bu sözlər arxaizmlərdir və yalnız yuxarıda göstərdiyimiz frazeologizmin tərkibində işlənir. Və yaxud digər bir misala baxaq — “to be all thumbs” frazeologizmi “one`s fingers all thumbs” frazeologizminin əsasında əmələ gəlmişdir. “Kilkenny cats” frazeologizmi bir əfsanədən götürülmüşdür. Əfsanəyə görə Kilkenny və Irishtown arasında XVIII əsrdə müharibə olub və bu müharibə hər iki şəhərin dağılması ilə nəticələnib. “Send smb. to Conventry” frazeologizmi Klarendonun “The history of the Great Rebellion and Civil Wars in England” kitabında gö­tü­rül­müşdür. İngilis inqilabı dövründə Konventri şəhərində bir həbsxana yerləşirdi ki, orada yalnız güclü monarxlar saxlanılırdı. Göstərdiyimiz bu frazeologizm də bununla əlaqədar olaraq yaranmışdır.
Beləliklə, frazeoloji birikmələrdə həqiqi məna ilə məcazi məna arasındakı əlaqə itir və məcazi məna onlar üçün ön plana keçir. Frazeoloji birikmələrin aşağıdakı xüsusiyyətləri var:
1. Frazeoloji birikmələrin komponentləri sırasına arxaizmlər də daxil ola bilər.
2. Bu tip birləşmələri sintaktik cəhətdən parçalamaq mümkün deyildir.
3. Onların komponentlərinin yerlərini dəyişdirmək əksər hallarda qeyri-mümkündür.
4. Bu birləşmələrin tərkibinə söz daxil ola bilmir.
5. Frazeoloji birikmələrin tərkibindəki sözlər öz leksik mənalarını itirərək onların komponentlərinə çevrilir və ümumi bir mənanı ifadə edir. Məsələn: “kick the bucket” - “to die”; “send smb to Conventry” - “to ignore”.
Frazeoloji bitişmə. Bəzi sabit söz birləşmələrinin tərkibindəki sözlərdən birinin həqiqi mənası az da olsa, nəzərə çarpır. Bu tip birləşmələr frazeoloji bitişmələr adlanır. Frazeoloji bitişmələrə aşağıdakı söz birləşmələrini misal gös­tərmək olar:
To spill the beans “sirr vermək”; to burn bridges “körpüləri yandırmaq”; to throw dust into smb’s eyes “bir kəsin başını aldatmaq”; to point the devil blacker than he is “şişirtmək”; to put a spoke in somebody’s whell “bir kəsə mane olmaq”, “əngəl törətmək”; to hold one’s cards close one`s chest “bir şeyi sirr olaraq saxlamaq”, “ağzını bərk tutmaq”, “susmaq”; to be narrow in the shoulders “zarafat başa düşməyən”; to gild refined gold “boş yerə çalışmaq”; to stick like a leech “zəli kimi yapışmaq”; broad shoulders “enli kürək”; more or less “qismən”, “müəyyən dərəcədə”; out of the frying pan into the fire “yağışdan çıxıb yağmura düşmək”.
Frazeoloji bitişmələr bədiilik və məcazilik baxımından qismən frazeoloji birikmələrə bənzəyirlər. Frazeoloji bitişmələri başa düşmək üçün onun komponentlərini məcazi mənada dərk etmək lazımdır. Məsələn: make a mountain out of a molehill frazeologizmi “qarışqadan fil düzəltmək” (bir şeyi çox şişirtmək) mənasını verir. Burada molehill sözü “çox kiçik” mənasında, mountain sözü isə “çox böyük” mənasında dərk edilir.
Frazeoloji bitişmələr omonim ola bilər, yəni onlar həm həqiqi, həm də məcazi məna ifadə edə bilərlər. Məsələn: It was very tiresome as I had to swim against the current cümləsinin tərcüməsi belə olacaq: Axının əksinə üzmək çox yorucu idi. Bu cümlədə “to swim against the current” birləşməsi “axının əksinə üzmək” mənasını verir. Bu birləşmənin məcazi mənası isə “bir kəsə qarşı çıxmaq (getmək)”, “bir kəsin əksinə getmək”dir.
Frazeoloji bitişmələrin də özünəməxsus xüsusiyyətləri var. Bunlar aşağıdakılardır:
1. Bu birləşmələr yüksək bədiilik xüsusiyyətlərinə malikdir və onlar mövcud olan digər sabit söz birləşmələrinə mənaca uyğun gəlir. Məsələn: to throw dust into smb`s eyes, to be narrow in the shoulders, to burn one’s fingers, to burn bridges.
2. Frazeoloji bitişmələr komponentlərinin semantik xüsusiyyətlərini qoruyub saxlayır. Məsələn: to put a smoke in smb`s wheel.
3. Onlarda emosionallıq və ifadəlilik həlledici rol oynayır. Məsələn: to throw dust into smb`s eyes, to point the devil blacker than he is.
4. Bu tip birləşmələrin komponentlərinin yerini dəyişmək qeyri-mümkündür. Məsələn: to hold one’s cards close to one’s chest.
5. Frazeoloji bitişmələr sözlərin və yaxud söz birləşmələrinin sinonimi ola bilir. Məsələn: to gild refined gold = to paint the lily.
Frazeoloji birləşmə. Bəzi sabit söz birləşmələrinin tərkibindəki sözlərdən biri mütləq öz həqiqi mənasında işlənir, o biri söz isə ondan asılı vəziy­yətdə olur,  yəni bu tip birləşmələrin tərkibinə həm müstəqil, həm də frazeoloji məna daşıyan sözlər daxildir. Dilçilikdə bu cür sabit söz birləşmələri frazeoloji birləşmələr adlandırılır. Məsələn: a bosom friend “ürək dostu”; to frown one’s eyebrows “qaşlarını çatmaq”; a Sisyphean labour “sizif əməyi”; Adam's apple “xirtdək”; rack one`s brains “baş sındırmaq”; to pay attention to somebody “bir kəsə diqqət yetirmək”; Augean stables “avgin tövlələri”; Homeric laughter “homer gülüşü”; Achilles’ heel “axilles dabanı”.
Frazeoloji birləşmələrin aşağıdakı xüsusiyyətləri var:
1. Frazeoloji birləşmələrin komponentlərindən birini dəyişmək mümkündür. Məsələn: a bosom friend “ürək dostu”, bosom buddy “yaxın yoldaş”.
2. Bu birləşmələrin əsas tərəfini onun sinonimi ilə əvəz etmək olar. Məsələn: pitched battle “amansız döyüş”, fierce battle “sərt döyüş”, “qızğın döyüş”.
3. Onların komponentlərinin yerini dəyişmək mümkündür. Məsələn: Sisyfean labour “sizif əməyi”, a labour of Sisyphus.
4. Bu tip birləşmələrin komponentlərindən birinin müstəqil, digərinin isə asılı olması mütləqdir. Məsələn: a bosom friend “ürək dostu”, yəni insana yaxın yalnız onun dostu ola bilər, düşməni, yada bir başqası ola bilməz.


Tarix: 12-06-2019, 12:12

Xəbəri paylaş