Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Dərslik müəllimi yaradıcı işə sövq edir

 
 
Elnur Əliyev,
Salyan rayonu, Yenikənd kənd 
tam orta məktəbinin müəllimi
 
Məlumdur ki, müasir ədəbiyyat dərsliyi söz sənətinin kamil nümunələri vasitəsilə gənc nəslə yüksək mənəvi dəyərlər, həyati bacarıqlar, estetik zövq, mütaliə mədəniyyəti aşılamalı, şagirdlərin tədqiqatçılıq fəaliyyəti, yaradıcı iş üçün zəmin yaratmalıdır. Kurikulumun qarşıya qoyduğu məqsəd və vəzifələrə uyğun olaraq, şəxsiyyətyönümlülük, tələb­yönümlülük, nəticəyönümlülük, tərbiyəvilik kimi didaktik tələblər əsas götürülməlidir.
Artıq yeddinci tədris ilidir ki, respublikamızın orta təhsil müəssisələrinin 5-ci siniflərində kurikulum üzrə “Ədəbiyyat” dərsliyindən və “Müəllim üçün metodik vəsait”dən (Müəlliflər: Soltan Əliyev (Hüseynoğlu), Bilal Həsənov (Həsənli), Əminə Səfərova, Əsgər Quliyev. “Bakı” nəşriyyatı, 2012, 2016) istifadə olunur. Dərslik üzrə iş təcrübəmdən çıxış edərək öz təəssüratlarımı həmkarlarımla bölüşmək istəyirəm.
Müəlliflər müəllim üçün metodik vəsaitdə qeyd edirlər ki, dərslik hazırlanarkən respublikamızın qabaqcıl müəllimlərinin iş təcrübəsi diqqətlə öyrənilmiş, bir sıra məktəblərdə sınaq dərsləri keçirilmişdir. Eyni zamanda ibtidai təhsil pilləsində (I-IV siniflər) Azərbaycan dili fənni üzrə kurikulumun tətbiqi təcrübəsi araşdırılmış, nəticələr çıxarılmışdır. “Ədəbiyyat” dərsliyi düzgünlük, əyanilik, müasirlik, tamlıq, ardıcıllıq, yaş səviyyəsinə və təlim vaxtına uyğunluq, oxunaqlılıq, inklüzivlik, inteqrativlik kimi pedaqoji prinsiplər əsasında tərtib edilmişdir.
 Fikrimcə, məsələyə bu cür yanaşma kurikulumun tələblərinin, məzmun standartlarının reallaşdırılması üçün geniş imkanlar açan dərsliyin araya-ərsəyə gəlməsinə səbəb olmuşdur. Belə ki, tədris vəsaitinə yüksək ideya-bədii dəyərə malik əsərlər - klassik və müasir Azərbaycan ədəbiyyatı nümunələri, eləcə də xarici ölkələr ədəbiyyatından seçmələr daxil edilmişdir. Çağdaş dövr üçün aktual olan ideya-mənəvi dəyərləri əks etdirən, məktəblilərin yaş, qavrama səviyyəsinə, maraqlarına, tələbatlarına uyğun olan bədii mətnlərin seçimində problem-mövzu prinsipi əsas götürülmüşdür. Dərslikdə vətənpərvərliyi, soykökünə bağlılığı, yurd sevgisini, qəhrəmanlığı, ana fədakarlığını, humanizmi, mərdliyi, sadəliyi, təvazökarlığı, insan hüquqlarını, azadlıqlarını, əməksevərliyi, təbiətə qayğıkeş münasibəti, xalqımıza xas olan digər milli əxlaqi keyfiyyətləri, ümumbəşəri mənəvi dəyərləri əks etdirən bədii nümunələr müvafiq bölmələr üzrə qruplaşdırılmışdır.
5-ci sinif üçün ədəbiyyat fənn kurikulumunda şagirdlərə ədəbi şəxsiyyətlər barədə məlumat verilməsi nəzərdə tutulmamışdır. Bunu nəzərə alaraq, müəlliflər orijinal yol seçmiş, həmkarlarının görkəmli sənətkarları yaradıcı şəxsiyyət kimi təqdim edən yığcam, yaddaqalan fikirlərdən istifadə etmişlər.
Müəlliflər fənn kurikulumunun tələblərini nəzərə alaraq, məzmun standartlarında nəzərdə tutulmuş ədəbiyyat nəzəriyyəsi üzrə biliklərin - nağıl, təmsil, hekayə, epitet, bənzətmə və s. öyrədilməsini diqqət mərkəzində saxlamışlar. Təcrübə göstərir ki, V sinifdə yığcam ədəbi-nəzəri məlumatların hazır hökmlər şəklində deyil, müasir metodik tələblərə uyğun olaraq, düşündürücü, məktəbliləri müstəqil fəaliyyətə sövq edən sual və tapşırıqlar vasitəsilə təqdim edilməsi “öyrənməyi öyrətmək” baxımından faydalıdır.
Dərslikdə bədii əsərlərin məzmununun mənimsənilməsi, təhlili üzrə sual və tapşırıqlar sistemi fəal/interaktiv dərslərin təşkilinə geniş imkanlar açır. Bu zaman inteqrasiya konkret mövzu, problem, anlayış haqqında şagirdlərdə lazımi təsəvvürlər yaradılmasına, onların mahiyyətinin dərindən dərk edilməsinə, möhkəmləndirilməsinə, biliklərin, bacarıqların ardıcıl öyrədilməsinə hərtərəfli şərait yaradır, məktəblilərdə müqayisələr aparmaqla ümumiləşdirmə vərdişlərinin formalaşmasına, tədqiqatçılıq meyillərinin güclənməsinə müsbət təsir göstərir.
Dərslikdəki şagird-şagird, şagird-müəllim əməkdaşlığına, öyrənmə prosesində şagirdin aktivliyinə, müstəqilliyinə yol açan sual və tapşırıqlar sistemi məktəblilərdə idraki fəallığın yaradılmasına, dərs ərzində sabit saxlanılmasına imkan verir. Hər bölmə, bədii mətn üzrə suallar, tapşırıqlar milli, ümumbəşəri mənəvi dəyərlərin sərbəst formada qavranılmasına, şifahi, yazılı nitqin inkişaf etdirilməsinə, həyati bacarıqların aşılanmasına zəmin yaradır. Bütün möv­zular üzrə sual və tapşırıqlar sistemi kurikulumdakı hər üç məzmun xətti - “Ədəbiyyat və həyat həqiqətləri”, “Şifahi nitq”, “Yazılı nitq” üzrə standartların həyata keçirilməsinə istiqamətlənmişdir. Dərs dediyim 5-ci siniflərdə şagirdlər həmin suallar, tapşırıqlar üzərində həvəslə işləyir, kiçik summativ qiymətləndirmə zamanı uğurlu nəticələr əldə edirlər.
Dərsliyin məzmunu, strukturu, metodik sis­temi bilavasitə məktəbliləri əldə etdiyi bilikləri tətbiq etməyə, yaradıcı fəaliyyətə sövq edən fəal /interaktiv təlimin təşkilinə yönəlmişdir. Məlumdur ki, fəal/interaktiv təlimə məxsus üsulların seçilməsi fənnin mahiyyətinin, özünəməxsusluğunun nəzərə alınması zəminində reallaşdırılır. Üsulların tətbiqi o vaxt uğurlu olur ki, təlim materialının xüsusiyyətləri (həcmi, mürəkkəbliyi, çətinlik səviyyəsi), şagirdlərin onlarla tanışlığı və s. nəzərə alınmış olsun. Məhz bu cəhətlər, o cümlədən ədəbiyyat kurikulumunun tətbiqində V sinfin ilk - birinci mərhələ olduğu əsas götürülərək, bədii əsərlərin məzmununun mənimsənilməsi, təhlili, inşa, esse yazılar, ifadəli oxu dərsləri üzrə sual və tapşırıqlar sistemi fəal/interaktiv təlimin təşkili mexanizmləri nəzərə alınmaqla tərtib olunmuşdur.
Dərslik kurikulumun tələblərinə uyğun olaraq, təlim prosesində fəndaxili, fənlərarası inteqrasiyanın həyata keçirilməsi baxımından geniş imkanlar yaradır. Tədris vəsaitindəki təlim materiallarının problem-mövzu prinsipi ilə seçilməsi fəndaxili əlaqələrin reallaşdırılması üçün əlverişli zəmin təşkil edir. Fəndaxili inteqrasiya özünü bir neçə istiqamətdə büruzə verir: məzmun xətti daxilində və mövzu, problem, janr baxımından əlaqə. Nəticədə məktəblilər bu, yaxud digər bədii əsər üzrə bilikləri, bacarıqları başqa əsərlərin tədrisi zamanı inkişaf etdirir, dərinləşdirir, eyni mövzuda bədii əsərləri inteqrativ öyrənirlər.
Fənlərarası inteqrasiya ədəbiyyatı incəsənətin digər növləri - musiqi, rəssamlıq, kino, eləcə də Azərbaycan dili, xarici dil, Azərbaycan tarixi, həyat bilgisi. informatika, texnologiya və s. ilə üzvi əlaqədə öyrənilməsini nəzərdə tutur. Fəndaxili və fənlərarası inteqrasiyanın yaradılması tələbi dərslikdə fəal /interaktiv təlimin fərdi, cütlük şəklində, kiçik, böyük qruplarda işə hesablanmış sual və tapşırıqlar sistemi vasitəsilə həyata keçirilmişdir.
Dərslikdə şagirdlərin ifadəli oxu bacarıqlarına yiyələnməsi ön plana çəkilmişdir. Kurikulumun məktəblilərə bədii əsərin ideya-məzmununa uyğun ifadəli oxumaq tələbi nəzərə alınaraq, tədris vəsaitində müvafiq sual və tapşırıqlar sis­temi işlənilmişdir. Təcrübə göstərir ki, dərsliklərimiz üçün yeni olan bu təşəbbüs müəllimlərimizin həmin sahədəki fəaliyyətini metodik baxımdan istiqamətləndirir.
Dərslikdə elektron resurslardan, kompüter texnologiyasından, internetdən istifadə imkanları da nəzərdən qaçırılmamışdır. Bütün mövzularla bağlı “Kitabxana və internetdən bəhrələnin” başlığı altında elektron resurslardan, əyani vasitələrdən (portret, illüstrasiya, şəkil, musiqi, bədii, sənədli filmlərdən parçalar və s.) istifadəni nəzərdə tutan suallar, tapşırıqlar işlənilmiş, müəllimlərə metodik tövsiyələr verilmişdir.
 Təcrübəm əsasında belə qənaətə gəlmişəm ki, şagirdlərin “Kitabxana və internetdən bəhrələnin” başlıqlı suallara, tapşırıqlara hazırladıqları cavabların səviyyəsinin müstəqil araşdırma, mütaliə üzrə təqdimatların müzakirəsi dərslərində müəyyənləşdirilməsi daha məqsədəuyğundur. Müəlliflərin tövsiyə etdiyi kimi, dərslikdə məktəblilərin yaradıcı, sərbəst tədqiqatçılıq fəaliyyəti üçün nəzərdə tutulmuş layihələrin müzakirəsinin də bu dərslərdə reallaşdırılması faydalıdır.
Dərslikdə Elçin Hüseynbəylinin (1961) “Firuzə qaşlı xəncər” hekayəsinin tədrisi şagirdlərdə Xocalı soyqırımı haqqında aydın təsəvvür yaradır. Bu yazılı ədəbiyyat nümunəsini maraqla oxuyan uşaqlar mənfur düşmənin əsl simasını yaxşı başa düşür, “yazıq ermənilərin” kim olduğunu bir daha dərk edirlər. Əsərin sonundakı dialoq daha çox yadda qalır:
“ - Ata, bilirsən ermənilər orada neylədilər?
- Bilirəm, qızım, bilirəm, Allah bəlalarını versin! Qisas qiyamətə qalmaz!”
Dərslikdə diqqəti cəlb edən mühüm məsələlərdən biri də ev tapşırıqlarına münasibətdir. Müəlliflərin mövqeyi belədir ki, fəal-interaktiv dərsdə də ev tapşırıqlarının verilməsinə ehtiyac vardır. Lakin müəllim ənənəvi dərslərdən fərqli olaraq, fəal-/interaktiv dərsdə ev tapşırıqlarının yoxlanılmasını məqsədə çevirməməli, tapşırıqların yerinə yetirilmə səviyyəsini seçmə yolla, qısa vaxt ərzində müsahibə, təqdimat, müzakirə və s. üsullardan istifadə etməklə aşkara çıxarmalıdır. Ev tapşırığının hansı məzmun və formada verilməsini təlim məqsədlərindən çıxış edən müəllim müəyyənləşdirir.
 Müsbət haldır ki, dərslikdə inklüzivlik, diferensial təlim (təlim nəticələri yüksək, zəif, sağlamlıq imkanları məhdud olanlar) imkanları gözlənilmişdir. Bu, ilk növbədə, müxtəlif tipli - bərpaedici, yaradıcı, qapalı, açıq, yarımaçıq sual və tapşırıqların seçimində məktəblilərə müstəqillik verilməsində, o cümlədən qiymətləndirmə materiallarında öz əksini tapmışdır.
 Dərsliyə bütün bölmələr üzrə il ərzində aparılacaq kiçik summativ qiymətləndirmə materiallarının daxil edilməsi təqdirəlayiqdir. Kiçik summativ qiymətləndirmə üçün bir dərs saatında öyrənilməsi və qiymətləndirilməsi mümkün olan bədii nümunələr seçilmiş, məzmun standartlarının həyata keçirilməsi səviy­yəsini üzə çıxarmağa imkan verən sual, tapşırıq, test nümunələri işlənilmişdir.
 Dərsliyin sonunda bədii nümunələrdə şagirdlərə tanış olmayan sözlərin lüğətinin və ədəbiyyatşünaslıq terminlərinin izahının verilməsi də təqdirəlayiqdir.
 Dərslik bədii tərtibat baxımından da diqqəti cəlb edir. Tədris vəsaitinə ayrı-ayrı sənətkarların portreti, işarələr sistemi, bölmələr üzrə orijinal rəsm işlərindən ibarət illüstrasiyalar daxil edilmişdir. Rəsm və illüstrasiyaların ayrı-ayrı bölmələr üzrə mətnlərin səmərəli qavranılmasına imkan yaratmasına, məktəblilər üçün cəlbedici, maraqlı olmasına diqqət yetirilib. Rəsmlər, illüstrasiyalar bədii mətnlərə uyğunluğu, ifadəliliyi ilə diqqəti çəkir.


Tarix: 10-05-2019, 13:54

Xəbəri paylaş