Sağlam ol, çox yaşa!
Dövrümüzün və dolayısı ilə bütün dövrlərin ən aktual məsələlərindən olan sağlam həyat tərzi anlayışı son vaxtlar daha çox müzakirə olunan mövzulardandır. Görünür, müzakirələrə ciddi zərurət yaranıb. Texniki tərəqinin inkişafı insan orqanizminə aqressiv təsir qüvvəsinə malikdir.
Sağlamlıq insanın təkcə xəstə olmaması ilə ölçülmür, həm də onun fiziki, psixoloji və sosial rifahının öz qaydasında olması ilə müəyyən olunur. Fiziki sağlamlıq fiziki və daxili orqanların mövcud vəziyyəti ilə ölçülür. Psixi sağlamlıq isə insanın psixi durumu, onun davranışlarının tənzimlənməsi, eyni zamanda sosial və bioloji amillərin təsiri ilə xarakterinin düzgün formalaşmasıdır. Psixi sağlamlıq insanın özünə və ətrafdakı insanlara olan münasibətdə, ümumilikdə bütün həyat boyu olan münasibətlərində özünü büruzə verir.
Mütəxəssislərin də qeyd etdiyi kimi, ekologiyanın pisləşməsi, texniki gərginliyin artması, insanın sağlam həyat tərzinə mənfi təsir göstərir. Ona görə də sağlamlığı qorumaq qaydalarını bilmək və ona əməl etmək vacibdir. Sağlam həyat tərzi gümrah yaşamaq və xəstəliklərdən uzaq olmaq deməkdir. Sağlamlıq xoşbəxt həyatın əsas şərti və təminatıdır.
Bəzən hərəkətin azlığı, düzgün qidalanmamaq, psixoloji gərginlik, siqaret və spirtli içkilərdən istifadə, yoluxucu xəstəliklərə tutulma və s. insanın sağlamlığını təhlükə qarşısında qoyur. Sağlam olmaq üçün bir sıra şərtlərə əməl etmək lazımdır. Şəxsi gigiyenaya və təmizliyə əməl etmək, təmiz ətraf mühit, zərərli vərdişlərdən uzaq olmaq, düzgün istirahət, idmanla məşğul olmaq, düzgün qidalanmaq, reproduktiv sağlamlığı qorumaq və nizamlanmış gün rejimi sağlam həyat tərzinin şərtlərindəndir. Cəmiyyətin aparıcı qüvvələrindən olan müəllimlər həm də maarifçilərdir. Müəllim olaraq bizim əsas məqsədimiz şagirdlərimizə yaxşı təhsil verməklə yanaşı, onları əsl vətəndaş kimi yetişdirmək, təlimi həyatla əlaqələndirmək, hər bir şagirdin şəxsiyyətinə hörmətlə yanaşır. Üzərimizə düşən əsas vəzifə sağlam həyat tərzini şagirdlərə doğru-düzgün çatdırmaq, gənclər arasında təbliğinə nail olmaqdır. Hər bir fənnin məzmun xəttində sözügedən mövzulara müəyyən qədər yer verilmişdir. Lakin məktəb proqramı çərçivəsində aparılan təbliğat yetərli olmaya bilər. Onun üçün də mən dərs dediyim şagirdlər üçün sağlam həyat tərzinin təbliği ilə bağlı müxtəlif layihələr həyata keçirirəm.
Şagirdlərə bildirirəm ki, düzgün qidalanma sağlam həyat tərzinin əsas şərtlərindən biridir. Qida insan orqanizmi ilə xarici mühit arasında baş verən maddələr və enerji mübadiləsini təmin edən prosesdir. İnsanın fəallığı və inkişafı üçün qəbul etdiyimiz qidanın tərkibində zülalların, karbohidratların, yağların, vitaminlərin, mineral maddələrin və suyun olması vacibdir, çünki həyat üçün lazım olan enerji qida maddələrindən alınır. Qidanın normadan artıq qəbul olunması xoşagəlməz hallara səbəb ola bilir. Qidanın bolluğu heç də insanı daha da qüdrətləndirmir, gücünü artırmır, ömrünü uzatmır, əksinə onu zəiflədir, həyatını qısaldır. Yanlış söz insanın başına bəla açdığı kimi, mədəyə ötürülən yanlış qida da orqanizmi xəstələndirir. Odur ki, qidanın düzgün seçilməsi önəmlidir. Ataların dediyi kimi “ Çox yemək insanı az yeməkdən də qoyar”.
İnsan sutka ərzində 2 – 3 litr maye qəbul etməlidir.Su təbii həlledicidir. Yeməkdən yarım saat əvvəl su içmək lazımdır. Ancaq yemək zamanı və yeməkdən dərhal sonra su içmək olmaz. Lakin suyun da artıq içilməsi orqanizmə mənfi təsir göstərir.
Görkəmli klassikimiz Nizami Gəncəvinin dediyi kimi:
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.
Fəal hərəkət sağlam həyat tərzinin vacib şərtlərindəndir. Həyat hərəkət deməkdir. Hazırda çoxumuz oturaq işdə işləyir, gəzmək yerinə nəqliyyata daha çox üstünlük veririk. Elə bunlar da hazırda ən böyük problemimizə çevrilən artıq çəki- kökəlmənin təməlini qoyur. Vaxtilə insanlar yaşamaq üçün fiziki əmək sərf etmişlər. Müasir dövrdə əl işini əvəz edən texniki vasitələrin sayı gündən-günə artır. Ona görə də idmanın müxtəlif növləri ilə məşğul olmaq vacib amillərdəndir. Necə ki, demişlər:
Kim sevirsə idmanı
Poladdan olar canı.
Sağlam həyat tərzinin şərtlərindən biri də zərərli vərdişlərdən uzaq olmaqdır. Narkotik maddələr, spirtli içkilər və tütün məmulatlarına aludəçilik zərərli vərdişlər hesab olunur. Bu vərdişlər həm insan orqanizminə, həm də bütövlükdə cəmiyyətə ziyan vurur.
Statistik məlumatlara görə, ağciyər xərçənginin 50-87 %-ni, xroniki bronxitin 75 %-ni, ürək xəstəliklərinin 25 %-ni siqaret törədir. Dünyada hər 8 saniyədən bir 1 insan siqaretin birbaşa və ya dolayı yolla təsirindən həyatını itirir. Siqaret çəkən adamlarda rast gəlinən xəstəliklərə siqaret çəkməyən adamlarda da təsadüf olunur. Çünki çəkilən hər siqaretin 25 %-i onu çəkən orqanizmə - yəni onun ciyərlərinə daxil olursa, 50 %-i nəfəs alınan havada qalır, tənəffüs zamanı həmin yerdə olan insanların ciyərlərinə yol tapır. Digər 25 % -i isə yanaraq kül olur. Hər il minlərlə passiv siqaret çəkən siqaret tüstüsünün verdiyi zərərlər nəticəsində xəstələnərək həyatlarını itirirlər.
Ölkəmizdə hər bir siqaret qutusunun üzərində “Siqaret çəkmək sizin sağlamlığınıza ziyan vurur” və “18 yaşına çatmamış uşaqlara satılması qadağandır” sözləri var. Hətta 18 yaşı olmayan uşaqlara siqaretin satılmasını qadağan edən qanun da var. Amma qanuna əməl edilmir. Uşaqların nəzarətsiz qalmağının səbəbidir ki, artıq məktəblilər arasında zərərli vərdişlərin qurbanlarına çox rast gəlinir.
Reproduktiv sağlamlıq insanın əlverişli fiziki, əqli və sosial rifahı şəraitində çoxalma oranlarının sağlam olması vacibdir. Reproduktiv sağlamlığa əməl etməklə gələcək nəslin sağlamlığının qayğısına qalmaq lazımdır.
Elementar gigiyena qaydalarına əməl etmək, vaxtlı–vaxtında tibbi müayinədən keçmək, dırnaqlara, saçlara, dəriyə, qulluq etmək sağlam həyat tərzinin bir parçasıdır. Gigiyena qaydaları dedikdə, təkcə şəxsi gigiyena deyil, eyni zamanda təmiz ətraf mühit də nəzərdə tutulur.
Sağlam həyat tərzinə əməl etmək çətin deyil. Hər bir insanın sağlamlığı öz əlindədir. Müsbət fikirlər və nikbin əhvali-ruhiyyə sağlamlıq üçün əhəmiyyətlidir. Gözəl düşünmək lazımdır ki, gözəlliklərlə qarşılaşaq. Sonda hər birinizə sağlam həyat, xoş əhval arzu edirəm.
Ziba MƏMMƏDOVA,
Ağsu rayon R. Hüseynov adına
Kəndoba kənd tam orta məktəbin biologiya və kimya müəllimi
Tarix: 10-05-2019, 13:52