Məqsəd - şagirdlərdə vətən sevgisini, məhəbbətini gücləndirməkdir
Vüsalə RZAYEVA,
Bakı şəhər 147 nömrəli texniki-humanitar
liseyin tarix müəllimi,
təlim-tərbiyə işləri üzrə direktor müavini
Ulu öndər Heydər Əliyev öz nitqlərində Azərbaycanın dövlət müstəqilliyinin, dövlət rəmzlərinin mahiyyətinin şagirdlərə aşılanmasını, gənclərimizin öz irsimizi, tarixi köklərimizi, keçmişimizi yaxşı bilməsini, Azərbaycan tarixinin vətən tarixi olduğunu vurğulayaraq hər kəsin onu öyrənməsinin vacibliyini nəzərə çatdırırdı. Müstəqil respublikamızın vətəndaşları olan şagirdlərimiz azadlığımızın, müstəqilliyimizin qədrini bilmək üçün gərək tariximizi yaxşı bilsinlər.
Dərs zamanı, ilk növbədə, Azərbaycan tarixinin əsas məqamlarının şagirdlər tərəfindən öyrənilməsinə nail olmaq istəyirəm. Tez-tez vurğulayıram ki, şimaldan - Baş Qafqaz dağları, qərbdən Göyçə gölü vasitəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən Xəzər dənizi, cənubdan isə Sultaniya-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.
Azərbaycan adının tarixi tələffüzü cürbəcür olmuşdur. Qaynaqlarda bu ad qədimdən başlayaraq Andirpatian, Atropatena, Adirbican, Azirbican və nəhayət, Azərbaycan şəklində işlənmişdir. Azərbaycan dövlətinin, həmin dövlətlərin yaranmasında və inkişafında böyük rol onayan hökmdarların, elm və mədəniyyət xadimlərinin, işğal olunmuş ərazilərimizin, milli qəhrəmanlarımızın dövlət atributlarının adlarının hər sinifdə, hər dərsdə şagirdlər tərəfindən söylənilməsinə şərait yaradıram.
Məsələn, VIII sinifdə “Azərbaycan Səfəvi dövlətinin yaranması” mövzusunun tədrisi zamanı bütün Azərbaycan dövlətlərini yada salmaq üçün VI, VII, VIII siniflərdə keçilən mövzuları xatırladıram. Manna Atropatena, Albaniya, Girdiman, Sirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Rəvadilər, Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinin yaranma tarixlərini, əsas hökmdarlarını, ərazilərini, paytaxt şəhərlərini şagirdləri qruplara ayıraraq soruşuram.
Yeni dərsin mövzusunu elə həmin dərs zamanı şagirdlər tərəfindən mənimsənilməsinə cəhd edirik.
Məsələn, VII sinifdə “Babəkin başçılığı altında Azərbaycanda azadlıq hərəkatı” mövzusundan bəzi sualların verilməsini əhəmiyyətli hesab edirəm:
- Azərbaycan xalqı Babəkin adını niyə qəlbində yaşadır?
- Azadlıq hərəkatı dedikdə nə başa düşürsünüz?
- Hansı qəhrəmanları tanıyırsınız?
- Qəhrəmanlıq dedikdə nə başa düşürsünüz?
Bu cür iş formalarında “öyrənməyi öyrətmək” prinsipini əsas tutaraq şagirdlərə dərslikdən istifadə etməyə imkan verirəm.
VI sinifdə “Manna dövlətinin yaranması və yüksəlişi” mövzusunda sualları belə tərtib edirəm:
- Manna dövlətinin yaranma tarixi.
- Manna dövləti harada meydana gəldi?
- Manna vilayətlərini mərkəzi hakimiyyətə kim tabe etdi?
Burada məqsəd sinifdə olan şagirdlərin eyni vaxtda eyni suallara cavab vermələrinə şərait yaratmaqdır. Bu iş üsulunda da suallar və cavablar konkret olmalıdır.
Digər bir üsul şagirdlərin mövzu ilə bağlı bir-birini sual-cavab etməsidir. Bu da şagirdlərdə şifahi nitqi inkişaf etdirmək, sərbəstlik, dialoqa girmə bacarığı formalaşdırır. Məsələn: IX sinifdə “Qarabağ xanlığı” mövzusunu keçərkən şagirdlər bu tipli suallarla və tapşırıqlarla bir-birinə müraciət edə bilər:
- Qarabağ xanlığına daxil olan ərazilər hansılardır?
- Qarabağ xanlığının fəaliyyəti haqqında danış.
- Molla Pənah Vaqifin Qarabağ xanlığında olan fəaliyyəti haqqında ətraflı öyrən və danış.
Bütün bu yeni təlim üsulları ilə yanaşı, dərsdənkənar və məktəbdənkənar tədbirlərin keçirilməsi də Azərbaycan tarixinin tədrisinə onun şagirdlər tərəfindən sevilməsinə kömək edir.
Azərbaycan tarixinə ayrılmış, əlavə saatlarda “Xalqımızın qəhrəman oğulları”, “Ulu öndər Heydər Əliyev və Azərbaycan”, “Xocalı soyqırımı”, “Qarabağı unutmuruq”, “20 yanvar” və s. mövzularda diskussiyalar təşkil etmək məqsədəuyğundur. Belə müzakirələrdə şagirdlər bir daha tarixi hadisələrə münasibətini bildirir, onların dünyagörüşləri artır.
Azərbaycan tarixi dərslərində müntəzəm olaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən fərman və sərəncamları haqqında, onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərə qayğısından, milli-mənəvi dəyərlərimizin qorunması sahəsində gördüyü işlərdən danışaraq, şagirdlərdə Vətən, el, oba sevgisini, məhəbbətini artırıram.
Tarix: 10-05-2019, 13:44