RİYAZİYYATIN TƏDRİSİNDƏ MÜASİR TƏLİM TEXNOLOGİYALARININ TƏTBİQİ
Aytac RZAYEVA,
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət
Peşə Təhsil Mərkəzinin tədris istehsalat işləri üzrə direktor müavini
Azərbaycan təhsilinin Avropa təhsil sisteminə inteqrasiyası müasir təlim texnologiyalarından, fəal və interaktiv təlim metodlarından istifadə edilməsini zəruri etmişdir. Bunun üçün dünyanın şəxsiyyətyönümlü təhsil sferasına daxil olaraq, müasir tələblərə uyğun interaktiv məzmun, ən yeni təlim strategiyaları işlənib hazırlanmalı, dünyanın mütərəqqi təlim texnologiyalarından istifadə edilməlidir.
Riyaziyyatın tədrisində də müasir təlim texnologiyalarının geniş tətbiqinə başlanılmalı, bu fənn üzrə optimal didaktik proseslər, təhsil vəzifələrini həll etməyi qarşıya məqsəd qoyan ciddi didaktik materiallar hazırlanmalıdır. Məqsəd müəllim tərəfindən öyrənənin fikirlərinə, bilik, bacarıq, davranış və hisslərinə fasilitatorluq etməklə təlim nəticələrinə nail olmaqdır.
Yaradıcı müəllimlər dərslərini fəal idrak, inkişafetdiricilik, əməkdaşlıq, dialoji təlim prinsipləri əsasında qurmaqla, İKT-dən səmərəli istifadə etməklə, axtarış sistemləri, internet resursları, onlayn dərslik və digər vəsaitlərdən səriştə və peşəkarlıqla istifadə etməklə müasir tələblərə cavab vermiş olarlar. Tələbələrin bir şəxsiyyət kimi formalaşmasında müəllim peşəkarlığının xüsusi rolu vardır. Müəllimin əsas vəzifəsi tələbələrə zəruri bilik verməklə yanaşı, həm də onların mənəviyyatını inkişaf etdirmək, fəal düşüncələrə malik tərbiyəli, təhsilli, yaradıcı şəxsiyyət kimi hazırlamaqdır. Təcrübə göstərir ki, riyaziyyat fənnində müasir təlim texnologiyalarının tətbiqinin faydalı olması üçün müəllim aşağıdakı vacib əməliyyatları həyata keçirməlidir:
ən yeni praktiki bilikləri toplamaq;
pedaqoji prosesi təşkil etmək;
təlim strategiyalarını həyata keçirmək;
təlimin təşkilinə verilən əsas tələbləri ödəmək;
bilikləri tələbələrə öyrənmə tərzlərinə (vizual, audial, kinestetik) görə ötürmək.
Bu gün məktəblərimizdə müəllimlər geniş istifadə edilən yeni pedaqoji texnologiyalardan faydalanaraq, təlim prosesində şagirdlərin idrak qabiliyyətini, təfəkkürünü, intellektual səviyyəsini yüksəltməklə yanaşı, onlara modul üzrə kompetensiyalı səciyyə daşıyan bilik verib, həm də öyrənməyin yolunu öyrətməklə nəzəri və praktiki hazırlığı təmin etməlidirlər.
Pedaqoji təcrübəmə əsasən onu deyə bilərəm ki, tələbələrin fəallığının və bilik keyfiyyətinin yüksəldilməsinə nail olmaq, ancaq müəllimin səriştə və peşəkarlığından, onun yaradıcı fəaliyyətindən, fəal və interaktiv təlim metodlarından səmərəli istifadə ilə mümkündür. Beləliklə, tədris prosesində fəal təlim metodlarının tətbiq edilməsi tələbələrin passivliyinin aradan qaldırılmasını, təfəkkürünün inkişafını, təlimin keyfiyyətinin yükəsldilməsini optimallaşdırır. Həmçinin təlim-tərbiyə prosesinin demokratikləşdirilməsi, humanistləşdirilməsi, humanitarlaşdırılması, differensiallaşdırlılması üçün fərdiləşmə, inteqrasiya, səmərəlilik, keyfiyyətlilik prinsiplərinin tələblərini geniş tətbiq etməklə öyrənənin şəxsiyyət kimi dəyərləndirilməsinə real şərait yaranır.
Dərs intellektin, mənəviyyatın peşə ustalığının və incəsənətin birliyidir. Dərsin tərbiyəvi olması bu keyfiyyətlərin bir-biri ilə əlaqələndirilməsindən asılıdır. Gənclərimizə belə keyfiyyətləri aşılamaqla yanaşı, sözsüz ki, onlara vətəni, əməyi və dünyanı sevməyi də öyrətməliyik. Dərsin keyfiyyətli və səmərəli keçirilməsi müəllimin peşə hazırlığından, işə yaradıcı münasibətindən, biliyinin dərinliyindən, təcrübəsindən çox asılıdır. Müəllim dərsin səmərəli keçməsi üçün daima yeni forma və metodlar axtarmalı, öz üzərində çalışmalıdır.
Fəal dərs sadəcə yaradıcı motivasiya və kreativ düşüncənin formalaşması üzərində qurulmaqla bitmir. Biz təhsilalanın təfəkkürünü inkişaf etdirmək üçün dərs prosesini elə qurmalıyıq ki, öyrənənlər Blum taksonomiyasını əks etdirən piramidanın - dərketmənin bütün 6 səviyyəsinə (bilik, qavrama, tətbiq, təhlil, tərkib və qiymətləndirmə) yiyələnsinlər.
Dərs prosesindəki müşahidələrimə əsaslanıb deyə bilərəm ki, tələbələrdə yüksək düşüncə tərzini formalaşdırmaq üçün ilk növbədə, motivasiya düzgün qurulmalıdır. Verdiyimiz ilkin biliyi tələbə necə qavrayırsa, o şəkildə də tətbiq edir. Sinifdə tətbiq olunan ilkin biliyin səmərəsini artırmaq üçün hər təhsilalanın səviyyəsinə uyğun tapşırıqlar hazırlamaq lazımdır.
Riyaziyyatın tədrisində informasiya texnologiyalarından istifadə etmək təhsilalanların fəallığını artırır, mövzu ilə bağlı daha çox məlumat toplamağa təminat verir. Bunun üçün sinfin kompüter təminatı mühüm şərtdir. Kompüter texnologiyasından istifadənin əhəmiyyəti intellektual potensialın genişləndirilməsi üçün mükəmməl mühitin yaranmasıdırsa, digər tərəfdən onların kütləvi informasiya məkanına aludə olması üçün təhlükənin diqqətdə saxlanılmasıdır. Bütün bunları nəzərə alaraq, virtual, kompüter texnikasından düzgün istifadə etmək üçün yaş həddi nəzərə alınmalı, öyrədənlər tərəfindən gənclərə ciddi nəzarət olunmalıdır. İnternet məkanı geniş bir resursdur. Ondan faydalı istifadə etməklə təlimin məzmununu dəyişmək mümkündür. Təhsil prosesində İKT-dən istifadə üçün müxtəlif variantlardan istifadə olunur. Bunların bəzi nümunələrini aşağıda veririk:
müəyyən mövzulara uyğun krossvord, pazl, qrafik, oyunlar, “dəyirmi masa”lar və çədvəlləri yaratmaq üçün PC istifadə edərək təhsil materialını işləmək, müxtəlif proqram imkanlarının tədqiqi, müstəqil iş mövzusunda ənənəvi dərslər, elektron informasiya resursları, xüsusi təlim sistemləri, elektron dərslik ilə əvəz olunma.
Riyaziyyatın tədrisində informatika ilə inteqrasiya müvafiq standartlara əsaslanır. Hər iki fənnin məzmun xətlərinin təlim nəticələrini əks etdirən əsas standartlar, alt- standartların mahiyyətinə uyğun bilik və fəaliyyət müəllim üçün anlaşıqlı olmalıdır.
“İnformasiya texnologiyaları” dedikdə, elektron resurslar vasitəsi ilə toplanılmış informasiyaların emalı, təqdimatı və informasiyadan istifadə üsul və vasitələri, prosesləri nəzərdə tutulur. Müəllim fənnin tədrisində adaptasiya, interaktiv, fərdi prinsiplərdən qarşılıqlı əlaqədə istifadə etməlidir.
Adaptasiya prinsipi mürəkkəbliyi, əhatə dairəsi və məzmunu əyani vəsaitlərlə, tədris materialını fərqləndirməklə müxtəlif səviyyələrdə həyata keçirilməsidir. Bu prosesdə interaktiv metodların tətbiqi mühüm əhəmiyyət kəsb edir. “İnteraktiv” sözü mahiyyətcə pedaqoji prosesin son dərəcə dinamik fəallaşdırılmasına yönəlir və dərsin bütün mərhələlərində həyata keçirilməlidir. İnteraktiv təlimə tədrisin və idrak fəaliyyətinin təşkili və idarə olunması metodlarının məcmusu kimi baxmaq olar. İnteraktiv təlim üçün aşağıdakı cəhətlər səciyyəvidir:
müəllim tərəfindən şüurlu surətdə (iradi olaraq) idraki problem situasiyasının yaradılması;
problemin həlli prosesində tələbələrin fəal tədqiqatçı mövqeyinin stimullaşdırılması;
tələbələr üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və mənimsənilməsi üçün şəraitin yaradılması.
Yeni yanaşmanın mahiyyəti ondadır ki, təlim tələbələrin yaddaşının təkcə yeni elmi biliklərlə (informasiya ilə) zənginləşdirilməsinə deyil, həm də təfəkkürün müntəzəm inkişaf etdirilməsi əsasında daha çox biliklərin müstəqil əldə edilməsi və mənimsənilməsi, ən mühüm bacarıq və vərdişlərinin, şəxsi keyfiyyət və qabiliyyətlərin qazanılmasına yönəlib. Bu zaman tələbələr müəllimin rəhbərliyi altında xüsusi seçilmiş, asan başa düşülən və yaddaqalan, ən vacib təlim materialının öyrənilməsi prosesində fakt və hadisələrin səbəb-nəticə əlaqələrini, qanunauyğunluqlarını aşkar etməyi, nəticə çıxartmağı, mühüm və dərin ümumiləşdirmələr aparmağı öyrənirlər.
İnteraktiv təlim metodunun tədris prosesinə daxil edilməsi tələbələrin passivliyinin aradan qaldırılmasına, lazım olan təfəkkür xüsusiyyətlərinin,yaradıcılığın formalaşdırılması və təlim keyfiyyətinin yüksəldilməsinə şərait yaradır. İnteraktiv təlim prosesində öyrənənin mövqeyi – “kəşf edən”, “tədqiqatçı”, “araşdırıcı” mövqeyidir, o, gücü çatdığı məsələ və problemlərlə üzləşərkən bunları müstəqil tədqiqat prosesində həll edir. Tələbələr təlim prosesində passiv dinləyici deyil, fəal düşünən, danışan, fikir söyləyən, münasibət bildirən bir subyekt, təlim prosesinin tamhüquqlu iştirakçısı, tədqiqatçısı kimi çıxış edir, bilikləri fəal axtarış və kəşflər prosesində mənimsəyirlər.
Müəllimin mövqeyi – fasilitator (“bələdçi”, “aparıcı”) daha çox istiqamətverici mövqeyindədir. O, problemli vəziyyətləri planlı və istiqamətlənmiş surətdə təşkil edir, tələbələr qarşısında tədqiqat məsələlərinin meydana çıxmasına şərait yaradır və onların həllinə metodiki kömək göstərir.
Riyaziyyat dərslərində İKT-dən istifadə motivasiyanı artırır, vaxta qənaət edilir, bilik və bacarıqların hərtərəfli mənimsənilməsi fəallaşdırılır. İnformasiya texnologiyalarından dərslərdə istifadənin müxtəlif növləri vardır: dərs-mühazirə; dərs hazırlanması və problemlərin həlli; yeni materialın dərsə tətbiqi; inteqrativ dərslər və s.
Fikrimcə, müəyyən bilik və bacarıq tələb edən yeni anlayışlar, nümayiş modelləri kimi Mathlab, Matematik, Texnolojik, Ceo-cebra, Wolfhram saytları müasir təhsil standartlarına tam uyğundur. Bu tədris metodları - məlumat və qəbul, reproduktiv, problem, araşdırma necə öyrənmək prosesinə imkan verir. Bu saytların imkanlarından tələbələr suallara cavab tapmaq, ümumiləşdirmək və biliklərini sistemləşdirmək, yüksək akademik qabiliyyət, müxtəlif idrak və düşüncə tərzini genişləndirmək, biliklərini dərinləşdirmək üçün istifadə edirlər.
Riyaziyyatda İKT-dən istifadə təcrübəsi ən effektiv üsul hesab edilə bilər. Eyni kompüter sinfindən istifadə, multimedia alətləri ilə təşkil olunan interaktiv dərslər səmərəliliyi dəfələrlə artırır, təhsilalan yalnız bir passiv tamaşaçı və ya dinləyici olmur, o, fəal təlim prosesinə cəlb olunur.
Tarix: 10-05-2019, 13:41