Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İbtidai təhsildə innovativ yanaşmaların tətbiqinin imkan və yolları

  

Aynur Allahyarova,
Bakı şəhəri 254 nömrəli tam 
orta məktəbin ibtidai sinif müəllimi

Dünya təhsilinə inteqrasiya etdiyimiz bir zamanda təhsilə innovativ yanaşmalar, təhsil prosesində şəxsiyyətin formalaşmasının yeni imkan və yollarının axtarışı, şa­girdlərə informasiya verməklə yanaşı, onları birgə axtarışa, əməkdaşlığa sövq edən özünüifadəsi və özünütəsdiqi üçün əlverişli şərait yaradan, interaktiv mühitin yaradılması aktuallıq kəsb edir.
İbtidai təhsil təhsil siste­minin ən önəmli mərhələlərindən biridir. Təhsil sisteminin düzgün qurulmasında bilavasitə məktəbəqədər və ibtidai təhsilin rolu əhəmiyyətli dərəcədədir. Uşaqlarda təhsilin sistemli verilməsinin və fasiləsizliyinin tə­min edilməsi üçün ibtidai təhsil mərhələsində verilən baza bi­liklərin xüsusi əhəmiyyəti vardır. Son illər aparılan təhsil isla­hatları təhsilin məzmun, forma və strukturunda xeyli dəyişik­liklər yaradıb.
İndi digər təhsil pillələrində olduğu kimi ibtidai təhsildə də tədris edilən fənlər daha çox şəxsiyyətyönümlüdür, eyni zamanda birbaşa fərdə yönələn kurikulumlar (vizual sənətlər, dram, ictimai, şəxsi təhsil və s.) tətbiq edilməkdədir. Vizual sənətlər şagirdlərin fərdi istedadını nəzərə alan rəsm, rəqs, yapma, hey­kəltəraşlıq, estetik dizayn və s. kimi bilgilərin öyrədilməsinə yönəlmişdir. Əsas məqsəd oyunlar vasitəsilə şagirdlərin hiss və hə­yəcanlarının, maraqlarının, xarakterinin, dünyadan və özündən gözləntilərinin ortaya çıxarılması, uşaqda özünəinamın forma­laşdırılması, fantaziyalar vasitəsilə uşaqların fərdi istedadlarının, intellektual səviyyələrinin kəşf olunmasıdır. Şagirdlərin hər şeydən öncə yaradıcılıq qabiliyyətləri üzə çıxarılır.
Məktəbin birinci məqsədi bilik və mədəniyyəti nəsildən-nəslə ötürməkdir.
Şagirdləri iş həyatına hazırlamaq üçün onlara bilik və bacarıqlar aşılanır. Cəmiyyətə lazım olan mütəxəssis yetişdirilməsinin təməli qoyulur.
Eyni zamanda vətəndaşlıq bilgisi vermək və bu biliyi bacarığa çevirərək yaxşı vətəndaşlar yetişdirmək, şagirdlər arasında bərabər imkanla­rın yaradılması təhsilin məqsədlərindəndir.
Ölkəmizdə təhsil islahatı tətbiq olun­mağa başlayandan ibtidai təhsilin məzmununda xeyli dəyişikliklər olub. Tədris fənlərinin sayı dəyişdirilib, tədrisə əlavə materiallar daxil edilib, dərslik və dərs vəsaitləri yenilənib, yeni mək­təblər tikilib, məktəblər maddi və texniki vəsaitlərlə təmin olunub. Lakin bütün bunlarla yanaşı, təhsil sisteminin, eləcə də ibtidai təhsil səviyyəsinin inkişaf etdirilməsi və dünya təcrübəsi ilə eyniləşdirilməsi üçün hələ çox işlər görülməlidir.
Təhsil qlobal anlayış olduğu üçün sərhədsizdir.Təhsili güclü olan dövlət həm də güclü iqtisadi imkanlara malik olur və sürətlə inkişaf edir. Təhsil bu anlamda dövlətlərin və millətlərin yeganə mövcudluq üsuludur.
Təhsil özü də çoxşaxəli bır proses kimi müxtəlif modellərə malikdir. Təhsilin idarəetmə, nəzarət, qiymətləndirmə, təlimat və s. modelləri mövcuddur.
Model dedikdə, hər hansı bir problemi həll etmək üçün təklif və ya təkliflər, xüsusi prob­lemi həll etmək üçün cəhd, eləcə də artıq mövcud olan keyfiyyətli bir modelin təkrarı və ya yeni bir model yaratmaq başa düşülə bilər. Təbii ki, mövcud situasiyanın düzgün analizi tədris prosesinin iştirakçı­sına səmərəli modeli seçmək və ya yeni bir model yaratmaq üçün əhəmiyyətli kömək edə bilər.
Fərqli təhsil modellərindən istifadə etməklə pedaqoji prosesdə daha çox səmərəlilik və məhsuldarlıq əldə etmək olar. Əlverişli modelin istifadəsi təhsilin keyfiyyətini də artır­mağa və daha yüksək nəticələr əldə etməyə kömək edir.
Məktəbdə öyrənənlərin ehtiyaclarının, qay­ğı və istəklərinin öyrənilməsi və nəzərə alınması vacib məsələlərdəndir. Şagirdlərin mövcud qayğı və ehtiyaclarının aradan qaldırılması üçün müəllim diaqnoz qoymağı bacarmalıdır. Problemin diaqnostik xarakterinin verilməsi müəllimə imkan verir ki, onların aradan qaldırılması üçün öz strategiyalarını işləyib təkmilləşdirilsin.
 Təşkilati ideyalar za­manı müəllim şagirdlərinin ehtiyaclarının ödənilməsinə təkan verən mövzu və bölmələri, uyğun məzmunu analiz edir və on­lara yönəlir. Şagirdlərə tədris olunan anlayış və bacarıqlar onların ehtiyaclarının aradan qaldırılmasına xidmət edir. Öyrənmə bacarıqları şagirdlərin məsələyə baxışını ehtiva edir. Öyrənmə bacarığının mövcudluğu şagirdlərə imkan verir ki, məzmun və vasitələri müəyyənləşdirməklə prob­lemin müxtəlif həlli yollarını mənimsəsinlər və problemdən çıxış yolu tapsınlar.
Tədris prosedurları öyrənmə bacarıqlarını, məzmun vasitələrini və təşkilati ideyaları inkişaf etdirir. Tədris prose­durları öyrənmə üsullarına, eləcə də şagirdlərin ümumi xüsu­siyyətləri və ehtiyaclarına uyğun olmalıdır. Müəllim kurikulumun nəticələri­ni, idrak və təsiredici məqsədləri qiymətləndirir. Məqsədli yanaşma zamanı məktəbin mövcud vəziyyəti, iş xarakteri, xüsusiyyət­ləri, tədris özəllikləri, qiymətləndirmə təcrübələri nəzərə alınır, mövcud problemlərin aradan qaldırılması üzrə işlər aparılır.
Məktəbin qiy­mətləndirmə təcrübəsi məktəbin və şagirdlərin problemlərini doğru təyin edərək aradan qaldırmağa kömək edir. Məktəbin və şagirdlərin təlim keyfiyyətini qiymətləndirmə yolu ilə təyin etmək çətin olsa da, düzgün qərar vermək üçün ən optimal yanaşmadır. Mövcud olan kurikulumda ən ümumi tədris məqsədləri müəyyən olunur, daha sonra həmin məqsədlərin alt məqsədləri ayrılır və müxtəlif ya­naşmalarla təlim məqsədlərinə nail olunur. Bu zaman həm məqsədli, həm struktur, həm tədris, həm pedaqoji və həm də qiymətləndirici yanaşma vasitəsi ilə təlim məqsədlərinin reallaşdırılmasına və təlimdə səmərəli nəticələr əldə olunmasına çalışılır.
Azərbaycanın təhsil sistemində müxtəlif kurikulum  növlərinin demək olar ki, hamısından istifadə edilir. Fərqli kurikulumlardan istifadənin əhəmiyyəti isə çox böyükdür, ibtidai təhsil mühiti və onun rəngarəngliyi müəllim­dən tələb edir ki, o öz dərsində fərqli kurikulumlardan istifadə etsin.
Azərbaycan təhsilinin hazırkı inkişaf tempi isə bizdən daha çevik və optimal tədris üsul və vasitələrinin tapılmasını və təhsilin dünya standartlarına uyğunlaşdırılmasını tələb edir.
Təlim prosesində milli və bəşəri dəyərlərə söykənən innovativ yanaşmalardan istifadə az vaxt, az qüvvə sərf etməklə daha yaxşı nəticələrin əldə olunmasına şərait yaradır.    
İbtidai təhsil pilləsində tətbiq  olunan fəal təlim şagirdlərin idrak fəaliyyətinə əsaslanan və təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlimi nəzərdə tutur. Şagirdlərin parta arxasında oturaraq kitab oxuması, iş vərəqlərini doldurması, müəllimi dinləməsilə yanaşı, eyni zamanda kitabxanada, kompüterdə qrup və ya fərdi şəkildə fəaliyyət göstərməsi onun əsas əlamətlərindən hesab edilir. Fəal təlim müasir şəraitdə pedaqoji prosesin qurulmasına yeni yanaşmadır. Belə yanaşma tərzində təlim şagirdlərin təkcə yaddaşının yeni elmi biliklərlə (informasiya ilə) zənginləşdirilməsinə deyil, həm də təfəkkürün inkişaf etdirilməsinə, ən mühüm bacarıq və vərdişlərin əldə olunmasına yönəldilir. Bu zaman şagirdlər açıq sual vermək, problemləri araşdırmaq, tədqiqat aparmaq və müzakirə etmək imkanı qazanırlar. Onlar təlim materiallarının mənimsənilməsi prosesində fakt və hadisələrin səbəb-nəticə əlaqələrini, qanunauy­ğunluqlarını aşkar etməyi, nəticə çıxarmağı, ümumiləşdirmələr aparmağı öyrə­nirlər. Beləliklə, uşaqlar həm tədris, həm də sosial xarakterli problemlərin müstəqil həllinə cəlb olunur, müxtəlif informasiya mənbələrindən istifadə edir, sistematik olaraq müstəqil şəkildə bilik ehtiyatını artırırlar. Standartlar nəticəyönümlü və şagirdyönümlü olduğundan onların reallaşdırıl­masında fəal təlim metodlarından istifadə edilməsi məqsədəuyğun hesab edilir. Dərsə verilən tələblər çoxdur. Onları iki qrupa bölmək olar: ümumi və xüsusi tələblər. Dərsə verilən ümumi tələblər təlim prinsiplərində ifadə olunmuşdur. Dərsdə didaktik prinsiplər (həyatla əlaqə, elmilik, sistematiklik, şüurluluq və fəallıq, əyanilik, müvafıqlik, fərdi yanaşma və s.) kompleks şəkildə həyata keçirilməlidir.
Hər bir fəaliyyət nəticə ilə ölçülür. Dərsdə təhsil, tərbiyə və inkişaf vəzifələri vəhdətdə həyata keçirilməli, real nəticələr əldə edilməlidir. Proqram materialı dərsdə mənimsənilibsə, şagirdlər müəyyən ideya-mənəvi keyfıyyətlərə və zehni qabiliyyətə yiyələnibsə, belə dərsi yaxşı dərs hesab etmək olar. Müəllim dərsin qarşısında duran məqsəd və vəzifələrdən, şagirdlərin hazırlıq səviyyəsindən çıxış edərək öyrənilən materialın həcmini, çətinlik dərəcəsini, başlıca məsələlərini, fənlərarası əlaqə imkanlarını müəyyənləşdirməli, dərs zamanı məzmunun mənimsənilməsinə nail olmalıdır. Dərsin məqsəd və məzmununa, şagirdlərin dərketmə imkanlarına uyğun olaraq müvafıq metod və vasitələr kompleksi müəyyənləşdirilir. Dərs o zaman səmərəli olur ki, müəllim biliyi hazır şəkildə şərh etməsin, şagirdləri fəal axtarışlara cəlb etsin, onların müstəqil fıkrini oyatsın. Bu məqsədlə dərsdə problem vəziyyət yaratmaq, evristik müsahibə və diskussiyalar aparmaq, kitab üzərində yaradıcı iş təşkil etmək, təfəkkürə qida verən məntiqi metodlara (müqayisə, təhlil-tərkib, ümumiləşdirmə və s.) istinad etmək yaxşı nəticə verir. İki paralel sinifdə eyni mövzuda, eyni metodik variantda keçilən dərs müxtəlif nəticə verir: bir sinifdə müəllimin dərsi alınır, digərində yox.
Dərs təşkilati mütəşəkkilliyi ilə seçilməlidir: vaxtında başlanmalı, yüksək intizama əsas­lanmalı, optimal tempdə olmalı, intensiv qurulmalıdır (yəni az vaxtda yüksək nəticə əldə edilməlidir).
Dərs həm də çevik qurulmalı, şablon və sxematizmdən uzaq olmalıdır. Dərs zamanı vəziyyətdən asılı olaraq, müəllim dərsin məzmununda, quruluşunda, vaxt bölgüsündə çevik dəyişikliklər aparmalıdır.
Yaxşı dərs məntiqi və psixoloji cəhətdən tam olmalıdır, yəni dərsdə müəyyən bir məntiqi hissə öyrədilməli (məntiqi tamlıq), şagirdlər nəyi tam öyrəndiklərini hiss etməli, onlarda yarımçılıq hissi qalmamalıdır (psixoloji tamlıq).
Dərsdə əks əlaqə yaradılmalıdır; müəllim şagirdlərin hissi aləmi, təlimə münasibəti, marağı, ınənimsəmə səviy­yəsi haqqında vaxtında informasiya əldə etməlidir. Dərsin səmərəsi onun emosional mühiti ilə sıx bağlıdır: mənfı emosiyalar (qorxu, inamsızlıq, kədər və s.) şəraitində keçən dərs cansıxıcı, yorucu və səmərəsiz olur. Dərsdə müəllim və şagirdlər arasında qarşılıqlı hörmət, inam, pedaqoji əməkdaşlıq, xoş əhvali-ruhiyyə, müsbət zehni hisslər (şadlıq, təlim sevinci, inam, təəccüb və s.) hakim olmalıdır.
Göstərilən tələblərə cavab verən dərs yaxşı dərs hesab olunur; belə dərsdə yüksək səmərə, müsbət təlim-tərbiyə nəticələri əldə edilir.


Tarix: 10-05-2019, 13:36

Xəbəri paylaş