Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ÜSKÜPDƏN BAKIYA UZANAN YOL

 
 Lütviyyə Əsgərzadə,
 AMEA N.Gəncəvi adına Ədəbiyyat 
 İnstitutu, aparıcı elmi işçi, dosent
 

Əhməd Bədi Trinicin adını ilk dəfə 2000-ci ildə Azərbaycanın filosof şair-dramaturqu Hüseyn Cavid Əfəndini araşdırarkən duymuşdum. O zamankı ölkə başçısı Mir Cəfər Bağırov Kommunist Partiyasının XIII qurultayındakı illik hesabatında  Triniçin adını  Cavidlə, Cavadla, Müşfiq və başqaları ilə birlikdə çəkirdi: “Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşib. Hazırda ifşa olunmuş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Əli Nazim, Böyükağa Talıblı, Tağı Şahbazi, Əhməd Triniç kimiləri...”
 M.C.Bağırovun “hazırda ifşa olunmuş” dediyi bu şəxslərin hamısı az sonra repressiyaya məruz qalmış, bəziləri yerindəcə güllələnmiş və ya Sibirə sürgün edilmişdi. Ancaq bu adların içərisində diqqətimi ən çox çəkən Üsküpdən Bakıya qədər uzun bir yol - Türkiyə - Suriya - Bitlis - Tbilisi - Kostroma qət etmiş Əhməd Bədi Rəcəb oğlu Triniçdi. Qeyri millətdən olmasının xəbərçisi olan soyadı və adının Cavid əfəndi ilə yanaşı çəkilməsi ilə diqqətimi cəlb edən Əhməd Bədi Rəcəb oğlu Triniç kimdir?
 Maraqlıdır ki, adı Türkçü, Turançı Cavid Əfəndi və digər "ifşa edilmişlər"lə birlikdə çəkilməsinə baxmayaraq Əhməd Triniç Azərbaycan Yazarlar Birliyinin müxtəlif vaxtlarda  keçirdiyi qurultay, plenum və iclaslarında iştirak və çıxışlar edib, hər dəfə yazıçı və şairlər haqqında sərt, kobud fikirlər söyləyib, tənqid edib. Hətta barışmaz, “sərt”, “kobud” danışıq tərzi ilə diqqətçəkən Triniç həmin danışıqlarından birində daha da coşaraq o qədər kobud ifadələrlə Hüseyn Cavid Əfəndini tənqid edib ki... Onun dedikləri  tənqiddən çox təhqirə bənzəyir. Təbii olaraq xalqın sevilən sənətkarına - Cavid əfəndiyə bu qədər kobud sözlərlə hücum edən bir şəxsə qarşı fikir və düşüncəm o qədər də müsbət ola bilməzdi  və hər zaman bu “sərt”, “kobud” sözlərin müəllifi Trinic kimdir, - deyə arayışda idim (amma unutmamaq lazımdır ki, o dövrün ab-havası bir çoxlarını bu çür çıxışlar etməyə məcbur etmişdi). 2010-cu ildə cəfakeş tədqiqatçı-alim, Cavidlər ocağının mənəvi varisi A.Turanın “Cavidnamə” və 2011-ci ildə fədakar tədqiqatçı, arxiv bilicisi Aslan Kənanın böyük axtarışlar və zəhməti sayəsində yazıb oxucuya təqdim etdiyi - “XX əsrdə repressiyaya məruz qalanlar” kitabını oxuyana qədər. XX əsrdə repressiyaya məruz qalmış məğrur insanların faciəli, faciəli olduğu qədər də şərəfli taleyindən bəhs olunan bu iki kitabı oxuduqdan sonra Triniç haqqında ətraflı məlumat aldığımı düşünmüşdüm. “XX əsrdə repressiyaya məruz qalanlar” kitabında  Aslan Kənan “Əhməd Triniç xalq düşmənidirmi?” - başlıqlı yazısını bu sözlərlə başlayırdı: “Milli Təhlükəsizlik Nazirliyinin arxivində araşdırma apardığımız zaman Əhməd Bədi Triniç Rəcəb oğlu haqqında tərtib olunmuş qovluq diqqətimi cəlb etdi. Bu soyada mən Azərbaycan Yazıçılar İttifaqının ayrı-ayrı vaxtlarda keçirdiyi qurultaylarında, plenumlarında, iclaslarındakı stenoqramlarda rast gəlirdim. O, hər dəfə yazıçı və şairlər haqqında etdiyi nitqlərində sərt, kobud, barışmaz bir çıxışı ilə fərqlənirdi. Həmin çıxışlarının birində Hüseyn Cavidi öz qaba sözləri ilə tənqid (əgər bu çıxışa tənqid demək mümkünsə) edəndə o zaman həmin müşavirəyə rəhbərlik edənlər Ə.Triniçə nitqindəki kobud ifadələrə görə irad tutmaq əvəzinə ona haqq qazandırır və çıxışını davam etdirməyə şərait yaradırdılar. Hüseyn Cavidə qarşı edilən bu haqsız çıxışa görə Əhməd Triniç mənim hafizəmdə kobud bir şəxs kimi qalmışdı” (1, s. 161). Triniç haqqındakı düşüncələrimiz demək olar ki, A.Kənanla üst-üstə düşürdü. Ə.B.Triniçin adı eyni duyğularla Hüseyn Cavidin fədakar tədqiqatçısı A.Turanın və politoloq, tədqiqatçı alim Adıgözəl Məmmədovun əsərlərində çəkilmışdır.
 Sonralar tənqid edilən Cavid Əfəndi də, tənqid edən Əhməd Bədi Triniç  də Stalin repressiyasının qurbanı olmuşdu. Hətta Əhməd Bədi Triniç Cavid əfəndidən əvvəl həbs edilmiş, mühakimə edilmiş və həbsxana kamerasında müəmmalı şəkildə ölmüşdü. 70 illik bir zaman kəsimində kimsə bu şəxslərin adını anmağa cəsarət etməmiş, uzun illər Azərbaycan xalqı öz müstəqilliyini bərpa edənə qədər, KQB arxivləri xalqa bağlı saxlanmışdı. 1991-ci ildə Azərbaycanımız öz müstəqilliyini bərpa etməklə xalqımız dil, din, söz, mətbuat azadlığı qazandı. Müstəqilliyin verdiyi fürsətdən istifadə edərək yaxın keçmişdə baş verənləri araşdırmaq üçün KQB arxivlərini qapısı aralandı.  Kim haqlı? Kim haqsız? - suallarının cavabı  uzun illər gizli saxlanılan KQB arxivlərində araşdırıldı. İllərlə bizi məşğul edən sualların cavabı tapıldı (hələ də məchullar olsa da). 1937-1939-cu illərdəki repressiyalarda məhv edilmişlərin günahkar olmadığını, milli düşüncə sahiblərinin planlı şəkildə, “təmizləmə” adı ilə məhv edildiyini öyrəndik. Bir çoxlarının günahsız olduğu sübut olundu, bəraət aldı (1956), lakin bu suçdan arınma uzun illər Üsküplü Əhməd Bədi Rəcəb oğlu Triniçə qismət olmadı. O, 1991-ci ilə qədər bu ağır yükü çiyinlərində daşıdı. Bəzi qaynaqlarda “Əhməd Bedin”, "Əhmət Əfəndi", bəzilərində “Əhməd Bədi” kimi keçən, milliyyətcə arnavud olan Əhməd Rəcəb oğlu Trinç  əslində kimdir? Məmməd Əmin Rəsulzadənin himayədarlıq etdiyi, Nuru Paşanın yavəri olmuş Üsküplü Trinç niyə Türkiyəyə getməyib Bakıda, “Qafqazlı qardaşları”nın yanında qalmışdı?
 Həyatı və fəaliyyəti: Əhməd Bədi Rəcəb oğlu Triniç 1893-cü ildə Albaniyanın (indiki Makedoniya) Üsküp şəhərində, arnavut ailəsində anadan olub. Kiçik yaşda atasını itirib. İkinci dəfə ailə quran anası həyat yoldaşı ilə Serbiyanın İskut şəhərinə köçüb. Əhmədi və bacısını ata nənə-babası öz himayəsinə alıb. Balkan müharibəsi başladığından (1912) ailə (nənə) İstanbula köçüb. O, burada  Balkan köçkünü kimi hökumət təqaüdü alaraq təhsil alıb. Birinci Dünya müharibəsində Əhməd hərbi məktəbə qəbul edilir. Onun olduğu hərbi alay (1915-ci ilin sonlarında “praporşik” (zabit-gizir) kimi “İldırım” adlı diviziyada qulluq edib) Dardaneldən Suriyaya, sonra Bitlisə göndərilir. Burada ruslar tərəfindən əsir alınan Triniç (1916-17) əvvəl Tiflisə, sonra Kostroma guberniyasının Narıxta şəhərindəki əsir düşərgəsinə göndərilir. “Trinç bir neçə dəfə  ruslar tərəfindən əsir alınsa da, sarışın olduğundan onu alman bilib, zabitlərdən ayırırlar. Sonradan Triniçinin alman olmadığını öyrənirlər. Əhmədi də əsir düşərgəsinə salıb, işgəncə verirlər” (1, s. 167). Burada Azərbaycan türkləri ilə əlaqələr quran Triniç bolşeviklər inqilabi çevrilişlə hakimiyyəti əla aldıqda (oktyabr 1917) millətcə Laz dostu Zyugdi ilə əsir  düşərgəsindən qaçıb Bakıya gəlir. “Bakıya çatar-çatmaz, qatar vağzalında birbaşa  M.Ə.Rəsulzadənin redaktoru olduğu "Açıq söz” qəzetinin redaksiyasına gəlir. “Rəsulzadənin ricası ilə “Xeyriyyə cəmiyyəti”nin redaksiyasına gələn bir şəxıs A.Triniçi götürüb hamama aparır və ona tatarların paltarlarından geyindirir. Həmin şəxs sonra onu “Təbriz” hötelinə yerləşdirir” (1, s.167).
 Bakıya gəlməkdə məqsədi Türkiyəyə dönmək olan Triniç M.Ə.Rəsulzadədən kömək istəyir. Rəsulzadə onu Türk Ordusunun Hərbi naziri sayılan Ruşeni bəyin yanına göndərir, ancaq Ruşeni bəy icazə vermir. Bu dəfə Bakıda yaşamağa məcbur olan Ə.Triniç evlərdə türk dili dərsləri verərək çörək pulu qazanır. Stepan Şaumyanın Bakıda yaratdığı oyuncaq Bakı Kommunasının birlikləri 1918-ci ilin mart ayında müsəlmanları soyqırım edir. Bu zaman Triniç boş dayanmır, “İsmailiyyədə keçirilən mitinqdə çıxış edir” (8) və müsəlmanları qətl edən ermənilərə qarşı vuruşur. Bu səbəbdən ermənilərin təqibinə məruz qalan Triniç Dağıstana gedir və bir müddətdən sonra, Dağıstandan Yelizavetpol şəhərinə gedərkən Ruşeni bəy tərəfindən bolşeviklərə casusluqda ittiham olunaraq həbs olunub, ölümə məhkum edilir. Hökmün qüvvəyə mindiyi zaman Əli Bəy Zizikski irəli çıxaraq Roşeni bəyə deyir ki, "Əlimizi  onun qanına bulaşdırmayaq. Qoy Türklər özləri gəlib onun dərsin versin!" Beləliklə, Trinic ölümdən qurtarır. 1918-ci ildə xilaskarlıq missiyası ilə Gəncəyə gəlmiş Qafqaz İslam Ordusunun Baş komandiri Nuru Paşanın əmri ilə  Dağıstanda əsir alınmış bütün Türk əs­gərlərinin səfərbərliyə alınması  başlayır. Nuru paşa Ruşeni bəyi həbs edir.
 Əhməd Triniç və onu ölümdən qurtaran dostu Əli bəy Zizikski sonralar birlikdə cümhuriyyət dövründə fəaliyyət göstərirlər. Əli bəy Zizikski Bakı gubernatorunun yardımçısı və Azərbaycan Parlamentinin millət vəkili olur. 18 fevral 1919-cu ildə Parlamentdə təhlükəsizlik qrupunun yaradılması haqqında qanun qəbul edilən zaman yaradılan 200 nəfərlik təhlükəsizlik qrupunda yer almaq üçün "İttihad" partiyasının üzvü, alban - Əhməd Triniç parlamentə məktubla müraciət edir (qeyd edək ki, məktub Trinicin Azərbaycanda nə ilə məşğul olduğunu öyrənmək üçün çox dəyərlidir). Məktubda yazılır: “Azərbaycan Parlamentinin sədrinə.
 Zati-aliləri, möhtərəm əfəndi! Mən Türk ordusu subaylarından biriyəm. 1333-cü ildə (hicri təqvimi ilə) əsirlikdən qurtularaq Bakıya gəlmişəm. Bakı Milli Şurasının razılığı ilə müsəlman hərb məktəbinə  öyrətmən təyin olunmuşam. Məlum Mart qırğınından sonra Xırdalanda döyüşlərə qatılmışam. Qubada könüllülərdən ibarət dəstə yaradaraq, Türk əsgərlərinin Zaqafqaziyaya daxil olmasınadək bolşeviklərə qarşı vuruşmuşam. Türk əsgərləri Azərbaycanda olanda isə rəsmən Quba əsgərlərinə  başqan təyin edilmişəm. Quba bolşevikləri tamamən hərbi qüvvələri ilə  birlikdə əsir alındıqdan sonra mən vəzifədə irəli çəkilərək  Qubada əsgəri təmsilçi və komendant təyin olundum. Batumda digər  əsgəri birliklərlə birlikdə bizim birliyimiz də taburçu edildi və mən ordumu döyüşçülərimlə birlikdə tərk etdim. Qafqazlı qardaşlarım tərəfindən səmimiyyətlə qarşılandığım üçün yenidən  Bakıya dönməyə qərar verdim. Parlamentin bir təhlükəsizlik dəstəsi yaratması ilə bağlı xəbərləri oxuyuram və mən sizə bu dəstəni təşkil etməyə icazə verməyinizi xahiş edirəm.
 Əhməd Badin, Qubanın köhnə komandiri” (2).
 Təhlükəsizlik  dəstəsinin təşkilində iştirak etməsinə icazə verilən Triniç milis dəstəsinə yazılır və yeni yaradılan milis dəstələrinə hərbi təlim keçir. Məktubdan, Əhməd Triniçin bolşeviklərə və ermənilərə qarşı mübarizə aparması və Qubanın erməni daşnaklarından xilas edilməsindəki xidmətləri də öz əksin tapıb. Məktubdan məlum olur ki, Triniç müsəlmanlara qənim kəsilən ermənilərə qənim kəsilib. Özünə Əli bəy Zizikski kimi dost qazanan Triniç türk qoşunları xarici qüvvələrin təzyiqi ilə Azərbaycanı tərk edəndə Azərbaycandan ayrılmayıb, “Qafqazlı qardaşları” ilə qalıb.
 1918-ci ilin əvvəllərində qurulan, milli düşüncənin, milli, mədəni və mənəvi inkişafın parlaq tarixi təzahürü olan AXC təəssüf ki, Sovetlərin Azərbaycanı işğalına - "qırmızı qaranlıqlara qədər" (28 aprel 1920) davam edir.  XI Qızıl ordu Azərbaycanı işğal edir. Cümhuriyyət dövründə "İttihad" qəzetində işə başlayan Triniç 1920-ci il aprelin 28-dən "Azərbaycan füqarası", daha sonra "Kommunist" qəzetlərində fəaliyyət göstərir. Baş redaktor, redaktor müavini vəzifələrində çalışır. Əhməd Triniç Azərbaycan Dram Teatrı və Azərbaycan Dövlət Nəşriyyatının direktoru vəzifələrində işləyir. Sentyabr 1927-ci ildə S.M.Kirov Leninqrada getdikdən sonra Azərbaycana təyin olunmuş daşnak erməni Levon Mirzoyan Əhməd Triniçin qəsdinə durur. Ermənilər tərəfindən təqibə alınan Triniçə ən­gəllər yaradılır; Əhməd Triniçin məzuniyyət müddəti heç bir səbəb olmadan 15 noyabra qədər uzadılır. Qəzetin redaktorluğu Əliheydər Qarayevə həvalə edilir. 1928-ci ildə yenidən öz vəzifəsinə başlayan Triniç Almaniyaya, Köln şəhərində keçiriləcək mətbuat sərgisinə rəsmi dəvət alsa da, Levon Mirzəyan Mərkəzi Komitənin Rəyasət Heyətinin 10 may 1928 tarixli qərarı ilə Ə.Triniçin Almaniyaya səfər etməsini uyğun görmür” (1, s. 168). Bir tərəfdən, ermənilər ona əngəl olmağa çalışır, digər tərəfdən isə dostu, ölkə rəhbəri tərəfindən əməyi mükafatlandırılır. "Kommunist" və "Bakinski raboçi" qəzetlərinin 27 aprel 1933-cü il tarixli sayında "Türk teatrının 60 illiyi" başlığı altında gedən rəsmi materialda teatrın 60 illiyinin təntənəli yığın­caqla qeyd olunması (27 aprel 1933), yığın­cağı  Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Sultanməcid Əfəndiyevin açması, Azərbaycan SSR maarif komissarı Məmməd Cuvarlinskinin məruzə ilə çıxış etməsi ilə yanaşı, təntənəli yığıncaqda Mir Cəfər Bağırovun imzaladığı rəsmi qərarın elan edilməsi haqqında da məlumat verilr. Qərarda deyilir: "SSRİ Mərkəzi İcraiyyə Komitəsindən xahiş edilsin ki, Şahbazov, Məmməd Cuvarlinski və Əhməd Triniç Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunsunlar" (3). (Triniçin Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunması haqqında məlumat Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin elmi-məlumat kitabxanasında saxlanılan "Azərbaycan arxivi" jurnalında dərc olunmuş milli dram teatrının tarixinə aid sənədlərdə öz əksin tapıb).
 Dövrün xronikasını izlədikcə görürük ki, bu illərdə yüksək vəzifələrdə yad millətdən olanlar, xüsusilə ermənilər daha çox yer tutmuşdur. Məsələn, Çikalovdan və Polonskidən sonra, 1933-cü ildə daşnak Ruben Azərbaycana göndərilmişdir. Ruben də sələfləri kimi, 1918-ci ildə Quba qəzasında daşnakları “əsir almış”, öldürmüş Triniçdən qisas almaqda qərarlı olmuşdur. 1933-cü illdə Azərbaycan Türk Dram Teatrının direktoru vəzifəsində çalışmasına baxmayaraq Mərkəzi Komitənin qərarı ilə Əhməd Triniçin işini araşdırmaq üçün   komissiya yaradılmış və təftiş olunmuşdur. Triniçi məhv etmək üçün fürsət gözləyən ermənilər üçün belə bir  fürsət 1936-cı ildə yaranır. 1936-cı ilin aprel ayında Daxili işlər orqanları Moskvadan ittifaq komissarı Yejovdan gizli əmr alırlar. Alınan əmrə görə, “antisovet partiyaların üzvləri (eserlər, gürcü menşevikləri, müsavatçılar, ittihatçılar, daşnaklar və s.) həbs edilməli, "Üçlük" tərəfindən (3 nəfərdən ibarət məhkəmə) işlərinə son verilən kimi güllələnməlidir.” Qərardan faydalanan erməni Tevosyan dərhal qərar qəbul edir (19 aprel 1936). Bolşeviklərin Azərbaycan KQB-də vəzifəyə gətirdikləri üç erməni - Tevosyan, May, Avanesyanın imza atdığı qərarda göstərilir ki, vətəndaş müharibəsi zamanı əksinqilabi fəaliyyətinə, türk ordusunun zabiti olduğuna və s. əməllərinə görə Triniç Əhməd Bədi DTK (KQB) tərəfindən saxlanılsın" (1, s. 161).
 Q.Məmmədlinin 19 avqust 1988-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində gedən “Kölgədən bir səhifə” adlı xatirə yazısından məlum  olur ki, “Triniç “qara paltolular” tərəfindən təqib edilirmiş. O, tanış rəhbər işçilərin və dostlarının yanına gedərək deyirdi: “Bu qara paltolular” məndən əl çəkmir, arxamca gəzirlər, gecə-gündüz, haraya gedirəmsə məni təqib edirlər. Bu barədə dəfələrlə Bağırova məktub yazıram, teleqram vururam, aparıb ona vermirlər. Axı məni hamıdan yaxşı, hamıdan yaxın tanıyan bir nəfər varsa, o da Bağırovdur. Mənim yazdıqlarım onun əlinə çatarsa, elə həmin gün bu “qara paltolular” məndən əl çəkərlər!”
 Beləliklə, “qara paltolular” tərəfindən təqib edilən və əli heç bir yerə çatmayan, Azərbaycanda milli kadrların hazırlanmasında böyük işlər görən, müxtəlif illərdə müxtəlif vəzifələrdə çalışan  Triniç “şikayət üçün Moskvaya gedərkən Biləcəri stansiyasında vaqonda tutulub həbs edilir. “Türkiyə casusu” və “müsavatın ideoloqu” olmaqda ittiham edilir. N.Əbdürrəhmanlı roman xronikasında yazır: “Triniçin həbs olunmasını eşidən zaman Abdulla Şaiq deyir: “bədbəxti “Türkiyəyə casusluqda” ittiham eləyiblər, əslində, alban türkü olan Triniç o vaxt Qubada baş verənlərin güdazına gedib, Levon Mirzəyan çoxdan onu gözaltılayıbmiş, üç il əvvəl yaradılmış komissiya bu məsələni araşdırırmış, “troyka” üzvlərinin ikisi erməni, biri yəhudiymiş. İndi, yəqin, o bədbəxti tanıyanları bir-bir çağırıb danışdıracaqlar: Əhməd Rəcəb oğlu Triniçi nə vaxtdan, necə tanıyırsan, onunla hansı əlaqələrin olub; “xalq düşməni”nin əməllərindən xəbərin vardımı? və s.” (4, s. 440).
 İstintaqı 9 ay çəkən Triniç 14 dəfə dindirilirb, 37 nəfərdən məlumat alınsa da işinə baxılmır. Bəzi mənbələrdə düymə udaraq, bəzi mənbələrdə özünü asaraq intihar edir (8 iyul 1937). Bu oğlu Fridrix Triniçin keçmiş Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə yazdığı məktuba cavabda da öz əksin tapır: “1937-ci il iyul ayının 8-də vətəndaş Triniç Ə.B. kamerada asılmış vəziyyətdə tapılmışdır. Onun ölümü barədə başqa digər məlumatlar yoxdur” (5). Son illərdə politoloq, tədqiqatçı alim Adıgözəl Məmmədovun araşdırmalarında geniş şəkildə bəhs edilən Ə.B.Triniçin oğlu Fridrixin xatirələri Əhməd Triniçi daha yaxından tanımağımıza kömək edir: “Həmin illərdə atam Azərbaycanda kifayət qədər tanınmış bir şəxs olmuşdur. Atam üç dəfə də evlənmişdi. Mənim anamla (üçüncü arvadı) Moskvada tanış olmuş, 1931-ci ildə hələ 20 yaşı olmayan anamı Bakıya aparmışdır; baxmayaraq ki, aralarındakı yaş fərqi 18 il olmuşdur. Maraqlıdır ki, atam elə az sayda adamlardan idi ki, beynəlxalq münasibətlərlə məşğul olur, qəzetlərdə İran və Türkiyədəki vəziyyətdən yazırdı, sanki mənim peşəmi qabaqcadan duymuşdu. Atam 1918-1920-ci illərdə türk əks-kəşfiyyatına işlədiyinə görə təqsirli bilinərək 1936-cı ilin aprelində, daha doğrusu, əvvəllər raykomun təlimatçısı kimi bizim evdə tez-tez qonaq olmuş Bağırovun hakimiyyətə gəlişindən az sonra həbs edilmişdir (20-30-cu illərdə o, özünün "İttihad" partiyasının üzvlüyündə olmasını gizlətməyərək bir neçə dəfə partiya "təmizlənməsindən" keçmişdi) (5).
 Ömrü savaşlarda keçən Triniç uzun-uzadı sorğu-sual zamanı təqsirli olduğunu boynuna almamış, özünə qarşı olan ittihamları iftira adlandırmışdır. “1936-cı ilin oktyabrında istintaq başa çatsa da atamın tələblərinə və müstəntiqlərin vədinə baxmayaraq məhkəmədə onun işinə 9 ay ərzində baxılmamışdır. 1937-ci il iyulun 8-də atam kamerada asılmış vəziy­yətdə tapılmış, istintaq bunu özünəqəsd kimi qiymətləndirmişdir. Buna inanmaq çətin idi, çünki mühafizə olunmuş həbsxana gündəliyi onun əhval-ruhiyyəsinin yüksək olduğunu və özünün müqəssir olmadığını sübut etməyə cəhd etdiyini göstərir: “Neyləyə bilərsən, qələm düşmən əlindədir, mən isə müdafiə hüququndan məhrum olunmuşam. Eybi yox, belə nömrələrlə mənim iradəmi qıra bilməzlər” (5). Fridrix yazır ki, “Atamın müəmmalı ölümündən sonra anam Bakıdakı mənzilimizi tərk edərək, 1938-ci ildə mənimlə birlikdə Moskvaya valideynlərinin yanına getdi. Görünür ki, bu da, onu həbsdən qurtarmışdı. Uzun illər atam barədə əsil həqiqətləri məndən gizlətmişlər” (5). Fridrixin də vurğuladığı kimi, Əhməd Bədi Triniç haqqında həqiqətlər gizlədilmişdir, lakin yalnız ondan deyil.
 Əhməd Bədi Triniç Rəcəb oğlunu daha yaxından tanımaq üçün A.Məmmədovun KQB arxivindən aşkarlayıb nəşr etdiyi  sovet çekis­tinin məktubuna nəzər salmaq kifayətdir. Sovet çekisti K.Əfəndiyevin N.S.Xruşşova Mir Cəfər Bağırovu tanıtmaq, “maskasını düşürmək” və faktlarla sübut etmək məqsədi ilə yazdığı 7 oktyabr 1953-cü il  tarixli məktubunda sovetlərə  qənim kəsilən Əli bəy Zizikskinin və dostu Əhməd  Triniçin ismi xüsusi olaraq vurğulanır: “M.C.Bağırov Əli bəyə və Əhməd Triniçə  himayədarlıq edirmiş. Sovetlərə qarşı gələn, silaha sarılaraq döyüşən Əli bəy Zizikskinin zərərşizləşdirilməsinin Bağırova tapşırılmasına baxmayaraq, o, Zizikskini nəinki zərərsizləşdirməmiş, əksinə himayəsinə almış, Beriyaya “Mən onu (Zizikskini) tanıyıram. Ondan təhlükə gözlənilmir!” - demişdi. Əslində isə, “qorxulu və həyacanlı xəbərlər gəlirdi ki, Kaleybugurt şeyxlərilə, qolçomaqlarla “Türkiyə könüllüləri ilə” birgə - onların fikir babaları Triniç Əhməd adlı birisi olub - müsavatçılar Qaraqoyunlu üsyanı hazırlayırlar. Bütün çalışmalar pantürkizm şüarı ilə aparılırdı” (6). Fikrini möhkəmləndirmək üçün  hər dəfəsində “Bu təsadüf ola bilərmi?” - şəklində suallar vermiş sovet çeksti yazır: “Məlumdur ki, 1918-ci ildə Türk əsgərləri  Azərbaycanı işğal etdilər, gənc Sovet hökumətini boğdular. Belə bir zamanda Bağırov özünün dediyinə görə, Qubadan Həştərxana getmişdi. Həmin vaxt Qubaya Şükrü Paşa gəlmişdi. Türklərin qərargah rəisi Əhməd Bedin idi. Bir çox  antisovet elementləri Türklərin və Müsavatçıların tərəfinə keçmişdi. Mən və bacım (məktubu yazan şəxs) o vaxt Qubada idik. Quba “Uyezdrevkom”unun müavini Məhəmməd Mehdini bizim gözümüz önündə iplə asdılar. Bunu Əhməd Bedin, Əli Zizikski, Hacı Ağa Şahverdiyev (indi Sov.İKP-nin üzvü və Bağırovun dostu) etdi..” (8). Quba “Uyezdrevkom”unun müavini bolşevik Məhəmməd Mehdinin iplə asılmasını faciə kimi dəyərləndirən” sovet çekisti ya unudur, ya da bilərəkdən üzərinə gəlmir, bu illərdə Qubada, Şamaxıda, Bakıda, Naxçıvanda kütləvi şəkildə öldürülən müsəlmanları). Qubada ermənilərə qənim kəsilən Əhməd Bedinin Triniç olduğunu təsdiq etməyi qarşısına məqsəd qoymuş sovet çekisti davam edir: ”Nəhayət ki, Azərbaycanda Sovet hökuməti quruldu. Bağırov Azərbaycan FK-nın (fövqəladə hal komitəsi) rəhbəri oldu. Mən və bir sıra komunistlər Əhməd Bedini tanıyırdıq, o, ÜİK(b)P-nin üzvü və vəzifə sahibi Əhməd Triniçə çevrilmişdi” (6). Xuruşova yazdıqlarını konkret faktlarla sübut etməyə çalışan sovet çekisti bunun üçün gördüyü işləri sadalayır: “partiyanın (bolşevik partiyası) kəşfiyyat xətti ilə birbaşa özüm Bağırova xəbər verdim ki, Qubaya daxil olmuş  Türk əsgərlərinin qərargah komandiri olan Əhməd Triniç həmin Əhməd  Bedindir. Bu o şəxsdir ki, bolşevik Məhəmməd Mehdini ipə asmışdı. Rəsmi informasiyalarla sübut edilmişdir ki, bu Əhməd Triniç məşhur türk kəşfiyyatçısı, antisovet gruplaşmaların təşkilatçısı, pantürkizmin ideoloqudur, O, müsavatçılarla əlbirdir və s. Ancaq Bağırov (FK komissarı) bunu qulaqardına vuraraq gözə kül üfürür və deyir: “Azərbaycan MK-nə məlumdur ki, Əhməd Triniç partiya tərəfindən düşmən düşərgəsinə iş üçün göndərilmişdir, bu hamımıza məlumdur. Mənim xəttimlə (kəşfiyyat) sərəncam daxil olmuşdu ki, “Triniçin işini bitirin. Bu qədəri təsadüf ola bilərmi?” (6). Sovet kəşfiyyatçısı bununla da kifayətlənməyib, Trinçin fəaliyyətini ortaya qoyur: “Əhməd  Triniç öz əksinqlabi fəaliyyətini belə davam etdirdi: "Yüksək pedaqoji təhsil təşkil etmək adı altında Azərbaycan Pedaqoji İnstitutuna (APİ) Türkiyədən müəllimlər dəvət olundu. Həmən müəllimlər elmin və Azərbaycan dilinin bilicisi” kimi tanıdıldı. Triniçin xeyir-duası, Bağırovun başçılığı ilə Azərbaycana “mütəxəssis müəllimlər”in gəldiyini vurğulayan sovet kəşfiyyatçısı davam edir: “Tez bir zamanda mən (“Ayaz” ləqəbi ilə) yenə xəbər ötürdüm (təbii ki Moskvaya) ki, APİ müəllim-mütəxəssis yox, türk kəşfiyyatçıları hazırlayır. Onların hamısı Əhməd Triniçlə bağlı idi. O, isə nüfuzunu artırır və hökumətdə yer tutmuş burjua millətçiləri ilə sıx əlaqə saxlıyırdı.” Ancaq həmişə mənim ağzımdan vururlar, yəni ki, bu sənin obyektlərin deyil, “əngəl olma” (6).
 Triniçin əksinqilabi keçmişi barədə dəfələrlə siqnallar olmasına baxmayaraq, ölkə başçısı tərəfindən qorunmuşdur.  1920-1921-ci illərdə İttihad Partiyasının işi ilə şəxsən məşğul olan zaman XI Ordunun Xüsusi şöbəsinin rəisi Pankratov, ordunun ermənilərdən və ruslardan ibarət hərbi müstəntiqləri Azərbaycanda Sovet hakimiyyətini silahlı üsyanla devirmək cəhdində ittiham olunan yüzlərlə İttihadçını cəzalandırmaq üçün “üçlüyə” (Pankratov, Aşukin, Qubin) təqdim etmişlər. “Üçlük” Azərbaycanın ziyalı və millətsevər oğullarını Rusiyanın Xolmoqor, Ryazan, Nijni-Novqorod və digər həbs düşərgələrinə göndərmişdir. Bu zaman əski ittihadçı Əhməd Bədini Pankratovun caynağından Mir Cəfər Bağırov xilas etmişdi.
 Uzun-uzadı yazdığı məktubundan (8 səhifəlik) “hər dəfə ağzından vurulmasına”, “əngəl olma” xəbərdarlığına baxmayaraq sovet çekistinin işində nə qədər qətiyyətli olduğunu, durmadan Moskvaya xəbər ötürdüyü, “Bakıda əksinqlabçıların APİ-də yuva qurduqları, məhz onun xəbər ötürməsindən sonra onların SSRİ-dən çıxarıldıqları” (6) məlum olur. Sovet çekisti “Triniçin nüfuzunun artmasından və hökumətdə yer tutmuş burjua millətçiləri ilə sıx əlaqə saxlamasından” təşvişə düşməsində haqlı idi.  Çünki sovetlərin “burjua millətçisi” saydığı adamlarla həqiqətən də, Triniçin sıx əlaqələri var idi, onlar birlikdə fəaliyyət göstərirdilər. Tədqiqatçı A.Turan “Cavidnamə” monoqrafiyasında istintaq materiallarının içərisində diqqəti cəlb edən bir məqama belə açıqlıq gətirir: “Böyükağa Talıblının 17 avqust  1937 ci ildə verdiyi ifadəsində diqqəti cəlb edən bir məqam var: Bu professorlar (türkiyəli professorlar) təkcə Azərbaycanın ədəbiyyat məsələlərində fəal iştirak etmirlər, onlar məqalələr, dərsliklər yazır, həm də pul verirdilər... bu çür görüşlərdən biri İsmayıl Hikmətin dediklərindən mənə məlumdur. İsmayıl Hikmətin dediyinə görə, mənzilində Triniç, Hüseyn Cavid, Cabbar Əfəndizadə və türk səfiri görüşürdülər. Bu görüş zamanı guya türk ədəbiyyatından heç nə ilə fərqlənməyən Azərbaycan ədəbiyyatına türk nüfuzunun təsiri məsələləri müzakirə olunurdu” (7, s. 64). Yəni sovet çekistinin müşahidələri - doğru idi. Evində Triniç, Türkiyə səfiri Məmduh Şevkət, Cabbar Əfəndizadə, Hüseyn Cavidin bir araya gəlib fikir bölüşdüyü, ortaq qərarlar aldıqları İsmayıl Hikmət Azərbaycanda türkçülüyün inkişafında böyük xidmətləri olan, 4 ilə qədər Bakıda yaşamış türkoloqlardan biri idi. İsmayıl Hikmət evində toplaşan, açıq fəaliyyətdən gizli fəaliyyətə keçən Triniç zahirən bolşevik libasına bürünmək məcburiyyətində qalsa da, əslində sovet çekistinin vurğuladığı kimi, məramı türkə-müsavata-ittihada xidmət idi.
 1918-ci ildə türklərin Gəncəyə gəlişinə ürəkdən sevinən, “Bax, çoxdan gözlədiyimiz Nuri Paşa gəldi, artıq müsəlmanları qoruyan gəlib çıxdı” (8) - deyə yüksək duyğularla çıxış edən Triniç, bu görüşdən sonra Nuri Paşanın adyutantı (yavəri) olur. Bu xalq artisti Kazım Ziyanın 13 noyabr 1935-ci ildə verdiyi ifadədə təsdiqini tapır. Kazım Ziya "Ə.Triniç tərəfindən heç bir öldürülmə görmədiyini və xatırlamadığını, 1918-ci ildə Mart hadisələrində evinin qapısı önündə dayandığı vaxt Əhməd Triniçin əlində mauzer xalqa müraciət edərək “Qorxmayın qardaşlar, Türk ordusu artıq gəlir”, - dediyini və  sonralar Ə.Triniçi Müsavat hökuməti dövründə Bakıda Yardım Alayı zabiti formasında gördüyünü” - qeyd edir (8). Sənədlərdən də məlum olur ki, Triniçin əsas suçu Türk dünyasının qatı düşməni, torpaqlarımızı işğal edən, xalqımıza olmazın işgəncələr verən, genosid siyasəti yürüdən, dünyada bir saylı terrorçu xalq kimi tanınan erməni daşnakları və onların ən yaxın havadarı olan bolşevikləri məhv etməsi, “Müsavat”a üzv olması, Nuru Paşaya rəğbət bəsləməsi və şəxsi yavəri olması, nəhayət M.Ə.Rəsulzadənin ona verdiyi dəstək olmuşdur. Triniçin erməni daşnaklarına düşmən kəsilməsini dindirilmədə iştirak edən şahid Qafar Nadir oğlu Orucov  (13 may 1936) ifadəsində təsdiq edərək deyirdi.: - “1918-ci ildə söhbət gedirdi ki, Şıxlar bəyləri ilə birgə Əhməd Əfəndi də müsəlman uşaqları, qadınları, qocaları qaynar samavarda yandıran, onlara ağlagəlməz işgəncələr verən ermənilərin hərəkətlərinə layiqincə cavab verirdi” (1, s.166). Bu “26 dekabr 1957-ci ildə Əhməd Triniçin qızı Mariya Triniçin atasına bəraət verilməsi üçün Azərbaycan SSR Baş Prokurorluğuna ərizə ilə müraciətinə Respublika Baş prokurorunun müavini İ.İsmayılovun imzası ilə qəbul olunmuş qərarda və verilən cavab məktubunda da öz əksini tapır: “Çoxlu saylı şahidlərin dediklərindən məlum olur ki, Ə.Triniç kütləvi şəkildə qətllər edib və onun rəhbərliyi altında vəhşiləşmiş ermənilərə cavab verməkdə xüsusi fəallıq göstərib” (1, s. 168). Bütün bunlar KQB-nin “Tam məxfi”  möhürlü istintaq sənədlərində saxlanan 10 yanvar 1936-cı ildə Xüsusi İşlər üzrə prokurorun arayışında da öz əksin tapır: “1918-1919-cu illərdə Türk zabiti olub, əksinqilabi fəaliyyətdə iştirak edib, o zaman bandalara başçılıq edən Qubanın məşhur bəylərindən Şıxlarski və Zizikski ilə əlaqə yaradıb, Türk əsgərlər üzrə komandir  olub, Azərbaycan ərazisində cəza tədbirləri keçirib, onun şəxsi rəhbərliyi ilə Bakı işçiləri, kənd zəhmətkeşləri, inqilabçı bolşeviklər güllələnib” (1, s. 165),  əslində güllələnənlər müsəlmanları qətl edən ermənilər idi. Digər bir arayışda isə, 19 aprel 1936-cı ildə Tevosyan, May, Avanes­yanın imzası ilə tərtib olunmuş, Azərbaycan SSR DTK-nın komissarı Sumbatova təsdiqə göndərilmiş qərara dayanaraq A.Triniçin son 2-3 ayda bir neçə mənzildə yaşaması və hər dəfə də özünün şəxsi əşyalarını yaşadığı mənzillərdə saxlaması səbəbi ilə, həmin  əşyaları üzə çıxarıb dəlil kimi, istintaq orqanlarına təhvil verilməsi üçün aşağıdakı şəxslərin evlərinin aranması üçün Sumbatov tərəfindən göstəriş verilməsindən bəhs edilir. Axtarış aparılacaq mənzillərin ünvanı, kimə məxsus olması, adı və familiyası bir-bir  göstərilir: 1.Nemət Kamal Məlikova (bacısı) - Böyük qala - 45; 2.Tatyana Vasilyevna Triniç - Roxlina - Lebedinski döngəsi -7;3.M.D.Triniç - 9-cu Kanitapinskaya 276-cı kvartal, mənzil - 80; 4.T.D. Akapova - Karantinnıy - 94; 5.Sultanova - Musayeva S.Şahskiy dalanı - 12 və s. Bu ünvanlarda axtarış aparılan zaman heç bir evdə Əhməd Triniçə aid əşyalar müəyyən edilməmiş, yalnız M.D.Triniçə aid 9-cu Kanitapinskaya 276-ci kvartal, mənzil 180-də müxtəlif fotolar, türk dilində qeydlər, rus dili haqqında müxtəlif mövzulu əlyazmalar, A.Triniçə aid vəsiqələr, döş nişanı və s. götürülmüşdür. Tevosyan və Mayın imzaladığı aktlara  əsasən axtarış zamanı alınmış A.Triniçin iki yazısını; 1.1919-cu ildə Azərbaycan Parlamenti başçısı adına ərizə, 2.“Bacısı Nemətə” (nədənsə bu sözlər mötərizə içində göstərilib) yazdığı məktub müəyyən etmək üçün Hənəfi Zeynallı, Sami Kamal, Sadıq Qafarlıdan yaradılmış ekspertizaya verilmışdi. Sənədlər ekspertlər tərəfindən araşdırılaraq hər iki yazının Triniçə aid olması müəyyən edilmiş və  imzalanmış aktla təsdiq edilmişdir. Aktı tərtib edənlər: 1.AzFAN-ın elmi katibi - Hənəfi Zeynallı; 2.Lenin və Stalin İnstutu şöbə müdiri - Sami Kamal; 3.Təhlükəsizlik idarəsindən (KQB-dən) - Sadıq Qafarlı (aktı imzalayanlar da  sonra repressiya qurbanı olmuşdu). Əhməd Bədi Trinçin 16 yanvar 1936-cı il tarixli istintaqı belə nəticələnmişdir: “İstintaqdan məlum olur ki, Triniç Əhməd Bədi Rəcəb oğlu Üsküp şəhərində çox kasıb bir ailədə (bəzi mənbələrdə zəngin bir ailədə)  anadan olub. Atası fransız tütün monopoliyasının kontrabandası ilə məşğul olanların gözətçisi olaraq çalışıb və onlar tərəfindən qətl edilib. Atası ölən zaman o, bacısı ilə kiçik uşaqlarmış. Anası yenidən evləndiyindən uşaqları ana babaları öz himayəsinə götürür, nənəsi isə tərbiyələri ilə məşğul olur. Ə.Triniç bacısı ilə birgə ibtidai məktəbdə oxuyrlar. O zaman Üsküpdə ibtidai məktəbdə dərslər pulsuz imiş. Balkan müharibəsində Sadəddin əfəndi (nənəsinin işlədiyi yerin sahibi) Konstantinopola (İstanbul) köçəndə nənəsi ilə birgə Əhmədi və bacısını da götürüb Konstantinopola gətirir. Bir müddət sonra Əhməd bacısı ilə birlikdə nənəsi ilə halallaşıb ayrılırlar. Əhmədin bacısı imtahanlardan müvəffəqiyyətlə keçib, Konstantinopol Öyrətmənlər Seminariyasını qazanır. Əhməd Triniç isə Balıkəsir şəhərinə gəlir. Burada o, Türkiyə hökuməti tərəfindən köçkünlər üçün xüsusi olaraq açılmış liseyə daxil olur. Burada oxuyan  uşaqlar Konstantinopolun Eyitim Müdürlüyü tərəfindən göndərilirdi. 12-13 yaşlı Əhməd burada pulsuz təhsil alır. Liseydə bir neçə il təhsil aldıqdan sonra Türkiyədə müharibə başlayır. Ə.Triniç altı ay Praporşiklər (zabitlər) məktəbində oxuduqdan sonra, 1915-ci ildə Dardanel cəphəsinə gedir. İki-üç həftədən sonra isə Triniç Dardaneldən Suriyaya göndərilir. Suriyaya gedərkən yolüstü Bitlis şəhrindəki Rus cəbhəsində olur. 1915-ci ilin sonlarında “praporşik” (zabit-gizir) kimi “Yıldırım” adlı diviziyada qulluq edir. Trinç bir neçə dəfə ruslar tərəfindən əsir alınsa da, sarışın olduğundan onu alman bilib, zabitlərdən ayırırlar. Sonradan Triniçin alban olmadığını öyrənirlər. Əhmədi əsirlərə qatıb işgəncə verirlər. Oktyabr inqlabından sonra azlıqda qalan xalqlar: ərəb, çərkəz, alban və s. ilə birlikdə Əhməd Trinç də əsirlikdən azad olur.  Bundan sonra Əhməd Triniç Bakıya gəlir və gələr-gəlməz qatar vağzalından birbaşa “Açıq söz” qəzetinə gəlir. Qəzetin baş redaktoru M.Ə. Rəsulzadə ilə görüşür. Türkiyəyə getmək üçün Rəsulzadədən kömək istəyir. Rəsulzadə bu zaman onu Ruşeni bəyin yanına göndərir. Ruşəni bəy getməsinə icazə vermir” (1, s.164-65).
 Həbs edildikdən sonra Triniçdən bu illərin hesabı sorulur, ifadəsi alınır. 7 may 1936-cı ildə Şəmsəddin Musaxan oğlu Musaxanovun verdiyi ifadəsində “Əhməd Triniçin Türklərin və Müsavatçıların sağ qolu” olduğunu,  həmin gün ifadə verən Mirzəbaba Hüseyinqulu oğlu Tahirov isə, “Ə.Triniçin Xaçmaz tərəfindən Qubaya hücum etdiyini, ona Əhməd əfəndi deyildiyini, Quba bəylərindən olan Zizikskinin yaxın adamı olduğunu, eyni zamanda Qubanın komendantı olduğunu, “1918-ci ildə Şıxlar bəyləri ilə birlikdə Əhməd əfəndi də müsəlman uşaqları, qadınları, yaşlıları qaynar samavarda yandıran, onlara ağılasığmaz işgəncələr verən ermənilərin hərəkətlərinə layiqli cavablar verdiyini” dilə gətirirlər (1, s.166).  10 sentyabr 1936-cı ildə Ə.Triniçlə bir yerdə kamerada qalmış Əmrəli Məmməd oğlu Dəmirovun istintaq ifadəsində söylədikləri: - “Müstəntiq: - Əhməd Triniç sizə öz işi haqqında nə danışırdı?
 Cavab: - Əhməd Triniç danışırdı ki, onu Azərbaycanda sovetləşmə dövründə xeyli erməni və bir kommunisti qətlə yetirməkdə günahlandırırlar. Müttəhim həmçinin sözünə davam edərək qeyd edirdi ki, Ə.Triniç 1918-ci ildə onu da həbs etdirmək istəyib. Lakin biləndə ki, mən bolşevikəm, ona görə də həbs etməyib”, “müstəntiqsə bu hadisəni Ə.Triniçə xatırladanda o, belə cavab vermişdi:
 - “Bu 1918-ci il yox, 1919-cu il olub. Əgər o mənə desəydi ki, bolşevikdir, mən onun dilini boğazından çıxardardım”  (1, s.169). Bu sözləri  ilə o, erməni daşnakları ilə yanaşı, bolşeviklərə olan münasibəti də açıq-aşkar bəlli edir. Yəni Ə.B.Triniç yalnız erməni daşnaklarına deyil, bolşeviklərə - sovetlərə də qarşı olub, zahirən sonralar bu partiyaya üzv olmasına və xidmət etməsinə baxmayaraq.
 Beləliklə, Üsküpdən Bakıya qədər uzun bir yol qət edən Triniçin harada doğulmasına, hansı partiyaya üzv olmasına baxmayaraq o, daima zor zamanlarda, erməni daşnaklarına və bolşeviklərə qarşı mübarizədə Azərbaycan xalqının yanında olmuş, həyatının qalan hissəsini “Qafqazlı qardaşları”nın yanında yaşamış, həbs olunana qədər yüksək vəzifələrdə çalışmışdı. Həyatı həbsxana kamerasında asılaraq son bulan Triniçin ölümü hələ də öz gizliliyini qoruyur. Bəzi mənbələrdə “müstəntiqlərin “qayğısı” nəticəsində “oyuncaq məhkəmə”ni dinləmək, ona veriləcək hökmü  eşitmək Əhməd Trinicə qismət olmadı.  Şair Hacıkərim Sanılı kimi Ə.Triniç də istintaq zamanı ona verilən işgəncələrə dözməyərək dünyasını dəyişdi”, bəzi mənbələrdə “düyməsini udaraq”, bəzilərində isə “kamerada özünü asaraq öldüyü” - fikri yer alsa da, kiçik yaşlarında müharibələrdə (Balkan savaşı, I.Dünya müharibəsi), savaşlarda (Quba üsyanı), mübarizədə bərkiyən Triniçin intihar etməsi o qədər də inandırıcı görünmür. Ancaq Triniçin həbsxanada azadlığa çıxmaq, həqiqəti ortaya çıxarmaq üçün etdiyi mübarizə düşmənlərinə xoş gəlmədiyindən və ya ehtiyatlandıqlarından, ermənilərin işi məhkəməyə saxlamayıb Triniçi kamerada asaraq buna intihar şəkli verməsi, fikri həqiqətə daha yaxındır. Triniçin ölümü ilə dostu M.C.Bağırovun 5 mart 1937-ci ildə Stalinin ÜİK(b)P plenumda elan etdiyi “…indi biz məhv etmək yolunu tutmalıyıq” drektivindən  və Azərbaycan kommunistlərinin XIII qurultayında onu “ifşa edilmiş” “xalq düşməni”, “əclaf” adlandırdıqdan az sonra gerçəkləşir. Çoxlarının istintaqı 15-10 dəqiqə çəkdiyi halda, Triniçə 9 ay toxunulmamış, onun və şahidlərin ifadəsi alınmış, məhkəməyə çıxarılmamışdır. Bəlkə də Triniçi həbs edən ermənilər dostundan ehtiyat etmişdilər. Oğlu Fridrixin xatirələrindən məlum olur ki, Triniçə həbsxanada hər cür şərait yaradılmış, o, gündəlik mətbuatla tanış olmuş, gündəliyində ölkədə gedən ictimai-siyasi hadisələr haqqında fikirlərini qeyd etmiş, düşmənlərini ifşa etmək əzmi ilə yaşamış, hətta istənilən anda bacısı Nemətlə görüş verilmişdi.  Lakin Bağırovun son söylədikləri (8 iyun 1937) sanki daha dostunu qorumadığını və ya qoruya bilmədiyinin siqnalı olmuşdur.
 Triniçin qızı Mariya Stalinin ölümündən sonra atasının bəraət etməsi üçün müraciət etsə də, rədd cavabı alıb. Bu da təbii idı, çünki, uzun bir zaman kəsimində yalnız Azərbaycanın deyil, bütövlükdə keçmiş SSRİ daxilində yaşayan türkdilli xalqların Türkiyə ilə bütün əlaqələri kəsilmiş, rus şovinistləri tərəfindən türk xalqına qarşı nifrət aşılanmışdı. Xeyli sayda erməninin və bir bolşevikin öldürülməsində suçlanan A.Triniçə bəraətın verilməməsində də (hökm verənlər düşmənimizin dostu idi) məhz bu nifrət dayanırdı (qardaşından fərqli olaraq, Triniçin bacısı  Nemət Kamal kızı Məlikovaya 15 mart 1958-ci ildə bəraət verilib). Ə.Triniçin bir neçə ermənini öldürməkdə suçlandığı o illərdə (31 Mart 1918) ermənilər Bakıda Cənubi Qafqazda hakim olmaq xəyalı ilə misli görülməmiş qanlı cinayətlər törətmiş, 20 minə qədər müsəlmanı oldürmüşdülər. O zaman Bakıda olan ingilis konsulu  Mak-Donald qeyd edir ki, “Bakıda şəhərin küçələrində müsəlman meyitlərindən başqa müsəlman olan qalmamışdı, erməni daşnakları 1918-ci ilin yazında 3-4 gün içərisində şəhərdə 20 min kasıb müsəlman əhalisini qətlə yetirdilər” (9, s. 26) 20 min müsəlmanın ölümü örtbasdır edilib,  bu cinayətlərə siyasi qıymət verilməsinə imkan verilməzkən Triniç yalnız “bir xeyli erməni” və erməni millətçilərinin ən yaxın havadarı olan 1 bolşeviki öldürdüyü üçün repressiya edilməmişdi. Bu onun repressiyaya məruz qalma səbəblərindən yalnız biri ola bilərdi. Əsl səbəb, Triniçin “Müsavat” partiyası “üzvü və sağ əli”, “müsavatın ideoloqu” olması, Nuru Paşaya rəğbəti, həmçinin şəxsi yavəri olması, nəhayət M.Ə.Rəsulzadənin ona verdiyi dəstək olmuşdur. Əslində, Əhməd Bədi Triniç Sovetlər Birliyindəki Türk xalqlarının istiqlalı üçün çalışmışdı. Onun  çalışmalarının əsasında Sovetlərin devrilməsi, Azərbaycan xalqının yenidən müstəqilliyinə qovuşması, Türk dövlətlərinin qurulması dayanırdı. Bu gün müstəqilliyi ilk dəfə 1918-ci ildə qazanan Azərbaycan yenidən “Bir kərə yüksələn bayraq, bir daha enməz”, - şüarına sadiq qalaraq müstəqilliyini bərpa etsə də (1991), türkə qənim kəsilən mənfur düşmənlərimiz yenə də öz cinayət əməllərindən əl çəkmir. Bu aspektdən yanaşanda Əhməd Bədi Triniçin də 1918-də Qubada, Şamaxıda, Naxçıvanda, Bakıda kütləvi qırğınlar törədən vəhşiləşmiş ermənilərə nifrəti və cinayəti mübahdır, qəbul ediləndir, hətta A.Kənanın təbirincə desək: “Əhməd Triniçin də o dövr üçün sayılan cinayəti, xalqımızın üzünü ağarda biləcək qəhrəmanlıqdır” (1, s.168).
 Beləliklə, məqaləyə ad kimi seçdiyimiz “Əhməd Bədi Triniç kimdir? - sualına həm arxiv materialları, həm də aparılan tədqiqatlara söykənərək cavab tapmağa çalışdıq. Xatirələrdə, sərt bir insan kimi keçməsinə baxmayaraq elmi mətnlərdə Triniç düşmənimizin düşməni, bizim dostumuz kimi görünür. “Düşmənimizin düşməni, bizim dos­tumuzdur” - məsəli fikrimizi möhkəmləndirməyə xidmət edir. Çalışmalarımızı “Əhməd Bədi Triniç xatirələrdə”, “Ə.B.Triniç ədəbi bədii mətnlərdə” və “Mühit, mətbuat və Ə.B.Triniç” adlı məqalələrimizdə davam etdirəcəyik.
 


Tarix: 10-05-2019, 13:21

Xəbəri paylaş