Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Fədakar müəllim, bəstəkar

 
Azərbaycan musiqisinin çoxəsrlik ənənələrini  yaşadaraq, musiqi mədəniyyətimizin tərəqqisində əvəzsiz xidmətləri olan Adil Gərayın  bu il  anadan olmasının 100 illiyi tamam olur. Adil Gəray Məmmədbəyli respublikamızda xalq çalğı alətləri üzrə musiqi təhsilinin inkişafında, peşəkar ifaçı, müəllim kadrların yetişməsində müstəsna rol oynamışdır. Onun çoxşaxəli yaradıcı-pedaqoji fəaliyyəti respublikada tar müəllimi adını, nüfuzunu daha da ucaltmışdır. Gənclərin milli musiqi alətlərinə marağının artmasında bir bəstəkar və müəllim kimi fədakar əməyi olan Adil Gəray tar müəllimliyinin məsuliyyətli və əhəmiyyətli bir peşə olduğunu öz zəhməti ilə sübüt etmişdir.
Musiqi tariximizə görkəmli bəstəkar, pedaqoq və musiqi xadimi kimi daxil olan Adil Gəray Bakının tanınmış ziyalı nəslindəndir. Onun atası Heybətqulu bəy Məmmədbəyli Azərbaycan Cümhuriyyəti dövründə parlament üzvü olmuş, nazir vəzifəsində çalışmış, ictimai-mədəni xadim kimi fəaliyyət göstərmişdir. Uşaqlıqdan əhatəsində olduğu musiqi, muğam  Adil Gərayın kövrək, həssas uşaq qəlbini tamam ovsunlamış, tar alətinə böyük maraq oyatmışdır. 1936-cı ildən A.Zeynallı adına Musiqi Texnikumunda tar ifaçılığı üzrə təhsil alan bu istedadlı gənc ilk əmək fəaliyyətinə də həmin məktəbdə başlayır. 1938-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi nəzdindəki xalq çalğı alətləri orkestrinə konsertmeystr kimi işə qəbul olunan tarzən Adil Gəray bu orkestrdə özünün ilk professional musiqiçi fəaliyyətinə başlayır. Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı 1940-1948 -ci illərdə Üzeyir Hacıbəylidən bəstəkarlıq dərslərini alan Adil Gəray tar ilə fortepiano üçün “Bağçakürd” pyesini də məhz unudulmaz müəllimi dahi Üzeyir bəyə ithaf etmişdir. İlk əsərləri sırasına xalq çalğı alətləri orkestri üçün “Cəngi”, “Yallı” pyesləri, “Sovet Azərbaycanı” süitası, “Vətən nəğməsi”, “Gözəl yar”, “Boyun qurbanı”, “Alagöz”, “İnsaf eylə”, “Yar gəldi”, “Laylay” mahnıları, “Tar üçün etüdlər” məcmuəsi daxildir. Konservatori­yada təhsilini başa vurduqdan sonra Bakı musiqi texnikumunda müəllimlik fəaliyyətini davam etdirməklə yanaşı 1959-1973-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında tar ixtisasından dərs deyərək peşəkar ifaçı və müəllim kadrları yetişdirmişdir.
Adil Gərayın musiqi əsərlərini xalqa, dinləyicilərə sevdirən, onun əsərlərindəki xəlqilik, milli kolorit və muğam köklərinə istinad olunmasıdır. Bəstəkarın mahnılarının demək olar ki, hamısı nikbin, həyatsevərdir. Lakin bəstəkar həyata, cəmiyyətə, gələcəyə münasibətində nə qədər realist olsa da, əsərlərində romantik çalarlar özünü büruzə verir. Bəstəkarın mahnıları 1950-1970-ci illərdə A.Zeynallı adına Bakı musiqi məktəbinin xanəndələri üçün tədris proqramına da daxil olunmuşdu. Adil Gərayın “El bəzənsin” adlı mahnı məc­muəsinə “Azərbay­canım”, “El bəzənsin”, “Ana kəndim”, “Gülzar” mahnıları Azərbaycan dinləyicisinin zövqünü oxşayaraq, məhəbbətini qazanmışdır.
Bəstəkarın yaradıcılığında tar ilə fortepiano üçün yazdığı əsərlər xüsusi yer tutur. Tar əsərləri respublikamızda bu alət üçün yazılmış ən gözəl yaradıcılıq nümunələrindən sayılır. İfaçılıq və tədris repertuarında daim istifadə olunan bu əsərlər metodik və pedaqoji tələblərə uyğun olaraq bəstələnmişdir. “Tar üçün etüdlər”, “Tarantella”, “Baxçakürd”, “Səfikürd”, “Şahnazsayağı”, “Gülüstan”, “Xatirə” və bu kimi əsərlər tarın tədrisində geniş istifadə olunan əsərlərdəndir. Adil Gərayın “Tar üçün muğam etüdləri” öz orijinallığı, texniki və bədii çətinlikləri, alətin melodik imkanları ilə diqqəti cəlb edir. Bu etüdlər bəstəkarlıq yaradıcılığı ilə pedaqoji təcrübənin vəhdətindən yaranan qiymətli tədris və ifaçılıq ədəbiyyatıdır. 1943-cü ildə Ü.Hacıbəylinin redaktorluğu ilə nəşr olunan “Tar üçün muğam etüdləri” 1998-ci ildə “Muğam etüdləri” adı ilə təkrar nəşr olunmuşdur.  Müəllif muğamları tar üçün etüdləşdirmiş, bu zaman muğamların forma və quruluşunu, muğamların xarakterik melodiya və səciyyəsini, şöbə tərkibini və ardıcıllığını, ayaq formulunu məhz etüd janrı və forması daxilində təqdim etmişdir. “Muğam etüdləri” eyni zamanda muğamların tar üçün ilk not yazısı, ilk dəfə messo-soprano açarında nota yazıldığı ilk tədris vəsaitidir. Tar üçün muğam üzərində yazılmış digər bir əsəri “Bayatı-Şiraz” məqamında olan “Qaytağı” pyesi ifaçılığın bədii və texniki imkanları cəhətdən mükəmməl əsərdir.
Yaradıcı və məsuliyyətli bir peşə olan tar müəllimliyi Adil Gərayın sayəsində metodik baxımdan yeni tədris imkanları əldə etmişdir. Onun pedaqoji fəaliyyəti nəticəsində milli musiqi alətlərinin təhsil və tədris prosesinin təkmilləşməsinə səbəb olan yeni mərhələ yaranmışdır. Tarın texniki imkanlarını mükəmməl bildiyi üçün öz əsərlərində pozisiyaları, reqistrləri, tonallığı, applikaturanı, dinamikanı, akkordları, mizrab üsullarını, sağ-sol əl əlaqəsini  bütün dəqiqliyi ilə göstərmişdir. Adil Gərayın təcrübəli yaradıcı müəllim kimi tar alətinin tədrisinə verdiyi böyük töhfələrdən biri də müxtəlif bəstəkarların tar ilə fortepiano üçün köçürmələridir. M.Musorqskinin “Sərgidən şəkillər” silsiləsindən “Köhnə qala” pyesi, Ü.Hacıbəylinin “Koroğlu” operasından fraqmentlər, T.Quliyevin “Görüş” kino-filmindən vals, C.Cahangirovun “Rondo”, C.Hacıyevin “Laylay” əsərlərinin tar üçün köçürülmələri tar ixtisas tədrisini not ədəbiyyatı ilə zənginləşdirmiş, ifaçı tələbələrin Avropa və rus bəstəkarlarının musiqisinə yaxından bələd olmasını təmin etmişdir.
Adil Gərayın Azərbaycan musiqi təhsili sistemində  tar ifaçısı və müəllim kadrların yetişməsində xüsusi əməyi olmuşdur. Bu görkəmli tar müəlliminin yetişdirdiyi ixtisasçılar respublikamızın əksər şəhər və rayonlarında çalışmış, gənc musiqiçi nəslin yetişməsinə dəyərli töhfələr vermişlər. Adil Gəray sinfinin ləyaqətli yetirmələri sırasında görkəmli bəstəkarlardan SSRİ xalq artisti Arif Məlikov, Azərbaycan Respublikasının xalq və əməkdar artistləri Nəriman Məmmədov,  Adil Bəbirov, Dadaş Dadaşov,  dirijor Nəriman Əzimov, ifaçılardan  Həbib Bayramov, Ramiz Quliyev, Qulu Əsgərov, Sərvər İbrahimov, Ceyran Haşımova, Kamil Vəzirov, Fikrət Verdiyev, alim mütəxəssislərdən Zülfüqar Fərəcov, Sabir Quliyev, Davud Məmmədbəyli, Nəcməddin Məlikməmmədov, müəllimlərdən Orxan Orxanbəyli, Akif Novruzov, Nov­ruz Aydəmirov, Ramiz Firidunbəyli, Sidqi Mustafayev, Sahib Axundov, Faiz Məcidov, Adil İsrafilov və başqalarının adını çəkə bilərik. Adil Gəray məktəbinin professional dərs üslubundan yararlanan yetirmələri bu gün də Azərbaycan ifaçılıq sənətini yüksək səviyyədə təmsil edib, inkişaf etdirirlər.
Nazim Kazımov,
Əməkdar incəsənət xadimi, 
professor


Tarix: 10-05-2019, 12:59

Xəbəri paylaş