Azərbaycan dili dərslərində “Dinləyib-anlama və danışma”nın təşkili üsulları
Elnur ƏLİYEV,
Salyan rayonu, Yenikənd kənd
tam orta məktəbinin müəllimi
Təcrübə sübut edir ki, kurikulumun qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün fəal-interaktiv təlim üsullarından istifadə etmək daha məqsədəuyğundur. Bir dərs çərçivəsində bir neçə üsuldan istifadə oluna bilər. Əsas məqsəd üsuldan dərsin məzmununa uyğun, düzgün və səmərəli şəkildə istifadə etməkdir.
Məzmun standartı məqsəd, təlim üsulu isə vasitədir. Məqsədə çatmaq üçün vasitəni düzgün seçmək lazımdır.
“Dinləyib-anlama və danışma” məzmun xətti üzrə Müzakirə, Akvarium, Debat, Konfrans, Məruzə, Şifahi təqdimat üsulları daha səmərəli nəticələr əldə etməyə kömək edir.
Müzakirə mövzu üzrə ideya, məlumat, təəssürat, təhlil və təkliflərin qarşılıqlı mübadiləsidir. Onun əsas vəzifəsi problemi təhlil edərək həlli yolunu tapmaq, düzgün qərar qəbul etmək üçün imkan yaratmaqdır. Müzakirə debat üçün hazırlıq mərhələsi kimi aparıla və ya debatla müşayiət oluna bilər. Müzakirə dinləmək, təqdim etmək, sual vermək mədəniyyətini formalaşdırır, şagirdlərin məntiqi və tənqidi təfəkkürünü, şifahi nitqini inkişaf etdirir.
Müzakirədən əvvəl şagirdlərə müzakirə qaydaları xatırladılır. Müzakirə üçün ziddiyyətli yanaşmalara imkan verən mövzu, problem müəyyənləşdirilir. Problem aktual, şagirdlərin həll etməsinə imkan verən səviyyədə olmalıdır. Şagirdlər problem üzrə tədqiqat aparır, mənbələrlə işləyir, öz mövqelərini dəqiqləşdirir, mülahizələrini əsaslandırmaq üçün dəlillər, faktlar seçir, fikirlərini müzakirə üçün təqdim edirlər.
Müzakirə prosesini inkişaf etdirən suallar vermək və şagirdlərin cavablarını nəzərdən keçirməklə müəllim müzakirəni tənzimləyir. Bu zaman cavabı “bəli” və ya “xeyr” olan qapalı suallar vermək məqsədəuyğun hesab edilmir.
Müzakirədə mövzuya aid: Nə baş verdi? Nə üçün baş verdi? Bu başqa cür ola bilərdimi və necə? Siz bu vəziyyətdə nə edərdiniz? Sizin fikrinizcə, həmin qəhrəman nə hiss etdi? Sizcə, kim haqlıdır? Nə üçün? kimi suallardan istifadə olunur.
Akvarium. Müzakirənin bir forması kimi “akvarium”un tətbiqində diqqət yetirilməli olan ən mühüm cəhət mübahisə edən tərəflərin vahid fikrə gəlməsinin vacib olmasıdır. Onun tətbiqində başlıca məqsəd problemin müzakirəsində səmərəliliyə nail olmaq və düzgün diskussiya aparmaq bacarığını inkişaf etdirməkdir. “Akvarium”un tətbiqində iki variant müşahidə olunur.
Diskussiyanın aparılması qaydaları müəyyənləşdirilir. Sonra sinif iki qrupa ayrılır, onlardan birinin oturduğu dairənin önündə - “xarici dairədə” ikinci qrup əyləşir. Qruplardan birincisi - “daxili dairədə” oturanlar müəyyənləşdirilmiş mövzu üzrə diskussiya aparır, “xarici dairədə” oturanlar isə diskussiyanın qaydalar üzrə keçib-keçmədiyini müşahidə edir. Müəyyənləşdirilmiş vaxt başa çatdıqda “xarici dairədə” əyləşənlər diskussiyanın gedişini qiymətləndirirlər. Ardınca qruplar yerlərini dəyişirlər, diskussiya əvvəlki qayda ilə davam edir.
Debat zamanı müzakirə aparan tərəflər bir-birini deyil, üçüncü tərəfi (dinləyiciləri) inandırmağa, onlara təsir göstərməyə çalışır. Debatda çıxış edən hər iki tərəfin qarşısında duran başlıca vəzifə öz mövqeyini əsaslandırmaq, haqlı olduğunu sübut etməkdir. Bunun üçün, ilk növbədə, inandırıcı dəlillər tapılması, əks tərəfin irəli sürdüyü dəlillərə tənqidi yanaşılması, onların əsaslandırılmış şəkildə təkzib edilməsi zəruridir.
Bu zaman üçüncü tərəf - dinləyicilər onları daha çox inandıran tərəfin mövqeyini qəbul edir, öz seçimlərində onlara üstünlük verir və bunun səbəbini açıqlayırlar. Debat üçün seçilən mövzu aktual, maraqlı olmalı, çıxış edənlər fakt və sübutlarla danışmalı, müxtəlif səciyyəli suallardan istifadə etməli, dinləyiciləri inandırmağı bacarmalıdırlar.
Konfrans. “Müəyyən mövzuya, problemə həsr olunmuş yığıncaq, tədbir” mənasında işlənən, məruzələr dinlənilib müzakirə olunan konfrans zamanı sinifdə şagirdlər iki qrupa bölünürlər və hər qrupa mövzu üzrə 1 məruzə hazırlamaq tapşırılır.
Qruplara daxil olan şagirdlər məruzəni bir yerdə hazırlayır və qrupdan məruzəçi seçirlər. Konfransı idarə etmək üçün sinifdən bir və ya iki aparıcı (moderator) seçilir. Aparıcılar əvvəlcədən hər iki məruzənin mətni ilə tanış olur, müzakirə zamanı ortaya suallar qoyur, iştirakçılara söz verir və onların çıxışlarını ümumiləşdirirlər.
Məruzə layihə hazırlamağın növlərindən biri kimi araşdırma və danışma bacarığını inkişaf etdirən üsuldur.
Hər bölmənin sonunda şagirdlərə həmin bölmənin mövzusu ilə bağlı məruzə hazırlamağı tapşırmaq olar. Müəllim bölmənin mövzusunu problemlərə bölüb hər problemlə bağlı bir məruzə hazırlamağı tapşıra bilər. Məruzənin hazırlanmasında müəllim və valideyn köməyi vacibdir. Məruzə qruplar tərəfindən və ya fərdi şəkildə hazırlana bilər.
Şifahi təqdimat. Fəal-/interaktiv təlim zamanı şifahi təqdimat mühüm əhəmiyyət kəsb edir. Məktəblilər tədqiq etdikləri məsələ barədə əldə olunan nəticələri sinif qarşısında şifahi formada təqdim edirlər.
Şifahi təqdimat zamanı şagird problemin mahiyyəti ilə bağlı fikirlərini aydın, ardıcıl şəkildə çatdırmalıdır. Mövzu, problem dəqiq şərh edilməli, informasiya-kommunikasiya vasitələri, illüstrasiyalar, fotoşəkillərdən istifadə olnumalıdır.
Yuxarıda “Dinləyib-anlama və danışma” məzmun xətti üzrə standartların həyata keçirilməsi üçün daha məqsədəuyğun hesab edilən üsullar haqqında məlumat verilmişdir. Müəllimlər tədris zamanı dərsin məzmunundan və məqsəddən asılı olaraq bu üsullara istədikləri dəyişiklikləri edə bilərlər.
Tarix: 10-04-2019, 15:02