Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Vətəni tanıdan dərs-təqdimat

 


Ellada Həziyeva, 
Bakı şəhəri H.Mahmudbəyov adına 
2 nömrəli Texniki Humanitar liseyin 
Azərbaycan dili və ədəbiyyat müəllimi, 
metodbirləşmə sədri

Sağlam düşüncəli vətəndaş yetişdirmək, vətəni dünya miqyasında əqli, zəkası ilə təmsil edə biləcək şəxsiyyət formalaşdırmaq bu gün ən ümdə vəzifələrdən biridir. Tədris prosesində şa­girdlərə dərin bilik vermək, verilmiş bilikləri həyat­da tətbiq etmək bacarığı aşılamaq, hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirmək pedaqoq kimi məni də hər zaman düşündürmüş və buna bacardığım qədərə nail olmağa çalışmışam.
Məlum olduğu kimi, “Azərbaycan dili”, “Ədəbiyyat” dərsliklərində təqdim olunan tapşırıqların bəziləri hətta bütöv bir bölməyə xidmət edir. Müəllimin əsas ustalığı o tapşırıqlardan ayrı-ayrı mövzular üzrə yerində istifadə etməkdir. Fəndaxili, fənlərarası inteqrasiya möv­zunun dərindən, hərtərəfli mənimsənilməsində böyük rol oynayır. Məsələn, V sinif Azərbaycan dili dərslərini keçərkən tarixi mədəni abidələr bölməsində artıq təkcə Azərbaycan dili deyil, tarix fənninə, Azərbaycanın milli-mədəni irsinə inteqrasiya etmək zərurəti yaranır.
“İçərişəhər” mətninin tədrisi zamanı belə bir tapşırıqla qarşılaşırıq:
“Azərbaycanı əcnəbilərə necə tanıdardım” mövzusunda təqdimat hazırlamaq tövsiyə olunur. Mən bu dərsi hər il V siniflərdə müsabiqə kimi keçirirəm. Şagirdlərə Bakını əcnəbilərə tanıtmaq üçün simvol hazırlamaq tapşırıram. Və yaxud milli varlığımızı əks etdirən əşyaları, məfhumları toplamaqla sinifdə geniş təqdimat keçirirəm.
Şagirdlər təkcə əşyaları sərgiləməklə kifayətlənmir, həm də bu eksponatlar haqqında ətraflı məlumatlar verirlər.
Məsələn, belə dərslərdən birini bu il fevralın 28-də keçdim. Dərs birbaşa təqdimatla başladı. Məktəb direktoru, onun müavini, bəzi müəllimlər sərgidə iştirak etdilər. Gələn qonaqları iki şagird milli geyimdə qarşıladı. Sonra qonaqlar şagirdlərin təqdimatlarını dinlədilər. Şagirdlərdən kimisi kəlağayı ilə, kimi armudu stəkanla, kimisi tarixi abidələrin maketi ilə təqdimatda fəal çıxış edirdi.
Maraqlı faktlardan biri də bu idi ki, bir şagird Azərbaycanı “Şəhidlər xiyabanı” ilə tanıdacağını, digər şagird isə “Neft daşları” maketini hazırlayaraq onunla tanıtım edəcəyini söyləyirdilər.
Hətta şagirdlər Şəki paxlavası, milli xörəklərimiz olan plov ilə də sərgidə çıxış edərək öz mülahizələrini söylədilər.
Dərsin bitməsinə az qalmış bir şagird Azərbaycan bayrağı ilə qonaqların qarşısına çıxıb şeiri və çıxışı ilə gələnlərin qəlbini riqqətə gətirən fikirlər söylədi. Təqdimatın sonunda isə şagirdin biri ölkəsini Prezidenti ilə tanıdacağını söylədi. Sual olundu ki niyə məhz Prezident ilə. Axı Prezidenti bütün dünya tanıyır.
O isə “mənim Prezidentim - mənim qürurumdur” deyərək öz çıxışını davam etdirdi.
Təqdimatlar dinlənildikdən sonra gələn qonaqlar da öz fikirlərini bildirərək şa­girdlərə Azərbaycanı təkcə göstərdiyi eksponatlarla deyil, idmanı, musiqisi, sənətkarlıq nümunələri ilə də tanıtmağı tövsiyə etdilər.
  Bu gün Olimpiya oyunlarına hazırlıq çərçivəsində OCEP 2019 İdman Festifalında təmsilçi olaraq Azərbaycanı dünyaya tanıtmaq imkanı əldə edərkən bu dərs, məncə, daha maraqlı bir mövzu kimi tədris oluna bilər.


Tarix: 10-04-2019, 14:58

Xəbəri paylaş