Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

MÜASİR TƏHSİLİN ƏSAS İNKİŞAF İSTİQAMƏTLƏRİ VƏ ONLARIN REALLAŞDIRILMASI YOLLARI

 

 Rəfiqə RZAYEVA,
Şirvan şəhəri, S.Hüseynov adına 
1 nömrəli tam orta məktəbin direktoru

 Müasir təhsilin əsas məqsədi insan tərbiyəsidir. Çox təəssüf ki, bu məqsəd bir çox təhsil müəssisələrində deklorativ xarakter daşıyır, tam mənasında həyata keçirilmir. 90-cı illərdə məktəbləri deidealizə etməklə totalitar yanaşma və kommunist ideoloji irsindən uzaqlaşdırmaq vəzifəsi qoyulmuşdu. Bu isə təhsilin qərb modeli kursunun kor-koranə qəbul edilməsinə gətirib çıxartdı; bu yanlış addım şəxsiyyətin kollektivdə tərbiyəsi ilə bağlı müsbət sovet təcrübəsinin rədd edilməsinə səbəb oldu.
Bu gün təhsilimiz təhsilalanların professional hazırlığına istiqamət götürməklə müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərin formalaşdırılmasını həyata keçirir. Bu birtərəfli istiqamət təhsil üçün əsas prioritet olmalı tərbiyə prosesini arxa plana keçirir. Nəticədə milli-mənəvi dəyərlərə laqeyd münasibət yaranır; bu isə cəmiyyət üçün təhlükəli bir meyl formalaşdırır. Bu gün biz bu cür yanaşmanın neqativ nəticələri ilə qarşılaşırıq: ən faydalı və zəruri biliklər belə, milli-mənəvi dəyərlərə, vicdan və yaxşılığa, məhəbbət və şəfqətə, dürüstlük və xeyirxahlığa söykənmirsə, asanlıqla pisliyə, insanların və ətraf mühitin məhvinə yönələ bilər. Tərbiyədən təcrid edilmiş təhsil—dəlinin əlində bir qılıncdır. Görkəmli rus filosofu İvan Aleksandroviç İlyin (1882 - 1954) bu barədə belə yazır: "Tərbiyədən məhrum təhsil saxta və təhlükəli bir işdir. O, ilk növbədə kəmsavad,özündənrazı və təkəbbürlü, boş yerə mübahicə edən, iddialı və abırsız karyeristlər yaradır, mənəviyyatsız qüvvələri silahlandırır, insanda “canavar” xislətini inkişaf etdirir.” Məhz buna görə də bu gün qarşımızda bir vəzifə durur: təhsilin bütün pillələrində uşaq bağçasından başlayaraq ali təhsil bitənə qədər tərbiyə sistemini məktəbə qaytarmaq!

Tərbiyə insanları həqiqətə yaxınlaşdırmalı, onlara əxlaqi və xoşbəxt həyat yolunu göstərməli, ləyaqətli vətəndaş, ailə başçısı və işçi, həmçinin müsbət ictimai proseslərin yaradıcı iştirakçısı olmağa kömək etməlidir.
Müasir təhsil sisteminin inkişaf dinamikasının təhlilindən belə qənaətə gəlirik ki, ümumi təhsilin inkişafının əsas sahələri aşağıdakılar ola bilər:
1.Təhsil standartlarının yenilənməsi.
2.Milli-mənəvi dəyərlər əsasında tərbiyə sisteminin bərpası və inkişafı.
3.İstedadlı uşaqlar üçün dəstəkləyici mühitin yaradılması.
4.Müəllim potensialının inkişafı.
5.Müasir məktəb infrastrukturunun təkmilləşdirilməsi.
6.Məktəblilərin sağlamlığının mühafizəsi.
Bu istiqamətlərin reallaşma mexanizmini belə sistemləşdirmək olar:
1.Təhsil standartlarının yenilənməsi:
-təhsil standartlarını təkmilləşdirməklə sadələşdirmək;
-təhsil standartlarını lüzumsuz “sənədçilik”dən xilas etmək;
-təhsil standartlarını təkmilləşdirməklə formalizmə son qoymaq;
-tədris proqramlarını yeni yaradılacaq standartlara uyğunlaşdırmaqla onları lüzumsuz ağırlıqdan xilas etmək;
-yeniləşdiriləcək standartların hamıya əlçatan olmasını təmin etmək;
-şagirdlərə bilik, bacarıq və vərdişlərin verilməsini səriştələrin formalaşdırılmasına yönəltməklə onların tərbiyə prosesi ilə əlaqələndirmə mexanizmini hazırlamaq.
2. Tərbiyə standartlarının formalaşdırılması: milli-mənəvi dəyərlər əsasında tərbiyə sisteminin bərpası və inkişafı:
-təhsil standartları fonunda tərbiyə standartlarını hazırlamaq;
-tərbiyə standartlarının qiymətləndirmə meyarlarını formalaşdırmaq;
-təhsil pillələrinin tələbləri nəzərə alınmaqla “MƏKTƏBLİNİN ƏXLAQ KODEKSİ”ni tərtib etmək;
-Milli təhsilin dünya standartlarına nümunə ola biləcək konsepsiyası üzərində fundemental tədqiqat planı hazırlamaq.
3.İstedadlı uşaqların dəstəklənməsi və xüsusi təhsilə cəlbinin təkmilləşdirilməsi:
-dərs ili ərzində məktəblərin IV siniflərində bir neçə mərhələdə xüsusi monitorinqlər keçirməklə onların V sinifdən xüsusi təhsilə cəlb olunmasını təmin etmək;
-seçim zamanı formalizmə son qoymaq, istedad seçimində şəffadflığa əməl etməklə məntiqi düşünmə qabiliyyətini əsas meyar hesab etmək;
-istedadlı uşaqların seçimini yalnız fənyönümlü seçimlə məhdudlaşdırmamaq şərtilə istedad anlayışına daha geniş spektrdə yanaşmaq;
-hər bir məktəbdə siniflərin literləşdirilməsini həyata keçirməklə, təmayülləşdirmənin təkmilləşdirilməsinə nail olmaq;
-şagirdlərin fərdi qabiliyyətlərini müəyyənləşdirməklə gələcəyin ixtisas seçiminə real stimul yaratmaqla onların cəmiyyətin tələblərinə uyğun olan gələcəyin peşə, sənət ixtisaslarına istiqamətləndirmək.
4. Müəllim potensialının inkişafı:
-məktəbdə müəllim seçiminin standart və meyarlarını müəyyənləşdirmək;
-müəllimlərin elmi potensialının inkişafını təmin etmək məqsədilə onları elmi axtarışlara yönəltmək;
-məktəbdə müəllimlərlə mütəmadi maarifləndirici, inkişafetdirici innovativ təlimlər təşkil etmək;
-müəllim potensialının inkişafını səmərəli təşkil etmək üçün məktəbdə metodbirləşmələri birləşmiş fənn kafedraları ilə əvəz etmək.
5.Müasir məktəb infrastrukturunun təkmilləşdirilməsi:
-məktəb idarəretmə sistemində ən müasir elektron innovasiyaların tətbiqini həyata keçirmək;
-məktəbdə müəllimlərin bütün fəaliyyətini elektronlaşdırmaqla, məktəbdaxili vahid elektron idarəetmə sistemi yaratmaq;
-məktəbdə dərslərin müşahidəsini və dərsdinləməni distant şəkildə həyata keçirmək;
-məktəbdə “açıq dərs”formalizminə son qoymaqla məktəbdə bütün tədris prosesini “açıq” elan etmək;
-məktəbdə müəllimlərin proqram, gündəlik və digər sənədlərinin yalnız elektron formatda həyata keçirməklə formalizmin kökünün kəsilməsinə nail olmaq;
-davamiyyəti elektron-buraxılış sistemi ilə yalnız barmaq izlərinin qeydiyyatı ilə həyata keçirmək (bütün pedaqoji və texniki heyət və təhsilalanlar üçün).
6.Məktəblilərin sağlamlığının mühafizəsi:
-məktəbdə ekoloji cəhətdən sağlam mühitin yaradılmasına nail olmaq;
-məktəbdə psixoloji iqlimi maksimum yaxşılaşdırmaq;
-məktəbin “Sağlam məktəb, sağlam təhsil!” prinsipi ilə işləməsinə nail olmaq;
-şagirdlərin fiziki sağlamlığını xüsusi nəzarətə götürməklə “aktiv hərəkərlə təhsil”
prinsipini həyata keçirmək .
Bu istiqamətləri reallaşdırmaqla təhsilimizə qiymətli töhfə vermiş olarıq.
     Uzun   illər   məktəb   rəhbəri   işləmiş  və   bu  gün də   direktor  işləyən  bir   müəllim  kimi   təhsilimizin   aktual   problemləri   məni  hər  an   düşündürüb. Təhsilverənlərin   nəticəyönümlülüyünün  meyarı  kimi   ali   məktəblərə   qəbul  faktının  qabardılması   düzgün   praktika  deyil, məktəbin   göstəricisi   müasir  əmək  bazarına  inteqrasiya  ilə,  cəmiyyət  üçün   layiqli  vətəndaş  yetişdirmə  dərəcəsi  ilə   müəyyənləşdirilməlidir; tərbiyə   amili   məktəbə   qaytarılmalıdır. Gələcək   nəsillər  üçün cəmiyyətin   dəyişən   tələblərinə   uyğun   səriştələr-müasir  kompetensiyalar     müəyyənləşdirilməlidir.      


Tarix: 13-03-2019, 16:33

Xəbəri paylaş