Azərbaycan dili və ədəbiyyat dərslərində azərbaycançılıq ideologiyasının təbliği
Məhsəti Əmrahova,
ADPU-nun Şəki filialının baş müəllimi
Azərbaycançılıq xalqımızın mənəvi keyfiyyətlər məcmusunu təşkil edir ki, bu da zaman-zaman cəmiyyətin məişət həyatı, sosial mühiti və ictimai psixologiyası əsasında formalaşmışdır. Mənəvi keyfiyyətlər Azərbaycan xalqının, Azərbaycan millətinin, eləcə də respublikamızda yaşayan etnik qrupların şəxsiyyət aləmini müəyyən edir.
Məlumdur ki, hər bir mənəvi aləmin arxasında milli psixologiya və milli şüur dayanır. Milli şüur milli vətənpərvərliyin, milli qürurun, milli-mənəvi dəyərlərin, milli adət-ənənələrin, milli əxlaqi keyfiyyətlərin birgə inteqrasiyasının məhsuludur.
Hər bir müəllim qarşısında əyləşən şagirdə şəxsiyyət kimi baxmalı, onda azərbaycançılıq ideyası, yəni milli-mənəvi keyfiyyətlər aşılamalıdır. Tədris etdiyim Azərbaycan dili və ədəbiyyat dərslərində bu məsələni bir pedaqoq kimi daim diqqət mərkəzində saxlayıram.
Ədəbiyyatın tədrisi zamanı azərbaycançılıq ideyasının təbliği və şagidlərdə aşılanması üçün geniş imkanlar vardır.
Azərbaycançılıq ideyası ölkəmizdə ictimai-ədəbi fikir meydanına XIX əsrin ikinci yarısından etibarən gəlsə də, XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri azərbaycançılıq ideologiyasının formalaşmasında böyük imkanlara malikdir. Bu imkanlardan pedaqoji prosesdə istifadə ümumtəhsil məktəblərində təhsilin keyfiyyətini yüksəldir, şagirdin fənnə marağını artırır.
Nizami əsərlərində doğma yurdu Gəncəni müqəddəs məkan kimi təsvir edir. Şairdə vətənə bağlılıq təkcə doğulduğu, böyüdüyü, tərbiyə aldığı Gəncə ilə məhdudlaşmır. Şair əsərlərində Azərbaycanın hansı bir güşəsinin adını çəkirsə, o yeri böyük şövqlə, həvəslə tərənnüm edir, təbiətinin, yerinin necəliyindən asılı olmayaraq oranı cənnət misallı bir ərazi kimi qələmə verir. Bu torpaqların bolluq, bərəkət, firavanlıq və zənginlik məkanı olduğunu sevgi ilə canlandırır. Məsələn, «Xosrov və Şirin» əsərində Bəhramdan qaçıb canını qurtaran Xosrov əmin-amanlıq yeri, sakitlik, dinclik məkanı kimi Nizaminin vətəni Azərbaycanda ozünə sığınacaq tapır.
Şairin əsərlərində Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Bərdənin, Şəki, Muğan, Aran kimi yaşayış məskənlərinin adı xüsusi rəğbətlə çəkilir.
Bərdə nə gözəldir, ah nə qəşəngdir
Yazı da, qışı da güldür, çiçəkdir,
- deyən şair təbii gözəllikləri təsvir etməklə yanaşı, Bərdədə sənətkarlıq və ticarətin inkişaf etdiyini göstərir.
XIII-XVI əsrlərdə ədəbiyyatımızda ayrı-ayrı şairlər tərəfindən Azərbaycan dilində divanların yaradılması, irihəcmli poemaların yazılması Azərbaycan ədəbiyyatını Şərqin poeziya məkanında fərqləndirmiş, ön mövqeyə, böyük sənət miqyasına çatdırmışdır.
Ədəbiyyatda azərbaycançılıq XVIII əsrdə Vaqifin timsalında daha yüksək mövqeyə çatmışdır. Vaqifin şeirə gətirdiyi sadəlik, realizm, xəlqilik, ərəb-fars təsirindən uzaqlaşmaq ciddi dəyişikliklərdən xəbər verirdi.
Kür qırağının əcəb seyrangahı var
Yaşılbaş sonsı hayıf ki, yoxdur.
Ucu tər cığalı siyah tellərin
Hərdən tamaşası hayıf ki, yoxdur
şeirində konkret Azərbaycan coğrafiyası tərənnüm edilir, yer üzərində gözəllikdə tayı-bərabəri olmayan Azərbaycan qadınlarının yoxsul və ağır həyat səraiti təsvir olunur.
Azərbaycançılıq ideyası XIX əsrin II yarısında daha da güclənir. XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının 2 yerə parçalanması, xanlıqların ləğv edilməsi, Şimali Azərbaycan torpaqlarının Rusiya imperiyasının tərkibinə qatılması, çarizmin Qafqazda möhkəmlənməsi, yerli xalqa edilən zülm və əsarət narazılıqlara səbəb olur. Bu narazılıqlar amansızlıqla yatırılırdı.
Ölkədə təhsilin səviyyəsinin aşağı olması, məktəblərin sayının azlığı əhalinin böyük əksəriyyətinin savadsız olmasına gətirib çıxarmışdı. O dövrün A.Bakıxanov, M.Ş. Vazeh, M.F.Axundov H.Zərdabi kimi qabaqcıl ziyalıları maarifçilik hərəkatına qoşulurlar. Onlar təhsilin ərəb, fars, rus dilində deyil, ana dilində olmasını tələb edirdilər. Artıq XIX əsrin II yarısında xalq öz vəsaiti ilə ayrı-ayrı bölgələrdə ibtidai məktəblər açmağa başlayır. Belə məktəblərin böyük təntənə ilə açılışı olurdu. Bununla kifayətlənməyən maarifçilər xalqın milli şüurunu oyatmaq, zülmə, müstəmləkəçiliyə qarşı mübarizəyə qaldırmaq üçün milli mətbuat, milli teatr, mətbəə yaratmaq üçün səylə çalışırdılar.
«Çar mündirinin altında öz xalqı, milləti üçün döyünən ürək» gəzdirən Mirzə Fətəli Axundov Azərbaycan ədəbiyyatında realist dramaturgiyanın və realist nəsrin əsasını qoydu. O, farsca yazmaqdan əl çəkərək şirin bir ləhcə ilə 1850-1855-ci illər arasında yazdığı 6 məşhur komediyası və 1857-ci ildə qələmə aldığı «Aldanmış kəvakib» povesti ilə ədəbiyyatımızda böyük dönüş yaratdı. Görkəmli maarifçinin həmin əsərləri çap etdirib məktəblərə göndərməsi və bu barədə Qafqaz Təhsil Dairəsinə müraciət etməsi də Azərbaycan dilinin tədrisindəki çətinlikləri aradan qaldırmaq məqsədi güdürdü. Bu komediyaların əsasında 1873-cü ilin martında H.Zərdabinin rəhbərliyi ilə milli teatrın əsası qoyuldu. Bu da mədəniyyətimiz tarixində böyük dönüş idi.
M.F.Axundov bütün ömrü boyu ana dilinin saflaşması və onu yad təsirlərdən-ərəbizm və farsizmdən qorunması üçün var qüvvəsi ilə çalışmışdır. O, Azərbaycan tarixində birinci olaraq Azərbaycan dilinin orfoqrafiyasının canlı xalq dili əsasında qurulmasını, Azərbaycan dilində ərəb və fars dillərindən alınmış və xalqın canlı danışıq dilinə keçmiş sözlər tələffüz edildiyi kimi yazılmasını təklif edirdi. O, məqalələrinin birində “Əkinçi” qəzetinə müraciətlə yazır: «Təvəqqe edirəm, sən də mənim kimi türk dilində «adəm» sözünü «adam», «qaidə» sözünü «qayda», «övrət» sözünü «arvad», «tuxm» sözünü «toxum» kimi yaz».
H.Zərdabi azərbaycançılıq ideyasını əlində rəhbər tutaraq ana dilində bir qəzet nəşr etmək fikrinə düşdü. Çar hökumətinin maneələrinə baxmayaraq, çətinliklə olsa da, Zərdabi məqsədinə nail oldu. 1875-ci ildə «Əkinçi» qəzeti nəşrə başladı. O dövrün ziyalısı bu hadisəni böyük sevinclə qarşıladı. «Əkinçi» qəzetində təbliğ edilən milli dirçəliş ideyaları çar hökumətini narazı saldı və qəzet 1877-ci ildə bağlandı.
XIX əsr ziyalılarının səyi, gərgin zəhməti nəticəsində əsrin sonlarında «Azərbaycan dili» və «Azərbaycan xalqı» anlayışlarının mətbuatda və ədəbiyyatda işlədilməsi ilə konkret olaraq azərbaycançılıq məfkurəsi formalaşmağa başlamışdır.
Ədəbiyyatda azərbaycançılıq XX əsrin əvvəllərində ədəbiyyatın konsepsiyası səviyyəsinə çatdırılmışdır. Böyük demokrat ədib Cəlil Məmmədquluzadə redaktoru olduğu «Molla Nəsrəddin» jurnalında mollanəsrəddinçi qələm yoldaşları ilə birlikdə düz 25 il ana dilimizin saflaşması, xalqımızın milli-mənəvi özünüdərki uğrunda mübarizə aparmış, qadın hüquqsuzluğunu, avamlıq, cəhalət, nadanlığı tənqid etmiş, bunu yaradan səbəblər gah yumorik, gah da satirik şəkildə göstərilmişdir.
Ədəbiyyat dərslərində «Azərbaycan» (1917) məqaləsini tədris edərkən şagirdlərə izah edirəm ki, hər bir millətin, onun yaşadığı ölkənin adı olur. Azərbaycan Xalq Cümhuriyyəti qurulana qədər xalqımızın adı gah tatar, gah türk, gah müsəlman, ölkəmizin adı isə parçalara ayrılaraq Bakı quberniyası, Yelizavetpol quberniyası, İrəvan quberniyası adlanırdı.
C.Məmmədquluzadə də «Azərbaycan» məqaləsində buna qarşı çıxaraq yazırdı:
- Bəzi vaxt otururam və papağımı qarşıma qoyub fikrə gedirəm, xəyalata cumuram və öz-özümdən soruşuram:
- Mənim anam kimdir?
Öz-özümə cavab verirəm ki:
- Mənim anam rəhmətlik Zəhrəbanu bacı idi.
Dilim nə dilidir?
- Azərbaycan dilidir.-Yəni vətənim haradır?
- Azərbaycan vilayətidir».
C.Məmmədquluzadənin «Anamın kitabı» dramı (1920) azərbaycançılıq ideyasının manifesti kimi meydana çıxmışdır. Dünyanın müxtəlif ölkələrində ərəbcə, türkcə və rusca təhsil alıb vətənə dönən 3 doğma qardaş ailədə yola getmir, sözləri və əməlləri bir-birilə düz gəlmir. Çünki bu qardaşlar doğma ana dillərində danışmır, milli adət-ənənədən uzaq düşüblər.
Əsəri diqqətlə oxuyub təhlil etdikdən sonra şagirdlər bu rəyə gəlirlər ki, dünyanın hansı ölkəsində təhsil alırsansa al, vətənə qayıtdıqdan sonra öz xalqına, millətinə, vətəninə, dilinə, adət və ənənəyə hörmət və xidmət etməlisən. Əks təqdirdə sənin elminin nə xalqa xeyri dəyər, nə də özünə. Bu qardaşlar kimi gülünc vəziyyətə düşərsən.
Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyli, Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Cəfər Cabbarlı, Mirzə Bala Məmmədzadə və digər ziyalılarımızın apardığı milli-azadlıq və azərbaycançılıq idealı uğrunda mübarizəsi öz bəhrəsini verdi və nəticədə Azərbaycan Xalq Cümhuriyyəti quruldu. AXC qısa müddət-23 ay yaşasa da, bizim şanlı tariximiz və qürur mənbəyimizdir.
Sovet hakimiyyəti illərində azərbaycançılıq vətənpərvərlik adı ilə yaşadılmışdır. Şagirdlərə başa salıram ki, 1937-ci il repressiyası zamanı millətini, xalqını, dilini məhəbbətlə sevən M.Müşfiq, Ə.Cavad, Y.V.Çəmənzəminli, H.Cavid kimi yüzlərlə ziyalılarımız pantürkist, panislamist, millətçi damğaları ilə güllələnmişdir.
Sovet hərb maşınının törətdiyi cəzalar yazıçı və yazarlarımızı susdura bilmədi. S.Vurğun, R.Rza, S.Rüstəm, S.Rəhimov, M.İbrahimov, İ.Şıxlı, İ.Əfəndiyev, M.Hüseyn, B.Vahabzadə, N.Həsənzadə və başqaları Azərbaycan reallıqlarının, azərbaycançılıq düşüncələrinin geniş imkanlarını nümayiş etdirmişlər. Yazıçı və şairlərin ana dili uğrunda apardıqları mübarizə əslində, real olaraq milli istiqlal mübarizəsinin parolu idi. S.Vurğunun «Azərbaycan» şeiri azərbaycançılıq ideyasının yaşadılması və xalqa aşılanması baxımından nə qədər böyük imkanlara malikdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1969-1982-ci illərdə ədəbiyyatın, mədəniyyətin və ictimai fikir meydanının genişləndirilməsi, milli ziyalıların qorunub saxlanılması və dəstəklənməsi siyasətini uğurla həyata keçirməsi sayəsində Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk kimi istiqlal şairləri yetişmişdir. Onlar azərbaycançılıq ideyasının carçısı olmaq missiyasını uğurla həyata keçirmişlər.
Mən Azərbaycan dili dərslərində dilimizin fonetik, morfoloji, sintaktik quruluşunu öyrətməklə yanaşı, şagirdlərə Azərbaycan dilinin ahəngi, rəvanlığı, səlisliyi, axıcılığı və musiqiliyi ilə dünya dilləri içərisində özünəməxsus yer tutduğunu söyləyirəm. Bildirirəm ki, dilimizin ahəng qanunu dünya alimlərini heyran edir.
Xalqımızın böyük müğənnisi Bülbül İtaliyada musiqi təhsili aldığı üçün italyan dilinin imkanlarına yaxşı bələd idi. O, doğma dilimizi musiqili dil olan italyan dili ilə müqayisə etmişdir. Bildiyimiz kimi, dildə musiqiliyi, ahəngi sait səslər yaradırlar. İtalyancada 6, azərbayancada 9 sait vardır. Deməli, Azərbaycan dili italyancadan daha musiqilidir.
Şagidlərə onu da aşılayıram ki, hər bir adam öz doğma dilini bilməli, onun incəliklərinə yiyələnməli, özündə nitq mədəniyyətini tərbiyə etməlidir. Öz ana dilini bilməyənlər haqqında Tofiq Bayram yazır:
Qalxıb Şah dağına söz istəyirəm
Çatsın hay-haryım dinləyənlərə,
Mən «nankor» deyirəm, «nacins» deyirəm
Öz ana dilini bilməyənlərə.
Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin istiqlal məfkurəsində ana dili xüsusi səhifəni təşkil edir. Şair dilimizlə bağlı problemləri dilçiliyin hüdudlarından kənara çıxararaq psixlogiya, etnoqrafiya, sosiologiya, tarix və etika ilə bağlı məsələlərlə dialektik vəhdətdə götürmüş, ana dilinə xalqa məxsus olan bütün xarakterik xüsusiyyətlərin məcmusu kimi baxmışdır. Əhməd Şmidenin (Almaniya) təbirincə desək, bir insanın öz xalqını və doğma dilini dəlicəsinə sevə bilmək qabiliyyətini Vahabzadədən öyrənməlidir.
Şairin 1954-cü ildə yazdığı «Ana dili» şeirində oxuyuruq:
Ey öz doğma dilində danışmağı ar bilən
Fasonlu ədəbazlar,
Qəlbinizi oxşamaz qoşmalar, telli sazlar.
Qoy bunlar mənim olsun
Ancaq Vətən çörəyi
Bir də ana ürəyi
Sizlərə qənim olsun.
Dil elə bir sərvətdir ki, onu itirmək faciədir, dəhşətdir. Millətin dilini əlindən almaq onu ölümə məhkum etmək deməkdir. Görkəmli rus ədibi və pedaqoqu Uşinski demişdir: «Bir millətin varını, dövlətini, hətta vətənini əlindən alsan, ölüb itməz, amma dilini alsan, fövt olar və ondan bir nişan qalmaz».
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı ardıcıl və müdrik siyasət nəticəsində azərbaycançılıq dünya azərbaycanlılarını və ölkəmizdə yaşayan digər xalqları birləşdirən multikultural sabit həyat tərzini inkişaf etdirərək ən mühüm faktora çevrilmişdir. Bu gün Azərbaycan ədəbiyyatı azərbaycançılıq ideyasının nəinki üzvü tərkib hissəsi, sözün gerçək və böyük mənasında hərəkətverici qüvvəsidir.
Tarix: 13-03-2019, 16:17
Xəbəri paylaş