Fəal təlim metodları kimya fənninin tədrisində
Mina Zeynalova,
Bakı İdarəetmə və Texnologiya Kollecinin
kimya müəllimi, kimya üzrə fəlsəfə doktoru
Müasir dərsdə müxtəlif təlim metodlarından istifadə olunur. Onlardan biri də BİBÖ (bilirik, istəyirik bilək, öyrəndik) metodudur. Bu metodun birinci ”Bilirik” mərhələsində tələbələrin müstəqil öyrənmə qalibiyyəti, mövzuları əlaqələndirmə imkanları təyin olunur. İkinci “İstəyirik bilək” mərhələsində artıq tələbənin təfəkkür tərzi, elmi fantaziyaları, əqli qabiliyyəti üzə çıxır. Müəllim tələbənin ehtiyaclarını nəzərə almaqla passiv tələbəni aktiv iştirakçıya çevirir və bu metodun sonuncu, daha vacib “Öyrəndik” mərhələsinin həyata keçirilməsinə imkan verir. Mən də bir müəllim kimi kimya fənnini müasir dərsə verilən tələblərə əsasən tədris edirəm. Belə dərs nümunələrindən birini həmkarlarıma təqdim edirəm.
Mövzu: Aromatik karbohidrogenlərin kimyəvi xassələri.
Məqsəd:
-aromatik karbohidrogenlərin alınması və kimyəvi xassələrinə dair məsələləri həll etməyi bacarır
- aromatik karbohidrogenlərin tətbiq sahələrini bilir
İş forması: qruplarla iş
Təlim üsulu: beyin həmləsi, BİBÖ, müzakirə
Resurslar: Benzol, toluol, bromlu su, KMnO4 məhlulu, qatı sulfat turşusu, spirt lampası, iş vərəqləri, dərslik.
Dərsin gedişi:
Motivasiya. Sinfi qruplara ayıraraq onlara tapşırıq verirəm ki, bir-biri ilə fikir mübadiləsi edərək, aromatik karbohidrogenlər haqqında bildiklərini qeyd etsinlər, 3 dəqiqədən sonra yazı lövhəsində asılmış BİBÖ cədvəlinin1-ci sütununda tələbələr aromatik karbohidrogenlər haqqında biliklərini qeyd edirlər. Sonra tələbələrə sual verilir: «Aromatik karbohidrogenlər haqqında daha nələri bilmək istəyirsiniz?». Tələbələr bu suala verəcəkləri cavabları cədvəlin ikinci qrafasında yazırlar. Belləliklə, cədvəl aşağıdakı kimi doldurulur:
Cədvəl 1.
Bildiklərim | İstəyirəm bilim | Öyrəndiklərim |
Aromatik karbohidrogenlərin fiziki xassələrini, quruluşunu, beynəlxalq üsulla adlandırılmasını, alınma üsullarını, boyaların, partlayıcı maddələrin hazırlanmasında istifadə olunmasını | Aromatik karbohidrogenlər hansı maddələrlə reaksiyaya girirlər? Benzol və onun homoloqlarından alınan maddələr harada tətbiq olunur? Benzol sırası karbohidrogenləri necə təyin etmək olar? | Aromatik karbohidrogenlərin nümayəndələri -benzol sırası karbohidrogenləri nitrat turşusu, xlorla, bromla qarşılıqlı təsirdə olurlar. Onlar, həmçinin, əvəzetmə, birləşmə, oksidləşmə reaksiyalarına girir və müxtəlif karbohidrogenlər, nitrobirləşmələr, xlor üzvi birləşmələr alınır. Benzol sırası karbohidrogenləri asanlıqla yanır, karbon qazı və suya çevrilirlər. Benzol və onun törəmələrindən alınan maddələr plastik kütlələrin və sintetik liflərin alınmasında, bitkilərin mühafizəsində istifadə olunur. Benzol həm də üzvi həlledicidir. Bu karbohidrogenləri iyinə, rənginə, qaynama temperaturuna görə başqa maddələrdən fərqləndirmək olar. |
Bundan sonra tələbələrə kimya dərsliyindən “Aromatik karbohidrogenlərin kimyəvi xassələri və tətbiqi”ni öyrənməyi və burada verilən suallara cavab hazırlamağı tapşırıram. Eyni zamanda yazı lövhəsinə tədqiqat sualını yazıram:
1.Aromatik karbohidrogenlərin ilk nümayəndəsi olan benzol və onun homoloqları hansı kimyəvi xassəyə malikdir?
2.Aromatik karbohidrogenlərin hansı nümayəndələri kanserogen xassəli olduğuna görə tətbiq olunmur, hansı nümayəndələri isə geniş tətbiq olunur?
Tədqiqatın aparılması
Sinifdə tələbələrin sayı (15 nəfər) olduğundan tədqiqat işini qruplarla aparıram. Sinfi üç qrupa ayırıram, qrupların adlandırılmasını tələbələrin istəyinə uyğun aparıram. Hər qrupa iki sualdan ibarət iş vərəqlərini verir və dərsliyi öyrənməklə suallara cavab hazırlamağı tapşırıram (15 dəq).
l qrupun tapşırığı
1. 2 sınaq şüşəsindən birinə 2-3ml benzol, digərinə isə həmin həcmdə toluol əlavə edin. Sonra hər bir sınaq şüşəsinə 1ml 0,1% KMnO4 məhlulu və 1-2 damcı sulfat turşusu əlavə edib məhlulları ehtiyatla qızdırın. Benzol və toluolun KMnO4 məhlulu ilə qarşılıqlı təsiri zamanı nə müşahidə etdiniz? Nəticəni izah edin və reaksiyaları yazın.
2. Məsələni həll edin: 20qr natrium-benzoat duzunun qələvilərlə əridilməsindən neçə qram benzol alınar?
ll qrupun tapşırığı
1. 2 sınaq şüşəsinə bromlu su əlavə edin. 1-ci sınaq şüşəsindən etilen qazını keçirin, 2-ci sınaq şüşəsinə benzol əlavə edin. Etilen və benzolun bromla birləşmə reaksiyasının bir-birindən fərqlənməyini necə izah etmək olar? Müvafiq reaksiyaları yazın.
2.Məsələni həll edin: 33,6 q (n.ş) asetilenin aktivləşdirilmiş kömür üzərindən keçirilməsindən neçə qram benzol alınar?
lll qrupun tapşırığı
1. Benzolun törəmələrindən olan stirol nə üçün bromlu suyu rəngsizləşdirir? Sualın izahatını verin və reaksiyanı yazın.
2. Heksaxlortsikloheksanın alınma reaksiyasını və tətbiq sahəsini yazın.
Məlumat mübadiləsi
Hər qrupdan bir nəfər qrupun işini sinfə təqdim edir.
Məlumatın müzakirəsi
Qrupların təqdimatları müzakirə edilir və əlaqələndirilir.
Müəllim öyrənilənləri ümumiləşdirmək üçün suallar verir.
1. Aromatik karbohidrogenlər hansı maddələrlə reaksiyaya girirlər?
2. Nə üçün benzol toluoldan fərqli olaraq kalium permanqanat məhlulu ilə reaksiyaya girmir?
3. Benzolun propilenlə alkilləşmə reaksiyasından hansı maddə alınır? Hansı görkəmli Azərbaycan alimini ”alkilləşmənin kralı”adlandırmışlar?
4.Benzol və onun homoloqlarından alınan maddələrin tətbiq sahələri hansılardır?
Nəticələrin çıxarılması
Dərs ümumiləşdirilərək aşağıdakı nəticəyə gəlinir:
- benzol və onun homoloqları nitrat turşusu, bromla, xlorla reaksiyaya girir, benzol havada hisli alovla yanır.
- xalq təsərrüfatının müxtəlif sahələrində-benzol və onun törəmələrindən boyaların, partlayıcı maddələrin, plastik kütlələrin,sintetik liflərin alınmasında, bitkilərin mühafizəsində istifadə olunur. Benzol həm də üzvi həlledicidir.
Ümumiləşdirmə və nəticə mərhələsi başa catdiqdan sonra tələbələr öyrəndiklərini cədvəldə III qrafada qeyd edirlər.
Sonda, yaradıcı tətbiq etmə və aromatik karbohidrogenlərə dair testləri həll etmə aparılır.
Qiymətləndirmə.
Bu məqsədlə aşağıdakı meyar cədvəlindən istifadə olunur.
Qruplar Meyarlar | I qrup | II qrup | III qrup | |
Benzol sırası karbohidrogenlərinin kimyəvi xassələrini düzgün şərh edir. | | | | |
Reaksiyanın tənliklərini düzgün tərtib edir və məsələləri həll edə bilir | | | | |
Təqdimatın səviyyəsi | | | | |
Əməkdaşlığın səviyyəsi | | | | |
Qrupda intizam | | | | |
BİBÖ metodu fəal təlim metodu kimi müasir dövrün tələblərinə cavab verir, tələbə-müəllim ünsiyyətinin möhkəmlənməsinə xidmət edir.
Tarix: 14-02-2019, 12:56