Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ANA DİLİ MİLLƏTİN MƏNƏVİ VARLIĞIDIR

 

Namaz MANAFOV,
Mingəçevir Dövlət Universitetinin
“Humanitar fənlər” kafedrasının dosenti,
filologiya üzrə fəlsəfə doktoru

Fevral ayının 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.
Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, ana dilini qorumaq və inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
Dil bəşəriyyətin ən böyük nailiyyətidir. Xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.
YUNESKO-nun məlumatına görə, dünyada 6000-dən çox dil var. Beynəlxalq statistikaya görə, hazırda dünyada ən cox işlənən dillər kimi çin, ingilis, hind, ispan, rus, ərəb, benqal, portuqal, indoneziya, fransız və türk dilləri göstərilir. Müasir dünyada ən işlək dillər ingilis, ispan, ərəb, rus, fransız, alman dilləri hesab olunur. Dünya ölkələrinin təmsil olunduğu Birləşmiş Millətlər Təşkilatında 6 rəsmi dil var: ingilis, fransız, ərəb, çin, rus və ispan dilləri. Rəsmi dövlət dillərinin sayı 70-i keçmir. Millətin dilinin dövlət dili səviyyəsinə yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl sə­hifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Cünki dilin dövlət statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin sübutudur. Bu mənada Azərbaycan dilinin dövlət dili statusu qazanması qürur gətirən tarixi hadisədir.
Qədim tarixi keçmişin izlərini özündə yaşadan və milyon­larla azərbaycanlının ünsiyyət vasitəsi olan Azərbaycan dili xalqımızın misilsiz mənəvi sərvəti, milli varlığımızın və dövlət müstəqilliyimizin başlıca rəmzlərindəndir. Azərbaycan dili öz səlisliyinə, zənginliyinə, emosionallığına, ahəngdarlığına, orijinal qrammatik quruluşuna, zəngin lüğət ehtiyatına görə dünya dilləri arasında layiqli yer tutur. Bu gün dünyanın müxtəlif ölkələrində 51 milyondan artıq azərbaycanlı yaşayır və öz ana dilində danışır.
Azərbaycan dilinin dövlət səviyyəsində qorunması Azərbaycan xalqının böyük oğlu, dahi siyasətçi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider respublikamıza rəhbərlik etməyə başladığı ilk vaxtlardan Azərbaycan dilinə ayrıca diqqət yetirmiş, ana dilimizin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuşdur.
Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxından bələd olan və qrammatik imkanlarından səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, məclislərdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazanmışdır. Ulu öndər yaxşı bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət, eyni zamanda, onun istifadə etdiyi dilə - Azərbaycan dilinə çox böyük hörmət və məhəbbət yaradır.
Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dili rus dilinin hökmranlıq etdiyi keçmiş SSRİ dövründə belə, diqqətdən kənarda qalmamış, Moskvanın etirazlarına baxmayaraq, respublikada rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilmişdir.
1970-ci illərdə Azərbaycan dili tarixi o zamana qədər görünməmiş bir ardıcıllıqla araşdırılmış, ali məktəblər üçün dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi 1974-cü ildə məhz ulu öndərin təşəbbüsü ilə milli dilçilik elminin inkişafına töhfə kimi qiymətləndirilərək, respublikanın Dövlət mükafatına layiq görülmüş, bununla da əslində ana dilinin nüfuzu bir daha təsdiq edilmişdir.
Ümummilli lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə olduğu kimi, müstəqillik illərində də Azərbaycan dilinin qorunub saxlanması, onun inkişafı, zənginləşdirilməsi istiqamətində böyük işlər gördü.
Müstəqillik ərəfəsi və müstəqilliyimizin ilk illərində dilimizin adının dəyişdirilməsi indi də təəssüf doğurur. Geniş, hərtərəfli müzakirələr aparılmadan, nə ictimaiyyətin, nə də mütəxəssislərin rəyini öyrənmədən ana dilinin “türk dili” adlandırılması, eləcə də kiril əlifbasından latın əlifbasına keçidin hazırlıqsız başlanması sonralar bir sıra problemlər törətdi.
Dilimizin adı ilə bağlı keçirilən müzakirələrdə Heydər Əliyev əsl dilçi, tarixçi alim kimi təhlillər aparır, dilimizin kökü barəsində müfəssəl məlumatlar verir, dilimizin mənsub olduğu qrupu xarakterizə edirdi.
Ulu öndər dövlət dilinin adı ilə bağlı çox qətiyyətli, cəsarətli fikirlər söyləməklə Azərbaycan dilini xilas etdi. O dedi: “Tarixi keçmişimizə, əcdadlarımıza böyük hörmət və ehtiram hissini bildirərək, bu gün tarixi bir addım atmalıyıq: müstəqil Azərbaycan Respublikasının dövlət dilini qəbul etməliyik. Müstəqil Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.”
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konsti­tusiyası, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli fərmanları, 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirmişdir.
Ulu öndər hər bir kəsin öz ana dilini bilməsini, bu dildən istifadə etməsini vacib sayırdı: “ Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini gərək incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.”
Heydər Əliyev gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət görürdü. Azərbaycan gənclərinə xarici dilləri- ingilis, alman, fransız, Çin və s. dilləri öyrənməklə, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti onun layiqli varisi, Azərbay­can Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixlı sərəncamı dilimizin inkişafına böyük qayğının təzahürüdür. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu.
Dövlət başçısı İlham Əliyevin 13 may 2012-ci ildə imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncam ana dilinin inkişafı istiqamətində mühüm addımdır. Dövlət Proqramının icrasına dair təqdim olunan Tədbirlər Planında göstərilən maddələr sırasında Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, dilimizin kütləvi informasiya vasitələrində təbliği, ədəbi dilimizə xələl gətirə biləcək yad ünsürlərin aradan qaldırılması, ədəbi dil normalarına ciddi əməl edilməsi kimi məsələlər başlıca yer tutur.
Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanı bir sıra həlli vacib məsələlərin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Fərmanda geyd olunur ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ kifayət qədər yayılmışdır. Fərmanda Azərbaycan dilinin saflığının qorunmasını və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə, dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi”nin yaradılması qərara alınmışdır.
Bu Fərman hər bir vətəndaşa anladır ki, dilimizin saflığının qorunması, onun tətbiqi və inkişafı həmişə dövlətimizin diqqət mərkəzindədir.
Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir.
  Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.


Tarix: 14-02-2019, 12:16

Xəbəri paylaş