Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Talassemiya - günümüzün acı həqiqətləri

 
 
Ziba Məmmədova,
Ağsu rayon Rafiq
Hüseynov adına
Kəndoba kənd tam orta məktəbinin biologiya müəllimi

İnsan sağlamlığı yaşamımızın əsasını təşkil edir. “Sağlam bədəndə sağlam ruh olar!” deyimi hər birimizin həyat amalına çevrilib. Bəzi hallarda biz öz sağlamlığımızı riskə atmış oluruq. Edilən məsuliyyətsizlik nəticəsində insan həm öz sağlamlığını itirir, həm də dünyaya gətirdiyi övladın sağlamlığını, gələcəyini təhlükəyə atmış olur. Belə ki, maarifləndirmə işlərinin düzgün qurulmaması, vaxtında müayinələrə cəlb olunmamağın acı nəticələri gec-tez üzə çıxır. Cəmiyyətdə geniş yayılmış problemlərdən biri də, irsi xəstəliklər, xüsusən də qan xəstəlikləridir. Qan xəstəllikləri hər il dünyada milyonlarla insanın həyatını itirməsinə səbəb olur. Milyonlarla insanın əzab, əziyyət içində yaşamasına gətirib çıxarır. İrsi xəstəliklər arasında ən geniş yayılanlardan biri də talassemiya və hemofiliyadır.
Bəs talassemiya və hemofiliya nədir və hansı hallarda daha geniş yayılır?
Talessemiya hemoqlobin istehsalı zamanı yaranan zülal çatışmazlığıdır. Bu zülal qırmızı qan hüceyrəsində olur, oksigeni ağciyərlərdən bütün bədən hissələrinə nəql edir və qana qırmızı rəng verir. Yetkinlərdə hemoqlobin 4 elementin birləşməsindən yaranır. Bu elementlər "zülal zənciri" adlandırılır. "Talassemiya" sözü ümumilikdə Aralıq dənizi anemiyası mənasını verir. Aralıq dənizi bölgəsində yaranan və köçəri tayfalarla yayılaraq dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir.
Hemofiliya isə qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Talassemiya daşıyıcılığından azad olmaq mümkün deyil. Belə şəxslər anadan olandan ta ömürlərinin sonuna kimi talassemiya əlamətlərini özlərində saxlayırlar. Buna baxmayaraq, talassemiya daşıyıcılarında heç vaxt böyük talassemiya inkişaf edə bilməz. Ən pisi budur ki, talassemiya daşıyıcıları özlərini sağlam hiss etsələr də xəstəliyin əlamətlərini uşaqlarına irsən ötürürlər. Əgər xəstəliyin daşıyıcıları olan iki nəfər bir-biri ilə evlənmişsə, onda övladlarında talassemiyanın çox ağır forması hesab edilən "böyük talassemiya" özünü göstərir. Uşağın bu xəstəliklə dünyaya göz açmaması üçün xəstələrin yaxın qohumları ilə nikaha girməməsi tövsiyə edilir. Ümumiyyətlə, talassemiyanın nəslə ötürülməsi qohumluqla əlaqədar olmasa da, mütəxəssislərin fikrincə, talassemiya geninin daşıyıcılığı Azərbaycanda geniş yayıldığından nikah qurulan zaman belə daşıyıcıların bir-birinə rast gəlmək ehtimalı çox böyükdür. Amma yaxın qohumla nikah zamanı ümumi əcdaddan talassemiya geninin irsən ötürülməsi və öz uşaqlarına ötürmə riski daha da artır. Yaxın qohumlarda eyni qüsurlu genin olma riski 12,5 faiz təşkil edir.
Sosial xəstəlik hesab edilən talassemiyaya artıq 2005-ci ildən dövlət səviyyəsində diqqət yetirilməyə başlanılıb. Həmin il imzalanan "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" qanunla dövlət üzərinə bir sıra vəzifələr götürüb. Ötən il təsdiqlənən "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"na əsasən, hökumət ilk növbədə hemofiliya və talassemiya xəstələrinin həyat tərzinin yaxşılaşdırılması və ömürlərinin uzadılmasını qarşıya məqsəd qoyub. Eləcə də proqramda hemofiliya və talassemiyanın fəsadlarından əmələ gələn əlilliyin və ölüm hallarının azaldılması, bu fəsadların profilaktikasının təşkili və belə xəstə uşaqların doğulmasının qarşısının alınması sisteminin yaradılması yer alıb. Nəzərdə tutulan digər tədbirlər isə hemofiliya və talassemiyalı xəstələrə göstərilən tibbi xidmət strukturunun təkmilləşdirilməsi, hemofiliya və talassemiya xəstəliyinə düçar olmuş şəxslərin qeydiyyatının aparılması, belə xəstələrin müalicəsi və profilaktikası üzrə tibb mütəxəssislərinin hazırlanması və onların ixtisaslarının artırılmasıdır.
Qeyd etdiyimiz kimi, bu xəstəliklərin əsas səbəblərindən biri qohum evlilikləridir. İrsi xəstəliklərin, fiziki və psixoloji problemli uşaq­ların doğulması faktları da daha çox qohum nikahlarda təsadüf edilir. Əgər yad insanların evliliyi zamanı onların uşaqlarının qüsurlu olması riski 2-4 faizdirsə, qohum evliliklərdə bu göstərici 4-8 faizdir. Yəni, risk 2 dəfə artıqdır. Qohum nikahlar genetik xəstəlikləri artıran önəmli faktordur. Dünyada 20 faiz qohum evliliklərdir. 8,4 faiz doğulan uşaqlar da bu ailələrin payına düşür. Qan xəstəlik­ləri arasında isə talassemiya, hemofiliya və başqa qan xəstəlikləri daha çox yayılıb. Qohum evlilik - ailələrin adətən ailəyə aid var-dövlətin dağılmaması, ailə böyükləri arasındakı bağları qorumaq, qohumların evlilik və sosial-iqtisadi baxışlarının eyni olması səbəblərindən qurulur.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 12 faizini qüsurlular təşkil edir. Bu əngəlli insanların əksəriyyətinin ana-ataları qohumdur. Respublikamızda isə qeydə alınan nikahların 56 faizi qohumlar arasındadır. Azərbaycanda 10-dan çox irsi xəstəlik mövcuddur. Bu xəstəliklərlə doğulan uşaq­ların sayı isə ilbəil artır. Qohum nikahlara qarşı mübarizə tədbirləri və mübarizəni əks etdirən maarifləndirmə işləri günümüzün zərurətidir. Problemi diqqət mərkəzində saxlamaqla bu bəşəri bəla ilə mübarizə yolları cəmiyyətə çatdırılmalıdır.
Biz bir cəmiyyət olaraq dövlət qurumları tərəfindən problemin həlli istiqamətində atılan addımlara təkan verməliyik. Problemin həlli yollarından biri də məsələnin yaranma səbəblərini və fəsadlarını açıqlamaqla bunun həqiqətən problem olduğunu çatdırmaqdır. Bütün problemlərin həlli yollarında olduğu kimi sözügedən məsələnin həlli üsullarından biri də məhz problemin maarifləndirmə yolu ilə gənclər arasında və məktəblərdə müzakirə edilməsi, maarifləndirici mübarizə tədbirlərinin gücləndirilməsidir.
Qohum evliliklərə qarşı maarifləndirmə tədbirlərinin keçirilməsi, gənclər üçün seminarların təşkili günümüzün zərurətidir.
Talassemiya və leykoz haqqında məktəblilərə vaxtaşırı maarifləndirmə işlərini apararaq məlumat verilməli, problemi diqqət mərkəzində saxlamaqla bu bəşəri bəla ilə mübarizə yollarının cəmiy­yətə çatdırılmasına nail olunmalıdır.
Qohum evliliklərin daha çox bölgələrdə olduğu nəzərə alınaraq bu məqsədlə orta məktəb yaşlarında gənclər arasında maarifləndirmə işi aparılmalıdır. Məktəblilərin qohum evliliklərin bioloji fəsadları barəsində tam məlumatları olarsa onlar problemin həlli istiqamətində görüləcək işlərə köməklik göstərə bilərlər. Bu məqsədlə biz məktəblilər üçün treninq- seminarlar təşkil edir, sözügedən mövzuda yazı müsabiqəsi keçirir. Gördüyümüz işlərin vaxtaşırı olaraq mətbuatda yer almasına çalışırıq. Çünki, mətbuat vasitəsilə insanlar ümumbəşəri problemlərin varlığını və nədən qaynaqlandığını vaxtında bilə bilirlər.
  Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, sosial mövzularda maarifləndirici tədbirlərin vaxtaşırı keçirilməsi müsbət nəticəsini verməkdədir. Yuxarı sinif şagirdləri qohum nikahların  bioloji fəsadlarını öyrənərək müzakirə edir, bu bəşəri bəla ilə mübarizə yollarının cəmiy­yətə çatdırılması istiqamətində səy göstərirlər.


Tarix: 10-01-2019, 15:02

Xəbəri paylaş