Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması
Aysel MUSAYEVA,
Azərbaycan Dövlət
İqtisad Universitetinin müəllimi
Müasir dövrün çağırışları Azərbaycanda prioritet istiqamət kimi bilik iqtisadiyyatının formalaşdırılmasını və insan kapitalının inkişafını tələb edir. Bu zərurət isə ölkəmizdə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması məsələsini müstəsna dərəcədə əhəmiyyətli edir. İnkişaf etmiş ölkələr davamlı və uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail olmuşdur. Bu mənada Prezident İlham Əliyevin sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi Azərbaycan təhsil sisteminə innovasiyalar gətirəcək mühüm bir addım kimi qiymətləndirilməlidir. Dünya ali təhsil sistemində baş verən dəyişikliklərə cavab olaraq Azərbaycanda intellektual potensialın gücləndirilməsinə xidmət edən bu sənəd “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə xaricdə təhsil alaraq ölkəmizə qayıdan gənclərimizə, universitetlərə qoyulan investisiya artıq yeni bir mərhələ ilə birbaşa ali təhsil müəssisələrinə gətiriləcək innovativ bir investisiyaya çevrilməkdədir.
Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində Azərbaycan gənclərinin dünyanın müxtəlif ölkələrinin qabaqcıl ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə etməsi ilə Azərbaycanda kadr siyasətində güclü və potensiallı dəyişikliklər müşahidə olundu. Bu proqram hazırda qəbul olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması” Dövlət Proqramı ilə həyata keçiriləcək tədbirlər üçün sağlam zəmin yaratmışdır. Belə ki, Avropa və dünyanın qabaqcıl ali təhsil müəssisələri öz potensiallarını daimi olaraq gücləndirmək məqsədi ilə müntəzəm şəkildə daxili və xarici proqramlarla təhsil bazalarına iqtisadi, siyasi və elmi töhfələr gətirmək məqsədini daşıyırlar.
Əvvəlki Proqramın nəticəsi olaraq Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin aparıcı beynəlxalq universitetlərlə ikili diplom proqramlarının sayını artırmaq hədəfi son illərdə daha müsbət bir hal kimi qarşılanmaqdadır. Çünki Azərbaycan gəncləri qabaqcıl universitetdə təhsil alan digər gənclər ilə eyni səviyyəli mütəxəssislər kimi potensiallaşacaqlar. Proqramlar içərisində qabaqcıl universitetlərdə təhsil alacaq gənclər akademik kadr potensialının, tədris proqramlarının və təhsilin keyfiyyətinin inkişaf etdirilməsinə töhfə verəcəklər. Təhsilin inkişafı sadəcə rəqabətlə deyil, eyni zamanda tədris keyfiyyətinin beynəlxalq səviyyəli universitetlərdə təcrübə edilməsi ilə müşahidə olunacaq. Hazırda fəaliyyət göstərdiyim Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ikili diplom proqramları çərçivəsində Avropanın qabaqcıl universitetlərindən Fransanın Montpellier Universiteti, Litvanın Mykolas Romeris Universiteti bakalavr və magistr təhsil pillələri üzrə əməkdaşlığını davam etdirməkdədir. Bu proqramların əsasında xaricdə təhsil alan Azərbaycan gənclərinin ölkəyə qayıtdıqdan sonra həm fərdi, həm də elmi inkişafının təhsildəki keyfiyyət göstəricilərinin artmasına imkan yaratdığına bir daha əmin olduq. Gənclər öz təcrübələrini bölüşdükdə ilkin olaraq, xarici universitetlərin akademik heyətinin keyfiyyətli tədris metodlarından və universitetlərdən məzun olan gənclərin potensiallı işlərlə təmin olunması sahəsində təcrübə qazandıqlarını bildirirlər.
Dünyada təhsil sisteminin qloballaşması prosesində tez-tez qarşılaşılan əsas məsələ kadr hazırlığı üçün innovativ proseslərin düzgün və vaxtında aparılmasıdır. Bu proqram xarici mütəxəssislərin cəlb olunması, təhsil sistemimizin təkmilləşdirilməsi və yeni akademik mühitin yaradılması baxımından ölkəmizin təhsil sistemindəki problemlərin həllində geniş bir vizyon qapısı açacaqdır.
Dünyanın qabaqcıl universitetlərində beynəlxalq səviyyədə tətbiq olunan tədris proqramlarının əsas bazası universitetlərdəki akademik heyətin öz sahələrində tam ixtisaslaşmış və beynəlxalq təcrübələr ilə özlərini təkmilləşdirmiş müəllim-professorlar olmasıdır. Gənclərin universitetlərdə təhsil aldıqları müddətdə həm elmi, həm şəxsi keyfiyyətlərinin öz xarakterlərinin formalaşmasında müəllimlərinin mühüm rolu olduğunu bilirik. Buna əsasən də, universitetlərin əsas strukturu akademik heyətin güclü, potensiallı və ixtisaslaşmış elm adamlarına sahib olmasından ibarətdir.
Ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədi ilə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi üzrə verilən bu qərar gənclərin gələcəyinə dair yüksək ümidlər vəd edir. Doktorantura səviyyəsi üzrə universitetlərdə akademik heyətin ixtisasca təkmilləşdirilməsi, təhsil nailiyyətlərinin müxtəlif sahələr üzrə yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsini həyata keçirəcəkdir.
“Gənc doktorantların öz sahələrində mütəxəssisləşmələri üçün görüləcək müxtəlif istiqamətli işləri var. Təqdiqat apararaq, maraqlandıqları və ixtisaslaşacaqları istiqamətlər üzrə təhsil proqramının üstünlüklərindən faydalanmalıdırlar. Təhsil almaq istədikləri ali təhsil müəssisəsinin qəbul meyarlarına cavab vermək və qəbul olduqdan sonra xaricdə təhsil alacaqları ixtisas üzrə müəllim-professor heyətini ölkəmizə dəvət etmələri innovativ yeniliklər gətirəcəkdir.
21-ci əsrdə texnologiya, beynəlxalq kommunikasiya, mikrobiologiya, biokimya, nanotexnologiya sahələrində baş verən yeniliklər günü-gündən dünya miqyasında baş verən mühüm dəyişikliklərə öz töhfəsini verməkdədir. Gənc doktorantların bu sahələr üzrə Azərbaycanda ali təhsil müəssisələrində kadr hazırlıqlarının aparılması, tədris metodlarına yeniliklər gətirilməsi, təcrübələr qazanılmasına bu Dövlət Proqramının peşəkar kadr siyasətinə istiqamətlər verilməsinə kömək edəcəkdir. Ən əsası da dövlət siyasətində aparılan yeniliklər bu dövlət proqramında gənc doktorantlar üçün nəzərdə tutulan xaricdə təhsilin maliyyələşdirilməsi baxımından təhsil siyasətində keyfiyyətin beynəlxalq standardlar çərçivəsində formalaşmasını müəyyənləşdirəcəkdir. Doktorantların elm sahəsində ixtiraları, beynəlxalq indeksli jurnallarda məqalələrinin dərc olunması, beynəlxalq konfranslarda azərbaycanlı gənclərin iştirakı, qabaqcıl universitetlərdə mühazirə oxuması Dövlət Proqramının uğurlu nəticəsi olacaqdır.
Başlıca olaraq azərbaycanlı doktorantların nüfuzlu ali təhsil müəssisələrində təhsil alması ilə birgə təqdiqatların aparılması, birgə kitab və məqalələrin çap olunması, Azərbaycanın dünyada daha da tanınması üçün müsbət rol oynayacaqdır.
Doktorantura sahəsi üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Fransanın Montpellier Universitetinin koordinatorluğu ilə idarə olunan "Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və vahid Avropa ali təhsil məkanının tələblərinə uyğun strukturlaşdırılması" (NİZAMİ) layihəsi ilə müzkirələr aparılaraq yeniliklər gətirilməsi planlaşdırılır. Layihə çərçivəsində doktorantura təhsilinin hazırki vəziyyəti, strukturlaşması, yüksək standartlar, layihənin həyata keçirilməsi üçün professional bacarıqların inkişafı, beynəlmiləlləşmə, keyfiyyət planı Avropa standartlarına uyğunlaşdırılmağa çalışılır. Layihənin əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəli təhlilinin müəyyənləşdirilməsi ilə ıslahatlar aparmaqdır. Bu layihədə UNEC-in koordinatoru olaraq layihənin Azərbaycanın doktorantura təhsilinə Avropa standartlarında verəcəyi töhfələri addım-addım müşahidə etməkdəyəm. Eyni zamanda, müzakirə olunan və əldə ediləcək nəticələr qəbul olunan dövlət proqramı üçün Avropanın qabaqcıl universitetləri tərəfindən də bu proqramın dəstəklənməsi mənasını daşımaqdadır.
Bütün dünyada aktual mövzu olan təhsilin keyfiyyətinin dövlət səviyyəsində innovativ proqramlarla dəstəklənməsi nəzarətin, nəticələrin və uğurların müşahidə olunmasında mühüm əhəmiyyət daşıyacaqdır. Azərbaycanlı gənclərin beynəlxalq səviyyədə həm ikili diplom, həm də doktorantura sahəsində alacaqları təhsildə dövlət səviyyəsində dəstək görməsi müsbət bir hal kimi uğurların əldə edilməsində üstünlük təşkil edəcəkdir.
Tarix: 10-01-2019, 14:59