Həsən bəy Zərdabinin hekayə yaradıcılığının bilinməyən tərəfləri
Baba BABAYEV,
filologiya elmləri doktoru,
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun baş elmi işçisi
Həsən bəy Zərdabi (1842-1907) ilk milli Azərbaycan qəzeti “Əkinçi”nin (1875-1877) yaradıcısı və redaktoru olmuşdur. XIX əsrin sonlarında onun yaradıcılığı müasirlərinin diqqətini cəlb etmiş, darvinist alim haqqında yüksək fikirlər söyləmişlər. O, “millət atası”, “xeyirxah insan”, “xeyriyyəçi”, “imkansızların və kimsəsizlərin imdad yeri” və s. etiketlər qazanmışdır. XX əsrin 20-ci illərində onun həyatı və yaradıcılığının öyrənilməsi sahəsində ilk ciddi addımlar atılsa da, Azərbaycan ikinci dəfə (1991) müstəqillik qazandıqdan sonra daha geniş tədqiqat obyekti olmuşdur. Filosoflarımız Ziyyəddin Göyüşov, İzzət Rüstəmov, filoloq alimlər Əziz Mirəhmədov, Şamil Qurbanov, Hidayət Əfəndiyev, Altay Məmmədov, Vəli Məmmədov və başqaları H. Zərdabinin həyatı, fəaliyyəti və publisistikası haqqında dəyərli kitab, monoqrafiya və məqalələr yazıb dərc etdiriblər.
H.Zərdabinin hekayələri haqqında nisbətən geniş məlumatları professor Hidayət Əfəndiyevin “M.F.Axundov realist-satirik nəsrinin davamçıları” (Bakı, “Azərnəşr”, 1974) və ədəbiyyatşünas alim, yazıçı-dramaturq Altay Məmmədovun “Azərbaycan hekayəsi” (Bakı, "Yazıçı", 1984) adlı əsərlərindən alırıq.
Hidayət Əfəndiyev sözügedən kitabında yazır: “...Axundovdan sonrakı dövr ədəbiyyatımızda ilk dəfə bədii nəsr janrına ciddi əhəmiyyət verən və onun inkişafı yolunda çalışan Zərdabi olmuşdur”(səh.6). H.Zərdabinin görkəmli tədqiqatçılarından olan professor Əziz Mirəhmədov da H.Əfəndiyevin fikirlərini genişləndirərək yazırdı: “...Azərbaycan xalqı bu illərdə böyük Mirzə Fətəli Axundovun bir sıra ləyaqətli, mübariz xələfini yetirib ərsəyə gətirdi ki, onların sırasında birinci Azərbaycan qəzetinin banisi və redaktoru Həsənbəy Məlikov Zərdabinin surəti əzəmətlə ucalır” (“Əkinçi”, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1979, səh.4.).
Altay Məmmədov isə monoqrafiyasında yazırdı: “H. Zərdabinin “Əkinçi”də dərc olunan “Cənab palto” (23 avqust 1876), “Qafqaz köçəriləri haqqında” (8 sentyabr 1876), “Mənim vaqiəm” (14 aprel 1876) yazılarında nəsr ünsürləri, xüsusən kiçik epik janra xas olan ünsürlər özünü göstərirdi” (səh.33).
Hidayət Əfəndiyev kitabında “Köçəri zindəganlığı” hekayəsini geniş təhlil edərək bu nümunə haqqında “Aldanmış kəvakib”dən sonra yaranmış ilk mətbu bədii nəsr əsəridir”, - deyir və H. Zərdabini “bir ədib, istedadlı bir hekayənəvis” kimi qiymətləndirir.
Biz “Əkinçi”ni nəzərdən keçirərkən 14 aprel 1877-ci il tarixli 8-ci nömrəsində “Filan” novellası ilə rastlaşdıq.
Tədqiqatçı alimlər H.Əfəndiyev və A.Məmmədovun ədəbiyyatşünaslara ipucu verməsi bizi araşdırmalarımızı davam etdirməyə sövq etdi.
2016-cı ildə H.Zərdabinin “Seçilmiş məqalələri və məktubları” 7 il müddətinə indiki “Əkinçi”nin redaktoru, şair-publisist İşaməddin Əhmədov tərəfindən rus dilindən tərcümə edilərək nəşr olundu (Həsən bəy Zərdabi. Seçilmiş məqalələri və məktubları. Bakı, “Zərdab LTD” MMC. 2016. 912 səh.). Kitabın məsləhətçisi ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, şairə Sona xanım Vəliyeva, ideya müəllifi fəlsəfə doktoru Lütfəli Babayev, redaktoru və rəyçisi Əməkdar jurnalist Tahir Aydınoğludur.
H.Zərdabinin Bakıda rus dilində çıxan “Kaspi” qəzetinə 1881-1895-ci illərdə sürgündə olduğu Zərdabdan göndərdiyi və “Zərdabdan məktublar” başlığı altında dərc olunan məqalə və müxbir məktublarını, həmçinin Bakıya köçəndən sonra “Kaspi” qəzetinin redaktoru işlədiyi illərdə həmin qəzetdə və eləcə də “Qafqaz” qəzetində “Trudi Kavkazskoqo obşestva selskoqo xozyaystvo….” nəşrində dərc olunan məqalələrini və məktublarını oxuyarkən bir çox nəsr nümunələrinə rast gəldik. Bu məktublarda zülm və istismara, mövhumata, geriliyə, qaçaq-quldurluğa, təbiətə biganəliyə, əkinçiliyin xəstəlik törədən fəsadlarına məmurların etinasızlığı və s. neqativ hallara kəskin hiddətini bildirən H.Zərdabi nəzəri və publisist məqalələrlə yanaşı, mütəmadi olaraq bütün nömrələrində elmə, təhsilə, ədəbiyyat və incəsənətə, dilə və s. məsələlərə də xüsusi diqqət yetirir, elmi əhəmiyyət kəsb edən maarifləndirici məqalələr çap edirdi. Altay Məmmədovdan (“...yazılarında nəşr ünsürləri, xüsusən kiçik epik janra xas olan ünsürlər özünü göstərirdi”) fərqli olaraq professor H.Əfəndiyev yazırdı: “N.B.Vəzirov, Əsgərağa Gorani, Əhsənül Qəvaid, Seyid Əzim Şirvani kimi açıq fikirli, tərəqqipərvər yazıçıların yeni həyat tərzi, yeni zövq, yeni ədəbi forma, yeni janr uğrundakı mübarizəsinə qəzetin redaktoru, görkəmli maarifçi, birinci Azərbaycan jurnalisti, darvinist alim Həsən bəy Zərdabi özü istiqamət verirdi” (səh.6). Altay Məmmədov araşdırmalarını davam etdirərək “Əkinçi” bağlandıqdan sonra Zərdabinin “Ziyayi-Qafqaziyyə”nin səhifələrində satirik hekayə ünsürlü yazılarına rast gəldiyini bildirir. Nümunə olaraq “Zərifə” (lətifə) ümumi başlığı altında “Düşüncəli olmaq”, “Cavabı fikirləşib vermək haqqında” (“Ziyayi-Qafqaziyyə”, 25 mart 1882) sərlövhəli yazıları adlı hekayə (24 aprel 1883) (bu hekayə “Əxtər və vəqt” qəzetindən götürülüb - B.B.) “Politika haqda ədəbi bir hekayə (“Ziyayi-Qafqaziyyə” 15 yanvar, 1884), “Lətayif” başlıqlı “Paho” adlı yazı (“Ziyayi-Qafqaziyyə”, 4 mart 1884), “Yoldaşlıq haqqında gülməli bir hekayə” (“Ziyayi-Qafqaziyyə” 30 mart 1884) əsərlərindən bəhs edir. Ədəbiyyatşünas alim bütün bunlarla yanaşı yazırdı ki, “...başlıqlı yazılarla da hiss olunur ki, redaksiya (“Ziyayi-Qafqaziyyə” - B.B.) öz qəzetini hekayəvari məqalələrlə daha oxunaqlı etməyə çalışmışdır” (səh.31). “Ziyayi-Qafqaziyyə”nin digər nəşrlərdən bir üstünlüyü də qəzetə daha çox oxucu kütləsi toplamaq üçün Zərdabinin başqa qəzetlərdə dərc olunan yazılarını təkrarən öz səhifələrində çap etdirməsi idi.
Təbiət təsviri ilə başlayan “Zərdab kəndi” hekayəsi “Kaspi” qəzetinin 2 mart 1883-cü il tarixli 24-cü nömrəsində çap olunub. “Baharın ətri gəlir. Daha şaxta da yoxdur. Havada nəmişlik duyulur. Ağaclardan yaz şirəsi süzülür. Günəşli, küləksiz günlərdə isə əsl bahardır; qurbağalar, kərtənkələlər, ilanlar yarıyuxulu və zəifləmiş halda yuvalarından çıxırlar. Naqqa balığı da oyanıb və cəpərə ilə balıq ovu mövsümü də başa çatır”. XIX əsrin 80-ci illəri Kür çayı boyunca düzlənən bir Şirvan obasının yaz çağının mübarək gəlişinin şəninə söylənilən qulaq oxşar, insanı təbiətin qoynuna səsləyən, sədəf kimi yan-yana düzülən sözlər oxucuda xoş ovqat yaradır. Mətndə yaşanan cəmiyyətlə bədii təsvir arasında kontrast vardır. Hekayədə daha sonra oxuyuruq: “Bir sözlə, bu gün-sabah əsl yaz gələcək, otlar göyərəcək, ağaclar çiçək açacaq, torağaylar nəğmə oxuyacaq, qaranquşlar, bülbüllər və başqa qanadlılar, mömin qardaşlarının dili ilə desək, öz səhər duaları ilə doğmaqda olan Günəşi salamlayacaqlar” (səh. 44). Cəmiyyətlə təbiətin harmoniyasının pozulmasını təbiət təsvirinin bu kimi və ya buna bənzər şəkildə mətndə (əsasən də mətnin əvvəlində - B.B.) işlədilməsini XIX əsrin sonu XX əsrin əvvəlləri yazıçılarımızın nəsr əsərlərində müşahidə edilir. O, görüb müşahidə etdiyi, içində olduğu, çevrəsində baş verənləri elmi-ədəbi-bədii düşüncəsindən gələnləri yazırdı. Yazırdı publisist təbiətşünas alim kimi, fərqində deyildi ki, burada hekayə ünsürləri var və ya bu, hekayədir, yaxud felyeton, yoxsa novelladır. Bu və digər yazılarda kiçik epik janra məxsus olan nəsr ünsürləri artıqlamasıyladır. Təbii ki, nəsr sözə qənaət üçün qısa hekayə yaxşı imkan yaradır.
Həsən bəy imzası ilə “Kaspi” qəzetinin 1883-cü il tarixli 121-ci nömrəsində monoloqa bənzər, mətni hadisəyə çevriləsi, düşündürücü yazı diqqətdən yayınmır. Cahillik, nahaq qan tökmə, “barışıq” üsulları, qan pulunun ölənin şəxsiyyətinə görə təyini, sünni-şiə problemi kimi məsələlər mətnin məğzini təşkil edir. Yumoristik tonda olan bu yazı canlı, inandırıcı, həyatı motivlərlə şərtləndiyi üçün məktub çərçivəsindən çıxıbdır. İlk sətirlər əsərin kompozisiyasına orijinallıq gətirmişdir. Monoloqda acı rişxənd, istehzalı gülüş də yox deyildir.
“Kaspi” qəzetinin 1883-cü il 127-ci nömrəsində çap olunan yazını “Əhvalat” hekayəsi adlandırmaq olar. Maraqlı süjet xətti olan yazı gözlənilməz nəqllə başlayır. Dövrün müxtəlif təbəqələrinin - polis pristavı, müstəntiq, həkim ekspert, məhkəmə, yüzbaşı - nümayəndələri soyuqlar başlanan vaxtda qəfildən bu məkana təşrif gətiriblər. Yayda buralar həddən ziyadə isti olduğundan, ağcaqanad, ilan-çayan tüğyan etdiyindən bütün məmurlar dağlıq yerə - sərin İvanovkaya çəkilib istirahət ediblər. İndi gəliblər ki, “dövlət işlərini” görsünlər. Yazıda hadisələrin təsvirində reallıqdan kənar məsələlər, artıq söz və ifadələr işlənməmiş, fikir, məqsəd aydınlığı nəsr mətninə uyğun canlandırılmışdır.
“Şamaxı səfərindən” sərlövhəli yol qeydləri “H.-b” imzası ilə “Kaspi” qəzetinin 1887-ci il 28-ci nömrəsində işıq üzü görübdür. H.Zərdabinin həyatı müşahidə qabiliyyəti, fəhminin itiliyi, problemlərə müasirlərindən fərqli olaraq qeyri-adi baxışı səyahətnamədə çılpaqlığı və maarifçi demokrat düşüncəsi ilə görünür. Bütün bunlar təbii ki, orta təhsilini Şamaxı və Tiflisdə alması, dünyagörüşünün Moskva universitetində oxuduğu zaman bilavasitə qabaqcıl rus ictimai-fəlsəfi fikrinin, inqilabi demokratizmin, K.A.Timiryazev, İ.İ.Meçnikov və D.İ.Pisarevin təsiri altında təşəkkül tapmasıydısa, Ç.Darvinin dünyaşöhrətli təkamül nəzəriyyəsini universitetdə öyrənib mənimsəməsi ilə də əlaqədar idi. Çernışevskinin, Feyerbaxın və Bixnerin əsərləri də H.Zərdabinin görkəmli təbiətşünas alim və məşhur demokrat publisist kimi yetişməsinə səbəb olmuşdur. Miniatür hekayə, novella və tənqidi yazılarında olan elmilik, bədiilik, üsul-idarənin qanunlarına etiraz onun təbiəti, xarakteri ilə yanaşı elmiliyinin gücündən irəli gəlirdi.
Darvinist alimin digər bir əsəri 1899-cu ilin (№98) 11 mayında “Kaspi” qəzetində “Canlı mənzərə” (səh.349) adı altında oxuculara təqdim edilibdir. Mətndə süjet xətti boyu qəzəb, kinayə, yumor hiss olunmaqdadır. Təhkiyəçinin sancmalı söz və eyhamları, ictimai mühitdən giley-güzarı ilk sətirlərdə əsəri felyetona bənzədir. Məzmunla tanışlıqdan sonra problemin qoyuluşu, həlli yollarının göstərilməsi, təbiət mənzərələrinin təsvirinin canlılığı, koloritliyi, dil-üsul xüsusiyyətləri, cümlə quruluşu və s. nəzəri komponentlər deməyə əsas verir ki, əsər nə məktub, nə də felyetondur. Kiçik epik janra məxsus özünəməxsusluqları özündə ehtiva edən bu mətni məzmun bitkinliyinə, ideya daşıyıcılığına görə də məhz hekayə hesab etmək olar. H.Zərdabi sevgi-məhəbbətdən, mehr-ülfətdən, hicrandan deyil, əkinçilərin təbiətin bəlasına necə düçar olmasından danışır. Gözəl üzləri güldürmək üçün yox, bitkiləri xəstəlikdən xilas etməkdən ötrü müalicə dərmanlarının olmaması üzündən baş verən faciəni ürək ağrısı, yanıqlı bir dillə təsvir edir. Yüksək elmi təhsil alan, heyvanların saxlanılması, bitkilərin əkilib-becərilməsini mükəmməl, peşəkar alim səriştəsi ilə bilən təhkiyəçinin hekayədə bir çox problem məsələlərə münasibət bildirməsi təbii və inandırıcı görünür. XIX əsrin sonunda nəsrimizdə yaranan bədii nümunələrə (N.Nərimanov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, A.Şaiq və s.) diqqət yetirsək, Zərdabini M.F.Axundov ənənələrinin davamçısı və xələflərinin ötürücüsü kimi dəyərləndirmək olar.
Araşdırmalardan aydın olur ki, H.Zərdabi sözügedən illərdə “Kəşkül” qəzetində də müxtəlif məzmunlu yazılar çap etdirmişdir. Sual-cavab formasında olan bu dialoq hekayələr yaşanan cəmiyyətin neqativ hallarına qarşı açıq və ya üstüörtülü işarələrlə etiraz bədii həllini tapıbdır. Sual-cavab mətnlərində H.Zərdabi özünəməxsus fikirlər söyləyərək bəzi bəşəri problemlərin həlli yollarını göstərməyə dair elmi-nəzəri müddəalarını söyləmişdir. Bu pəncərədən süzülən işıq seli sonrakı nəslin yaradıcılığında manifest rolunu oynadı.
“Kəşkül”də çap olunan yazıların sərlövhəsi də maraq doğurur. Bəzisi esse üslubundadır. Bu esselər bədii, publisist olmaqla fəlsəfi və elmi motivli olanları da az deyildir. “Nəfsiz elm hansıdır?”, “İnsan harada utanır?”, “Dul övrət nə deməkdir?” və s. Təbii ki, bu sualları H.Zərdabi alim, publisist, filosof kimi cavablandırmışdır. Şifahi xalq yaradıcılığından bəhrələnmə də bu mətnlərdə yox deyildir. “Əlbəttə, sual-cavablar, aforizmlər miniatür janr baxımından hekayənin yalnız və yalnız elementlərini özündə əks etdir”, - deyən tədqiqatçı A.Məmmədov fikrində haqlı olsa da, yazılacaq və yaranacaq nəsr nümunələrinə yeni cığırın açıldığını görməyə bilmirik. Fikirlərimizi tədqiqatçı da təsdiqləyir: “Kəşkül” də elə hadisə və əhvalatlar var ki, təhkiyəsinə, quruluşuna görə hekayəyə ilk material, zəmin olmağa layiqdir” (səh.32).
Zərdabi xalqının acı həyatına ürəkdən yanan, insanları mənəviyyatca şikəst edib zədələyən, müti, qorxaq, məzlum hala salan ictimai səbəbləri bəzən dərinliyinə qədər görə bilməsə də, yaşadığı cəmiyyətə, onun qayda-qanunlarına qarşı bütün şüurlu fəaliyyəti boyu narazılığını bildirib.
Bir sıra - kiçikli-böyüklü qüsurlarına baxmayaraq (sözün düzü, H.Zərdabi özünü heç vaxt nasir saymayıb - B.B.) darvinist alim əsərlərində həyatın, təbiətin, obrazların təsvirində özünə xas yazı maneralarından geniş istifadə etmiş, surətlərin məkanını, mühitini, ayrı-ayrı adamlar, onların məşğuliyyəti, istifadə etdikləri əşyaların lakonik, dəqiq verilməsinə, onu səciyyələndirməyə, bir yönünü işıqlandırmağa uğurla nail olmuşdur.
H.Zərdabinin əsərləri deməyə əsas verir ki, (yaşanan ictimai quruluşun ciddi məsələlərinə toxunmaması, aktuallıq kəsb edən ideyaların irəli sürülməməsi və s.) onun kiçik hekayələri, nəsr ünsürləri olan digər nümunələri ideya-üslub, dil baxımından həm XIX əsrin ikinci yarısı bədii nəsrimiz üçün, həm də M.F.Axundzadə tərəfindən bünövrəsi qoyulan realist-satirik nəsr ənənələrinin ilk davamı kimi əhəmiyyətlidir.
Tarix: 10-01-2019, 14:55