Ümumtəhsil məktəbinin idarə olunmasının bəzi məsələləri
Gülnar HÜSEYNOVA,
Sabirabad rayonu Qaratəpə
kənd tam orta məktəbinin direktoru
Ümummilli lider Heydər Əliyev demişdir: “Təhsil millətin gələcəyidir”. Uzaqgörən ulu öndərimiz bizlərə öyrədirdi ki, təhsil sisteminin durmadan inkişafı, millətimizin hərtərəfli savadlanmasının təməli ümumtəhsil məktəbinin idarəolunmasının təkmilləşdirilməsindən başlayır. Düzgün standartlara cavab verən idarəetmə uğurlu yolun başlanğıcıdır. Bu yolun uğurlu sonluğu isə cəmiyyət üçün dəyərli şəxsiyyət formalaşdırmaqdır.
Rəhbərliyin funksiyalarından biri olan idarəetmə obyektə təsir göstərmə prosesidir. Bu prosesdə həm keyfiyyət, həm də kəmiyyət göstəricilərini əhatə edən kompleks idarəetmə sistemi tətbiq olunmalıdır.
Ümumtəhsil məktəbinin demokratik idarə olunmasının əsas prinsipləri, mənim fikrimcə, müəyyən ardıcıllıqla həyata keçirilməlidir:
1. Müəllim-şagird münasibətlərinin düzgün qurulması.
2. Yaradıcı müəllimlərə qayğı göstərilməsi, tələbkarlığı arfırmaqla onların təcrübələrinin yayılması.
3. İdarəetmədə həm şagirdin, həm də müəllimin sosial-psixoloji xüsusiyyətlərinin nəzərə alınması.
4. Müəllimin şagirdlərlə işgüzar münasibətdə olması, onların arzu və maraqlarını nəzərə almaqla demokratik əməkdaşlıq yaratması.
Demokratik və dünyəvi təhsil sisteminin yaradılması istiqamətlərində həyata keçirilən məqsədyönlü dəyişikliklər ümumbəşəri və milli dəyərlərdən qaynaqlanaraq təhsil sistemimizin orijinal modelini formalaşdırmağa, dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaradır. Müasir təhsil modelində əsas məqsəd şagird şəxsiyyətinin inkişafı üçün şəraitin yaradılmasıdır.
Məktəb direktoru idraki və mənəvi keyfiyyətlərə malik olmalıdır: o inanır, qiymətləndirir və öhdəsinə götürür.
İdarəetmədə kurikulum prinsiplərini əsas götürən məktəb rəhbəri hər bir müəllimdə öyrənməyi öyrətmək əqidəsi formalaşdırmalıdır. Bu, şagirdlərin müstəqil olmasına zəmin yaradır.
Bir təhsil lideri olaraq inandığımı, zəruri olanı həyata keçirirəm. Nəticədə məktəbin təhsil fəaliyyəti cəmiyyətin artan tələbatına uyğunlaşır. Bu uyğunluğu sabit saxlamaq üçün idarəetmənin təşkilindəki bütün iştirakçıların fəaliyyətini müəyyənləşdirmək, işlərini stimullaşdırmaq üçün şərait yaratmaq, fərdi-psixoloji fəaliyyəti düzgün qiymətləndirmək və bütün kollektivin hər bir istiqamətdə düzgün hərəkətini təmin etmək əsas şərtdir.
Xüsusi elm sahəsi olan idarəetmənin müasir tələblər səviyyəsində təkmilləşdirilməsi günün tələbi olmaqla qabaqcıl təcrübə və standartlar əsasında müəyyənləşdirilir. Bu günün məktəb direktoru məktəbin icması üçün mənəvi qüvvə və sosial müdafiəçidir. Təhsilin lideri həm fərdi, həm də icma üzvü kimi qiymətləndirməyi və qayğı göstərməyi bacarmalıdır.
Biz məktəbdə qərara gəldik ki, hər bir sinif otağında və ya fənn kabinetində şagirdlərin ənənəvi düzülüşü onları yorur və kimin-kimlə oturması, qrup oyunlarında qruplaşma sərbəstliyinin verilməsi, liderlərin seçilməsinin demokratikləşdirilməsi və s. şagirdlərin öhdəsinə buraxılsın. Şübhəsiz, lazım olduqda müəllim öz köməkliyini göstərir. Belə bir qayda yarandıqdan sonra şagirdlər dərslərə daha həvəslə davam edirlər, davamiyyət düzəlir, zəif oxuyan uşaqların sayı getdikcə azalır. Müəllimlərin də sinfə nəzarətə, lazım gəldikdə müdaxilə etməyə vaxtı çoxalır.
Ümumtəhsil məktəbinin idarə olunmasını təkmilləşdirmək üçün təhsil lideri günün tələbi olan aşağıdakı məsələlərə diqqət verməlidir:
1. Təlimin inkişafına, qabaqcıl təcrübənin öyrənilməsinə və təbliğinə kömək edərək şagirdlərin təhsil nailiyyətlərinin yüksəldilməsinə nail olmalıdır.
2. Şagird-müəllim münasibətlərində öyrənmə və öyrətmə bacarıqlarını təkmilləşdirməlidir.
3. Məktəbdə münasib öyrənmə mühiti yaratmaqla, proseslərin düzgün idarə olunmasını təmin etməlidir.
4. Valideyn və ictimaiyyət nümayəndələri ilə əməkdaşlığı həyata keçirməlidir.
5. Təhsil lideri qayğıkeş, ədalətli olmalı, əxlaq normaları daxilində fəaliyyət göstərməlidir.
6. Geniş siyasi, sosial, iqtisadi, hüquqi və mənəvi keyfiyyətlərə sahib olmalıdır.
7. Dərsdinləmə və dərsin təhlili obyektiv aparılmalıdır.
Məktəb rəhbərinin əsas vəzifəsi hər bir müəllimdən təlim-tərbiyə işini yaradıcı qurmağı, şagirdlərə dərin, sistemli bilik verilməsini təşkil etməyi, onları həyata hazırlamağı tələb etmək və bunun üçün şərait yaratmaqdır.
Mən öz təcrübəmdə müəyyən işlər görmüş və bəzi uğurlar qazanmışam. İş üslubum dərsin gündəlik planlaşdırılmasına, proqram materiallarının düzgün bölünməsinə, mövzuların, saatların miqdarına, təqvim vaxtına, əyani vəsait və texniki vasitələrdən, müasir təlim üsullarından istifadə olunmasına, fənlərarası inteqrasiyaya, sinifdənxaric oxuya, şagirdlərin biliyinin müntəzəm yoxlanılmasına və düzgün qiymətləndirilməsinə, onlara tədqiqatçılıq bacarığı, nəzəriyyəni təcrübədə yoxlamaq vərdişi aşılamağa və s. kimi məsələlərə üstünlük verirəm.
Təlim-tərbiyə işinin yüksək səviyyədə təşkili üçün məktəb rəhbərləri arasında məktəbin nizamnaməsinə uyğun vəzifə bölgüsü aparıram. Bu çox vacib şərtdir. Fəaliyyətim dövründə, zərurət yaranmasa heç kimin işinə müdaxilə etmirəm. Bununla hər bir rəhbər işçi müstəqillik qazanır və öz işlərini planlaşdırmaqda sərbəst olurlar, lakin hər birinin hesabatı, plana uyğun olaraq dinlənilir.
Məktəbdə təlimin təşkili ilə yanaşı tərbiyə işləri, sinifdənxaric və məktəbdənkənar tərbiyə işlərinin düzgün təşkili və əlaqələndirilməsinə də mühüm əhəmiyyət verirəm. Məktəbdə tərbiyə işində çatışmazlıqlar olduqda təlimdə də uğurlar qazanmaq olmur. Sinif rəhbərlərinin fəaliyyətlərini heç vaxt yaddan çıxarmır, daim onların gördükləri işləri əlaqələndirirəm.
Ümummili inkişafın prioritet sahəsi olan təhsil insanların keçmişini, bu gününü və gələcəyini bütöv halda birləşdirərək, insanın inkişafının əsas və birinci dərəcəli göstəricisidir.Təhsil lideri olaraq əsas məqsədim gələcəyimiz olan gənclərimizi müasir standartlara cavab verən təlim-tərbiyə bacarıqları ilə silahlandırmaq, müasirləşən cəmiyyətimizdə onların layiqli yer tutması üçün pedaqoji potensialımı və idarəetmə bacarığımı sərf etməkdir.
Əlbir işi təşkil etməklə öyrənənlər və öyrədənlər cəmiyyəti yaradaraq çalışacağam ki, şagird kontingentinin hər bir üzvü bilik, bacarıq və mədəniyyəti ilə sübut etsin ki, Azərbaycan məktəblisi dünyada birincilər sırasındadır.
Tarix: 11-12-2018, 14:10