Ədəbiyyatımızda milli-mənəvi dəyərlərin tərənnümü
Sevil ƏLİYEVA,
Bakı şəhəri Heydər Əliyev adına liseyin
Azərbaycan dili və ədəbiyyat müəllimi,
Əməkdar müəllim
Hər bir xalqın mövcudluğunun əsas göstəricisi onun adət-ənənələri, milli-mənəvi dəyərləridir. Milli-mənəvi dəyərlər bizim tariximiz, ədəbiyyatımız, incəsənətimiz, dilimiz, adət-ənənəmizdir. Bu milli dəyərlərimizin qorunması və yaşaması ailədən, məktəbdən başlanır. Dünyaya göz açdığımız ilk gündən anamızın laylası, faydalı məsləhətləri, nəsihətləri ilə, əlimizdə çanta məktəbə qədəm qoyduğumuz ilk gündən isə müəllimlərimizdən, ədəbiyyatımızdan yurd sevgisi, vətən məhəbbəti, anaya qayğı, adət-ənənəmizi qorumaq, yaşatmaq, milli dəyərlərimizi, milli ənənələrimizi, tariximizi, dilimizi, dinimizi, keçmişimizi yaxşı bilməli olduğumuzu, keçmişi unutmamağı öyrəndik.
Azərbaycanın Nizami, Xaqani, Nəsimi, Füzuli, Vaqif, Aşıq Ələsgər, M.F.Axundov, Q.Zakir, Seyid Əzim, Sabir kimi söz ustalarının xalq dühasına, onun zəngin yaradıcılıq xəzinəsinə, mədəni sərvətlərinə arxalanıb yaratdıqları klassik ədəbi irs tarixin keşməkeşlərindən keçərək, insanlara humanizm ideyaları, azadlığa, xalqa, əməyə dərin məhəbbət, dostluq, ədalət, mərdlik kimi gözəl mənəvi keyfiyyətlər aşılayır. Klassik əsərlərdə insanı haqqa, düzlüyə, tərəqqiyə səsləyən çağırışlar, xalqlar dostluğu, qardaşlıq, mənəvi-əxlaqi təmizlik haqqında nəsihətamiz fikirlər, riyakarlığa, ikiüzlülüyə, acgözlüyə, tamahkarlığa qarşı mübarizə, zülmə, ədalətsizliyə, qəsbkarlığa şiddətli etiraz motivləri tapırıq.
Biz bütün milli-mənəvi dəyərləri incəliyinədək kökü qədim olan Azərbaycan ədəbiyyatından öyrənirik. Hansı əsəri əlinə alsan, hamısında - ədəbiyyat xəzinəsində, qəhrəmanlıq, məhəbbət dastanlarında, mərdliyi, hünər və cəsarəti təbliğ edən nağıllarda, həyatın, insanın, təbiətin gözəlliklərini tərənnüm edən bayatılarda, aşıq şeirlərində, zəngin həyat təcrübəsindən doğan, insanın qaranlıq yollarını məşəl kimi işıqlandıran bütün əsərlərdə xalqın kamalı, mənəvi qüdrəti, quruculuq, yaradıcılıq qabiliyyəti, insanpərvərliyi, həyat və azadlıq sevgisi öz parlaq ifadəsini tapmışdır.
Ədəbiyyatımızın hər bir incisi hikmət mənbəyidir. Nəyi oxuyuruqsa, ondan bir şey öyrənirik, nəyi isə əxz edirik. S.Rüstəmin «Duz-çörək» şeirində insanın şərəfi onun geyimi, libası ilə yox, şəxsiyyəti, mənliyi, bacarıq və qabiliyyəti ilə ölçüldüyü, insanın yaxşıların yaxşısı olmağa çalışması, dostuna, tanışına heç vaxt ziyan vurmaması, yersiz hərəkət və sözlərdən uzaq olması, Ə.Məmmədxanlının «Buz heykəl» əsərində bütün anaların öz övladına məhəbbəti, ana hissinin ülviliyi, müqəddəsliyi, Ə.Haqverdiyevin «Mirzə Səfər» hekayəsində yaltaqlıq və rüşvətxorluğa nifrət, elmə, maarifə rəğbət, paklıq, təmizlik və əsl dostluq, S.Vurğunun «Aygün» poemasında ailənin müqəddəsliyi, namus, qeyrət və sədaqət, R.Rzanın «Qızılgül olmayaydı» əsərində R.Rza və M.Müşfiq münasibətlərində vəfa, etibar, repressiya qurbanı olmuş minlərlə günahsız Azərbaycan ziyalısının itkisinə təəssüf, günahsız qan tökənlərə isə nifrət hissi, İ.Əfəndiyevin «Xurşidbanu Natəvan» və S.Vurğunun «Vaqif» pyeslərində insanın öz elinə, xalqına bağlılığı, zəhmətkeş xalqa dərin məhəbbət hissi öz təbii, real, gözəl əksini tapmışdır.
İnsanın mənəvi qüvvəsi, sarsılmazlığı, əyilməz ruhu, namərdliyə, satqınlığa nifrəti haqqında nə qədər gözəl, mənalı sözlər var!
Keçmə namərd körpüsündən, qoy aparsın sel səni,
Yatma tülkü kölgəsində, qoy yesin aslan səni.
Böyük mütəfəkkir Nəimi də insana dərin hörmət və məhəbbət təbliğ edirdi. Teymurləng zülmünün hökm sürdüyü bir dövrdə insan azadlığı, insan səadəti uğrunda misilsiz mətanət və cəsarətlə mübarizə aparan, bu yolda həyatını qurban verən Fəzlullah Nəimi deyirdi ki, insan özlüyündə dirilik suyudur, səadət lövhəsidir, mənəvi dəyərlərə malikdir.
Aforizmlərdə ən qiymətli cəhətlərdən biri əməyin, əməkçi insanların tərənnümü, tənbəlliyin, müftəxorluğun pislənməsidir. Ədəbiyyatımızda əmək insanı ucaldan, insana rifah və səadət gətirən bir nemət kimi tərənnüm olunur. Şəhriyar gözəl demişdir:
Dünyada ən gözəl şah əsərləri
Yaratdı zəhmətin cəsur əlləri
Zəhmətə arxalan, işə güvən sən,
Budur tərəqqinin yolu əzəldən.
Ana təbiətin gözəlliyi, vətənin qüdrəti və əzəməti şairlərimizi sevinc və iftixarla dolu əsərlər yaratmağa ilhamlandırır. Azərbaycan ədəbiyyatında Nizamidən başlamış Səməd Vurğuna, Süleyman Rüstəmə, M.Müşfiqə qədər şairlərimiz ən gözəl şeirlərində vətəni tərənnüm etmişlər. Bu şeirlər insanda sevinc və iftixar hissi oyatmaqla bərabər, oxucunu vətənin rifahı, səadəti naminə fədakarlığa, onun tərəqqi və yüksəlişi yolunda coşğun fəaliyyətə səsləyir. Süleyman Rüstəm bu nəcib duyğuları səmimi bir dillə tərənnüm edir:
Vətənimin seyrinə çağırıram elləri,
Sərvət görmək istəyən Azərbaycana gəlsin.
Bəzənib başdan-başa şəhərləri, kəndləri,
Cənnət görmək istəyən Azərbaycana gəlsin.
Məktəblilərin dünyagörüşünün, mənəvi aləminin, vətənpərvərlik hisslərinin inkişaf etdirilməsində milli-mənəvi dəyərlərin rolu çox böyükdür. Milli-mənəvi dəyərlər xalq yaradıcılığında, folklorumuzda, ümumiyyətlə, ədəbiyyatımızda təşəkkül tapıb inkişaf etdirilən və nəsildən-nəslə ötürülərək bu günümüzün mədəni tərəqqisində əhəmiyyət daşıyan keyfiyyətlərdəndir.
Məktəblərdə, əsasən, yuxarı siniflərdə Azərbaycanın milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmaq üçün, dinimizin bəzi incəliklərini (halal-haramı, ədəb-ərkanı, əxlaqı saflıq, mənəvi təmizlik, pislik, nahaq işlərdən əl çəkmək, xeyirin şər üzərində qələbəsi və s.) mənimsətmək üçün dini dərslərin keçirilməsi günümüz üçün çox aktualdır.
Ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da milli-mənəvi dəyərlərimizin qorunub yaşadılmasında, gələcək nəsillərə ötürülməsində misilsiz xidmətlər göstərmişlər.
Bəli, Azərbaycan etibarlı, düz əllərdədir. Əminəm ki, müstəqilliyimiz, milliliyimiz, keçmişimiz layiqincə qorunub gələcək nəsillərə ötürüləcəkdir. O.Sarıvəlli gözəl demişdir:
«Əllər əyri olsa, yollar düzəlməz,
Düz yollar çəkməyə düz əllər gərək!».
Tarix: 12-11-2018, 16:55