Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ailə mənəviyyatımızın beşiyi və güvənc qaynağımızdır


Həyat bir əfsanə, ailə isə sevgi ilə yoğrulmuş bir nağıldır.
(Jül Renar. Fransız yazıçısı)

Ailə hər bir cəmiyyətdə ictimai həyat qanunlarına əsasən yaradılan sosial təsisatlardan biridir. Qapalı kiçik sosial qrup olan ailənin ilk sosial tərbiyə institutu, cəmiyyətin ilkin özəyi kimi tədqiq edilməsi, gənclərin ailə həyatına sosial-psixoloji hazırlığı səviyyəsinin yüksəldilməsi müasir qloballaşan dünyada, dəyərlər sisteminin dəyişilməsi prosesində aktual bir problem kimi diqqəti cəlb edir. Müasir dövrdə Azərbaycanda hər il təxminən 20% boşanma qeydə alınır, alternativ nikah formaları meydana gəlir, ənənəvi dəyərlərlə müasirliyin toqquşması prosesi nəsillər arasında münaqişələrin daha da kəskinləşməsinə səbəb olur. Ailə cəmiyyətin bir hissəsi, ilkin əsası olduğu üçün cəmiyyətdə baş verən sosial- iqtisadi və mənəvi proseslər ailədaxili münasibətlər sisteminə, xüsusilə ailədə şəxsiyyətlərarası seçmənin xarakterinə və qarşılıqlı münasibətlərə ciddi təsir göstərir. İnsanın sosiallaşmasında ilkin mərhələ və cəmiyyətin əsas institutlarından biri olan ailə dəyişən dünyada ətraf aləmlə birlikdə zamanın tələblərinə uyğun dəyişikliklərə məruz qalır.
Ailənin insan həyatında məxsusi rolunu qiymətləndirmək o qədər də asan deyil. İnsan dünyaya gəldikdən sonra onun bir çox həyati vacib problemləri ailə səviy­yəsində həll olunur: uşaqların sosial oriyentasiyası, yaşayış yerinin dəyişdirilməsi, ailədə uşaqların sayı, peşə və sosial mobillik və s. əsasən ailə-nikah münasibətlərinin vəziyyətindən və ailənin tipindən asılı olaraq müəyyən edilir. Yeni nəsillərin yetişməsində nəsilartımı və tərbiyəedici funksiyaları yerinə yetirməklə ailə həm də generator, baxışların, əxlaq normalarının, psixoloji istiqamət və davranış nümunələrini qoruyub saxlamaq rolunu yerinə yetirir. “Azərbaycan ailəsinin bənzərsiz dəyərlərində uşaqların tutumlu yeri var. Evin bərəkəti ağsaqqalında, nuru körpəsindədir - deyib ata-babalarımız. Ailənin affektiv mərkəzi uşaqlarla bağlıdır. Ana da onlar üçün yaşayır, ata da. “Səni görüm övladından yarıyasan” — alqışı elin-obanın ən böyük alqışlarından biridir. “Səni görüm övladından yarımayasan — el-oba bu qarğışa dözmür, əlini göylərə açıb qarğış edənə “dilin-ağzın qurusun”, -deyirlər. Ailədə harmoniyanın olması hər bir ailə üzvünün iş yerində məhsuldar işləməsinə, diqqətini işinə cəmləşdirməsinə, başının qalmaqal xarakterli gərəksiz informasiya ilə yüklənmədən azad olmasına, qayğı və prob­lemsiz dolğun həyat yaşamasına yol açır. Məhəbbət və cütlüklərin bir-birinə dərindən bağlı olması, səadət, etibar və məsuliyyət xoşbəxt birgəyaşayışa təminat verir.
Ailə cəmiyyətin əsas elementi, sivilizasiyanın sosial kəşflərindən biri kimi insani dəyərlərin, mədəniyyət və tarixi birgəyaşayışın, nəsillər arasında varisliyin, cəmiyyətin sabitliyi və inkişafı amillərindən biridir. Ailənin sayəsində cəmiyyət inkişaf edir, xalqın rifahı yüksəlir. Bütün tarixi dövrlərdə dövlətin cəmiyyətdə ailəyə münasibəti qiymətləndirici amil hesab edilmişdir və indi də belədir. İnsanın həyatı, ölkə vətəndaşlarının formalaşması ailədən başlayır. Ailə hər bir sivil cəmiyyətdə xoşbəxtlik, səadət, rifah, sabitlik, hörmət, həmrəylik mənbəyidir. Ailə bütün həyat boyu bizi əhatə edən ən əziz və ən doğ­ma insanların məcmuyu, insan mənəviyyatının beşiyi, güvənc qaynağıdır. Təsadüfi deyildir ki, yer üzərində insanların 90%-dən çoxu məhz ailə həyat tərzində yaşayır. Ailə üzvlərinin əhatəsində məhəbbət, xeyrxahlıq mühiti yaranır, nəsillər arasında varislik, milli-mədəni adət və ənənələr qorunub saxlanılır və gələcək nəsillərə ötürülür.1993-cü ildə BMT-nin Baş Assambleyası hər il 15 mayın “Beynəlxalq Ailə Günü” kimi qeyd edilməsi barədə qərar qəbul etmişdir. Hər il bu gün demək olar ki, dünyanın bütün ölkələrində qeyd olunur. Bu günün təsis edilməsində məqsəd dünya ictimaiyyətinin diqqətini ailələrin çoxsaylı problemlərinə yönəltməkdən ibarətdir.
Ailənin mükəmməl tərifini verən görkəmli rus sosioloqu A.Q.Xarçiyev yazır: “Ailə həyat yoldaşları, valideynlər və övladlar arasında tarixən konkret münasibətlər sistemi, nikah və qohumluq əlaqələri, ümumi məişət və qarşılıqlı məsuliyyətlə birləşmiş, sosial vacibliyi, əhalinin fiziki və mənəvi artımına cəmiyyətin ehtiyacı ilə şərtlənən kiçik qrupdur”.
Ailə vacib sosial institut formalarından biri olmaqla tarixən bəşər cəmiyyətinin formalaşması gedişində meydana gəlmiş və onunla birgə inkişaf etmişdir. Ailənin hüquqi əsasını hər hansı cəmiyyətdə qadınla kişi arasındakı ailə-nikah münasibətlərinin həmin cəmiyyətdə mövcud olan qanunlar əsasında qeydə alınması təşkil edir. Ailə ər-arvad cütlüyünü və onların övladlarını özündə birləşdirən cəmiyyətin sosial birliyinin ilkin formalarından biri olmaqla cəmiyyət üçün vacib əhəmiy­yətə malik reproduktiv, tərbiyəedici, iqtisadi, psixoloji funksiyaları yerinə yetirir. Bu funksiyaların yerinə yetirilməsi prosesində ailə cəmiy­yətdə mövcud olan digər sosial institut və birliklərin köməyinə arxalanır, ailənin, atalığın, analığın və uşaqlığın dövlət tərəfindən sosial müdafiəsinə yönəldilmiş xidmətlərindən faydalanır. Dövlət tərəfindən ailənin sosial müdafiəsi və möhkəmləndirilməsi məqsədi ilə müxtəlif dövlət qurumları-müəssisə və təşkilatlar (ailə planlaşdırılması mərkəzləri, məktəbəqədər uşaq tərbiyə müəssisələri, uşaq xəstəxanaları, uşaq kitabxanaları, uşaq sanatoriyaları və düşərgələri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVADQ) şöbələri, qadın məsləhətxanaları, doğum evləri və s.) yaradılır. Dövlət çoxuşaqlı ailələrə və valideyn himayəsindən məhrum olmuş uşaqlara müavinətlər təyin edir, onların sosial müdafiəsini həyata keçirir.
Ailənin insanın fiziki və mənəvi sağlamlığında oynadığı əhəmiyyətli rol haqqında çoxsaylı elmi araşdırmalar aparılmışdır. Cəmiyyətdə ailə mühüm sosial təsisatlardan biri olduğu üçün buradakı münasibətlər ailə hüququ tərəfindən tənzimlənir. Azərbaycanda ailə hüququnun əsas mənbəyi “Azərbaycan Respublikasının Ailə Məcəlləsi”dir. Bu məcəllə nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri- əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların himayəyə götürülməsi qaydalarını müəyyən edir. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.
Nikah vasitəsilə ailə təşkil olunduqdan sonra birgə yaşayış və fəaliyyətin gedişində öz məqsəd və hərəkətlərini başqa adamlarla müəyyən münasibətlərin qurulması məqsədi ilə uzlaşdırılması qabiliy­yəti və bacarıqları inkişaf edir:

Şəkil 1. İnsan həyatının
sahələri
Ər-arvad ailədə həm öz münasibətlərini, həm də birgə yaşadıqları ailə üzvləri ilə qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının şəxsiyyət kimi yetişmələri üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.
Məşhur fransız yazıçısı A.Düma ailədən bəhs edərək yazmışdır: “Evlilik zənciri o qədər ağırdır ki, onu birlikdə daşımaq lazım gəlir”. Müdriklər çox doğru deyiblər: “Toxumun dəyəri onun məh­suldarlığı ilə, insanın dəyəri isə başqaları üçün gərəkliliyi ilə ölçülür”. Bu baxımdan qeyd etmək yerinə düşər ki, insan cəmiyyət üçün dəyərli olan ilkin keyfiyyətləri məhz ailədə qazanır. Ailə ilk tərbiyə institutu olmaqla insanın dünyaya göz açdığı ilk günlərdən daimi və təbii təsir yolu ilə onun xarakterinin baza əlamətlərinin, əqidə və inamının, dünyagörüşünün formalaşdırılmasının vacib amili rolunda çıxış edir.
Ona görə də, ailənin funksiyalarından biri kimi onun “tərbiyəedici funksiyası”nın fərqləndirilməsi ictimai məna kəsb edir. Ailə ocağının isti və rahat olması, insanın tələbatlarının etibarlı təminatı, dərdə şəriklik, psixoloji və mənəvi dəstək müasir narahat dünyada hər bir insan üçün olduqca vacib amillərdir. Hər bir insan üçün ailə emosional və rekreaktiv baxımdan stresslərdən, ekstremal vəziy­yətlərdən müdafiəyə olan ehtiyacların təmin edilməsi üçün ən etibarlı sığınacaq yeridir. Ailənin xoşbəxtlik formulu maddi firavanlıqla, sağlam mənəvi münasibətlərin məcmuyundan ibarətdir.

N.Çələbiyev,
ADPU-nun Şəki filialının dosenti, elmlər doktoru
hazırlığı üzrə dissertant


Tarix: 12-11-2018, 16:35

Xəbəri paylaş