Azərbaycan dilindən dərs nümunəsi
Sənubər Kazımova,
Bakı şəhər 236 nömrəli tam orta
məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Sinif: VI
Mövzu: Zərfin məna növləri
İnteqrasiya: ədəbiyyat
Məzmun standartları (Təlim nəticələri):
1.1.2. Dinlədiyi məlumatı yığcam şəkildə ümumiləşdirir.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.
İş forması: fərdi, kollektiv, qruplarla iş.
İş üsulları: sual-cavab, klaster, müzakirə.
Resurslar: dərslik, iş vərəqləri, mətnlər.
Dərsin gedişi
Motivasiya: Bu mərhələdə müəllim tərəfindən zərf haqqında ümumi sual-cavab aparılır. Sonra müəllim əvvəlcədən hazırladığı şeirin ayrı-ayrı bəndlərini oxuyur. Bəndlər yazılmış vərəqlərin arxasında sualın cavabı qeyd olunur. Şagirdlər cavabı tapdıqdan sonra müəllim cavabı şagirdlərə göstərir və onlar suala düzgün cavab verib-vermədiklərini müəyyən edirlər.
I bənd
Hərəkətin tərzini bildirən sözlərdənəm.
Yavaşca, güclə, hirslə, mərdliklə üz-üzəyəm,
İnadla, cəsarətlə, zövqlə çəkilir adım.
Deyin görüm, mənaca nədir zərfdəki adım?
(Şagirdlər tərəfindən cavab deyilir və cavabın düzgün olub-olmaması yoxlanılır).
II bənd
Zamanla qarşılaşsam, dünən, bu gün, sabahım,
Məni xoş qarşılayar hər zamanım, hər anım.
Nə zaman? Haçan? Nə vaxt? Budur mənim sualım,
Deyin görüm, mənaca nədir zərfdəki adım?
(Şagirdlər tərəfindən cavab deyilir və cavabın düzgün olub-olmaması yoxlanılır).
III bənd
Hardayam, haradayam, hardan gəlir soragım?
Bu sözlər, bu suallar yaxınım, həm uzağım
Mən yer bildirən adam, budur mənim amalım,
Deyin görüm, mənaca nədir zərfdəki adım?
(Şagirdlər tərəfindən cavab deyilir və cavabın düzgün olub-olmaması yoxlanılır).
IV bənd
Az, çox, xeyli, bir qədər dəfələrlə ünvanım,
Bir-bir, beş-beş düzülsün, sıralansın miqdarım.
Birə-beş, nə az, nə çox, bu cür gəlir sorağım,
Deyin görüm, mənaca nədir zərfdəki adım?
(Şagirdlər tərəfindən cavab deyilir və cavabın düzgün olub-olmaması yoxlanılır).
Sonra zərflərin məna növlərinin adları yazılmış kartoçkalar masaların üstünə qoyulur. Bunlar bir qədər sonra qrupların adları olur.
Hərəsində bir zərf yazılmış vərəq (şagirdlərin sayı qədər) şagirdlərə paylanır.
Sözlər zərfin məna növlərinə uyğun olaraq bərabər sayda yazılır ki, şagirdlərin bu yolla qruplara bölünməsi təmin edilsin. Yəni tərzi-hərəkət zərfi yazılmış vərəqləri olan şagirdlərin bir qrupda, kəmiyyət zərfi yazılmış vərəqləri olan şagirdlərin digər qrupda və s. birləşdirilməsi nəzərdə tutulur.
Tədqiqat sualı: Zərifin məna növləri nəyə əsasən müəyyən olunur?
Müəllimin köməkçi sualları vasitəsilə şagirdlərin bu barədəki ümumi bilikləri yada salınır. Məsələn, belə bir cümlə təqdim oluna bilər: Mən sabah gələcəyəm.
Bu cümlədə iş görən var: mən. Hansı işin görüldüyü var: gələcəyəm. İşin nə zaman icra olunduğu var: sabah.
Zərf haqqında daha dərin araşdırma aparmaq qrupların öhdəsinə buraxılır.
Tədqiqatın aparılması:
Tədqiqat aparmaq üçün qrupların hər biri adlarına müvafiq olaraq, zərfin məna növləri, onun sualları haqqında məlumat hazırlayır. Əvvəlcədən qruplara təqdimatlarında zərfin özlərinə aid məna növündən nümunələr yazmaq da tapşırılır.
Məlumatın mübadiləsi və müzakirəsi:
Qrupların təqdimatları dinlənilir və müzakirə olunur. Digər qrupların və müəllimin köməyi ilə üzərindən keçilmiş məqamlara aydınlıq gətirilir.
Sonra ümumi siniflə birlikdə zərfin məna növlərinə aid sual-cavab aparılır. Suallar həm müəllim, həm də şagirdlər tərəfindən hazırlanır.
Yaradıcı tətbiqetmə:
Bu mərhələdə şagirdlərin dərsi hansı səviyyədə mənimsəmələrini öyrənmək üçün qruplara tapşırıqlar təqdim olunur.
I qrupdan aşağıdakı mətndəki zərfləri tapmaq istənilir:
Güclü zəlzələdən sonra bir qoca zənbildə çətinliklə daşıdığı südü çadır dirəkləri arasından birtəhər keçirməyə çalışırdı. O, bərkdən qışqırırdı:
-Süüd!
Qoca hələ sözünü tamamlamamışdı ki, çadırından çıxan bir adam hirslə dedi:
-Sən, deyəsən, ağlını çoxdan itirmisən. Çünki yanlış davranırsan. Biz yaralılarımızla məşğul olarkən, sən pul qazanma sevdasındasan.
Yaşlı adamın gözləri dolmuşdu. Sakitcə dedi:
-Bu zəlzələdə dörd nəvəmi itirdim, övladım. İndi onların içdikləri südü digər balalarımıza hədiyyə etmək istəyirdim. Bu hərəkətimlə çox səhv edirəm ki?!
Bu olmuş hadisəni danışanlar qoca adama qışqıran o adamın ağlayışını və ona sarılaraq üzr dilədiyini heç vaxt unutmayacaqlarını deyirlər…
Bəzən mühakimə etməzdən əvvəl özünü qarşındakı insanın yerinə qoymalısan ki, sonra öz davranışına görə peşman olmayasan.
II qrupa eyni mətn verilir, lakin boşluqlar buraxılır, həmin boşluqlara şagirdlərin zərflər artılması tapşırığı verilir.
Güclü zəlzələdən sonra bir qoca zənbildə çətinliklə daşıdığı südü çadır dirəkləri arasından birtəhər keçirməyə çalışırdı. O_________ qışqırırdı:
-Süüd!
Qoca hələ sözünü tamamlamamışdı ki, çadırından çıxan bir adam _____ dedi:
-Sən, deyəsən, ağlını__________ itirmisən. Çünki________ davranırsan. Biz yaralılarımızla məşğul olarkən, sən pul qazanma sevdasındasan.
Yaşlı adamın gözləri dolmuşdu. ___________ dedi:
-Bu zəlzələdə dörd nəvəmi itirdim, övladım. ________ onların içdikləri südü digər balalarımıza hədiyyə etmək istəyirdim. Bu hərəkətimlə səhv edirəm ki?!
Bu olmuş hadisəni danışanlar qoca adama qışqıran o adamın ağlayışını və ona sarılaraq üzr dilədiyini ____ unutmayacaqlarını deyirlər…
Bəzən mühakimə etməzdən əvvəl özünü qarşındakı insanın yerinə qoymalısan ki, sonra öz davranışına görə peşman olmayasan.
III qrupa I qrupla analoji tapşırıq verilir (Mətndəki zərfləri müəyyən etmək):
Od, su və vicdan yaxın dost idilər. Onlar həmişə bir-birilərinə qarşı çox mehriban davranırdılar. Bir gün od soruşur:
-Dostlar, əgər nə vaxtsa bir-birimizi itirsək, necə tapa bilərik?
Sual hamını bərk düşündürdü. Bir-birilərini itirmək ehtimalı dostları möhkəm həyəcanlandırmışdı. Od bir qədər düşünüb sualına özü cavab verdi:
-Əgər məni itirsəniz, harda isti yuva, isti qucaq görsəniz, orda tapa bilərsiniz.
Su da bir qədər düşündü və dedi:
-Harda çiçəklər, ağaclar, yaşıllıq, həyat görsəniz, məni orda tapa bilərsiniz.
Vicdan səssizcə qulaq asırdı. Su və od vicdanın bu səssizliyinə çox narahat oldular.
Od soruşdu:
-Bəs sən heç nə deməyəcəksən?
Vicdan yenə də susurdu. İndi də su narazılıqla soruşdu:
-Sən dostluğumuzu vacib hesab etmisən?
Bu sözlər vicdana pis təsir etdi. O, yavaşca dedi:
-Dostlar, məni itirməyin. Çünki məni itirsəniz, bir də tapa bilməyəcəksiniz.
IV qrupa II qrupla analoji tapşırıq verilir (Boşluqlara uyğun zərflər artırmaq):
Od, su və vicdan yaxın dost idilər. Onlar _________bir-birilərinə qarşı __________davranırdılar. Bir gün od soruşur:
-Dostlar, əgər nə vaxtsa bir-birimizi itirsək, necə tapa bilərik?
Sual hamını ________ düşündürdü. Bir-birilərini itirmək ehtimalı dostları _________həyacanlandırmışdı. Od _____ düşünüb sualına özü cavab verdi:
-Əgər məni itirsəniz, harda isti yuva, isti qucaq görsəniz, _____ tapa bilərsiniz.
Su da bir qədər düşündü və dedi:
-Harda çiçəklər, ağaclar, yaşıllıq, həyat görsəniz, məni orda tapa bilərsiniz.
Vicdan _________qulaq asırdı. Su və od vicdanın bu səssizliyinə çox narahat oldular.
Od soruşdu:
-Bəs sən heç nə deməyəcəksən?
Vicdan yenə də susurdu. ____ su narazılıqla soruşdu:
-Sən dostluğumuzu vacib hesab etmirsən?
Bu sözlər vicdana ___ təsir etdi. O, ___ dedi:
-Dostlar, məni itirməyin. Çünki məni itirsəniz, bir də tapa bilməyəcəksiniz.
Nəticə və ümumiləşdirmə:
Tapşırıqların cavabları müzakirə olunduqdan sonra klaster üsulu ilə lövhədə bir daha zərflərin məna növlərinin sualları yazılır.
Qiymətləndirmə:
Qiymətləndirmə təlim nəticələrinə uyğun olaraq 4 səviyyə üzrə aparılır.
Tarix: 12-11-2018, 16:33