MƏNİM KÖNLÜM DEYİR Kİ...
Lütviyyə Əsgərzadə,
AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun
dosenti, filologiya üzrə
fəlsəfə doktoru
İnsanlar var ki, bir müddət ağızlarda dolaşan nəğmələrə bənzəyirlər. Bir müddətdən sonra unudulan bu nəğmələr kimi, bəzi insanlar az sonra yaddan çıxır. İnsan da var ki, könüllərdə əbədilik taxt qurur, dodaqlarda ən gözəl əbədi nəğməyə dönür, ağızlarda dolaşır, həyatda nə qədər yaşamasına baxmayaraq. Bu sözlərin birinci qismini bir dönəm üçün yaranan ədəbiyyata, ikinci qismini isə könüllərdə əbədi nəğməyə dönən, XX əsr ədəbiyyatı və onun ən parlaq nümunələrindən biri olan Azərbaycan poeziyasının görkəmli siması Mikayıl Müşfiqə aid etmək olar.
Bu günlərdə 110 illiyini qeyd etdiyimiz, ölümünün üzərindən 80 il keçən Mikayıl Müşfiq ədəbiyyatımızın ən ağrılı səhifələrindəndir. Ağır uşaqlıq həyatı keçirən, əvvəl anasını, az sonra atasını itirən Müşfiq çox əzab-əziyyət çəkməklə yanaşı, cəmiyyətdə baş verən bir çox siyasi, tarixi hadisələrə də, Şərqdə-Azərbaycanda ilk Demokratik Respublikanın qurulmasına da, çöküşünə də, Azərbaycanın bolşeviklər tərəfindən işğalına da şahidlik edib. Müşfiq Azərbaycanda cümhuriyyət qurulanda 10, rusların Azərbaycanı işğalı zamanı 12 yaşında idi. Yəni həmin dövrdə yeni qurulan, kütlələrə həyəcan və azadlıq ruhu verən kommunizm, siyası hadisələrə kiçik yaşlarından şahidlik etmiş şairin gözləri önündə boy verib yüksəlmişdi. Nə təsadüf ki, 1930-cu illər Stalin rejiminin gücləndiyi illərdə şairin ilk şeirlər kitabı nəşr olunmuşdu. Bu illərdə artıq kommunist rejiminin başlarında əsən azadlıq-birlik-bərabərlik rüzgarı sınmış, əksinə bunların yerini milli dəyərlərə ağır təzyiqlər tutmuşdu. Xalqın yaddaşından milli kimliyini, adət-ənənələrini, musiqisini, ədəbiyyat və mədəniyyətini silməyə çalışan Sovet hökməti özləri ilə ölkəmizə gətirdikləri yad mədəniyyəti, adət-ənənəni, dil və musiqini xalqa ekspansiya etməkdə, bir sözlə, milli dəyərlər sistemimizi kökdən və dərindən dəyişməkdə qətiyyətli idi. Bunun üçün də bütün ideoloji tərbiyə, təbliğat sistemini dağıdır, yeni sovet mənəvi əxlaqi dəyərlərinin yaranması üçün hərəkətə keçən sovetlər yeni dövr və yeni insan - sovet əxlaqlı, sovet düşüncəli yeni insan formulunu irəli sürürdülər. Düşünülmüş olaraq yox edilən milli dəyərlər sistemi - “sovet - kommunist” düşüncəsi ruhunda yaranırdı. Xalq tarixindən, mədəniyyətindən, keçmişindən qoparılır, dini dəyərlər inkar, ədəbiyyat təftiş edilir, Sovetləri alqışlamayanlar, ideologiyaya qarşı gələnlər "xain” elan edilərək repressiya olunurdu. Bunlardan biri də gənc, istedadlı və nakam şairimiz Mikayıl Müşfiq idi.
Şahidsiz, müdafiəsiz keçirilən, bir neçə dəqiqəlik qapalı iclasda şairin taleyi həll olunub. Şair haqqında çıxarılan ölüm hökmündə (1938-ci ilin 6 yanvarında) "1908-ci ildə anadan olan İsmayılzadə Mikayıl Müşfiq Qədir oğlu, "Azərnəşr"in keçmiş redaktoru və tərcüməçisi... Azərbaycanda Sovet hakimiyyətini yıxmaq məqsədi ilə fəaliyyət göstərən, silahlı üsyan hazırlayan antisovet təşkilatın üzvü olduğuna görə, Hərbi kollegiya gənc Müşfiqi ən ağır cəzaya - güllələnməyə məhkum etdiyi" yazılır. Lakin M.Müşfiqi bu repressiyaya götürən ciddi səbəblər vardı. Məsələn, istər Yazıçılar İttifaqının plenumunda, istərsə də dövri mətbuatda M.Müşfiqə qarşı kəskin, qərəzli, sərt tənqidlər təşkil olunur və o, cəmiyyətdə günahkar kimi tanıdılırdı. Bu repressiya qabağı aparılan hazırlıq işləri idi. Bəzən tənqidləri təhqirlər əvəz edirdi. Gah bu böyük fitri istedad sahibinin Stalinə həsr etdiyi şeirin üzərində dayanılır (Mikayıl Rzaquluzadə), gah da birbaşa M.Müşfiqə qarşı açıq və sərt hücuma keçilir, “M.Müşfiqi rus dilini bilməməkdə, köhnə kitablar oxumaqda və ondan istifadə etməkdə” də suçlayırdılar. Bəziləri daha da irəli gedərək (M.Rahim) prokuror ədası ilə şairə qarşı "cinayət işi" açır, maddə-maddə, “zahirən sovet, lakin bütün daxili quruluşu etibarı ilə qəddar kontrrevolyusyon ruhu ilə dolu olan əsərlərin müəllifi kimi, "proletariata sadiq şair" olmadığının sübutu kimi, bəziləri isə şairi "Müsavat" gənclər təşkilatı ilə əlaqə saxlamaqda, partiya və hökumətin ünvanına böhtanlar deməkdən çəkinməməkdə”, "Azərbaycanın öz azadlığı yoxdur, o, Rusiyanın koloniyasında yaşayır", - kimi qızışdırıcı sözləri ilə xalqın arasında narazılıq yaratmaq istəməkdə” və s. ittiham edirdi. Bu ittihamı səsləndirənlərin bəzilərinin məqsədi qarşıdan gələn repressiyalardan özünü sığortalamaq, bəzilərinki gözügötürməməzlik, qısqanclıq, bəzilərinki isə, şura hökumətinə “sadiqlik”di. Belə ağır ittihamlarla suçlanan, “xalq düşməni” damğası ilə həbs edilən Müşfiq 6 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Səyyar Hərbi Kollegiyasının qərarı ilə güllələnir. Baxmayaraq ki, təzyiqlər ucbatından Stalini öydüyü də olub, Trotskini həcv etdiyi də. Bunlar belə Mikayıl Müşfiqi ona tuşlanan tənqid oxlarından qurtara bilməyib, çünki rejim yazılanların zahiri xarakter daşıdığını, Müşfiqin milli düşüncəyə bağlılığını bilirdi. 20 illik zaman kəsimində, digər repressiya qurbanları kimi, nə kimsə onun adını anmayıb, nə də kimsə haqqında yazmayıb. Yalnız bəraətdən bir il sonra, 1957-ci ildən başlayaraq, Müşfiqin "Seçilmiş əsərləri", "Əsərləri", "Duyğu yarpaqları", "Əbədiyyət nəğməsi", "Könlümün dedikləri", "Həyat sevgisi" və digər kitabları nəşr olunub, oxuculara təqdim edilib.
Yazdığı bir-birindən dəyərli, unudulmaz şeirləri ilə qəlbimizi fəth edən M.Müşfiq nisgili hər zaman qəlbimizi sızladır. Cəmi 30 yaş yaşamış bu gənc şairin qısa həyatına 10 şeirlər kitabı sığdırması bu gün bizi heyrətləndirməyə bilmir. Düşünürsən, 60-70 yaş yaşasaydı nələr yazıb, yaradardı. Yaşasaydı...
Mikayıl Müşfiqin "Gənc işçi" qəzetində çıxan ilk mətbu əsəri ilə ("Bu gün" 1926), 1937-ci ildə "Ədəbiyyat qəzeti"ndə çap olunan "Duyğu yarpaqları" adlı son şeiri arasında cəmi 11 illik zaman kəsimi var. Lakin bu qısa zaman kəsiminə Müşfiq məhsuldar yaradıcılığı sayəsində "Küləklər", "Günün səsləri", "Buruqlar arasında", "Bir may", "Pambıq", "Vuruşmalar", "Şeirlər", "Şəngül, Şüngül, Məngül", "Qaya", "Kəndli və ilan" kitabları nəşr etdirməyi sığdırmışdı. Sanki şair başına gələcəklərdən xəbərdarcasına bir-birinin ardınca kitablarını hazırlayıb, gələcək nəsillərə ərmağan etmişdi. Şair həbs edilməmişdən əvvəl tərtib edib nəşriyyata verdiyi “Çağlayan” şerlər toplusuna son illərdəki şeirləri ilə birlikdə əvvəl yazdığı şeirlərini də daxil etmişdi, çünki “Çağlayan” bir növ Müşfiqin on illik poetik fəaliyyətinin yekun kitabı olacaqdı...
Azərbaycan xalqı üçün qiymətli bir xəzinə qoyub getmiş M.Müşfiq rəngarəng yaradıcılığında lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaratmışdır. Şairin milli və bəşəri keyfiyyətlərə malik olan poeziyasında məşhur “Oxu, tar!” şeirinin yeri bir başqadır. Şair "Oxu, tar!" şeirini milli musiqi alətindən olan tarın konservatoriyada tədrisi qadağan ediləndə yazmışdır. 1929-cu ildə, “İnqilab və mədəniyyət” jurnalının ikinci nömrəsində “Tar konservatoriyadan çıxarıldı” sərlövhəli xəbərdə yazılmışdır: “Azərbaycan Dövlət Konservatoriyasını qüvvətləndirmək məqsədilə AXMK bir çox qərar qəbul etmişdir. Bu qərarlara görə məcburi dərs kursu olan tarın öyrənilməsi konservatoriyanın bütün dərəcələrində tədris planlarından götürülür və konservatoriya yanında olan Şərq orkestrosu ləğv olunur.” Bu zaman 21 yaşlı, gənc Müşfiq böyük bir cəsarətlə bu qərara qarşı çıxaraq məşhur “Tar” şerini yazmışdır.
"Oxu tar,
Oxu tar,
səni kim unudar!?
1930-cu illərin əvvəllərində başlanan proletkult kampaniyalarda Müşfiq yalnız milli musiqi alətimiz olan tara deyil, M.Füzuli əleyhinə söz deyənlərə qarşı sağlam mövqe nümayiş etdirərək “Özümüzü öyməyəlim, Füzuliyə dəyməyəlim”, - hökmünü verir. Köhnə dünyaya aid edilən milli musiqi alətimiz olan tarın əleyhinə olanlara qarşı tarı böyük bir məharətlə “geniş kütlənin acısı, şərbəti, alovlu sənəti”, ən əsası da “silah” şəklində təqdim edir:
Oxu, tar!
Mən səndə
İstənən havanı çala da bilərəm.
Mən səndən bu günün zövqünü
ala da bilərəm.
Sən bu gün silahsan əlimdə,
Səni mən hansı bir hədəfə
İstəsəm çevirə bilərəm,
Qəlblərdə gizlənən keçmişi
Bir yeni nəğmənin əlilə
Devirə bilərəm!
Tarı əlində “silah” edən, “Səni mən hansı bir hədəfə, İstəsəm çevirə bilərəm,” “Qəlblərdə gizlənən keçmişi, Bir yeni nəğmənin əlilə, Devirə bilərəm!, - deyən şair keçmişi qəlbindən sildiyinə deyil, gizlədiyinə işarə edir. Və bu keçmişi gələcəyə götürmək üçün “tar” - milli dəyərlərimiz silahıdır. Gələcəyə getmək üçün əsas amil keçmişi yaşatmaqdır.
Çoxları üzünə durdular,
Könlünü qırdılar.
...Üstündən bir qara yel
kimi əsdilər,
Səsini kəsdilər.
Daşlandı çəkənlər nazını,
Beləcə qırdılar aşığın sazını.
Bu cavab, yalnız milli musiqi alətinin qorunması məqsədi ilə deyil, bütövlükdə hər şeyə marksist sosiologizmi nəzəri ilə baxan, ədəbiyyata, sözə siyasi don geyindirən Sovetlərə - 20-30-cu illərdə proletkultçu nihilizmə - milli mədəniyyəti inkar edənlərə idi. Bu dövrdə yazıb yaradan şairlər içərisində ən mübahisəli görünəni gənc istedad M.Müşfiqdir. Çünki “Oxu, tar!” şeiri ilə milli musiqi alətimizi müdafiyəyə qalxan, “Özümüz öyməyəlim, Füzuliyə dəyməyəlim”, - hökmünü verən, bəzi şeirlərində müasirləşmə şüarını da poetik səviyyədə təcəssüm etdirən Müşfiqin şeirində yeni həyatın tərənnümü də əks olunur. Ancaq “Oxu, tar!” şeirini yazan sairin qələmi heç vaxt ideologiyaya qulluq edə bilməzdi. Müşfiqin günün hay-küyündən, cəmiyyətdə gedən yeniliklərdən yazdıqları isə, sanki günün statistikasını xarakterizə edir, yəni zahiri xarakter daşıyır:
Mənim könlüm deyir ki,
Hələ bunlar nədir ki...
Böyük günlər, şanlı günlər,
şən günlər,
Yoluna düşən günlər
Hələ qarşımızdadır!
Azərbaycanda sovet hökməti qurulanda Müşfiq 14 yaşında idi. Təbii ki cəmiyyətdə gedən yenilikləri heyrətlə izləyirdi, hətta bəzilərini: qadın azadlığı, təhsil, sənayedə baş verən inkişaf və s. Ancaq siyasi asılılıqla təbii ki, razılaşmır, milli dəyərlərə sədaqət göstərirdi. Qeyd edək ki, Müşfiq haqqında yazılan kitab və məqalələrdə bu haqda qəti bir hökm verən olmayıb. Lakin Müşfiq həqiqətənmi sovet quruculuğunu tərənnüm edirdi, yoxsa gözəl günlərin bolşeviklərin vətənimizdən dəf olub getdikdən sonrakı günlərin arzusu ilə bu misraları yazırdı: “Gözəl günlər, şanlı günlər, şən günlər, yoluna düşən günlər, hələ qarşımızdadır.”
Mikayıl Müşfiq bir Hüseyn Cavid heyranı, Əhməd Cavad tutqunu idi. Milli dəyərlərə bağlılığına görə Hüseyn Cavid və Əhməd Cavadla məsləkdaş olduğuna görə ittiham edilən Müşfiqin bu şeiri yazması, könlünün səsini dünləməsi, cəmiyyətdəki yenilikləri gördüyü halda “gözəl günlərin”, “yoluna düşən günlər”in qarşıda olduğunu vurğulaması, oxuculara məhz bu duyğularla yazıldığını düşündürür. Müşfiqin “Könlünün dediyini” başqa səmtə yozanlar da yox deyil, lakin gənc, milli dəyərlərə böyük önəm verən Müşfiqin “könlünün dediklərini” özündən gözəl kim bilə bilər ki... “Oxu, tar!” şeirini yazan, Hüseyn Cavid və Əhməd Cavad kimi milli düşüncə sahibi olan və bu yolda ölümə gedən böyük insanlarla dostluq edən və sonda bu dostluq uğruna ölümə gedən Müşfiq sosializmi alqışlaya bilməzdi. Müşfiqin tutulması və gənc yaşında məhv edilməsi məhz onun bu kimi nəhəng insanlarla dostluğunun, gənclər arasındakı nüfuzunun, böyük istedad sahibi olmasının nəticəsi idi. Onun bəzi şeirləri var ki, sanki şair günlük yaşamında gördüklərinin sözlə rəsmin çəkib. Müşfiqi həbs edənlər də, onun yazdıqlarını saf-çürük edənlər də onun nə qədər milli olduğunu gözəl anlayırdı. Qəlbi milli duyğularla aşıb-daşan gənc şairin milli dəyərlərə bağlılığı xalqı milli kökündən qoparıb beynəlmiləl sosializm şüarlarına təhrik etməyə çalışan sovetlərə qarşı gələrək yazdığı “Tar” şeirində özünü o qədər yüksək şəkildə göstərir ki, yazılmasının üzərindən uzun illər keçməsinə baxmayaraq oxucunu inandırır ki, “Oxu, tar!” şeirini yazan Mikayıl Müşfiqin könlünün dedikləri başqa imiş. Doğrudur, M.Müşfiq öz şeirini “varlığın rəngi və ahəngi” adlandırıb, lakin Müşfiqi misra-misra oxuduqca bir daha əmin olursan ki, onun poeziyası “bəzən plakat və şüarçılığa tam zidd olub, dərin mətləb və qənaətlərdən xəbər verir.” Fikirlərin çarpışdığı, ədəbiyyatda ikiləşmə meyillərinin gücləndiyi bir dövrdə Müşfiq bir kənarda susub, dayanmayıb, əksinə xalqımızın milli və mədəni dəyərlərinin silinməsinə şahidlik etmək şairə əzab verib. Rejimin gedişatından narazılığını şeirləri ilə, fikirləri ilə dilə gətirib. M.Müşfiq nə qədər öz şeirini “varlığın rəngi və ahəngi” adlandırsa da, o, milli, milli olduğu qədər də bəşəri olan mütəfəkkir Cavid əfəndinin fikir və düşüncə etibarı ilə tələbəsi idi. Müşfiq nə özünə, nə də canı qədər sevdiyi və ehtiram etdiyi Cavid əfəndiyə xilaf çıxmazdı. Lakin sovetlərə milli və bəşəri şair lazım deyildi, əksinə “yeni şair” və “yeni şeir” lazım idi. Zahirən “yeni şair” və “yeni şeir” qəlibinə uyğun görünsə də, Müşfiq “yeni şeir”ində belə milliliyi özünəməxsus bir incəliklə yaşadırdı. "Bayram axşamı" şeirində Novruz bayramına dair uşaqlıq xatirələrini dilə gətirməklə Müşfiq sovet rejiminin milli adət-ənənənin yaddaşlardan silinməsinə yönəlmiş siyasətinə qarşı çıxırdı:
Yadımdadır çocuqluqda
Əziz bayram gecələri...
Anam, atam, üç qardaşım,
Qoca nənəm, bir də əri.
Toplaşırdıq bir süfrənin
Gülə-gülə dövrəsinə.
Nənəm derdi: - Qurban olum
Yaradanın süfrəsinə.
Bir sininin kənarında
Yaxılırdı iki-üç şam,
Qarşımızda şəkərbura,
Noğul-nabat, püstə-badam.
Hələ üskü axşamları,
Qiyamətdən nişanədir.
Oynamaqçın çocuqlara
Böylə günlər bəhanədir.
Ocaq yaxıb, od qalayıb
Üzərində atlanırdıq.
Oynayırdıq yorulduqca,
Yorğunluğa qatlanırdıq.
Bu tendensiya şairin digər bir şeirində, “Dilənçi”də də özünü göstərir:
Sərt, soyuq bir qış gecəsi...
Səma bəyaz, yer bəyaz,
Uğuldayan küləklərlə
sarsılmada soqaqlar.
Hər kimin ki, qanadı var
çovğun olsa darılmaz,
Fəqət yenə bu soyuqdan
qısılmada soqaqlar.
Gələn də var, gedən də var,
mən də varam bu gecə,
Təbiətin dəhşətləri titrədiyor
ətrafı.
Bir bucaqda yorğun titrək
əllərilə kəmənçə
Çalan zəif bir ixtiyar inlədiyor
ətrafı.
Yanında bir yavrusu var,
yorulmadan çalıyor.
Kamançanın simlərindən
qopan yanıq havalar
İncəldikcə, hər kəs ondan acı
bir həzz alıyor.
"Dilənçi" şeirində sözdə hər kəsə bərabərlik, səadət vəd edən "fəhlə-kəndli" cəmiyyətindəki ziddiyyətlərdən birini - soyuq qış günündə bir bucaqda, “Yanında bir yavrusu”, “yorğun titrək əllərilə kamança çalan zəif bir ixtiyar”ın dilənməsini təsvir etməklə, həm humanist şair fəal vətəndaş mövqeyini açıq-aşkar ortaya qoyur, həm də mövcud rejimə etirazını bildirir. Müşfiq eyni zamanda, Sovet rejimində "Azadlıq dünyanın dərin ruhudur, Azadlıq sənətin, şeirin ruhudur!" - deməklə Azərbaycanı işğal edən, sənətdə, şeirdə azadlığı boğan bolşeviklərə qarşı çıxır. Deyilənlərə görə, şairi repressiyaya aparan son misraları bunlar olur:
Vaxtilə bir kölgə tək hür
yaşamaq istəyən,
Bu insan oğlu bilsən.
Azadlıq ölkəsində daha
şad olacaqdır,.
Dünya dad alacaqdır.
Və bunları yazarkən də özünü tənqid çubuğunun, repressiya burulğanının önünə atdığını bilirdi. Bilə-bilə yazırdı, çünki "Ölməkçin yaşamağı sadə bir iş”,- sayan şair, ölərək yaşamağa, əbədi diriliyə, könüllərdə yaşamağa üstünlük verirdi.
Hər kəs bilir həyatın sonu ölümdür,
Ah bu qəmli dəyişmə yaman
zülümdür.
Şerim! Bu gülünc oyun bəllidir
yarın, bizi də bəklər,
Sən də öl mənim kimi, fəqət məzarın
olsun ürəklər!
1938-ci il yanvarın 6-da Nargin adasında güllələnən Mikayıl Müşfiqin qəbri belə olmadı. Repressiya cəlladları onu Xəzərə atdılar... Bir ovuc torpaqda uyumağı ona qıymadılar, onu mavi Xəzər qoynuna aldı. Xəzər gah ona ana oldu, layla dedi, gah da ağı deyib “dəniz boyda” ağladı. Beləcə, coşub-çağlayan nakam şairin-Müşfiqin uyuduğu məkan Xəzər, yaşadığı yer onu sevən könüllər oldu!!!
Tarix: 12-11-2018, 16:28