AZAD MİRZƏCANZADƏ FENOMENİ
Mustafa BABANLI,
ADNSU-nun rektoru, professor
Bu il beynəlxalq elmi ictimaiyyət Azərbaycanın tanınmış alimlərindən biri, akademik Azad Mirzəcanzadənin anadan olmasının 90 illik yubileyini təntənə ilə qeyd edir.
Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2018-ci il tarixli sərəncamında deyilir: “Tətbiqi mexanika və neft-mədən işləri üzrə bir sıra yeni istiqamətlərin banisi, zəngin elmi irsə malik akademik Azad Mirzəcanzadə neft-qaz sənayesinin aktual problemlərinin həllinə dair çox sayda qiymətli tədqiqatları ilə Azərbaycan elminə mühüm nailiyyətlər qazandırmış və böyük şöhrət gətirmişdir. Azad Mirzəcanzadənin rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft, qaz-kondensant yataqlarının işlənilməsinin fundamental-nəzəri əhəmiyyətli metodları hazırlanıb tətbiq edilmişdir. Azərbaycan elminin dünya elm məkanına inteqrasiyasının sürətləndirilməsində Azad Mirzəcanzadənin təqdirəlayiq xidmətləri vardır. Alim Azərbaycan iqtisadiyyatının müasir mərhələdə dinamik inkişafı üçün zəruri olan yüksək ixtisaslı elmi kadr resurslarının yaradılmasının fəal iştirakçılarından idi. Azad Mirzəcanzadə elmi məktəbinin yetirmələri ölkəmizdə və onun hüdudlarından kənarda neft sənayesinin ən müxtəlif sahələrində uğurla çalışırlar. Elmlə istehsalat arasında sıx əlaqə qurmağa müvəffəq olmuş alimin araşdırmalarının nəticələrindən mötəbər elmi mərkəzlər bu gün də geniş istifadə etməkdədir”.
Gələcəyin böyük alimi 29 sentyabr 1928-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1949-cu ildə Azərbaycan Sənaye İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin - ADNSU) Neft-mədən fakültəsini “dağ mühəndisi” ixtisası üzrə bitirmişdir. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə, 29 yaşında doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1959-cu ildə professor adını almışdır, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir, 1968-ci ildə EA-nın həqiqi üzvü seçiləndə isə onun cəmi 40 yaşı vardı.
Azad Mirzəcanzadə əmək fəaliyyətinə 1944-cü ildə Bakı şəhəri, 44 nömrəli orta məktəbdə müəllim kimi başlamışdır. 1948-1958-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışmışdır.
1951-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin Nəzəri mexanika və geofizika kafedrasının dosenti, professoru vəzifələrində çalışmışdır. 1959-cu ildən ömrünün sonunadək indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kafedra müdiri işləmişdir.
1958-1968-ci illərdə Azərbaycan Neft Sənaye Nazirliyi nəzdində Elmi Tədqiqat Neftçıxarma İnstitutunda, 1966-1969-cu illərdə SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri, 1969-1973-cü illərdə SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının, 1973-1989-cu illərdə Ümumİttifaq Elmi-Tədqiqat Neft İnstitutunun neft-qaz dinamikası laboratoriyasının müdiri, 1992-ci ildən isə Azərbaycan Dövlət Neft Akademiyası nəzdində “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi Tədqiqat İnstitutununun direktoru vəzifələrində çalışmışdır.
Böyük vətəndaş Azərbaycanın taleyinə, ölkədə baş verən ictimai-siyasi hadisələrə biganə qala bilməzdi. İkinci dəfə öz dövlət müstəqilliyinə qovuşmuş respublikada elmin təşkili işləri ona tapşırılır.
1992-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri olur, eyni zamanda, Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik edir. Məhz onun rəhbərliyi altında AAK nüfuzlu elmi təşkilata çevrildi.
Bu, böyük alimin həyat və fəaliyyətinin rəqəmlərdə əksini tapmış qısa salnaməsidir.
Elm Azad Mirzəcanzadənin həyat tərzi, yaşam fəlsəfəsi idi. O, elmin aşiqi, bütün siyasi intriqaların, məişət xırdalıqlarının fövqündə duran sufi dərviş idi.
Onun son dərəcə geniş maraq dünyası yalnız neftçıxarma və neft kəşfiyyatı ilə məhdudlaşmamışdır. Bu böyük insan islam dininin tarixini, ədəbiyyatı, musiqini mükəmməl bilirdi. Deyilənlərə görə, müqəddəs kitabımıza - Qurani-Kərimə şərhlər verirmiş.
İntibah dövrünün mütəfəkkirləri kimi, bir neçə elm sahəsi vasitəsi ilə təbiətlə harmoniyaya, kamilliyə çatmağa can atırdı. Onun yüksək erudisiyası, qeyri-adi analitik təfəkkürü və geniş bilik diapazonu hamıda heyrət və təəccüb doğururdu. Bütün hadisələrə sistemli yanaşması vardı. O, istənilən ciddi elmi ideyadan mədəniyyət, dilçilik, musiqişünaslıq, rəssamlıq məsələlərinə asanca keçə bilirdi.
Akademik A.X.Mirzəcanzadə neft-qaz çıxarma sahəsində böyük mütəxəssislərdən biridir. Neftçıxarmada yeni istiqamət olan reotexnologiyanın yaradılması və inkişaf etdirilməsi onun adı ilə bağlıdır. Onun rəhbərliyi altında neft və qaz çıxarmada qeyri-nyuton mayelərin, heteron sistemlərin, fiziki sahələrin neft-qaz çıxarmada tətbiqinin nəzəri və elmi əsasları işlənmiş, onun təşəbbüsü ilə neft və qaz sənayesinin müxtəlif sahələrində riyazi üsulların geniş istifadə olunmasına başlanmışdır.
Bununla bərabər, akademik A.X.Mirzəcanzadə qazkondensat yataqlarının işlənmə nəzəriyyəsinin əsasını qoymuşdur. Azad müəllimin irəli sürdüyü ideyalar, elmi istiqamətlər bu gün də səmərəliliyini və aktuallığını saxlayır.
“Neftin, Qazın Geotexnoloji problemləri və Kimya” Elmi Tədqiqat İnstitutu, Beynəlxalq Şərq Neft Akademiyası, AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Neft və qazın qeyri-xətti mexanikası” şöbəsi və Moskva Dövlət Universitetində mexanikanın problemləri laboratoriyası da bilavasitə onun təşəbbüsü və uzaqgörənliyi ilə yaradılmışdır.
Neft-mədən mexanikası sahəsində dəyərli araşdırmalarıyla da böyük şöhrət qazanmış alimin neftin çıxarılması zamanı texnoloji proseslərin mexanikası, riyazi üsulların tətbiqi ilə bağlı dərin təhlilləri yeni neft yataqlarının işlənməsinə imkan vermişdir.
300-dən çox elmi əsərin, 62 ixtiranın müəllifi olan Azad Mirzəcanzadə elmi fəaliyyətində neft və qazın çıxarılması proseslərinin optimallaşdırılmasına xüsusi diqqət yetirmişdir. Neft-qaz yataqlarının işlənməsinin dinamik təhlil üsulları tanınmış alimin başlıca elmi nailiyyətləri sırasındadır. Yaradıcılığının son dövründə onun tədqiqatlarının əsas istiqamətlərini neft-qaz yataqlarının sinergetik təhlili və nanotexnologiyanın neft sənayesində tətbiqi təşkil edirdi.
“Neft sənayesində nanotexnologiyalar” adlı fundamental araşdırmanın müəlliflərindən biri də A.X.Mirzəcanzadə idi. Məhz A.X.Mirzəcanzadə kimi alimlərin hesabına bu gün Azərbaycan neftqazçıxarmada nanotexnologiyaların tətbiqi sahəsində öncül ölkələr sırasına çıxmışdır.
Azad müəllim nəzəriyyə ilə təcrübəni birləşdirməyin, elmlə istehsalat arasında sıx əlaqə qurmağın tərəfdarı idi. SOCAR-ın neftqazçıxarma idarələrində keçirdiyi səyyar elmi seminarlar bunun təsdiqidir.
Azad Mirzəcanzadə elmi yaradıcılığını pedaqoji fəaliyyətlə də ahəngdar şəkildə tamamlayırdı. Azad Mirzəcanzadə məktəbinin yüzlərlə yetirməsi respublikamızda, habelə xarici ölkələrdə neft sənayesinin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir.
Azad Mirzəcanzadə yüksək ixtisaslı kadrların hazırlanması ilə də ciddi məşğul olmuş, Azərbaycan Respublikasının iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasına böyük töhfələr vermişdir.
O, istedadlı gəncləri seçmək və onların yüksəlməsi üçün şərait yaratmaq bacarığı ilə həmişə fərqlənmişdir. Təsadüfi deyil ki, Bakının Xətai rayonunda fəaliyyət göstərən 147 nömrəli texniki-humanitar liseyin təsisçisi də Azad müəllim idi. Akademikin rəhbərliyi altında 46 elmlər doktoru və 224 elmlər namizədi hazırlanmışdır. Rəsmən elmi rəhbər və məsləhətçi olmayanda belə, iddiaçıların elmi işlərinə xüsusi diqqət yetirirdi.
Azad Mirzəcanzadə nüfuzlu beynəlxalq elmi forumlarda çıxışları ilə Azərbaycan elmini daim ləyaqətlə təmsil etmişdir. Onun qazandığı uğurlar Azərbaycan elminin ölkəmizin hüdudlarından kənarda tanınmasında böyük rol oynamışdır. Bir sıra mötəbər beynəlxalq elmi qurumların həqiqi üzvü olan alimin neft və qaz yataqlarının işlənməsi, neft hasilatının texnikası və texnologiyasına dair əsərləri dünya elmində özünəməxsus yer tutmuşdur.
Onu da qeyd edək ki, Elmlər Akademiyası Azad Mirzəcanzadə adına xatirə medalını təsis etmişdir. Bu beynəlxalq mükafatın təsis edilməsində məqsəd neft-qaz sənayesi üçün böyük elmi və istehsalat nəticələri almış, təbiət elmlərinin inkişafına, neft sənayesi üçün yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında iştirakı ilə əhəmiyyətli töhfələr vermiş alim və mütəxəssislərin həvəsləndirilməsidir.
İ.M.Ameov, R.N.Bahtizin, O.V.Çubanov, M.M.Hasanov, V.P.Maksimov, E.U.Mamadjanov, N.D.Tsaxadaya, Y.B.Zaytsev, Fan Nqoq Çunq və b. kimi tanınmış xarici ölkə alimləri Azad müəllimin tələbələri olmaqdan qürur duymuşlar.
Akademik A.X.Mirzəcanzadənin səmərəli elmi və pedaqoji fəaliyyəti dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir o, “Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı” (iki dəfə), “Oktyabr inqilabı”, “Vyetnam nefti üçün ordenləri”, P.L.Kapitsa adına qızıl medalı, Rusiya Təbiət Elmləri Akademiyasının “Elm və incəsənət cəngavəri” fəxri nişanı və medalı ilə təltif olunmuşdur. Akademik A.X.Mirzəcanzadəyə Azərbaycan Dövlət mükafatı (iki dəfə), SSRİ Nazirlər Şurasının, Akademik İ.M.Qubkin adına (üç dəfə) mükafatları, Xalq Təsərrüfatı Sərgisinin medal və diplomları verilmişdir.
O, “SSRİ-nin fəxri neftçisi”, “SSRİ-nin fəxri qaz sənayesi işçisi”, “Azərbaycan SSR Əməkdar elm və texnika xadimi”, “Bolqarıstanın əməkdar neftçisi”, “Rusiya Federasiyasının Yanacaq-Energetika Kompleksinin fəxri işçisi”, “Başqırdıstan Respublikasının əməkdar neftçisi” fəxri adlarına layiq görülmüşdür.
Görkəmli alim A.X.Mirzəcanzadənin xidmətləri ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci ildə Azərbaycan Respublikasının ali mükafatı olan “İstiqlal” ordeni ilə qiymətləndirilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının, Ukrayna Neft-Qaz Akademiyasının həqiqi üzvü, Başqırdıstan Elmlər Akademiyasının fəxri akademiki, Şərq Neft Akademiyasının prezidenti seçilmişdir.
2015-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində akademik Azad Mirzəcanzadə adına bakalavr və magistrlər üçün təqaüdlər təsis edilmişdir. Dahi Azərbaycan aliminin xatirəsi ADNSU-da bu gün də əziz tutulur. Alimin zəngin elmi irsinin təbliğ edilməsi üçün onun universitetdəki iş otağı təmir edilərək tələbələrin ixtiyarına verilmişdir.
Onun ensiklopedik düşüncə sistemi etüd formasında “Təhsilin humanistləşdirilməsi haqqında etüdlər” (Bakı, 1993) kitabında əksini tapıb. Azad müəllim kitabın sonunda A.S.Puşkinin bir misrasını azca dəyişərək bu sualı yazıb: “mən çox vədlər verdim, amma yerinə yetirdimmi, allah bilir?”
Siz, Azərbaycanın böyük oğlu kimi vətən qarşısında borcunuzu yüksək şərəf və ləyaqətlə yerinə yetirdiniz. Sizin əziz xatirəniz hər birimizin qəlbində daim yaşayacaq, yaratdığınız elmi məktəb və qiymətli araşdırmalar doğma ölkəmizin iqtisadi tərəqqisinə, inkişafına xidmət edəcəkdir.
Tarix: 12-11-2018, 16:06